Salyan rayon ictimaiyyətinin
nümayəndələri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Salyanda soyuducu anbar kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:
- Yenidən
Salyanda olmağımdam çox şadam. Mən birinci dəfə deyil ki,
Salyan rayonundayam. Bu gün biz çox gözəl hadisəni
qeyd edirik. Yeni, gözəl soyuducu anbarın fəaliyyətə
başlaması böyük hadisədir. Əminəm ki, fermerlər
bu gözəl imkandan çox səmərəli şəkildə
istifadə edəcəklər, rayonun kənd təsərrüfatı
imkanları daha da böyüyəcək, genişlənəcək
və beləliklə, rayon iqtisadi baxımdan daha da sürətlə
inkişaf edəcəkdir.
Belə gözəl
anbarların tikintisi Azərbaycanda indi geniş vüsət
alıb. Ancaq ölkəmizdə inşa olunan soyuducu anbarlardan
həcm baxımından ən böyüyü Salyanda
tikilibdir. Bu da çox gözəl göstəricidir. Həm
yerli sahibkarlar, həm Sahibkarlığa Kömək Milli Fondu
tərəfindən vəsait qoyulub və bax, bu gözəl
müəssisə yaradılıbdır. Ümid edirəm ki,
Salyan fermerləri bu gözəl imkandan səmərəli
şəkildə istifadə edəcəklər və
bütövlükdə kənd təsərrüfatının
inkişafına bu soyuducu anbarın böyük dəstəyi
olacaqdır.
O ki qaldı rayonun
inkişafına, bunun üçün müəyyən
işlər görülüb, daha da çox işlər
görülməlidir. Rayonun iqtisadi imkanları genişlənməlidir,
sənaye potensialının inkişafına daha da
böyük diqqət göstərilməlidir.
Abadlıq-quruculuq işləri sürətlə getməlidir.
Bu gün Bakı-Astara yolunun bir hissəsini istismara verdik. Bu
yoldan əlbəttə ki, salyanlılar da istifadə edəcəklər.
Rayonun imkanları tam şəkildə
təhlil edilməli, ixtisaslaşma getməlidir. Hansı sahələrə
daha çox diqqət göstərilməsi müəyyən
edilməlidir. Əlbəttə ki, yeni iş yerlərinin, yeni
müəssisələrin açılması rayonun əsas
problemlərinin həlli üçün bizə yaxşı
şərait yaradacaqdır.
Ölkəmiz, ümumiyyətlə,
inkişaf dövrünü yaşayır. Bütün
bölgələrdə quruculuq işləri aparılır.
Azərbaycan inamla irəliyə gedir. Qarşıda duran
bütün vəzifələr icra olunur. Bütün
investisiya layihələri icra edilir. Bütün sosial məsələlər
öz həllini tapır. Mən istəyirəm ki, daha da
sürətlə inkişaf olsun. Baxmayaraq ki, bu gün Azərbaycandan
daha sürətlə inkişaf edən ölkə yoxdur. Nəinki
bu gün, son 5-6 il ərzində dünyada ən yüksək
templə inkişaf edən ölkə Azərbaycandır. Bu
bizə imkan verdi ki, problemlərin böyük hissəsi həll
olunsun. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik.
Hələ həll ediləsi məsələ çoxdur.
Ölkəmizin bütün problemləri həll
olunmalıdır. Mən bunu istəyirəm və biz bu yolda
çox vacib addımlar atırıq. Artıq yaxşı nəticələr
vardır və elə etməliyik ki, ölkəmizin
inkişafı bölgələrin inkişafı hesabına təmin
edilsin. Bu, indi əsas məqsəddir. Yəni, bölgədə,
rayon mərkəzində olan vəziyyət şərait
baxımından böyük şəhərlərdə olan vəziyyətə
yaxın olsun. Ona görə infrastruktur layihələri,
yollar, elektrik stansiyaları, - bu gün Salyanda
yarımstansiyanın açılışı gözlənilir,
- qazlaşdırma, elektrik xətləri, su təchizatı -
bütün bunlar gündəlikdə duran məsələlərdir.
Onların həlli insanlara yeni imkanlar açacaqdır. Ona
görə Salyan rayonunun imkanları, bir daha demək istəyirəm,
tam şəkildə səfərbər olunmalıdır ki,
rayonun potensialı daha da artsın, böyüsün və
insanlar burada daha da yaxşı yaşasınlar.
* * *
Rayon ictimaiyyəti və
sahibkarlar adından çıxış edən Həziran
USUBOV dövlətimizin başçısına diqqət və
qayğıya görə təşəkkürünü
bildirərək dedi:
- Möhtərəm cənab
Prezident!
