Tarixdə və yaddaşlarda əbədi yaşayacaq şəxsiyyət

 

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin noyabrında Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə demişdir: "Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq". Son 15 ilin sosial-iqtisadi inkişafının reallıqları əks olunan bu bəyanat ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi irəliləyişdə yeni mərhələnin başlandığını nümayiş etdirir. Bu irəliləyiş təkcə ölkənin iqtisadi qüdrətinin artması ilə deyil, həm də keyfiyyətcə yeni hədəflərin müəyyənləşdirilməsi, daha mürəkkəb vəzifələrin yerinə yetirilməsi ilə bağlı olacaqdır. Həmin vəzifələr sırasında ən vacibi idxalı əvəz edən məhsul istehsalının artırılması barədə dövlət başçısının göstərişidir.

 

İdxalın əvəz edilməsi problemi heç də bu gün əmələ gəlməmişdir. Ötən 15 il ərzində sənaye və kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi və istehlak olunan məhsullar içərisində özümüzün istehsal etdiyimiz malların payının artırılması üçün müəyyən tədbirlər görülmüşdür. Heydər Əliyevin müdrik siyasəti ilə tətbiq olunan bu tədbirlər ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən proqramın tərkib hissəsidir. Kredit siyasəti, elektroenergetika, yol və digər kommunikasiya obyektlərinin, məhsul emalı və saxlanması müəssisələrinin tikintisinə dair geniş miqyaslı proqram, kiçik və orta biznesin dəstəklənməsi, hüquqi şəxslərin qeydiyyatının sadələşdirilməsi və digər tədbirlər həmin məqsədlərə nail olmağa yönəldilmişdir.

İdeya nə qədər cəlbedici olsa da, əvvəllər üstün vəzifə kimi irəli sürülə bilmirdi. Ölkənin sosial-iqtisadi göstəriciləri, yüksək inkişaf dinamikası bu vəzifənin qarşıya qoyulması üçün təməl yaratdı. Ötən il dünyada maliyyə böhranının hökm sürdüyü şəraitdə belə Azərbaycan ÜDM-in və sənaye istehsalının artımına görə dünya reytinqində lider mövqelərini qoruyub saxlaya bilmişdir. Kənd təsərrüfatı məhsullarının həcmi 3,5 faiz artmışdır. Makroiqtisadi sabitlik qorunmuş, investisiya və sosial proqramlar yerinə yetirilmiş, inflyasiyanın xeyli azaldılmasına nail olunmuşdur. Ölkənin valyuta ehtiyatları rekord göstəricilərə çatmışdır.

İdxalı əvəz edən məhsul istehsalının artırılmasına, əhalinin tələbatının yerli istehsallar hesabına daha dolğun ödənilməsinə, habelə ixracın genişləndirilməsinə dair Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifənin yerinə yetirilməsi əsasən iqtisadiyyatın aqrar sektorunda cəmləşdirilmişdir. Çünki ölkəmizin təbii-iqlim şəraiti yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal etməyə imkan verir.

Aqrar sahə ölkə iqtisadiyyatında həmişə çox böyük yer tutmuşdur. Ulu öndər Heydər Əliyev bu sahəni əsas prioritetlərdən biri sayırdı. Onun ölkəyə rəhbərlik etdiyi illər ərzində kənd təsərrüfatının inkişafında əhəmiyyətli tərəqqi əldə edilmişdir. Əgər 1969 - 1982-ci illərdə Azərbaycanın fövqəldövlət tərkibində olduğu dövrdə əsas diqqət sahənin ixtisaslaşmasına və təmərküzləşməsinə yetirilirdisə müstəqillik qazanıldıqdan sonra başqa yol seçildi. Aqrar sahədə əsaslı islahatlar həyata keçirildi. Kolxoz və sovxozların torpağı və əmlakı kənd yerlərində yaşayan insanların mülkiyyətinə verildi. Minlərlə fermer və kəndli təsərrüfatı yaradıldı. Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün indi qüvvədə olan şərtlər müəyyənləşdirilir: onlar torpaq vergisindən başqa bütün vergilərdən azad edildilər. Bir sözlə Heydər Əliyev dühasının uzaqgörən siyasəti nəticəsində Azərbaycan kəndlisi torpaq sahibinə çevrildi.

