Azərbaycan ordusu işğal olunmuş torpaqları hər an azad etməyə
qadirdir
ATƏT-in Minsk qrupunun Cənubi
Qafqazda sülh və təhlükəsizliyə ciddi təhdid
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətindəki səyləri
uzun illərdir ki, rəsmi Yerevanın qeyri-konstruktiv, pozucu
mövqeyi üzündən nəticəsiz qalır. Atəşkəs
rejimini nəzərdə tutan Bişkek müqaviləsinin
imzalanmasından ötən 16 ildə həmsədr dövlətlərin
fəal vasitəçiliyi ilə aparılan gərgin
danışıqlar prosesi bir neçə dəfə problemin
real həllinə yaxınlaşsa da, Ermənistan rəhbərliyinin
aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi
üzündən sülhə gəlmək mümkün
olmayıb. Danışıqlar prosesinin daha aktiv və həlledici
mərhələyə qədəm qoyduğu son iki ilin
yekununda isə eyni proses, demək olar, təkrarlanır:
müzakirə masasındakı yenilənmiş Madrid prinsipləri
ilə bağlı həlledici qərarlar vermək ərəfəsində
təcavüzkar dövlətin rəhbərliyi müxtəlif
bəhanə və əsassız iddialarla müəyyən əvvəlki
razılaşmalardan da geri çəkilməyə
çalışır.
Yerevanın qeyri-konstruktiv
mövqe nümayişi ilə prosesi süni surətdə
uzatmaq istəyi kifayət qədər üzdə olsa da, rəsmi
Bakı prosesin müəyyən vaxtadək davam etdirilməsinə
razılıq verməklə, Ermənistanı hüquqi,
iqtisadi və hərbi-siyasi baxımdan tamamilə təcrid vəziyyətinə
salmaq niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyevin
münaqişənin həlli istiqamətində yeritdiyi siyasətin
əsas mahiyyəti də məhz Ermənistanın
mövqeyinin hüquqi baxımdan əsassızlığını
sübuta yetirmək, təcavüzkar ölkəni Cənubi
Qafqazdakı dinamik inkişaf prosesindən təcrid etmək, ən
nəhayət, Azərbaycanın iqtisadi-hərbi qüdrətini
artırmaqla qarşı tərəfin mövqeyinə təsir
göstərməkdən ibarətdir.Bu üç mərhələnin
yekununda münaqişənin hərb yolu ilə həlli
variantı da istisna edilmir. Dövlət
başçısı, Ali Baş Komandan İlham Əliyevin
aprelin 23-də Müdafiə Nazirliyində keçirdiyi
geniş müşavirədə də danışıqlar
prosesinin son durumu, habelə ordu quruculuğu məsələləri
geniş müzakirə olunub, qarşıda duran vəzifələrdən
söz açılıb. Prezident İlham Əliyev
münaqişənin həllində beynəlxalq hüquq
normalarına söykənməklə əsas
götürdüyü prinsipləri sonadək müdafə
etmək əzmində olduğunu bir daha bəyan edib.
"Azərbaycan" qəzetinin
Milli Məclisin deputatlarının, politoloqların, hərbi
ekspertlərin, nüfuzlu ziyalıların iştirakı ilə
təşkil etdiyi "dəyirmi masa"da regiondakı son
durum - danışıqlar prosesinin hazırkı vəziyyəti
və gələcək inkişaf istiqamətləri, habelə
ordu quruculuğu ilə bağlı məsələlər
müzakirə olundu. "Dəyirmi masa"da Milli Məclisin
deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini
Mübariz Qurbanlı, Milli Məclisin Elm və təhsil komitəsinin
sədr müavini professor Bəxtiyar Əliyev, Milli Məclisin
Təhlükəsizlik və müdafiə komitəsinin sədr
müavini Aydın Mirzəzadə, Milli Məclisin deputatı,
Böyük Quruluş Partiyasının başqanı Fazil
Mustafa, Xocavənd Rayon İcra Hakimiyyətinin
başçısı, "Dağlıq Qarabağ Azərbaycanlılarının
İcması" İctimai Birliyi İdarə Heyətinin
üzvü Eyvaz Hüseynov, sabiq müdafiə naziri, istefada
olan general-mayor Dadaş Rzayev, şəhid, Milli Qəhrəman
atası professor İzzət Rüstəmov, politoloqlar Rasim
Musabəyov və Mübariz Əhmədoğlu iştirak
edirdilər.
Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin
deputatı Bəxtiyar Sadıqov "dəyirmi masa"nı
açıq elan edərək dedi:
- Azərbaycan ikinci dəfə
dövlət müstəqilliyi qazandıqdan sonra çox
böyük problemlərlə üzləşdi. Bu problemlərin
mahiyyəti ondan ibarət idi ki, Azərbaycanı müstəqil
dövlət kimi görmək istəməyən, onun zəngin
təbii sərvətlərindən bəhrələnməyə
çalışan müəyyən qüvvələr
ölkəmizin əleyhinə fəal iş aparırdılar.
Həmin qüvvələr o dövrdə Azərbaycana kifayət
qədər səriştəli və təcrübəli
şəxslərin rəhbərlik etməməsindən, eyni
zamanda ölkənin Silahlı Qüvvələrinin
olmamasından istifadə edərək məkrli məqsədlərini
həyata keçirməyə çalışırdılar.
Lakin 1993-cü ilin iyununda xalqın arzu və istəyi ilə
yenidən ölkə rəhbərliyinə qayıdan ulu
öndər Heydər Əliyevin qeyri-adi, çoxcəhətli
fəaliyyəti sayəsində dövlətçiliyə
qarşı yönəlmiş cinayətkar qəsdlərin
qarşısı alındı, ölkədə sabitlik
yarandı, zəruri islahatlar aparıldı. Azərbaycanın
dövlət müstəqilliyi dönməz və əbədi
xarakter aldı. Respublikamız bazar iqtisadiyyatı prinsiplərinin
bərqərar olması sahəsində qarşıda duran vəzifələri
uğurla yerinə yetirərək müstəqil, demokratik
dövlət quruculuğu prosesinə başladı.
Ötən illər ərzində
müstəqil Azərbaycan qarşıda duran bir çox ciddi
problemlərin həllinə nail olub. Respublikamız iqtisadi sahədə
keçid dövrünü uğurla başa
çatdıraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə
qədəm qoyub. Azərbaycan özünün enerji, nəqliyyat
və ərzaq təhlükəsizliyini təmin edib, dünya
birliyinin bərabərhüquqlu üzvünə çevrilib.
Azərbaycan son bir neçə ildə ümumi daxili məhsulun
artım tempinə görə dünya dövlətlərinin
siyahısına rəhbərlik edir. Ölkəmizin müəyyən
obyektiv səbəblərdən indiyə qədər həllinə
nail olmadığı yeganə problem isə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Təəssüf
ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində
ATƏT-in Minsk qrupunun səyləri uzun illər ərzində
heç bir nəticə verməyib. Azərbaycan
münaqişənin sülh yolu ilə həllinə tərəfdar
olduğu üçün bu vaxta kimi kifayət qədər
güzəştlərə gedib. Azərbaycan iqtidarı
respublikamızın ərazi bütövlüyünü və
suverenliyini təmin etmək üçün 16 ildir ki,
sülh danışıqlarını davam etdirir. Ölkə
rəhbərliyi dəfələrlə bəyan edib ki,
Dağlıq Qarabağa ölkəmizin sərhədləri
çərçivəsində ən yüksək muxtariyyət
statusu verməyə hazırdır. Buna baxmayaraq təcavüzkarlıq
siyasətindən əl çəkməyən Ermənistan
danışıqlar prosesində qeyri-konstruktiv mövqe
nümayiş etdirir, bu gün
razılaşdırılmış prinsiplərdən sabah
imtina edir, müxtəlif bəhanələrlə mövcud
"status-kvo"nu qoruyub saxlamağa,
danışıqları uzatmağa çalışır.
Etiraf etmək lazımdır ki, təcavüzkarı belə
destruktiv mövqedən çıxış etməyə
şirnikləndirən başlıca səbəblərdən
biri də məhz danışıqlarda vasitəçilik edən
ATƏT-in Minsk qrupu həmsədrlərinin siyasi prinsipsizliyi, qətiyyətsizliyi,
münaqişənin həllinə hamılıqla qəbul
olunmuş beynəlxalq hüquq normalarından
yanaşmamasıdır.
İşğalçı
ölkənin belə mövqeyinə rəğmən, ATƏT-in
Minsk qrupuna həmsədrlik edən dövlətlər nəinki
Ermənistana təzyiq göstərmir, hətta onu üzləşdiyi
ağır sosial-iqtisadi vəziyyətdən, çətin
durumdan xilas etməyə çalışırlar.
Yaranmış şəraitdə Ermənistanın sülh
danışıqlarını yenə də qeyri-müəyyən
müddətə uzatmaq cəhdləri rəsmi Bakını
daha qətiyyətli addımlar barədə düşünməyə
sövq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev
də son aylarda xalqımızın məsələ ilə
bağlı prinsipial mövqeyini bir daha ifadə edərək
danışıqları imitasiya xatirinə aparmaq niyyətində
olmadığını deyib.
Azərbaycanın son illərdə
danışıqlar prosesində psixoloji-siyasi
üstünlüyünü təmin edən başlıca
amillərdən biri də iqtisadi inkişafa paralel şəkildə
ordu quruculuğu yönümündə atılan qətiyyətli
addımlardır. Aprelin 23-də Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi
ilə Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə
həsr olunmuş müşavirə ölkəmizin hərbi
qüdrətini bir daha təsdiqlədi. Həmin müşavirədə
xalqımızın qətiyyətli mövqeyini aşkar şəkildə
ortaya qoyan Prezident İlham Əliyev sülh
danışıqlarının nəticə verməyəcəyi
təqdirdə, respublikamızın ərazi
bütövlüyünü təmin etmək
üçün sərt və qətiyyətli addımlar
atmaq məcburiyyətində qalacağı ilə
bağlı həm cəmiyyətə, həm də
dünyaya sərt mesaj verdi.