Ölkəmizdə
apardığınız məqsədyönlü tədbirlər
iqtisadiyyatımızın digər sahələrində
olduğu kimi, kənd təsərrüfatı və ərzaq
məhsulları istehsalının da artımına imkan
vermişdir. Bu məhsulların tədarük edilməsi və
saxlanması üçün lazımi şərait
olmadığından əhalinin il boyu keyfiyyətli ərzaq məhsulları
ilə təminatında müəyyən problemlərlə
üzləşirdik. Bu məhsulların tədarükünün
və saxlanılmasının təşkili kənd əməkçilərinin
çoxdankı arzusu idi. Açılışında
iştirak etdiyimiz bu nəhəng obyekt Azərbaycanda
regionların sosial-iqtisadi inkişafına, sahibkarlara göstərdiyiniz
böyük dəstəyin, yüksək qayğının
bariz nümunəsidir. Bu obyektin istifadəyə verilməsi
rayonumuzun kənd təsərrüfatı məhsullarının
istehsalçılarına əlavə stimul olacaqdır. Nəzərə
alsaq ki, hər il Salyan rayonunda orta hesabla 10 min tona yaxın
üzüm, 5 min tona yaxın meyvə, 18 min tona yaxın
bostan-tərəvəz məhsulları istehsal olunur, onda bu
obyektin rayonumuzun iqtisadi həyatında necə böyük əhəmiyyətə
malik olduğunu şərh etməyə ehtiyac yoxdur. Əvvəllər
rayonumuzda istehsal edilən minlərlə ton kənd təsərrüfatı
məhsulu lazımi şərait olmadığından
batıb gedirdi və ya keyfiyyətini itirirdi. Nəticədə
həm istehsalçıya, həm də istehlakçıya
ziyan dəyirdi. İndi rayonumuzun hər bir təsərrüfatçısı
bilir ki, onun yetişdirdiyi məhsul xarab olmayacaqdır.
Artıq məhsulların saxlanılması üçün hər
bir şəraiti olan soyuducu anbar-kamera onların istifadəsindədir.
İcazə verin diqqətinizə
çatdırım ki, 10,5 min ton tutumu olan bu soyuducu anbarın
tikintisi üçün Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən 3 milyon manat güzəştli kredit
verilmişdir. Bu gün Azərbaycanda olan əlverişli biznes
mühiti imkan verir ki, sahibkarlar iri məbləğdə
kreditlər götürərək öz fəaliyyət dairələrini
genişləndirsinlər. Bunun nəticəsidir ki, bu gün
onlar çəkinmədən kreditlər götürürlər,
yeni istehsal və xidmət sahələri açırlar,
iqtisadiyyatın şaxələndirilməsi məsələlərində
yaxından iştirak edirlər. Hazırda rayonumuzda əlavə
soyuducu anbarın, şərab zavodunun, inkubator
stansiyasının da tikintisi davam etdirilir. Görülən
bütün bu işlər əhalinin ekoloji cəhətdən
təmiz və keyfiyyətli məhsullarla təmin olunmasına
imkan verəcəkdir. Bizə yaratdığınız bu əlverişli
biznes mühitinə görə bütün sahibkarlar
adından Sizə minnətdarlığımızı
bildiririk. Biz də çalışacağıq ki, öz fəaliyyətimizi
daha da genişləndirərək məhsul bolluğu yaradaq və
Ərzaq Təhlükəsizliyi Proqramının icrasına
töhfəmizi verək.
Qürurla demək istəyirəm
ki, bu gün ölkəmizdə sahibkarlıq sürətlə
inkişaf edir, regionlarda nəhəng layihələr həyata
keçirilir, insanlarımız çalışırlar,
varlanırlar, onların həyat tərzi dəyişir,
rayonlarımız, şəhərlərimiz abadlaşır,
gözəlləşir.
Bu gün respublikamızın
hər yerində olduğu kimi, Salyan rayonunda da inkişaf
göz qabağındadır. Qısa müddət ərzində
idman-sağlamlıq kompleksləri inşa edilmiş, yeni
istehsal müəssisələri açılmış,
avtomobil yolları əsaslı şəkildə yenidən
qurulmuş, park və xiyabanlar salınmış, müasir təhsil
və mədəniyyət obyektləri istifadəyə
verilmişdir. Bir sözlə, rayonumuzun
görünüşü tamamilə dəyişmişdir. Biz
bilirik ki, bütün bunlar Sizin gərgin əməyinizin və
səmərəli fəaliyyətinizin nəticəsində
mümkün olmuşdur. Salyanlılara göstərdiyiniz diqqət
və qayğıya görə rayonumuzun bütün sakinləri
adından Sizə minnətdarlığımızı
bildiririk.