Ölkənin son illər artan iqtisadi potensialı və büdcə imkanları aqrar sahəyə dövlət dəstəyinin həcmini artırmağa imkan vermişdir. 2004-cü ildən başlayaraq kəndlilərin yanacağa, sürtkü materiallarına və mineral gübrələrə çəkdikləri xərclərin xeyli hissəsi dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya edilir. Fermer təsərrüfatlarının və kənd təsərrüfatı məhsullarının emalı sahəsinin inkişafına güzəştli kreditlər ayrılır. Kənd təsərrüfatı maşınlarının və avadanlığının lizinqi getdikcə daha çox inkişaf edir. Təsərrüfatlar güzəştli şərtlər əsasında məhsuldar mal-qara ilə təmin edilir. Buğda becərilməsinə görə xeyli güzəştlər müəyyənləşdirilmişdir. Təsərrüfatların texnika və avadanlıqla təchizatı yaxşılaşdırılır, onlara aqrotexniki xidmət göstərən müəssisələr yaradılır. Kənd yerlərində məhsulun emalı, saxlanması və tədarükü müəssisələri tikilir ki, bu da itkilərin azaldılmasına, kəndlilərin istehsal fəaliyyətindən götürdükləri gəlirlərin artırılmasına şərait yaradır. 2008-2015-ci illərdə respublika əhalisinin etibarlı ərzaq təminatına dair Dövlət Proqramı həyata keçirilir.

Bütün bunlar kənd təsərrüfatı məhsulları istehsalının artımına böyük kömək göstərmişdir. Bununla birlikdə, etiraf etmək lazımdır ki, dövlət yardımına dair sanballı tədbirlər kompleksi sahənin bir sıra fundamental problemlərini lazımınca həll etmir. Bunlar əsasən təsərrüfatların optimallaşdırılması, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı prosesində gəlirlərin tərəfdaşlar arasında ədalətli bölgüsünü təmin edən infrastrukturun yaradılmasıdır.

Təsərrüfatların optimallaşdırılması probleminin üzərində dayanaq. Hazırda bir fermer və ailə kəndli təsərrüfatının payına orta hesabla 2 hektardan da az əkin yeri düşür. Bu göstərici fermer və kəndli təsərrüfatları tərəfindən bələdiyyə torpaqlarının və digər torpaqların icarəyə götürülməsi hesabına bir qədər çox ola bilər. Son illərdə bir sıra təsərrüfatlar yaradılmışdır ki, onların sahəsi 200-300 hektar və daha çoxdur. Həmin təsərrüfatlarda sahələrin genişlənməsi digər mülkiyyətçilərdən torpaqların icarəyə götürülməsi və satın alınması hesabına mümkün olmuşdur. Təəssüf ki, bu cür nümunələr qayda halında deyil, daha çox istisna təşkil edir. Onların sayı azdır. Bütün bunlar torpaq sahələrinin xırdalığı ilə bağlı ümumi mənzərəni dəyişmir. Nəticədə ölkənin bütün torpaq sahəsinin 90-95 faizində kənd təsərrüfatı məhsullarının səmərəli istehsalı üçün ilkin şərait yoxdur. Təsərrüfatçılıq subyektləri sərəncamında olan xırda torpaq sahələrində mütərəqqi texnologiyaları və hətta adi aqrotexniki tədbirləri, növbəli əkini tətbiq etmək üçün kənd təsərrüfatı texnikası əldə etmələri bir yana qalsın, hətta ondan istifadə etməyə qadir deyillər. Belə təsərrüfatların görüb-görəcəyi ağır əl əməyi və bunun nəticəsi olan aşağı məhsuldarlıq, bir də cüzi qazancdır.

Problemin həlli mülkiyyətçilərin fəal kooperasiyası və öz torpaq sahələrindən birgə istifadə etməsi, optimal torpaq sahələrinə malik təsərrüfatların yaradılması yolu ilə mümkündür. Bəs səbəb nə idi ki, torpaqların birgə becərilməsi zəruri hesab edildiyi halda kolxoz və sovxozların torpaqları xüsusi mülkiyyətə verildi? Əvvəla, kolxozçuların və sovxoz işçilərinin muzdur vəziyyətində olması onları insan fəaliyyətinin vacib stimulu olan mülkiyyətçi hissindən məhrum edirdi. İkincisi, 1980-ci illərin sonunda kolxoz və sovxozlara rəhbərliyin inzibati-amirlik üsulları öz potensialını tükəndirmişdi və sahənin gələcək inkişafını təmin etmirdi. Tarlada və ya fermada işləyən insanlar üçün bir o qədər də, hətta daha çox nəzarətçi mövcud idi. Nəhayət təklif edilən kooperasiya kolxozların yaradılması deyil. Bu, mülkiyyətin saxlanması və müəssisənin idarə edilməsində hüquqların qorunması şərti ilə birgə fəaliyyət üçün könüllü birləşməkdir.

Belə birləşmə torpağın icarəsi və mülkiyyətə alınması kimi praktikada özünü doğrultmuş genişlənmə üsullarından istifadəni də istisna etmir. Lakin torpaq sahəsinin ölçülərini optimallaşdırmağın çoxvariantlığı şəraitində belə əsas şübhəsiz ki, fermer və ailə kəndli təsərrüfatlarının kooperasiyası olacaqdır.

