Məhkəmə-hüquq sistemində
mütərəqqi islahatların müəllifi
Cəmiyyətə fəal və ciddi təsir göstərməklə onu yönləndirməyə qadir liderlər həm də kütləni özünə tabe etdirmək, insanları ardınca aparmaq, ən başlıcası, xalqın mənəvi bütövlüyünə nail olmaq xüsusiyyətləri ilə seçilmişlər.
Tarixə öz möhürünü vurmuş böyük liderlər kimi ulu öndər Heydər Əliyevin də böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər ilk növbədə xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənmiş, milli birliyə və həmrəyliyə xidmət edən siyasətinin nəticəsi olmuşdur. Ümummilli lider müdrik siyasi xadim kimi dövlətçiliyin möhkəm təməllər üzərində formalaşması baxımından hər bir fərdin maraq və mənafeyini özündə birləşdirən siyasət yeritmiş, insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə-hüquq və ədliyyə islahatlarını diqqət mərkəzində saxlamışdır.
Böyük strateqin müdrikliklə irəli sürdüyü bu konsepsiya cəmiyyətin təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişaf etməsi, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması məsələlərini özündə ehtiva edir. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, demokratikləşmə prosesi dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilməlidir.
Ümummilli lider cəmiyyətin bütün təbəqələrinin sosial və siyasi mənafelərini özündə ehtiva etməyə qadir, demokratikləşmə prosesinin fundamental prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik keyfiyyətlərini nəzərə alan demokratik idarəetmə sistemi formalaşdırmaqla əslində, mükəmməl dövlət idarəçilik məktəbi yaratmışdır. Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyası dövlətimizin tarixində ilk dəfə hakimiyyət bölgüsü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Əsas qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə etibarlı təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur. Həyata keçirilən məhkəmə-hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin həlli olmuşdur.
Ümummilli liderin 1998-ci il dekabrın 1-də imzaladığı fərmanla qüvvəyə minmiş "Məhkəmələr və hakimlər haqqında" qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə də xüsusi yer ayrılmışdır. "Məhkəmələr və hakimlər haqqında" qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurum - Məhkəmə Hüquq Şurası yaradılmışdır. Şuranın son 10 ildə hakim vəzifəsinə test üsulu ilə keçirdiyi seçkilər tamamilə azad, demokratik və şəffaf şəraitdə baş tutmuş, layiqli namizədlər bütün mərhələləri uğurla keçərək şərəfli bir vəzifəni qazanmışlar.
Azərbaycanın son illərdə bütün sahələrdə inkişaf etməsi, habelə insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının yeni mərhələyə qədəm qoyması məhkəmə-hüquq islahatlarının da ardıcıl şəkildə davam etdirilməsini vacib məsələ kimi önə çıxarmışdır. Bu gün əminliklə deyə bilərik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları son 7 ildə yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirilmiş, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələləri daim ön plana çəkilmişdir.
Hüquqi və demokratik cəmiyyət quruculuğunun başlıca şərtlərindən biri yeni dövrün tələblərinə cavab verən hüquq islahatlarının reallaşması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin edilməsi, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır. Məhz bu baxımdan respublikamızda ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatında bu müstəqil hakimiyyət institutunun rolunun artırılmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, hazırda respublikada ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə heç bir məhdudiyyət qoyulmadan, qərəzsiz, ədalətlə və qanunlara uyğun həyata keçirilir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi məhkəmə və prokurorluq orqanlarına yüksək diqqət və qayğısı da bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. Məqsəd hər bir hərbi qulluqçunun, o cümlədən əsgərlərin pozulmuş hüquq və azadlıqlarının məhkəmələrdə ən yüksək səviyyədə təminatına nail olmaq, habelə qanunlara və hərbi nizamnaməyə zidd halların qarşısını almaqdır. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsi dövlət başçısının fərman və sərəncamlarından, tövsiyələrindən irəli gələn vəzifələri həyata keçirməklə respublikamızda hərbi cinayətlərin araşdırılmasında obyektivliyin, şəffaflığın, bir sözlə ədalət mühakiməsinin demokratikliyinin təmin olunmasına çalışır. Fəaliyyətində daim ulu öndərin hüquqi dövlət və vətəndaş quruculuğu ilə bağlı ali ideyalarını rəhbər tutmaqla qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini lazımi səviyyədə həyata keçirməyə, ordu hissələrində qanunçuluğun, nizam-intizam qaydalarının tam bərqərar olmasına töhfəsini verir. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin sistemli və ardıcl şəkildə həyata keçirdiyi hərbi quruculuq siyasəti, Milli Orduya dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artması, əsgərlərin, zabitlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması adekvat olaraq hərbi hissələrdə nizam-intizamın güclənməsi, fərarilik və digər cinayət hallarının azalması ilə müşayiət olunur.
Əlbəttə, məhkəmə sistemində həyata keçirilən islahatların az bir müddətdə kardinal dəyişikliklərə səbəb olacağını düşünmək düzgün olmazdı. Əsas budur ki, indi məhkəmələrin müstəqilliyinin və qanunamüvafiq fəaliyyətinin təmin edilməsi üçün ölkə rəhbərliyi səviyyəsində siyasi iradə, istək mövcuddur. Dövlət başçısı İlham Əliyevin məhkəmələr qarşısında müəyyənləşdirdiyi ciddi tələblərdən biri də insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, ədalət mühakiməsinin təmin edilməsidir. Şübhəsiz, Azərbaycan hüquqi və demokratik dövlət olduğundan insanların taleyi ilə bağlı bütün qərarlar hüquqa, ədalətə əsaslanmalı, obyektiv xarakter daşımalıdır. Ali Məhkəmənin açılış mərasimində dövlət başçısı İlham Əliyev məhkəmələrin çıxardığı qərarların insan taleyi ilə bağlı olduğunu bir daha vurğulamış, hakimlərə qanunun aliliyi prinsipinə daha ciddiliklə yanaşmağı tövsiyə etmişdir: "Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Biz bunu görürük, bilirik və yerlərdən bu məsələ ilə əlaqədar gələn şikayətlərin sayı azalır, məhkəmə qərarları ədalətli çıxarılır. Düzdür, hər bir yerdə olduğu kimi, biz ədalətsizlikləri də görürük. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu ədalətsizlikləri aradan götürək. Həyatımızın bütün sahələrində ədalət olmalıdır və bu, hər bir cəmiyyətin inkişafı üçün çox vacibdir".
Bu gün müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən məhkəmə-hüquq islahatlarını bir-birindən ayırmadan hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində ən qabaqcıl dövlətlərdən birinə çevriləcək.
Qulam ŞÜKÜROV,
Ağır Cinayətlərə
dair İşlər
üzrə Azərbaycan
Respublikası
Hərbi Məhkəməsinin
hüquq məsləhətçisi
Azərbaycan.- 2010.- 30
aprel.- S. 8.