Azərbaycan tarixinin parlaq səhifəsinə imza atan lider

 

"Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür".

 

          Bülənd Ecevid

 

Bəli, qardaş Türkiyənin sabiq baş naziri B.Ecevitin bu hikmətli sözündə böyük həqiqət var. Məndə o xoşbəxtlərdənəm ki, XX əsr Azərbaycan tarixini özündə cəmləşdirən, Azərbaycan tarixinin parlaq səhifəsinə layiqli imza atan ulu öndər Heydər Əliyevlə birbaşa təmasda olmuşam və onun xeyir-duasını almışam. Gənc nəslə diqqət və qayğı dahi öndər Heydər Əliyevin fəaliyyətinin aparıcı istiqamətlərindən olmuşdur. Heydər Əliyev deyirdi ki "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır".

Gənclərlə iş, milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması ümümmilli liderimizin gündəlik işinə çevrildi. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə respublikamızdan kənarda SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ali məktəbində 80-ə yaxın ixtisas üzrə 15 min azərbaycanlı gənc təhsil almışdır. 1969-cu ilə qədər bu rəqəm hər il 40-50 nəfər olmuşdur.

1994-cü il sentyabr ayının 14- də dövlət başçısı yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş bir qrup tələbə ilə görüş keçirdi. Nəzərə alsaq ki, həmin dövrdə ölkədə gərginlik yaşanırdı, kriminogen durum mövcud idi. Belə bir vəziyyətdə dövlət başçısının tələbələri qəbul etməsi gənclərə olan qayğının və gələcəyə inamın bariz nümunəsi idi. Həmin görüş zamanı ümummilli lider tərəfindən gənclərin ölkə həyatında rolu, imtahanların nəticələri, təhsilin gələcək istiqamətləri barədə ətraflı danışıldı. Sonra çıxışlar oldu. Söz aldım və ulu öndərin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrlərdə gördüyü işlərdən danışdım. Atamın, anamın və qohumlarımın, respublikanın aparıcı təhsil ocaqlarında təhsil aldıqlarını bildirdim. Ümummilli liderimizə birinci dəfə hakimiyyətdə olduğu dövrdə göstərdiyi konkret xidmətlərə görə onların adından da təşəkkür etdim. Eyni zamanda cəbhə bölgəsində - Tərtər rayonunda orta təhsil aldığımı, bununla yanaşı ali məktəbə hazırlıq dövrünün düşmən atəşi altında keçdiyini xatırlatdım. Dahi öndərin gənclərə qayğısı və onları qiymətləndirməsi həqiqətən gələcəkdən xəbər verirdi.

Çıxışım zamanı gənclərin dövlət başçısının ətrafında birləşdiyini və onun həyata keçirdiyi siyasəti dəstəklədiyimizi bəyan etdim. Ulu öndər mənə gələcək fəaliyyətimdə müvəffəqiyyətlər arzuladı. Ümummilli lider tarixi çıxışında təkrar-təkrar xatırlatdı ki, gənclər xalqın gələcəyidir, onların qarşısında böyük işlər durur.

Tariximiz onu deməyə əsas verir ki, xalqın mənafeyi ortaya gələndə Heydər Əliyev hər zaman qətiyyətli və cəsarətli olmuşdur. Heydər Əliyevin tarixi şəxsiyyət, ümummilli lider kimi bir daha fundamental uğuru ondan ibarətdir ki, onun qurduğu müstəqil Azərbaycan dövlətçiliyi yaşayır və inkişaf edir. Xalqımızın milli mənlik şüurunun oyanışında, dövlətçilik təfəkkürünün formalaşmasında da bu dahi şəxsiyyətin əvəzsiz xidmətləri var. Dövlətçiliyimizin müqəddəratının həll edildiyi, müstəqilliyimizin təhlükə ilə üzləşdiyi 1993-cü ilin iyun günlərində xalqın təkidilə yenidən Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı nəticəsində uçurumun bir addımlığında dayanan Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün əsas zəmin və möhkəm təməl quruldu.

Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi, mərdliyi və fədakarlığı nəticəsində müstəqil dövlətimizin təməli möhkəmlənmiş, böyük dühanın ən böyük əsəri olan müasir Azərbaycan dövlətçiliyi qurulmuşdur. Son 40 ilə yaxın müddətdə dövlətimizin inkişafına nəzər salanda dəfələrlə bunun şahidi oluruq. Qeyd etmək lazımdır ki, 70-ci illərdə yaradılmış elmi texniki istehsal potensialı olmasaydı, bu gün müstəqil Azərbaycan çoxlu çətinliklər, problemlərlə üzləşə bilərdi. Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyən etdiyi strategiyada sənaye, onun struktur, səmərəlilik problemləri xüsusi yer tutur. Çünki bunları həll etmədən respublikanın dinamik inkişafına nail olmaq mümkün deyildi. Bu strateji xətti həyata keçirmək üçün Heydər Əliyev titanik fəaliyyət göstərərək ciddi maneələrin aradan qaldırılmasına və Azərbaycan sənayesinin strukturunun təkmilləşdirilməsinə dair SSRİ-nin ali rəhbər orqanı tərəfindən xüsusi qərarın qəbul edilməsinə nail olmuşdur. Respublikamızın iqtisadi inkişaf tarixində mühüm rol oynayan bu proqramın həyata keçirilməsi nəticəsində sənayedə köklü keyfiyyət dəyişiklikləri baş vermiş, yeni tipli sənaye müəssisələri, müasir istehsal sahələri istifadəyə verilmiş, on minllərlə yeni iş yerləri açılmış, istehsalın mədəni texniki səviyyəsi xeyli yüksəlmiş, yaşayış səviyyəsi yaxşılaşmışdır.

1971-1975-ci illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində məcmu ictimai məhsul 44 faiz, milli gəlirin ümumi həcmi isə 39 faiz artmışdır. Sənayedə məhsul artımının 76 faizi əmək məhsuldarlığının yüksəlməsi hesabına əldə edilmişdir.

Respublikanın neft maşınqayırması keçmiş ittifaqın neft-mədən avadanlığının üçdə birindən çoxunu, neftçıxarma texnikasının 70 faizini təmin etmişdir. Neft emalı və neft kimyası sənayesi, əlvan və qara metallurgiya yüksək sürətlə inkişaf edirdi. Neftayırma sənayesinin yenidən qurulmasına və modernləşdirilməsinə başlandı. Nəqliyyat, rabitə və digər sahələrdə böyük nailiyyətlər əldə edildi. Təkcə 1971-1975-ci illərdə 77 müəssisə, 782 istehsal sahəsi, kompleks halda mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır.

Ümumiyyətlə, Azərbaycanda 1970-1980-ci illərdə 125 yeni dövlət sənaye müəssisəsi, o cümlədən 1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə ısə 61 dövlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Həmin illər ərzində sənaye-istehsal işçilərinin sayı təxminən 100 min nəfər artaraq 1980-ci ildə 408,4 min nəfərə çatmışdır.

Beləliklə, 1969-1982-ci illər ərzində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və böyük iqtisadi potensial yaranmışdı. Bunu respublikada istehsal olunan əsas sənaye məhsullarının natural istifadədə dinamik inkişafı da sübut edir. Belə ki, 1970-ci ilə nisbətən 1982-ci ildə elektrik enerjisi istehsalı 1,4 dəfə artaraq 16,9 milyard kvt-saat təşkil etmişdir. Mineral gübrələr-2 dəfə və 1133,8 min ton, mancanaq dəzgahları- 2 dəfə və 4,5 min ədəd, pambıq lifi- 2,3 dəfə və 298,8 min ton, soyuducular- 3,8 dəfə və 286 min ədəd artmışdır.

Məlum olduğu kimi, 1994-cü ilin sentyabr ayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından müştərək istifadə edilməsi və neft hasilatının artırılmasının təmin olunması üçün beynəlxalq müqavilə imzalandı. Bu müqavilənin iştirakçıları beynəlxalq konsorsium təşkil etdilər və həmin konsorsium Azərbaycan Dövlət Neft Şirkəti ilə 30 il müddətinə bir müqavilə - "Əsrin müqaviləsi"ni imzaladı. Həmin müqavilədən sonra Azərbaycana, onun neftinə, ələlxüsus Xəzər neftinə dünya miqyasında maraq artdı. Təkcə bir faktı göstərmək kifayətdir ki, 1994-cü ildə Bakıda keçirilən beynəlxalq "Xəzərneftqaz" sərgisində on bir ölkədən 117 şirkət iştirak edirdisə, dördüncü beynəlxalq sərgidə 25 ölkəni 250 şirkət təmsil etmişdir. Bunun özü Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığının göstəricisidir. Dahi öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir istiqaməti yaranmışdır. Ümummilli liderin bilavasitə rəhbərliyilə ölkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramlar qəbul edilməsi, Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət yardımı, kiçik və orta sahibkarlığın inkişafı Dövlət Proqramının, eləcə də maşınqayırma sənayesinin, aqrar bölmənin, turizmin inkişafı, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə, həmçinin regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının təsdiqi səmərəli nəticələrini real həyatda göstərməyə başladı. Bu irimiqyaslı sənədlər ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmək üçün zəmin yaratmış, sərbəst bazar münasibətlərinə əsaslanan sosial yönümlü iqtisadi sistemin formalaşdırılmasına, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasına, milli iqtisadiyyatın dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyasının təmin olunmasına rəvac vermişdir.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin taktikasının fərqləndirici xüsusiyyətləri göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması, həmçinin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablamış cəsarətli qərarların qəbul olunması, bu zaman sosial yönümlülüyün gözlənilməsi və mütərəqqi dünya təcrübəsindən faydalanması ilə xarakterizə oluna bilər.