Həmin müşavirənin
gedişi bir daha göstərdi ki, respublikamızda ordu
quruculuğuna dair bütün mühüm tədbirlər
ardıcıl surətdə, inkişaf etmiş dövlətlərin
təcrübəsi nəzərə alınmaqla həyata
keçirilir. Dövlət başçısı İlham Əliyev
ilk gündən bəyan etmişdir ki, ordunun möhkəm,
qüdrətli olması üçün iqtisadiyyatın
güclü olması vacib şərtdir. Bu reallığa nəzərən
ölkə rəhbərliyi iqtisadiyyatın inkişafına
adekvat olaraq ordu quruculuğu istiqamətində də səmərəli
addımlar atır. Təkcə bir faktı demək
lazımdır ki, son illərdə respublikanın hərbi
büdcəsi on dəfədən çox artaraq
bütövlükdə işğalçı Ermənistanın
dövlət büdcəsinə çatmışdır. 2
milyard dollarlıq dövlət büdcəsi olan Azərbaycan
ordusu bu gün regionda NATO standartları səviyyəsində
inkişaf edən nizami, peşəkar və çevik quruma
çevrilmişdir. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələri
yüksək döyüş hazırlığına malik və
peşəkar, hərbi-texniki vərdişlərə dərindən
yiyələnmiş savadlı, vətənpərvər
kadrlardan ibarətdir.
Möhtərəm
Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev müşavirədəki
dərin məzmunlu çıxışında ordu
quruculuğu məsələsinin Azərbaycan
üçün prioritet olduğunu bir daha bəyan etdi:
"Biz elə etməliyik ki, hərbi imkanlarımızı
maksimum dərəcədə gücləndirək...EÇünki
Azərbaycan müharibə şəraitindədir. Müharibə
bitməyib, müharibənin birinci mərhələsi başa
çatıbdır. Biz elə etməliyik ki, istənilən
anda torpaqlarımızı hərbi yolla azad edə bilək".
Müdafiə naziri,
general-polkovnik Səfər Əbiyevin müşavirədəki
məruzəsi də Azərbaycan Silahlı Qüvvələrinin
ildən-ilə daha da gücləndiyini, düşmənə
hər an layiqli cavab vermək, torpaqlarımızı
işğaldan azad etmək imkanının olduğunu təsdiqləyir.
Nazirin də vurğuladığı kimi, dövlətin
xüsusi qayğısı nəticəsində Azərbaycanın
Silahlı Qüvvələri durmadan inkişaf edir, onun beynəlxalq
əlaqələri genişlənir və nüfuzu artır.
Regiondakı mürəkkəb hərbi-siyasi vəziyyət Azərbaycan
Respublikası üçün öz suverenliyini və ərazi
bütövlüyünü qorumaq və işğal
olunmuş əraziləri azad etmək məqsədilə
Silahlı Qüvvələrin döyüş
imkanlarını artırmağı zəruri edir. Müdafiə
nazirinin məruzəsi Azərbaycan ordusunun peşəkarlıq
səviyyəsinin də kifayət qədər yüksəldiyini
göstərir: "Yaxın zamanlarda tank əleyhinə raket
sistemlərinin alınması nəticəsində düşmənin
zirehli texnikasına zərərvurma imkanları qat-qat
artırılmışdır. Yeni silah sistemlərinin
alınması və quraşdırılması nəticəsində
Silahlı Qüvvələrimiz Ermənistanın bütün
ərazisində yerləşən hədəfləri məhv
etməyə qadirdir. Cənab Prezident, Sizə məruzə
edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan
ərazisində hansı yerdə olmasına baxmayaraq, hər
bir hədəfi məhv etməyə imkanı vardır".
Azərbaycan münaqişənin
sülh yolu ilə həllinə tərəfdardır və bu
istiqamətdə imkanların tükənmədiyi qənaətindədir.
Lakin eyni zamanda dünya ictimaiyyəti bilməlidir ki,
respublikamız Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə
uzun müddət barışmaq niyyətində deyildir.
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı beynəlxalq təşkilatların qəbul etdiyi
qərar və qətnamələr, habelə ATƏT-in Minsk
qrupunun uğursuz vasitəçilik missiyası Azərbaycana
öz torpaqlarını istənilən vaxt işğaldan azad
etmək üçün hüquqi-siyasi və mənəvi əsaslar
yaradır. Ölkə başçısı Azərbaycanın
ərazi itkisi ilə barışmayacağını hər
zaman qətiyyətlə bildirir və münaqişənin həllində
məhz beynəlxalq hüquq normalarına istinad edir. "Nə
5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə
də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan
ayrılmayacaqdır! Mən nə qədər Prezidentəm,
buna yol verməyəcəyəm", - deyə ölkə
başçısı hələ bir neçə il əvvəl
Azərbaycandan hələ də güzəşt umanlara sərt
mesaj ünvanlayıb! Bütün bunlar isə əminliklə
deməyə əsas verir ki, Azərbaycan iqtidarı indiyə
qədər olduğu kimi, münaqişənin həllində
bundan sonra da prinsipial mövqe tutacaq və milli mənafelərin
qorunması üçün ardıcıl diplomatik səylər
göstərəcəkdir.
Bugünkü "dəyirmi
masa"nın keçirilməsində məqsəd də
yaranmış situasiyada Azərbaycan xalqının və
ziyalılarının üzərinə hansı vəzifə
düşdüyünü müəyyənləşdirməkdir.
Aydın MİRZƏZADƏ:
- Ordu hər bir dövlətin
mühüm atributu, təhlükəsizlik sisteminin əsasıdır.
Hazırda dünyada Kosta-Rika istisna olmaqla, ordusu olmayan ikinci bir
dövlət yoxdur. Hər bir dövlət öz ordusunun
inkişafı üçün əzmlə
çalışır, bu istiqamətdə bütün zəruri
tədbirləri həyata keçirir. Azərbaycan da dövlət
müstəqilliyini əldə etdikdən sonra ordu quruculuğu
prosesini daim diqqət mərkəzində saxlayıb.
1993-cü ildə ulu öndər Heydər Əliyevin
xalqın istəyi ilə hakimiyyətə
qayıdışından sonra respublikamızda ordu
quruculuğu prosesi ardıcıl və sistemli şəkildə
həyata keçirilib.
Bu siyasəti son illərdə
inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də
Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm
də keyfiyyətcə komplektləşməsinə, daha da
güclənməsinə çalışır. Bir neçə
gün əvvəl möhtərəm Prezidentimiz, Ali Baş
Komandan İlham Əliyevin Müdafiə Nazirliyində keçirdiyi
müşavirə də ordu quruculuğu məsələlərinin
dövlətin daimi diqqət mərkəzində olduğunu
bir daha təsdiqlədi. Möhtərəm Prezidentimiz
çıxışında bir daha ölkəmizin ərazi
bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
ordunun üzərinə mühüm vəzifələr
düşdüyünü bildirdi. Eyni zamanda, Azərbaycanın
uzun müddət nəticəsiz qalacaq danışıqlarda
iştirak etmək niyyətində olmadığını
vurğuladı.
Etiraf etməliyik ki,
sülh danışıqlarının nəticəsiz
qalması münaqişənin hər an hərb yolu ilə həlli
variantını vacib məsələ kimi gündəmə gətirir.
Ordu quruculuğuna həsr olunmuş müşavirədə həm
Ali Baş Komandanın dərin məzmunlu nitqində, həm
müdafiə nazirinin məruzəsində ordunun hərbi əməliyyatlara
hazırlıq səviyyəsi ciddi surətdə təhlil
edildi. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri
yerinə yetirməyə, ölkəmizin ərazi
bütövlüyünü bərpa etməyə hazır
olduğu bildirildi.
Azərbaycan
münaqişənin hərb yolu ilə həllini əsas vasitə
hesab etməsə də, buna təhrik olunur. Bununla belə, Azərbaycan
məsələnin hərb yolu ilə həlli variantına da
tam hazırdır. Son illərdə respublikamızda həm
dövlət, həm də ordu quruculuğu sahəsində
böyük işlər görülüb, güclü və
qüdrətli dövlət modeli yaradılıb. Azərbaycan
beynəlxalq aləmdə böyük nüfuz sahibi olan
dövlətlər sırasındadır. Ölkə
iqtisadiyyatında aparılan islahatlar Azərbaycanın iqtisadi
qüdrətinin güclənməsinə, əhalinin sosial vəziyyətinin
yaxşılaşmasına, maddi rifah halının yüksəlməsinə,
habelə dövlət quruculuğu prosesi üçün
ciddi iqtisadi əsasların yaranmasına səbəb olub.
Ordu quruculuğu məsələsi
də daim diqqət mərkəzində olduğu
üçün Silahlı Qüvvələrin NATO
standartları əsasında formalaşdırılması,
müasir hərbi texnika və silahlarla təchiz edilməsi,
strateji, taktiki hazırlığının yüksəldilməsi
istiqamətində də mühüm tədbirlər həyata
keçirilib. Nəticədə bu gün Azərbaycan ordusunun
ən mürəkkəb hərbi əməliyyatlara hazır
olduğu aşkar görünür. Azərbaycan Silahlı
Qüvvələri texniki təchizat, professional
hazırlıq, mənəvi ruh yüksəkliyi və digər
parametrlər baxımından Ermənistan ordusundan qat-qat
üstündür. Bunu son dövrlərdə
işğalçı ölkənin mediası, ictimai xadimləri,
müdafiə naziri və generalları da açıq etiraf
edir.
Bütün parametrlər
baxımından işğalçı dövlətin ordusundan
üstün olan Azərbaycan Silahlı Qüvvələri,
müdafiə nazirinin məruzəsində də bildirildiyi
kimi, Ermənistan ərazisində bütün hədəfləri
vurmaq, habelə düşmənin zəbt etdiyi ərazilərimizdəki
mövqelərini sıradan çıxarmaq
iqtidarındadır. Şübhəsiz, müharibə böyük
maliyyə vəsaiti tələb edən prosesdir. Yüksək
maddi-texniki və mənəvi təminat olmadan hərbi əməliyyatlarda
ciddi uğurlar qazanmaq mümkün deyildir. Yəni iqtisadi
imkanlar olmadan hərbə əl atmaq yalnız qısa müddət
üçün effekt verə bilər. Lakin Azərbaycan
iqtisadiyyatının qısa zamanda müharibə şəraitinə
hazır vəziyyətə gətirilməsinin
mümkünlüyü, ordumuzun, Silahlı Qüvvələrimizin
təchizatı üçün hərbi-sənaye kompleksinin
yaradılması deməyə əsas verir ki, əgər
müharibə başlanarsa, ölkəmiz qarşısına
qoyduğu ali məqsədi uğurla həyata keçirmək
əzmindədir.