Aqrar sektorun infrastrukturu sahənin uğurlu inkişaf etməsi üçün bir sıra tələblərə uyğun gəlməlidir. Birincisi, kənd təsərrüfatı texnikasına və avadanlığına kompleks maddi-texniki xidmət göstərilməlidir. İkincisi, kənd təsərrüfatı məhsullarının tədarükünü, emalını, saxlanmasını və satışını təmin edən zəruri maddi baza olmalıdır. Üçüncüsü, kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrotexniki xidmətlər göstərilməlidir. Kənd təsərrüfatına kredit və sığorta xidməti göstərilməsi, məhsulun istehsalı-satışı prosesində iştirak edən tərəfdaşlar arasında gəlirlərin ədalətli bölgüsü də vacibdir.

Ölkədə aqrar sektorun yaradılmaqda olan infrastrukturu sadalanan tələblərə hələ ki, cavab vermir. Əlbəttə, göstərilən xidmətlərin sayı və keyfiyyəti ildən-ilə artır, infrastruktur müəssisələrin maddi-texniki bazası möhkəmlənir. Lakin həmin proseslərdə kəndlilərin fəal iştirakı olmadan, - necə ki, bu, indi baş verir, - lazımi infrastrukturun yaradılması çox uzun bir vaxt aparacaq, gəlirlərin ədalətli bölgüsü təmin edilməyəcək. Məsələn, kənd ərazisində süd emalı ilə yeganə müəssisə məşğuldur. O, inhisarçı kimi qiymətləri təyin edir, kəndlilərdən südün 1 litrini 30-40 qəpiyə alır, emal etdikdən və qablaşdırdıqdan sonra isə 80-90 qəpiyə satır. Digər kənd təsərrüfatı məhsulları ilə bağlı vəziyyət də eynilə bu cürdür. Nəticədə kəndlilərin istehsal fəaliyyəti hesabına əldə edilən gəlirin böyük hissəsi (bəzən 70-80 faizi) tədarük və emal müəssisələrinə çatır.

Kənd təsərrüfatının məhsuldarlığını əhəmiyyətli dərəcədə artırmağın və dövlət başçısının qarşıya qoyduğu vəzifələri yerinə yetirməyin ən real yolu təsərrüfatların torpaq sahələrinin böyüdülməsi, habelə aqrar sektorun lazımi infrastrukturunun yaradılması məqsədilə kəndlilərin fəal kooperasiyasıdır. Dövlətin imkanları bu məsələlərin həllinə səfərbər edilməlidir. Aqrar sektora dövlət dəstəyi tədbirlərinin köməyi ilə kəndlilərin kooperasiyaya cəlb olunmasına şərait yaradılmalıdır. Kooperativlərə güzəştli kreditlər, subsidiyalar, lizinq xidmətləri ilk növbədə ayrılmalıdır. Aqrar elmi kooperasiya işinə sanballı töhfə verməlidir. Hər bir təbii-iqlim zonası üçün təsərrüfatların optimal sahələri müəyyənləşdirilməli, kooperativlərin idarə edilməsinə, gəlirlərin bölüşdürülməsinə, kooperativ infrastruktur obyektlərinin yaradılmasına dair tövsiyələr və metodik vasitələr işlənib hazırlanmalıdır. Kooperasiyanın üstünlüklərinin izah edilməsi, qabaqcıl təcrübənin təbliği sahəsində düşünülmüş ciddi iş aparılması, digər tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edəcəkdir. İstehlak kooperasiyası sisteminin - Azərittifaqın indi əslində istifadəsiz qalmış böyük imkanları hərəkətə gətirilməlidir. Onun prosesə qoşulması kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı işində mövcud problemi xeyli azaltmağa kömək göstərərdi.

İdxalın əvəz edilməsi, daxili bazarın qorunması və özümüzün istehsal etdiyimiz məhsulların ixracının artırılması bütövlükdə aqrar sektorun inkişafına yeni yanaşmadır. Bu problem hər birimizin, xüsusən ölkə əhalisinin təqribən yarısını təşkil edən kəndlilərin mənafelərinə toxunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keyfiyyətcə yeni olan bu vəzifənin qarşıya qoyulması ölkəmizin iqtisadi qüdrətinin dinamik inkişafının bariz nümunəsidir.

Heydər Əliyevin müdrikliklə başladığı torpaq islahatının mövcud uğurlu nəticəsi isə ulu öndərin Azərbaycan tarixində, o cümlədən hər bir vətəndaşın şəxsi taleyində nə kimi şərəfli səhifələr yaratmasını əyani olaraq göstərir.

 

 

Arif RƏHİMZADƏ,

Milli Məclisin komitə sədri,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2010.- 30  aprel.- S.  8.