Möhtərəm cənab
Prezident!
İcazə verin, fermer və
sahibkarlar ordusu adından Sizi əmin edim ki, bundan sonra da
regionların sosial-iqtisadi inkişafı, ölkəmizdə ərzaq
bolluğunun yaradılması istiqamətində aparılan
işlərdə qüvvə və
bacarığımızı əsirgəməyəcək,
doğma Azərbaycanımızın tərəqqisi naminə
gördüyünüz işlərdə fəal iştirak edəcək,
böyük diqqət və qayğınıza əməli
işimizlə cavab verəcəyik!
* * *
Prezident İlham ƏLİYEV dedi:
- Sahibkarlığa Azərbaycanda
yaxşı şərait yaradılıb, həm kreditlər,
subsidiyalar verilir, həm də dövlət tərəfindən
dəstək göstərilir. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası nəticəsində
sahibkarların imkanları da artıb. Sahibkarlar da öz tərəflərindən
ölkəyə qoyulan investisiyaların həcmini
artırırlar. Bu da çox müsbət haldır.
Çox şadam ki, bu
gün Azərbaycana qoyulan sərmayənin əksəriyyəti
yerli mənbələr hesabına təmin edilir. Əvvəlki
illərdə biz daha çox xarici investisiyalardan asılı
idik. Bu gün bu asılılıq minimum səviyyəyə
enibdir. Yəni Azərbaycanda artıq böyük maliyyə
imkanlarına malik olan sahibkarlar sinfi yaranmışdır.
Ölkədə yaranan şərait onları da iqtisadiyyata sərmayə
qoymağa daha da sövq edir. Bu, çox müsbət
haldır ki, Azərbaycanda qazanılan pullar Azərbaycan
iqtisadiyyatına, yerli istehsala qoyulur. Bax, belə gözəl
soyuducu anbarlar, ondan sonra başqa müəssisələr, emal
müəssisələri - bütün bunlar ölkəmizi
gücləndirir. Biz bunun nəticəsində bu gün
özümüzü demək olar ki, ərzaq məhsulları
ilə maksimum dərəcədə təmin edirik. Əvvəlki
illərdə daha çox idxaldan asılı idik. Bu gün isə
biz ixrac edirik. İndi xaricə nəinki meyvə-tərəvəzi,
digər məhsulları da ixrac edirik. Ona görə ki, Azərbaycanda
sahibkarlıqla bağlı vəziyyət çox
yaxşıdır. İldən-ilə həm sahibkarların
imkanları artacaq, həm də ki, onların ölkə
iqtisadiyyatına qoyduqları vəsaitin həcmi artacaqdır.
Nəzərə alsaq ki, dövlət öz tərəfindən
kreditlər, subsidiyalar şəklində maliyyə dəstəyini
göstərir, bu sahədə inkişaf uğurlu
olacaqdır.
Ancaq Azərbaycan cəmiyyəti
təkcə sahibkarlardan ibarət deyildir. Biz bütün vətəndaşların
problemlərini həll etməliyik. Xüsusilə büdcə
təşkilatlarında işləyənlərin əməkhaqlarını,
pensiyaçıların pensiyalarını artırmaq
üçün bizdə imkanlar var və bu il bu artım
gözlənilir. Əvvəlki illərdə minimum əməkhaqqı,
minimum pensiya böyük dərəcədə
artırılıb və deyə bilərəm ki, Azərbaycan
bu göstəricilərə görə bu gün MDB məkanında
ən yüksək yerlərdədir. Ancaq əgər desəm
ki, bu, bizi qane edir, əlbəttə, səhv edərəm. Bu,
bizi qane etmir. Biz elə etməliyik ki, insanların minimum məvacibi,
minimum pensiyası onun gündəlik tələbatının
ödənilməsinə imkan versin.
Azərbaycanda əlbəttə
ki, yoxsul təbəqə də vardır. Onların sayı
ildən-ilə azalır. Bu gün yoxsulluq şəraitində
yaşayanlar 11 faizdir. Yəni bu, demək olar ki, inkişaf
etmiş ölkələrin səviyyəsinə
yaxındır. Ancaq o da çoxdur. Baxmayaraq ki, biz bu göstəricini
49 faizdən 11 faizə endirə bilmişik, 11 faiz də
çoxdur. Mən istəyirəm ki, ümumiyyətlə Azərbaycanda
yoxsul və işsiz olmasın. İndi biz işsizliyin
böyük hissəsini böyük şəhərlərdə
həll etmişik. İndi xaricdən böyük şəhərlərə
iş dalınca gəlirlər. Ancaq bölgələrdə hələ
ki, işsizlik problemləri vardır. Əvvəlki illərdə
bölgələrdən başqa ölkələrə
işləmək üçün gedirdilər, bu gün
Bakıya gəlirlər. Bu, əlbəttə ki, böyük
bir addımdır.