Xüsusi vurğulamaq
istərdim ki, son illərdə diplomatik sahədə həyata
keçirilən tədbirlər də Azərbaycanın ədalətli
mövqeyinin daha güclü müdafiəsinə gətirib
çıxarıb. Beynəlxalq aləm bu gün Azərbaycanın
ərazi bütövlüyünü tanıyır.
Böyük dövlətlərin xarici işlər nazirlikləri
illik hesabatlarında işğal edilmiş əraziləri Azərbaycan
mərkəzi hökumətinin nəzarətindən kənarda
qalan zonalar kimi təqdim edirlər. Beynəlxalq təşkilatların
müvafiq sənədlərində Ermənistanın Azərbaycan
ərazilərini işğal etməsi faktı birmənalı
əksini tapıb. ATƏT-in Minsk qrupunun fəaliyyəti də
onu göstərir ki, Azərbaycanın yürütdüyü
diplomatiya Dağlıq Qarabağ münaqişəsini beynəlxalq
siyasətin akutal məsələlərindən birinə
çevirib. Azərbaycan kimi ərazi problemi olan bir sıra digər
dövlətlər də var. Lakin onların heç biri
öz milli problemini regional kontekstdən kənara
çıxara bilməyib.
Hesab edirəm ki, Azərbaycanın
münaqişənin hərbi yolla həllinə dair bəyanatlarının
obyektiv zərurətdən, çıxılmazlıqdan irəli
gəldiyi beynəlxalq ictimaiyyətə tamamilə
aydındır. Dünya ictimaiyyəti Azərbaycanın
işğal altında olan torpaqlarını azad etmək
üçün bu variantdan istifadə edə biləcəyini
daim nəzərə alır. Ən əsası, bu gün
dövlətlə, ilk növbədə dövlət
başçısı ilə cəmiyyət arasında
sıx bağlılıq var. Prezident İlham Əliyevin
apardığı siyasət cəmiyyətdə mütləq
əksəriyyət tərəfindən dəstəklənir,
habelə orduya inam ildən-ilə artır. Yəni Azərbaycan
çıxılmazlıq şəraitində müharibə
variantına əl atarsa, bu qərar cəmiyyət tərəfindən
də lazımi dəstək alacaq! Bu isə Azərbaycan
ordusunun qarşıya qoyduğu vəzifəni yerinə yetirməsi
üçün vacib şərtlərdən biridir!
Rasim MUSABƏYOV:
- Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə
həlli Azərbaycanın bir dövlət kimi vəzifəsi
və borcudur. Eyni zamanda, respublikamız elə bir geosiyasi məkanda
yerləşir ki, sözügedən münaqişə tezliklə
həllini tapsa belə, ölkəmizin etibarlı təhlükəsizliyi
üçün güclü ordunun mövcudluğu vacib şərtdir.
Bunu birmənalı şəkildə qəbul etmək, ordu
quruculuğu sahəsində işləri bundan sonra da davam
etdirmək lazımdır. Kifayət qədər geniş
imkanları olan Azərbaycanın üzləşdiyi ərazi
problemini həll etməsi üçün ordunun davamlı
şəkildə möhkəmləndirilməsi zəruridir və
bu iş hər bir halda ardıcıl xarakter
daşımalıdır.
Bu gün Azərbaycan
ordusunun imkanları var ki, artilleriya və hərbi hava qüvvələri
ilə ermənilərin işğal olunmuş ərazilərimizdəki
müdafiə xəttini darmadağın etsin. Ermənilərin
birinci müdafiə xəttinin arxası, demək olar ki,
yoxdur. Yəni ilk müdafiə xəttinin darmadağın
edilməsi ilə böyük bir ərazinin ermənilərdən
təmizlənməsinə şərait yaranacaq. Bu mənada,
biz ordunun daha da möhkəmlənməsini, dövlət
başçısının Silahlı Qüvvələrə
diqqət və qayğısını, ermənilərin
işğal olunmuş ərazilərimizdən hərb yolu ilə
çıxarılması niyyətini təbii olaraq dəstəkləyirik.
Eyni zamanda hesab edirəm ki, müharibəyə
başlamamışdan əvvəl ciddi
düşünüb-daşınmalı, regiondakı vəziyyəti
təhlil etməli, soyuqqanlı qərarlar qəbul etməliyik.
Mübariz QURBANLI:
- İkinci dünya
müharibəsi başa çatdıqdan sonra gələcəkdə
müharibələrin baş verməməsi üçün
Birləşmiş Millətlər Təşkilatı deyilən
qurum təsis olundu. Və bütün dünyada sülhün,
sabitliyin, təhlükəsizliyin qorunması həmin qurumun Təhlükəsizlik
Şurasına həvalə edildi. İkinci dünya müharibəsində
baş verən itkilər bəşəriyyətdə belə
bir fikir yaratmışdı ki, gələcəkdə
müharibələr olmaz. Yəni insanlar müharibələrin
ağır nəticələr verdiyini görərək
böyük müharibələrə yol verməzlər.
Açığı, belə bir eyforiya, sülh hərəkatı
özünü doğrultmadı. Biz bu dəhşətli
müharibədən sonra da dünyada çoxsaylı məhəlli
müharibələrin şahidi olmuşuq. Məhəlli
müharibələrdəki insan ölümü, maddi-mənəvi
itkilər heç də az olmayıb.
Hazırda beynəlxalq
hüquq normaları yalnız bir halda müharibəyə bəraət
qazandırır: yalnız işğala, təcavüzə məruz
qalan dövlət və xalq özünümüdafiə məqsədi
ilə müharibəyə başlaya bilər! Azərbaycan da
beynəlxalq hüquq norma və prinsiplərinə, habelə
Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinə görə, öz ərazilərini hərbi
yolla azad etmək hüququnu özündə saxlayır.
Möhtərəm Prezidentimiz Müdafiə Nazirliyində
keçirilən müşavirədə Azərbaycanın
üzləşdiyi problemlər, o cümlədən
Dağlıq Qarabağ məsələsi ilə əlaqədar
geniş fikirlər söyləyib, cəmiyyətə, həmçinin
beynəlxalq təşkilatlara Azərbaycanın mövqeyini
bir daha çatdırıb. Həmin müşavirədə
bir fikir də aydın şəkildə ifadə olunub ki, Azərbaycan
ordusu hərbi yolla ərazilərimizi işğaldan azad etmək
iqtidarındadır. Amma burada bir nüansı da qeyd etmək
lazımdır ki, cənab İlham Əliyev yenə də Azərbaycanın
məsələnin sülh yolu ilə həll edilməsinə
tərəfdar olduğunu vurğulayıb.
Bugünkü reallıq
nədən ibarətdir? Əgər hazırda Ermənistanla
Azərbaycan hərb meydanında təkbətək, üzbəüz
qalarsa, təbii ki, Azərbaycanın hərbi, iqtisadi cəhətdən,
habelə canlı qüvvə baxımından
üstünlüyü bizə öz ərazilərimizi tez bir
zamanda düşməndən azad etmək imkanı yaradır.
Biz bütün parametrlərə, bütün göstəricilərə
görə Ermənistandan qat-qat üstünük. Amma
başqa tərəfdən yanaşdıqda, Qafqaz bölgəsinin
beynəlxalq miqyasda böyük güc mərkəzlərinin
diqqətində olduğunu, regionun, bir növ, dartışma
meydanına çevrildiyini yaddan çıxarmamalıyıq.
Və belə olan vəziyyətdə ikinci Qarabağ
müharibəsi başlayarsa, xarici qüvvələrin buna
biganə qalacağına, prosesə müdaxilə etməyəcəyinə
heç kim zəmanət verə bilməz. Yəni bizdən əvvəl
praktikada bu cür hadisələr baş verib. Xüsusilə
Gürcüstanın öz ərazi
bütövlüyünü bərpa etmək istiqamətində
atdığı addımların nəticəsi göz
qabağındadır. Əslində, Gürcüstan dövləti
öz ərazi bütövlüyünü bərpa etmək
üçün hərbi yola əl atmışdı. Amma nəticədə
nəinki itirdiyi əraziləri geri ala bildi, hətta hüquqi
baxımdan öz tərkibində olanlar ərazilərin də
itirilməsi ilə nəticələnən bir prosesə cəlb
edildi. Qərb dövlətləri, Amerika Birləşmiş
Ştatları ilkin mərhələdə buna müəyyən
qıcıq göstərsələr də, sonradan vəziyyəti
sükutla qarşıladılar. Ona görə də hərbi
əməliyyatlar başlayacağı təqdirdə Ermənistanın
bu və ya digər xarici qüvvələr tərəfindən
himayə olunacağını proqnozlaşdırmaq
mümkündür. Açıq deməliyik ki, bizim xarici siyasətimiz,
diplomatiyamız da bu ehtimalı daim göz altında
saxlayır.
Hər hansı dövlətlə
müharibə yalnız hərb müstəvisində
aparılmır, eyni zamanda, iqtisadi, siyasi, ideoloji sahələri
də əhatə edir. Azərbaycanın da iqtisadi yolla rəqibi,
düşməni sülhə məcbur etmək imkanları
kifayət qədər böyükdür. Yəni biz iqtisadi
gücümüzü durmadan artırmaqla Ermənistanı
beynəlxalq hüquq normalarına əsaslanan tənzimləmə
variantına məcbur etməliyik. Müəyyən dövlətlər
Ermənistan-Türkiyə sərhədlərinin
açılması yönümündə addımlar
atmağa çalışsalar da, Azərbaycanın uğurlu
diplomatiyası nəticəsində bu cəhdlər bir nəticə
vermədi. Bu fakt göstərir ki, biz diplomatik sahədə
istədiyimizə nail olduğumuz kimi, digər sahələrdə
də nail ola bilirik. Bu baxımdan düşünürəm
ki, Azərbaycan danışıqlar prosesini davam etdirməli,
proseslərə nisbətən təmkinli
yanaşmalıdır. Biz bu gün böyük səbirlə
Azərbaycanın Ermənistan üzərində siyasi, iqtisadi
və diplomatik üstünlüyünün labüd nəticəsini
gözləməliyik. Təbii ki, bunun üçün ən
vacib addımlardan biri də ordunun davamlı şəkildə
gücləndirilməsi, ərazilərimizin işğaldan
azad edilməsi prosesinə hazırlığın davam etdirilməsidir.
Rəsmi Bakının danışıqlar prosesində sonadək
təmkinlə iştirakı ona həm də hərb yolunun
seçilməsi üçün əsaslı arqumentlər
verə bilər. Yəni danışıqlar prosesi sonadək
nəticə verməsə, rəsmi Bakı hərb yolunun
qaçılmazlığını beynəlxalq ictimaiyyətə
əsaslandırmaq imkanı qazanacaq. Və aşkar
görünür ki, bu istiqamətdə müəyyən
addımlar da atılır. Söhbət hadisələrin bu
cür cərəyan edəcəyi təqdirdə, Ermənistanı
himayə etməsi gözlənilən bəzi dövlətlərin
qarşısına əsaslı arqumentlərin qoyulmasından
gedir. Yəni hərbi əməliyyatlara
başlamamışdan qabaq bəzi dövlətlərin Ermənistana
yardım etməyəcəyinə əmin olmalıyıq.
Yalnız bu zaman BMT-nin, ATƏT-in, Avropa Şurasının,
digər beynəlxalq qurumların sənədlərinə
istinad edərək hərbi əməliyyata başlaya bilərik.
Məsələnin mahiyyəti bundan ibarətdir və hesab
edirəm ki, səbirlə prosesin sonunu gözləməliyik.
Eyvaz HÜSEYNOV:
- Müharibə həqiqətən
də ağır itkilərə səbəb olan qanlı və
üzücü prosesdir. Heç kim istəməz ki
müharibə olsun, qan tökülsün. Xüsusən də
müharibənin canlı şahidi olan insanlar yaxşı
bilirlər ki, hərbi əməliyyatlar hansı faciələrə
gətirib çıxarır. Lakin Ermənistanın
qeyri-konstruktiv davranışları Azərbaycanı
müzakirə olunan məsələ üzərində ciddi
düşünməyə vadar edir. Hamıya yaxşı məlumdur
ki, ermənilər iki əsrə yaxın müddətdə
Azərbaycan torpaqlarını hissə-hissə ələ
keçirib, habelə xalqımıza qarşı
soyqırımı, terror, deportasiya siyasətinə əl
atıblar. Başqa dövlətlərin himayəsinə
sığınaraq bizim tarixi torpaqlarımız hesabına
özlərinə dövlət yaradıblar. Ötən əsrin
sonlarına doğru bədnam qonşularımız yenidən
Azərbaycana qarşı ərazi iddiası qaldırıb,
200 mindən çox azərbaycanlını tarixi
torpaqlarından deportasiya ediblər. 1988-ci ildən Azərbaycan
ərazilərinin işğalı prosesinə
başlanılıb, müəyyən dövlətlərin
köməyi ilə 20 faiz ərazimiz işğal edilib, bir
milyondan artıq vətəndaşımız doğma
torpaqlarında məcburi köçkünə çevrilib.
Bədnam qonşularımız son 16 ildə aparılan
sülh danışıqlarında da qeyri-konstruktiv mövqe
nümayiş etdirərək daim vaxt udmağa, mövcud vəziyyəti
qoruyub saxlamağa çalışıblar. Açıq demək
lazımdır ki, Ermənistanın təklif olunan sülh
variantları ilə razılaşmaması bu dövlətin
işğalçılıq niyyətindən xoşluqla geri
çəkilmək niyyətində olmadığını
göstərir.
Şübhəsiz, səbrin
də bir ölçüsü, hüdudu var. Ermənilərin
son davranışları xalqımızın səbir
kasasını lap daşdırıb. Onlar
açıq-aşkar danışıqları pozmaq yolu tutaraq
sülhə gəlmək istəmirlər. Azərbaycan məsələnin
sülh yolu ilə həllinə
çalışdığı halda əks tərəfdən
qeyri-səmimi davranışların şahidi oluruq.
Dağlıq Qarabağın azərbaycanlı icması dəfələrlə
bəyan edib ki, ədalətli sülh sazişi imzalanandan sonra
biz ermənilərlə birgə yaşamağa hazırıq.
Amma erməni tərəfi bu təklifləri, güzəştləri
dəyərləndirə bilmir. Çünki müəyyən
dövlətlər də erməniləri
açıq-aşkar himayə edir, onları şirnikləndirmək
yolu tuturlar.
Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyində
keçirilən müşavirədə haqlı olaraq
vurğuladı ki, Azərbaycan ermənilərlə
danışıqlar prosesinin daha 10-15 il uzanması ilə
barışa bilməz! Yəni dövlət
başçısı da hansısa mərhələdə
güc tətbiq etməklə işğalçının
yerində oturdulacağına açıq işarə edib.
Müharibə
variantına keçmiş təcrübəni nəzərə
almaqla yanaşmaq vacibdir. Nəzərə almaq lazımdır
ki, I Qarabağ müharibəsi dövründə ermənilər
torpaqlarımızı başqa dövlətlərin dəstəyi
ilə işğal ediblər. Yəni işğal faktı erməni
ordusunun "rəşadəti" sayəsində
mümkün olmayıb! Bunu təkcə Azərbaycan ictimaiyyəti
deyil, dünya ictimaiyyəti də çox yaxşı bilir!
Ermənilər bu məsələ üzərində uzun
müddət çalışıblar, iş aparıblar, təşkilatlanıblar,
başqa dövlətlərin dəstəyini əldə ediblər.
Bu hadisələr Azərbaycan dövlətçiliyinin hələ
möhkəmlənmədiyi, daxildə ciddi problemlərin
mövcudluğu, nizami ordunun olmadığı bir dövrdə
torpaqlarımızın işğalı ilə nəticələnib.
Şəxsən mən
1988-ci ildən Qarabağ hadisələrinin birbaşa
içində olmuşam. Həmin dövrdə Xocavənd
özünümüdafiə batalyonu yaratdıq və
bütün camaatımızı ətrafımıza
topladıq. Dağlıq Qarabağ azərbaycanlıları
üçün müharibə 1992-ci ildən
başlamayıb, 1988-ci ildən biz açıq hərbi
qarşıdurmada olmuşuq. Hər gün ermənilərlə
döyüşmüşük, özünümüdafiə
dəstələri yaratmışıq. Mübarizə
aparmışıq, o dövrkü ölkə rəhbərliyinə
kömək üçün dəfələrlə müraciət
etmişik. Ancaq təəssüf ki, bizim bu müraciətlərimizə
bir cavab verən olmayıb! Belə bir vəziyyətdə Azərbaycanın
qeyrətli oğulları, döyüşçüləri
düşmənə nə qədər müqavimət
göstərsələr də, güclərin qeyri-bərabərliyi
üzündən torpaqları qoruyub saxlaya bilməyiblər.
Eyni zamanda, torpaqlarımızın işğalına həm də
daxildəki müəyyən xəyanətkar qüvvələrin
əməlləri zəmin yaradıb. Sirr deyildir ki, həmin
dövrdə ayrı-ayrı insanlar silahlı dəstə
yaradaraq xalqın deyil, özlərinin cılız hakimiyyət
maraqlarını gerçəkləşdirməyə
çalışırdılar. Nəticədə müxtəlif
şəxslərə tabe olan hərbi batalyonlar öz bildikləri
kimi hərəkət edirdilər. Hər batalyonun
başında duran şəxs prezident olmaq iddiasına
düşürdü. Ermənistanda 1990-cı ildən 1997-ci
ilə kimi bir prezident olduğu halda, Azərbaycanda 1988-ci ildən
1992-ci ilə qədər 5 dövlət
başçısı olub. Dövlət rəhbərliyi həmin
dövrlərdə bizə heç bir yardım
ayırmırdı. Əlacsız qalmışdıq. Bir
faktı vurğulayım ki, 1991-ci il noyabrın 16-da xocavəndlilərin
arzusu ilə mən özünümüdafiə batalyonunun
komandiri kimi Naxçıvana Heydər Əliyevlə
görüşə getdim. Bütün problemləri
danışdım, çətinlikləri söylədim, dəyərli
məsləhətlər, tövsiyələr aldım. Yəni
biz xocavəndlilər, qarabağlılar Bakıdan, dövlətdən
əlimizi üzmüşdük, nicatımızı hələ
1990-1991-ci ildən Heydər Əliyevə
bağlamışdıq.
Açıq deyirəm,
müharibənin gedişində biz təkcə ermənilərlə
deyil, həm də daxildəki təxribatçılarla
döyüşmüşük. Bütün bunlar da müvəqqəti
məğlubiyyətimizin əsas səbəbləridir. Əgər
bizim 1993-cü ildə olan hərbi qüvvəmizin heç
olmasa 30-40 faizi cəbhə bölgəsinə yönəldilsəydi,
biz nəinki Qaradağı, digər ərazilərimizi də
ala bilərdik. Çünki insanlarda özünümüdafiə
ruhu son dərəcə yüksək idi. Xocavənd rayonunun
Qaradağlı kəndi 4 ay mühasirədə qalıb, gecə-gündüz
ermənilərlə ardıcıl şəkildə
vuruşub. Axırıncı patron qurtarana kimi kənd
düşmənə müqavimət göstərib, 77 nəfər
şəhid verib.
Bəzən belə
fikirlər ortaya atılır ki, müharibə olsa, biz qələbə
qazana biləcəyikmi? Fikrimcə, belə tərəddüdlərə
heç bir əsas yoxdur! Azərbaycan ordusunun 1993-cü ilin
sonu, 1994-cü ilin yazında Horadiz istiqamətində gedən
uğurlu döyüş əməliyyatlarında necə
vuruşduğunu xatırlatmaq istərdim. 1994-cü ilin aprel
ayında Ağdamın Güllücə istiqamətində
ermənilərin hücumlarının qarşısının
alınması, onların ən böyük qüvvələrinin
məhv edilməsi bizim uğurlarımız idi. Həmin
dövrdə Bakıdan və ölkəmizin müxtəlif
yerlərindən hətta 12-14 yaşlarında yeniyetmələr
döyüş bölgəsinə gəlirdilər. Biz
onları geri qaytarırdıq, sabah görürdük yenidən
qayıtdılar. Biz həmin insanlarıq, heç nə dəyişməyib!
Bir neçə gün ərzində təbliğat aparıb
xalqı hərbi əməliyyatlara hazırlamaq
mümkündür! Müharibənin başlanmasına və
torpaqlarımızın azad edilməsinə istənilən
vaxt hazır olmalıyıq! Erməniyə qalsa, sülh
danışıqları daha 50 il uzanacaq və nəticəsiz
qalacaq! Biz bu vəziyyətə necə səbir edək, nə
qədər dözək? Bizim işğala məruz
qalmağımız, beynəlxalq təşkilatların qətnamələri,
1 milyondan artıq insanın məcburi köçkün vəziyyətində
yaşaması müharibəyə başlamaq
üçün yetərli əsas deyilmi?