Amma elə etməliyik ki,
ölkədə kifayət qədər iş yerləri olsun,
insanlar bölgələrdə işləsinlər.
Bu soyuducu anbarın
xüsusiyyəti ondan ibarətdir ki, o, təkcə fermerlərə
xidmət göstərməyəcək, iş yerləri də
açılacaqdır. Fermerlər biləndə ki onların
məhsulları batmayacaq, burada saxlanılacaq, onlar daha da
çox vəsait qoyacaqlar, əkin sahələrini
böyüdəcəklər, orada işləyənlərin
sayı artacaq, beləliklə, məşğulluq məsələləri
də öz həllini tapacaqdır. Yəni, bütün bu məsələlər
bir-biri ilə sıx bağlıdır.
Azərbaycanın uğurlu
iqtisadi inkişafı onu göstərir ki, biz düzgün
istiqamətdə inkişaf edirik. Biz gəlirləri investisiya
şəklində düzgün yerlərə yönəldirik
və bu investisiyalar artıq öz bəhrəsini verir.
Keçən il və elə bu il də davam edən dünya
böhranı onu göstərdi ki, hansı ölkələrin
iqtisadi siyasəti düzgün qurulmuşdur, o ölkələr
də bu böhrandan minimum itkilərlə çıxdı.
Biz vəsaiti iqtisadiyyatın real sektoruna yönəldirik və
bu gün də bunu edirik. Baxmayaraq ki, keçən il gəlirlərimiz
də azaldı, neftin qiyməti də bir neçə dəfə
düşdü, biz investisiya layihələrini, tikinti layihələrini
dayandırmadıq. Heç bir layihə - həm yolların, həm
infrastruktur layihələrinin, məktəblərin, xəstəxanaların
tikintisi dayanmadı. Bu il də belədir. Bu il nəzərdə
tutulmuş bütün investisiya layihələri icra ediləcək
və özü də artıqlaması ilə. Bu, imkan verir
ki, biz heç kimdən asılı olmayaraq müstəqil həyat
sürək, ölkəmizi inamla irəliyə aparaq və Azərbaycan
xalqının rifah halının yaxşılaşması
üçün əlavə tədbirlər görək.
Ona görə mən bu gün bu hadisə münasibətilə öz fikirlərimi sadəcə olaraq bir qədər geniş ifadə etmək istəyirəm. Əlbəttə, bu anbarın tikintisi rayon iqtisadiyyatı üçün əlamətdar hadisədir. Ancaq bu, ümumiyyətlə, Azərbaycanda aparılan siyasətin nəticəsidir. Əgər biz sahibkarlara dəstək verməsəydik, kreditlər verməsəydik, ümumiyyətlə, 2004-cü ildə regional inkişaf proqramını qəbul etməsəydik, 2009-cu ildə ikinci proqramı qəbul etməsəydik, bunların heç biri olmazdı və onda Azərbaycan iqtisadiyyatı, Azərbaycan xalqı təkcə təbii resurslardan asılı vəziyyətdə qala bilərdi. Mən isə istəyirəm ki, təbii sərvətlər sadəcə olaraq, iqtisadiyyatımızı daha da gücləndirsin, ancaq biz əsas gəlir mənbəyini kənd təsərrüfatı, sənaye, sahibkarlıq və qeyri-neft sektorundan təmin edək.
Ona görə
bu hadisə münasibətilə sizi təbrik edirəm.
Baxmayaraq ki, burada fermerlər azlıq təşkil edir, ancaq
biz hamımız fermerlərin məhsullarından istifadə
edirik. Azərbaycanın iqtisadiyyatı, kənd təsərrüfatı
nə qədər güclü olsa, ölkəmiz də o qədər
güclənəcəkdir. Bir daha sizi bu hadisə münasibətilə
təbrik edirəm və ümumiyyətlə xahiş edirəm,
mənim salamlarımı bütün salyanlılara
çatdırasınız. Bilin ki, mən rayonun
inkişafı üçün bundan sonra da öz səylərimi
göstərəcəyəm.
AzərTAc
Azərbaycan.- 2010.- 30
aprel.- S. 2.