Azərbaycan ordusu yaranan
gündən atəşkəsə kimi gərgin
döyüşlərin içində olmuşam, bu gün də
ordunun içindəyəm. Hər gün Silahlı Qüvvələrimizin,
əsgər və zabitlərimizin yanındayam. Qarabağ
müharibəsi veteranıyam, Qarabağ müharibəsi əliliyəm,
şəhid ailəsiyəm, məcburi köçkünəm.
Eyni zamanda qarabağlıyam, ərazim, torpağım
işğal altındadır. Mən bütün
qarabağlıların fikrini ifadə edib deyirəm ki,
bugünkü Azərbaycan 20 il bundan əvvəlki zəif,
problemlərin içində sıxılan dövlət deyil!
Yəni bizim heç vaxt belə qüdrətli dövlətimiz
olmayıb! Bizim şansımız var ki, Ali Baş Komandan
İlham Əliyevin ətrafında daha sıx birləşərək
birdəfəlik bu məsələni həll edək,
düşmənin cavabını verək,
torpaqlarımızı azad edək! Azərbaycan ordusu da 10 il
bundan qabaqkı ordu deyil, Azərbaycan ordusu 5 il bundan qabaqkı
ordu da deyil. Azərbaycan ordusu heç dünənki ordu da
deyil. Azərbaycan Silahlı Qüvvələri hər gün
inkişaf edir, güclənir və torpaqlarımızı
işğaldan azad etməyə tam hazırdır. Bu il fevral
ayının 17-də Qaradağlının işğalı
ilə bağlı Xocavənd şəhidlərinin xatirəsinə
həsr olunmuş tədbir keçirilirdi. Orada iki oğlu
şəhid olmuş Sevil Əzizova çıxış edərək
dedi ki, mən üçüncü oğlumu da şəhid
verməyə hazıram, təki torpaqlarımız azad olunsun.
Bu gün bu fikri bütün şəhid ailələri,
müharibə veteranları, xocavəndlilər, bütün
azərbaycanlılar bölüşür.
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
Müdafiə Nazirliyində keçirilən müşavirədə
bildirdi ki, müharibənin birinci mərhələsi başa
çatıb, müharibə hələ tam
yekunlaşmayıb. Yəni müharibə Azərbaycanın ərazi
bütövlüyü bərpa olunanda başa çatacaq.
İnanırıq ki, bizim ordumuz da bu vəzifəni istənilən
an şərəflə yerinə yetirmək əzmindədir.
Tam əminliklə deyirəm, Xocavənd batalyonu yenə də
ön sırada olacaq, Silahlı Qüvvələrimizin tərkibində
tarixi torpaqlarımızı işğaldan azad edəcək,
Ali Baş Komandanımıza "Qələbə"
raportunu Xocavənddə, Ağdamda, Şuşada -
Qarabağımızda verəcək!
Bəxtiyar ƏLİYEV:
- "Azərbaycan"
qəzetinin keçirdiyi "dəyirmi masa" olduqca aktual
bir məsələyə həsr olunub. Müzakirə edilən
məsələ ətrafında səslənən fikirlər
bir çox mətləblərə aydınlıq gətirir.
Azərbaycan ordusu işğal edilmiş torpaqları həqiqətən
də hər zaman düşməndən azad etməyə
qadirdir! Düşmənlə səngərdə olan əsgər
və zabitlərimiz bu gün torpaqlarımızı
işğaldan azad etmək üçün Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
əmrini gözləyirlər.
Burada haqlı olaraq belə
fikir səsləndi ki, ötən əsrin 80-ci illərinin
sonu, 90-cı illərinin əvvəllərində Azərbaycan
torpaqlarını işğal etmək üçün əvvəlcədən
ssenari hazırlanmışdı. O vaxtkı Moskva rəhbərliyində
təmsil olunan şəxslər Azərbaycan daxilində əhalini
ruhdan salmaq, qruplaşmalar və çəkişmələr
yaratmaq, xalqın nüfuzlu oğullarını gözdən
salmaq üçün kampaniya aparmışdılar. Bu
çirkin kampaniyanın kökündə Azərbaycan
xalqının milli ruhunu sarsıtmaq, parçalamaq və ən
nəhayət, öz çirkin əməllərini nəyin
bahasına olursa-olsun həyata keçirmək niyyəti
dayanırdı.
Ümummilli lider Heydər
Əliyev Azərbaycan xalqının istəyi ilə 1993-cü
ildə siyasi hakimiyyətə qayıtdı və xalqın
sarsıdılmış ruhunu özünə qaytardı,
dövləti yox olmaq təhlükəsindən xilas etdi! Ən
mürəkkəb və həlledici məqamlarda dəqiq qərarlar
qəbul etməyi bacaran uzaqgörən xalqımız
1993-cü ilin iyun ayında üzləşdiyi təhlükəni
dəf etmək üçün müdrik və qətiyyətli
mövqe tutdu. Qədirbilən xalqımız ölkənin vətəndaş
qarşıdurmasından, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji
böhrandan, ümumiyyətlə, Azərbaycanın dövlət
müstəqilliyini itirməsi təhlükəsindən xilas
yolunu yalnız Heydər Əliyevin siyasi hakimiyyətə
qayıtmasında görürdü. Ulu öndər Heydər Əliyev
xalqın bu inamını doğruldaraq Azərbaycanı
davamlı inkişaf yoluna çıxardı.
Müstəqil Azərbaycan
ulu öndər Heydər Əliyevin rəhbərliyi altında
qısa müddətdə nəinki dağılmış iqtisadiyyatını
bərpa etdi, eyni zamanda dünyada nüfuzlu dövlətə
çevrildi. Ulu öndər ilk vaxtlar xarici ölkələrə
səfərləri zamanı özü ilə Azərbaycanın
xəritəsini də aparırdı. Səfər etdiyi
ölkələrdə Azərbaycanın yerləşdiyi
coğrafi məkanı, eyni zamanda onun ayrılmaz tərkib hissəsi
olan Dağlıq Qarabağı həmin ölkələrin
ictimaiyyətinə göstərirdi. Münaqişədə
Azərbaycanın tutduğu ədalətli mövqeyi dünya
ictimaiyyətinin diqqətinə əsaslandırılmış
şəkildə çatdırırdı. Bu siyasi
strategiyanın yeni mərhələdə uğurla davam etdirilməsi
böyük nəticələrin əldə olunmasına gətirib
çıxarıb. Azərbaycan bu gün dünyada iqtisadi,
siyasi və hərbi cəhətdən yerləşdiyi regionun
ən qüdrətli dövləti kimi qəbul edilir. Ordu
quruculuğu sahəsində aparılan ardıcıl islahatlar
nəticəsində Azərbaycan ordusu daha da qüdrətlənmişdir.
Bu gün işğalçı Ermənistan ordusundan fərqli
olaraq, Azərbaycan ordusunda fərarilik hallarına rast gəlmək
qeyri-mümkündür. Gənclərimiz böyük həvəslə
ordu sıralarında xidmət keçirlər. Bu faktın
özü də insanların orduya münasibətini əks
etdirir.
Azərbaycan
iqtisadiyyatı güclənib, xalqın azad, firavan
yaşaması üçün modern dövlət qurulub.
Bütün bunlar ulu öndər Heydər Əliyevin
yürütdüyü siyasətin Prezident İlham Əliyev tərəfindən
daha da inkişaf etdirilməsinin, müasir Azərbaycan dövləti
modelinin gerçəkləşməsinin məntiqi nəticəsidir.
Bu gün Azərbaycan bütövlükdə regionda qüdrətli
dövlətə çevrilib. Bu da xalqın və ordunun mənəvi-psixoloji
ruhunun yüksək səviyyədə olmasına xidmət edən
güclü amildir. Azərbaycan iqtisadiyyatı hazırda
sürətlə inkişaf edir. Eyni zamanda, bu iqtisadi
inkişafın nəticəsi olaraq güclü ordu qurulur. Azərbaycan
ordusunun əsgər və zabit heyəti milli ruhda, dövlətçilik
ruhunda hazırlanır. Seçicilərlə keçirdiyimiz
mütəmadi görüşlərdə bir daha şahidi
oluruq ki, xalq və ordu torpaqlarımızın işğaldan
tezliklə azad edilməsi məsələsində yekdil
mövqedədir. İndi hamı cəbhə üçün
çalışmalı, tarixi ədalətsizliyə son qoymaq
üçün əlindən gələni etməlidir.
Söhbət ondan gedir ki, bu ədalətsizlik təkcə Azərbaycana
qarşı deyil, bütün insanlığa yönəlib.
XXI əsrdə müharibələrə yol açan,
insanların həyatına qəsd edən, onların firavan
yaşayışını pozan, bizi təhlükə
altına alan dağıdıcı meyillərə
qarşı ciddi mübarizə aparılmalıdır. Azərbaycanın
apardığı haqq işi yalnız ölkəmizə
qarşı ədalətsizliyin aradan qaldırılmasına
istiqamətlənməyib. Bu, bütövlükdə Avropada
sülh və təhlükəsizlik, habelə xalqların əmin-amanlıq
şəraitində yaşaması üçün zəruri
olan məsələdir. Bu missiyanı da Azərbaycan xalqı
üzərinə götürüb və onun siyasi iradəsini
Ali Baş Komandan cənab İlham Əliyev bu günlərdə
Müdafiə Nazirliyində keçirdiyi görüşdə
bir daha ifadə etmişdir. Ölkə
başçısının Azərbaycanın münaqişə
ilə bağlı tutduğu prinsipial mövqeyi bir daha diqqətə
çatdırması nəinki Azərbaycan xalqı, ordusu tərəfindən,
bütün sülhpərvər insanlar, dövlətlər tərəfindən
yüksək qiymətləndirilir. Burada söhbət heç
də müharibəyə çağırışdan getmir.
Sadəcə olaraq Ermənistan tərəfindən aparılan
işğalçı siyasətin, separatizmin insanlığa,
bəşəriyyətə qarşı təhlükəsinə
diqqət yönəldilir. Necə olur ki, ABŞ və digər
dövlətlər terrorizmə qarşı koalisiya şəklində
mübarizə aparırlar, amma Cənubi Qafqazda separatizmə rəvac
verən, narkotiklərin tranzit məkanına,
terrorçuların bazasına çevrilən nəzarətsiz
ərazidə antiterror əməliyyatının keçirilməsini
narahatlıqla qarşılayırlar?
Hazırda Ermənistan
daxilində də problemə münasibət tamamilə dəyişib.
Heç kəs övladını işğalçı
orduda xidmət etməyə göndərmək istəmir! Ermənistan
iqtisadiyyatı hazırda olduqca aşağı səviyyədədir
və bir qrup cinayətkar qüvvə siyasi hakimiyyəti ələ
alaraq xalqı böyük təhlükələrə
sürükləyir. Artıq erməni xalqı bunu aydın
şəkildə başa düşür. Təəssüflər
olsun ki, bir sıra ölkələrin, o cümlədən ATƏT-in
Minsk qrupu həmsədrlərinin məsələyə
lazımi qədər diqqət ayırmaması nəticəsində
problemin həlli istiqamətində aparılan
danışıqlar konkret nəticə verməyib. Halbuki
"dəyirmi masa"da səslənən fikirlərdən də
aydın olur ki, sülh danışıqları
üçün hələ limit tükənməyib.
O ki qaldı indiki şəraitdə
atacağımız addımlara, Azərbaycan xalqının,
dövlətinin suveren hüququdur ki, istənilən anda
torpaqlarını işğaldan azad etsin. Beynəlxalq
hüquq normalarına, ölkə Konstitusiyasına uyğun
olaraq, Dağlıq Qarabağda yaşayan əhalini
düşdüyü vəziyyətdən xilas etmək
üçün bütün imkanlardan istifadə etmək
hüququmuz vardır. Təxmini hesablamalara görə,
Dağlıq Qarabağda 60-70 min civarında əhali
yaşayır və onlar daim qorxu içərisindədirlər.
Separatçı rejimin rəhbərləri bu insanların
yaşadıqları ərazidən kənara
çıxmasına imkan vermirlər. Məlumat var ki,
Dağlıq Qarabağda yaşayan yerli əhalidən rejimə
etiraz edənlərə qarşı terror əməliyyatları
həyata keçirilir. Bütün bunlar Azərbaycan hökumətinə,
xalqına, ordusuna əsas verir ki, orada yaşayan həmvətəndaşlarının
təhlükəsizliyini təmin etsin.
Etnik təmizləmə
nəticəsində tarixi torpaqlarından zorla
çıxarılmış vətəndaşlarımızın
geri qayıtmalarını təmin etmək üçün
kifayət qədər imkanlarımız var. Azərbaycan
dövlətinin bu məqsədləri həyata keçirmək
üçün iqtisadi, siyasi, eləcə də hərbi
gücü yetərincədir. Eyni zamanda, bu məsələdə
Azərbaycan xalqının yekdil iradəsi var. Bu gün siyasi
baxışlarından, tutduğu vəzifədən,
mövqeyindən asılı olmayaraq hamının bir fikri var
- bölgədə sülh, əmin-amanlıq bərqərar
olunmalı, separatizmə son qoyulmalıdır. Ali Baş
Komandanın atacağı addımdan asılı olaraq hər
bir vətəndaşımız üzərinə düşən
vəzifəni layiqincə yerinə yetirməyə
hazırdır. Azərbaycan xalqı "hər şey cəbhə
üçün, hər şey vətən
üçün" deyərək bölgədə
sülhün, əmin-amanlığın təmin
olunmasında orduya hər bir cəhətdən yardım etməyə
hazırdır.
Mübariz ƏHMƏDOĞLU:
- Bu gün Ermənistan
mətbuatının müqayisəli təhlili bu ölkədəki
vəziyyət barədə kifayət qədər dolğun təəssürat
yaradır. Hesab edirəm ki, Azərbaycanın təmkinli
mövqeyi Ermənistanın Azərbaycana hücumunu
yaxınlaşdıran faktordur. Yəni Ermənistanda
iqtidarın, eləcə də müxalifətin belə bir
mövqeyi var: "Azərbaycan müharibəyə hazır
olduğu gün Ermənistana hücum edəcəkdir. Əgər
Azərbaycan tərəfi indiyədək Ermənistana
hücum etməyibsə, deməli, müharibəyə də
hazır deyil. Bunun üçün Azərbaycan tərəfi
ilə istədiyimiz kimi rəftar edə bilərik".
Ölkənin daxilində gedən proseslərə diqqət
yetirdikdə cəmiyyətin düşdüyü vəziyyəti
dərin təhlil etmək mümkündür. Ermənistanda
bugünkü demoqrafik vəziyyət təkcə orduya problem
yaratmır. Erməni ekspertlərin fikrincə, yaxın
beş-altı ildə demoqrafik durum erməni millətinin
öz-özünü yaratmasına imkan verməyəcək.
2004-cü il statistikasına əsasən, Ermənistanda orta məktəbi
bitirən 48 min 500 şagirddən yalnız 24 mini oğlan idisə,
cari ilin məlumatına görə, bu rəqəm 19 min 300 nəfər
təşkil edib. Bu fakt Ermənistan ordusunun insan potensialı
baxımından getdikcə azaldığına işarədir.
Əldə edilən məlumata əsasən, bu gənclərin
çoxunda ciddi sümük əyrilikləri, ciyər xəstəlikləri
vardır. Ermənistan cəmiyyəti ilə bağlı
problemlər təkcə bununla bitmir. Gənclər bu və
digər formada ordudan yayınmağa
çalışırlar. Mənim istinad etdiyim faktlar
yalnız rəsmi mənbələrə əsaslanır.
Ermənistanın
müdafiə naziri S.Ohanyan etiraf etdi ki, 18 yaşına
çatmış bütün gənclərin orduya getməsi
məcburi olsa da, 48 faiz erməni gənc ordudan yayınır.
Erməni çağırışçıları
arasında mənəvi problemlər həddən artıq
çoxdur. Əsgərlərlə zabitlər arasında
problemlər ciddi şəkil alıb. Zabitlərin öz
aralarında belə problemlər getdikcə dərinləşir.
Bu gün S.Ohanyanı ölkəsində ən varlı insan
hesab edirlər. Uzun illər müdafiə nazirinin müavini,
"Daşnaksütyun" partiyasının liderlərindən
olan, Ermənistan parlamentinin təhlükəsizlik komitəsinə
sədrlik edən A.Aqabekyanın varidatı Ermənistan
hüdudlarından da kənara çıxır. Ermənistanda
keçmiş döyüşçülərin vəziyyəti
isə olduqca acınacaqlıdır. Bu da çox ciddi psixoloji
faktordur. Hətta ən qatı ermənipərəst ekspertlər
də etiraf edirlər ki, texniki və digər parametrlərinə
görə Azərbaycan ordusu Ermənistan ordusundan dəfələrlə
üstündür. Hesab edirəm ki, ciddi mənəvi-psixoloji
durumda olan Ermənistan ordusu Azərbaycan ordusu
qarşısında son dərəcə zəifdir. Bu da Azərbaycana
qarşıya qoyduğu ali məqsədləri uğurla
gerçəkləşdirməyə imkan verir.
Fazil MUSTAFA:
- Hesab edirəm ki,
müharibə ilə bağlı məsələdə
artıq ritorikadan hərəkətə keçmək
vaxtıdır! Ali Baş Komandan cənab İlham Əliyevin
Müdafiə Nazirliyində keçirdiyi müşavirədə
işğalçı Ermənistan dövlətinə
ünvanlanmış mesajlar bu baxımdan böyük əhəmiyyət
kəsb edir. Türkiyə-Ermənistan münasibətlərinin
hazırkı durumunda, beynəlxalq arenada Azərbaycana
qarşı mövqelərin açıq şəkildə mənfi
istiqamətə yönəldiyi bir vaxtda ölkə rəhbərinin
prinsipial mövqeyi onu göstərir ki, Azərbaycan həqiqətən
də münaqişənin həlli üçün real
addımlar atmaq niyyətindədir. Bu faktın özü Ermənistana
kifayət qədər ciddi mesajdır!
Ümumiyyətlə,
müharibə ilə bağlı hər zaman üç
komponentə xüsusi diqqət yetirilir: birincisi, mükəmməl
ordu quruculuğu, ikincisi, daxili mobillik məsələsi,
üçüncüsü, xarici dəstək. Azərbaycanın
bu gün ən zəif yeri xarici dəstəkdir. Bunu
açıq etiraf etmək lazımdır. Türkiyədən
savayı Azərbaycana konkret dəstək verən - ən
azından sərhədləri bağlamaqla, beynəlxalq arenada
ölkəmizin mövqeyini gündəmə gətirməklə
və digər başqa məsələlərlə
bağlı ardıcıl dəstək verən ikinci dövlət
yoxdur! Təbii ki, mənəvi dəstək verən - müəyyən
mənada addımlar atan, sözlər, bəyanatlar verən
ölkələr var.
Ermənistan isə bu
gün beynəlxalq güclər tərəfindən daha
çox dəstəklənir. Beynəlxalq hüquq Azərbaycanın
tərəfində olsa da, beynəlxalq güclər bizim tərəfimizdə
deyil! Bu baxımdan yuxarıda qeyd etdiyim iki məsələ
üzərində işlərimizi qurmalıyıq. Yəni
güclü ordu ilə cəmiyyət arasında münasibətləri
o səviyyədə mükəmməlləşdirmək
lazımdır ki, onlar bir-birinə dəstək verən
orqanizmə çevrilsinlər. Ordu təkcə dövlətin
əlində güc vasitəsi deyil, həm də cəmiyyətin
inamını qazanmış bir təsir mexanizmi kimi daha da
gücləndirilməlidir. Ordunun gücləndirilməsi
istiqamətində böyük uğurların əldə
edilməsi bu baxımdan qiymətləndirilməlidir.
İkincisi, ən vacib məsələ
daxili mobilizasiya məsələsidir. "Perspektiv müharibə
zamanında cəmiyyətdə birlik olacaqmı" sualı
düşündürücüdür. Hesab edirəm ki,
"birlik olacaqmı" sualına cəmiyyət üzvlərinin
cavab verməsi bir qədər çətindir. Məsələ
"bu birlik olmalıdır" formasında
qoyulmalıdır! Cəmiyyətdə birliyin olması
üçün biz hansı hazırlıq prosesini
keçirik? Müharibə təkcə ordu ilə
aparılmır. Orduya müəyyən dəstək verən
mülki komponentlər - arxa cəbhədə ciddi dəstək,
psixoloji dəstək olmadan bu addımların atılması
çətinlik yarada bilər. Orduda əsgərin, zabitin
sığorta məsələsi, sosial təminatlarının
olması ciddi psixoloji faktordur. Digər tərəfdən, cəmiyyətdə
birliyin yaradılması üçün iki anlayış da
önə çıxır. Patriotizm və təhlükəsizlik
anlayışı. Patriotizm anlayışı müharibə
başlayan vaxt, istər-istəməz, cəmiyyətdə
yaranır. Bu prosesə qoşulan insanlarda birlik məsələsi
problemə çevrilmir. Amma ikinci - təhlükəsizlik
sindromu ilə bağlı yaranan birlik müəyyən
çətinliklər yaradır. Müharibəni istəməyən,
ordudan yayınan, müəyyən proseslərdə aktivlik
göstəricisi olmayan adamlar bilirlər ki, müharibə
uduzularsa, mülkləri əllərindən çıxacaq,
ailələri dağılacaq, qaçqın vəziyyətinə
düşəcəklər. Bu sindromu yaşayan insanlar birləşmək
məcburiyyətində qalırlar.
Hesab edirəm ki,
müharibə məsələsində geniş dialoqun
yaradılmasına ehtiyac var. İstər müxalifət, istər
iqtidar, istərsə də keçmiş hərbçilər
olsun, onların dialoquna ehtiyac var. Çox vaxt deyirlər ki,
Ermənistan əhalisi getdikcə azalaraq 2 milyon səviyyəsinə
enib. Ermənistan bir dövlət olaraq qarşımızda
dayanmır! Ermənistan faktiki olaraq beynəlxalq güclərin
platsdarmı rolunda çıxış edir. Orada əhalinin
azalması əslində bizim ziyanımızadır. Ona
görə ki, bu dövlət sivil mahiyyətini tamam itirir, hərbləşmiş
zolağa çevrilir, oradakı əhalinin yerini hansısa
ölkənin yüz minlərlə ordusu doldurur. Ermənistanın
sivil dövlətə, müəyyən insani topluma
çevrilməsi üçün təbliğat
imkanlarını genişləndirməliyik.
Hesab edirəm ki,
müharibə həm patriotizm, həm də təhlükəsizlik
amili ilə bağlı insanları birləşdirəcəkdir.
Bunun üçün dialoq mühitinə
başlamalıyıq. Bütün cəmiyyət üzvləri
arasında pafossuz dialoq aparılmalıdır. Bu dialoq
başlanarsa, hesab edirəm ki, cəmiyyət daha rasional bir yol
tapacaq.
Dadaş RZAYEV:
- Ordu quruculuğu hər
bir dövlətdə çox vacib və aktual məsələdir.
Azərbaycan da ordu quruculuğu prosesində dünyanın ən
güclü ordularının müasir təcrübəsindən
istifadə edir. Biz ordunu təkcə NATO standartları əsasında
inkişaf etdirmirik, digər ölkələrin də
uğurlu təcrübəsini öyrənib tətbiq edirik.
Dünyadakı bütün qabaqcıl ordular elm əsasında
qurulur və inkişaf edir. Çünki elm olmasa, texnika,
silah-sursat və taktika da olmaz! Bizim ordunun elmi əsaslarla
inkişafı və yaranması 1994-cü ildən
başlanmışdır. Hazırda Azərbaycan hərbi məktəblərində
bilikli mütəxəssislər hazırlanır. Heydər Əliyev
adına Ali Hərbi Məktəbdə yüksək səviyyəli
zabitlər yetişdirilir. Bizim zabitlərin çoxu
qabaqcıl ölkələrin akademiyalarında, Türkiyədə,
ABŞ-da, İngiltərədə, Almaniyada və Rusiyada təhsil
alır. Bu zabitlərimiz sonra gəlib əsgərlərimizə
bildiklərini öyrədirlər. Bunun əsasında da bizim
ordu günü-gündən möhkəmlənir, inkişaf
edir.
Ordunun səviyyəsi məsələsinə
gəldikdə, Ermənistan ordusu ilə Azərbaycan ordusu
müqayisə edilə bilməz. Çünki bizim
günü-gündən inkişaf edən ordumuz var. Onu da qeyd
etmək lazımdır ki, əgər müharibə
başlanarsa, Rusiya Ermənistana yardım etməkdən
çəkinəcək. Ermənistan tərəfi həm də
müharibə başladıqdan sonra Dağlıq Qarabağda
ermənilərin qalmayacağından qorxur.
Bizim ordunun hazırkı
durumu həm təşkilati, həm də maddi-texniki baza cəhətdən
o qədər güclüdür ki, istənilən vaxt Ali
Baş Komandanın əmrinə hazırdır! Çünki
bizim ən müasir silahlarımız var. Azərbaycanın hərbi-sənaye
potensialı çox güclüdür və ordunu təmin
edir! Hərbi hava hücumundan müdafiə baxımından
bizdə olan müasir sistemlər Azərbaycan səmasından
uçan istənilən hədəfi məhv etməyə
qadirdir.
Rabitə orduya istənilən
məlumatları çatdırmaq üçün ən vacib
vasitədir. Hazırda bununla bağlı ölkəmizə ən
müasir rabitə qurğuları gəlir və gəlməkdə
davam edəcəkdir. Bunlar deməyə əsas verir ki, Ali
Baş Komandan əmr edərsə, ordumuz müharibəyə,
savaşa tam hazırdır!
İzzət RÜSTƏMOV:
- Öncə qeyd edim ki,
belə bir "dəyirmi masa"nın keçirilməsi
olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Məndən
əvvəl çıxış edənlər həqiqətən
çox qiymətli fikirlər söylədilər. Bu
çıxışları dinləyərkən müharibə
illəri gözümün qarşısına gəldi. Mən
özüm birbaşa döyüşməsəm də,
döyüş əməliyyatları gedən zonalarda
çox olmuşam. Başımın üstündən
"qrad" mərmiləri uçub, yanımda top mərmisi
partlayıb. Hesab edirəm ki, biz müharibədə
uduzmamışıq! Bu müharibə bizi, bir növ, imtahana
çəkdi. Eyni zamanda, atəşkəs dövründə
Azərbaycanın dövlətçiliyi, ordusu
formalaşmağa başladı.
Biz bu gün Azərbaycan
dövlətində və ordusunda baş verən keyfiyyət
dəyişikliklərinə diqqət yetirməliyik.
Müharibə dövründə mən vedrənin içində
döyüşçülərimizə qumbara
aparırdım. Amma gəlin görək indi vəziyyət
necədir? Bu gün biz tamamilə başqa, güclü, modern
Azərbaycan ordusundan söz açırıq. Prezidentin sədrliyi
ilə Müdafiə Nazirliyində keçirilən
müşavirədə bu məsələlərə ətraflı
toxunuldu. Cəmiyyətimiz bir daha öz ordusunun hansı
qüdrətə sahib olduğunu gördü. Mən qətiyyətlə
deyirəm və inanıram ki, Azərbaycan ordusu həqiqətən
qarşısında dayanan vəzifəni layiqincə icra etməyə
qadirdir!
Təbii ki, nizami ordunun
özünün daxilində ciddi nizam olmalıdır. Azərbaycanda
həyata keçirilən ordu quruculuğunun nəticələri
onu deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz
daxilində nizam-intizam ürəkaçandır. Hazırda
sülh danışıqları davam edir. Amma biz onu
görürük ki, Azərbaycanla "oyun" oynamaq istəyirlər.
Biz sülh danışıqlarını davam etdirəcəyik.
Amma bu danışıqların da bir həddi var! Ermənistan
cidd-cəhdlə mövcud status-kvonu saxlamaq istəyir.
Çünki torpaqlarımız, qızıl yataqlarımız,
qiymətli ağaclarla zəngin meşələrimiz
düşmənin əlindədir. Ermənistanın sülh
danışıqlarını davam etdirməsi ilə
bağlı siyasəti imitasiyadan başqa bir şey deyil. Məlum
olduğu kimi, vasitəçilər tərəfindən Madrid
prinsipləri formalaşdırıldı. Amma nəticəsi nə
oldu? Ona görə hazırda söhbət ondan gedir ki,
müharibə bir zərurət kimi ortaya çıxa bilər.
Bu mənada burada səslənən fikirlərlə tam
razıyam ki, Azərbaycan cəmiyyəti müharibəyə
hazır olmalıdır.
Burada səslənən
bəzi fikirlərlə bağlı düşüncələrimi
bölüşmək istəyirəm. Ötən əsrin
90-cı illərinin əvvəllərində müharibə təzə
başlayanda sevindik ki, hərbi hissələrimiz yaranır.
Lakin sonradan özbaşınalıq başladı, batalyon
yaradanlar hakimiyyəti ələ almaq, hətta Azərbaycanı
parçalamaq istədilər. Nə yaxşı ki, o zaman ulu
öndər Heydər Əliyev hakimiyyətə
qayıtdı. Bu gün Azərbaycanda hər kəs Heydər Əliyevin
azərbaycançılıq ideologiyası ilə
silahlanmalıdır. Hər bir vətəndaş bilməlidir
ki, Azərbaycan bizim hamımızın vətənidir. Burada
hərbi xidmət məsələsindən söz
açıldı. Mənim qardaşımın 5 oğlu
müharibədə iştirak edib. Mənim oğullarımdan
biri isə Daxili İşlər Nazirliyində işləyə-işləyə
döyüşlərdə iştirak edirdi. Yəni bu
torpağın övladı olan hər kəs bilməlidir ki,
gec-tez müharibə zərurəti ortaya çıxacaq!
Çox təəssüf ki, bu gün övladını hərbi
qulluqdan yayındırmağa çalışan valideynlər
də var! Hətta müəyyən pis vərdişlərə
aludə olan cavanlarımız da var! Gərək hər yerdə
- orta və ali məktəblərdə təlim-tərbiyə
işini gücləndirək.
Sonra bir daha qeyd etmək
istəyirəm ki, bu cür görüşlərin
keçirilməsi, fikir mübadiləsinin aparılması
olduqca qiymətlidir.
Dadaş RZAYEV:
- "Dəyirmi
masa"da Milli Məclisin deputatlarının iştirak etməsini
nəzərə alaraq, bir məsələni diqqətə
çatdırmaq istəyirəm. Məncə, vətənpərvərlik
məsələsi ilə bağlı qanun qəbul
olunmalıdır. Yəni vətənpərvərlik həyatın
bütün sferalarında olmalıdır. Orta məktəblərdə
hərbi dərslərə diqqət
artırılmalıdır. Universitetlərdə hərbi dərslər
keçilməlidir.
Mübariz QURBANLI:
- Bu, həqiqətən
də çox aktual məsələdir. Azərbaycanda hərbi
vətənpərvərlik tərbiyəsi istiqamətində
geniş işlərin aparılmasına həqiqətən
böyük ehtiyac var. Xatırlayırsınızsa, Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz
Mehdiyevin Azərbaycanda televiziyalarla bağlı məqaləsində
də bu məsələ ciddi şəkildə
qaldırılıb, təkliflər verilib. Son dövrlər
Azərbaycan televiziyalarında hərbi vətənpərvərliklə,
ordu quruculuğu və zabitlərin həyatı ilə
bağlı verilişlərin sayı çoxalıb. Amma
hesab edirəm ki, bu, indiki şəraitdə tam yetərli
deyil. Bu işi daha da gücləndirmək lazımdır! Bir
məsələ də var, indi mətbuatın xeyli hissəsi
dövlət tərəfindən idarə olunmur. Onlar sərbəst
şəkildə fəaliyyət göstərir. Azad
medianın bu məsələyə diqqət cəlb etməsi
isə qanunla yox, vətənpərvərlik hissinin
artırılması ilə mümkündür. Bu istiqamətdə
deputatların üzərinə düşən vəzifə
ondan ibarətdir ki, biz bu məsələni daim gündəmdə
saxlayaq.
Aydın MİRZƏZADƏ:
- Bu "dəyirmi
masa"da deyilən fikirlər ümumən belə bir təəssürat
yaradır ki, bu gün Azərbaycan dövləti, ordusu
respublikamızın ərazi bütövlüyünü bərpa
etmək qüdrətindədir. Ara-sıra fikirlər səsləndi
ki, əgər müharibə baş verərsə, onda Azərbaycan
dövləti bəzi faktorları nəzərə
alacaqmı? Hər bir məsələ dəqiqliklə öyrənildikdən
sonra bu barədə qərar qəbul ediləcəkdir! Cənab
Prezidentin Müdafiə Nazirliyindəki
çıxışının hər bir sətrinin
arxasında görülən böyük işlərin və
aparılan tədqiqatların yekunu durur. Qarabağ Azərbaycanın
tarixi torpağıdır. Ermənistan bu ərazini
işğal edib. Ona görə biz bu torpağı
işğaldan azad etməkdə daha qətiyyətliyik, nəinki
Ermənistan həmin bu ərazini işğalda saxlamaqda.
Bəxtiyar ƏLİYEV:
- Azərbaycan sivil
dövlətdir. Təbii ki, demokratiyanın təşəkkül
tapdığı sivil cəmiyyətdə militarizmə
meyillilik hiss olunmamalıdır. Bu gün hərbi vətənpərvərlik
sahəsində böyük işlər görülür.
Könüllü Hərbi Vətənpərvərlik Cəmiyyəti
fəaliyyət göstərir. Eyni zamanda məktəblər
arasında hərbi oyunların keçirilməsi son dövrlərdə
daha da intensivləşib. Amma bu təşəbbüs həm
də aşağıdan yuxarıya gəlməlidir. Biz elə
təbliğat aparmalıyıq ki, insanlar öz daxillərində
buna tələbat hiss etsinlər. Hər kəs ailədən
başlayaraq elə tərbiyə olunmalıdır ki, yüksək
hərbi vətənpərvərlik hissini həmişə
öz daxilində hiss etsin.
Sülhün tərəfdarı
olmaq sülhü qorumağı bacarmaq deməkdir. Bunun
üçün də güclü ordu lazımdır.
Bildiyiniz kimi, müharibə başlayanda bütün xəstəxanalar
orduya xidmət edir. Azərbaycanda bütün bölgələrdə
yeni xəstəxanalar, diaqnostika mərkəzləri tikilir. Bu
gün çəkilən yeni yollar müharibə
başlayacağı təqdirdə ağır texnikanın
operativ hərəkətinə imkan verəcək.
Bütün bunlar göstərir ki, müharibə
başlayacağı təqdirdə Azərbaycan hərtərəfli
şəkildə buna hazır olacaq.
Bu gün qaçqın
və məcburi köçkünlər üçün yeni
binalar tikilir. Dövlətimiz çalışır ki, onlar
öz doğma torpaqlarına qayıdana qədər
yaxşı şəraiti olan mənzillərdə
yaşasınlar. Bütün bunlar respublikamızın
sosial-iqtisadi inkişafının nəticəsidir. Azərbaycan
Cənubi Qafqazın yox, regionun güclü dövlətidir.
Türkiyə-Ermənistan sərhədlərinin
açılması ilə bağlı proseslər göstərdi
ki, superdövlətlər də respublikamızla
hesablaşmağa məcburdurlar. Bütün bunlar bizə
imkan verir ki, torpaqlarımızı işğaldan azad edək.
Rasim MUSABƏYOV:
- Biz hər an hazır
olmalıyıq ki, məqam yetişəndə ondan istifadə
edərək torpaqlarımızı işğaldan azad edək!
Müharibəyə başlamaq və qurtarmaq bir siyasətdir.
Bu, soyuqqanlılıq və hər bir işi dəqiq
ölçüb-biçməyi tələb edir. Vətənpərvərlikdən
danışdıqda isə, məncə, ilk növbədə
hərbçilər cəmiyyətin orduya diqqətini hiss etməlidirlər.
Hər bir hərbçi bilməlidir ki, canını vətən
yolunda qurban verərsə, ailəsi dövlətin himayəsində
olacaq. Hər bir zabitin mütləq şəkildə evi
olmalıdır. Bütün bu məsələlərin həllinə
dövlətin imkanı çatır.
Fazil MUSTAFA:
- Hesab edirəm ki, bizdə
ordu problemi yoxdur. Söhbət ordunun peşəkarlıq səviyyəsinin
artırılmasından gedir. Azərbaycan millitarist dövlət
deyil. Biz demokratiya yolu ilə gediriksə, doğru istiqamətdə
ixtisaslaşma aparmalıyıq. Hamının hərbçi
olmasına ehtiyac yoxdur! Amma hərbçinin peşəkar
olmasına ehtiyac var! Məktəblərdə, universitetlərdə
hərbi təhsilin olması sovet dövlətinin mahiyyətinə
uyğun məsələdir. Bu gün mən hərbçi
olmaq istəyirəmsə, gedib hərbi məktəbdə
oxuyaram. Bu mənada xüsusilə də ordu quruculuğunda
ixtisaslaşmanın keyfiyyətini artırmalıyıq. Buna
nail olsaq, bir də cəmiyyətin birlik modelini düzgün
müəyyənləşdirsək, məncə, qısa
müddətdə Azərbaycan cəmiyyəti müharibəyə
hazır olar. Ona görə hesab edirəm ki, cəmiyyətdə
ixtisaslaşma düzgün aparılsa, daha peşəkar ordu
ilə, daha mobil cəmiyyətlə biz düşmən
qarşısında uğur qazana bilərik.
Mübariz QURBANLI:
- Biz bu gün həqiqətən
çox aktual mövzu ətrafında fikir mübadiləsi
apardıq. Fikrimizin əsas yekunu bundan ibarətdir ki, Azərbaycan
ordusu bu gün öz ərazi bütövlüyünü bərpa
etmək üçün hazırdır və istənilən
vaxt bunu edə bilər! Ermənistan Azərbaycanın 17,2 min
kvadratkilometr ərazisini işğal edib. Bizim
aparacağımız müharibə antiterror əməliyyatı
yox, işğal olunmuş ərazilərin azad olunması
uğrunda müharibə olacaqdır. Zaman Azərbaycanın
xeyrinə işləyir və mən hesab edirəm ki, cənab
İlham Əliyevin Müdafiə Nazirliyində keçirilən
müşavirədə söylədiyi tezislər Azərbaycan
cəmiyyəti üçün olduqca önəmlidir.
Diplomatik və iqtisadi
yolla düşməni çökdürmək, onu sülhə
məcbur etmək xətti hələlik qüvvədə
qalır. Amma ordu həmişə güclü olmalıdır
ki, Ermənistan ona hücum ediləcəyini həmişə
hiss etsin və bu psixoloji faktor düşmən ölkənin
siyasətinə təsir göstərsin.
Bəxtiyar SADIQOV:
- Dəyərli fikirlərinizə
görə hər birinizə "çox sağ olun"
deyirəm. Fikrimcə, bugünkü "dəyirmi masa"
çox səmərəli keçdi, burada olduqca qiymətli
fikirlər səsləndi, mübahisələr, müzakirələr
oldu. Amma bunların hamısının da kökündə bir
sağlam ideya, sağlam istək, sağlam arzu durur! Ümumi rəyimiz
belə oldu ki, bu gün Azərbaycanın çox qüdrətli,
güclü ordusu var! Azərbaycanın uğurlu xarici siyasəti,
uzaqgörən diplomatiyası, ən nəhayət,
xalqımız tərəfindən yekdilliklə, birmənalı
şəkildə dəstəklənən Ali Baş
Komandanı, Prezidenti var! Bütün bunlar isə istər
sülh, istərsə də müharibə variantında qələbəmizin
rəhnidir!
Prezident İlham Əliyev
daim qətiyyətlə bildirir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində beynəlxalq
hüquq və normaları, ədalət meyarı Azərbaycanın
tərəfindədir və bunu dünya ictimaiyyəti də
birmənalı təsdiq edir. Beynəlxalq birliyin tamhüquqlu
üzvü olan Azərbaycan hələlik münaqişənin
sülh yolu ilə həlli üçün səylərin
davam etdirilməsini zəruri saysa da, ərazi
bütövlüyünün pozulması ilə uzun müddət
barışmaq niyyətində deyildir! Ermənistan
münaqişənin hamılıqla qəbul olunmuş norma və
prinsiplərlə həllinə razılıq verməyəcəyi,
təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə,
Azərbaycan öz torpaqlarının azad etmək
üçün istənilən an hərbi əməliyyatlara
başlaya bilər!
Azərbaycan.- 2010.- 30
aprel.- S. 5, 6,7.