İpək Yolu və Şimal-Cənub nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əzəldən Asiya və Avropa arasında körpü rolunu oynamışdır. İki qitəni birləşdirən qədim İpək Yolunun ölkəmizin iqtisadi həyatında xüsusi çəkisi danılmazdır. Çünki beynəlxalq yük daşımalarının ölkəmiz üzərindən keçməsi dövlət büdcəsilə yanaşı vətəndaşların da iqtisadi durumunun yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına təkan verir. Regionda ölkəmizin strateji çəkisini artıran amillərdən biri də onun coğrafi baxımdan əlverişli ərazidə yerləşməsidir.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricilərindən biri ölkəmizin xarici ölkələrlə idxal-ixrac əməliyyatlarının həcminin ilbəil artmasıdır. Təkcə 2002-ci ildə ölkəmiz 128 xarici dövlətlə ticarət əməliyyatları aparmış, xarici ticarət dövriyyəsinin ümumi həcmi 3833,1 milyon dollar, o cümlədən idxal 1665,6 milyon, ixrac 2167,5 milyon dollar olmuşdur. 2002-ci ildə 501,9 milyon dollar həcmində müsbət xarici ticarət saldosu yaranmışdır. Ticarət dövriyyəsinin 56,6 faizini ixrac, 43,4 faizini idxal təşkil etmiş, ixracının idxalı ötmə əmsalı 130,1 faiz olmuşdur.

İqtisadi islahata gəldikdə isə o 1996-cı ildən başlayaraq öz bəhrəsini verməkdədir. İnflyasiya 1994-cü ildəki 1600 faizdən 1996-cı ilin birinci yarısında beş faizə enmişdir.

Azərbaycanın milli valyutası ABŞ dollarına nisbətən 10 faiz, Rusiyanın rubluna görə, 23 faiz möhkəmlənmişdir. Əgər 1990-cı ildən başlayaraq Azərbaycanın sənaye istehsalı ilbəil aşağı düşmüşdüsə, 1997-ci ilin birinci rübündə 0,4 faiz artım olmuşdur. Bu, artıq müsbət meylin sabit və ardıcıl olduğunu göstərirdi.

Maliyyə sistemində də ciddi irəliləyişlər olmuşdur. Belə ki, büdcə kəsiri ümumi daxili məhsula nisbətən 1994-cü il üzrə 13 faizdən 2002-ci ildə 0,35 faizə, 2003-cü ildə isə 0,12 faizə qədər azaldıldı və büdcə kəsirini Milli Bankın kreditləri hesabına doldurmaq praktikasına son qoyuldu. Eyni zamanda Milli Bankın kredit dərəcələri 1994-cü il üzrə 200 faizdən 7 faizə qədər endirildi. Milli valyutanın - manatın məzənnəsi isə sabitləşdirildi. Bundan əlavə, aparılan uğurlu islahatlar nəticəsində qiymətlər, valyuta bazarı və xarici ticarət fəaliyyəti tamamilə sərbəstləşdirildi.

Daxili və xarici sərmayələrin stimullaşdırılması və qorunması sahəsində zəruri və təkmil hüquqi bazanın yaradılması nəticəsində ölkə iqtisadiyyatına yatırılan sərmayələrin həcmi ilbəil artmışdır. 1998 - 2003-cü illərdə Azərbaycan iqtisadiyyatının bütün maliyyə mənbələri üzrə 11,2 milyard manat və ya 11,6 milyard ABŞ dolları həcmində iqtisadiyyata sərmayə yönəldilmişdir. Hər il orta hesabla 1,8 milyard manat (2 milyard ABŞ dolları) və adambaşına təxminən 24 ABŞ dollarına qədər sərmayə qoyulmuşdur. Azərbaycan bu göstəriciyə görə nəinki MDB ölkələrini, həm də Şərqi Avropanın bəzi dövlətlərini geridə qoymuşdur.

Təkcə 2003-cü ildə bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatının inkişafına 3,6 milyard manat və ya əvvəlki illə müqayisədə 71,2 faiz çox əsas kapitala investisiya yönəldilmişdir.

Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 3,2 milyard manat (88,7 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar 400 milyon manat (11,3 faiz) investisiya yönəltmişlər.

İstifadə edilmiş investisiyada xarici sərmayənin xüsusi çəkisi 80,5 faiz və ya 2,8 milyard manat, daxili investisiya 19,5 faiz və ya 800 milyon manat təşkil etmişdir. Əsas kapitala yönəldilmiş daxili investisiya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 32,6 faiz, xarici sərmayə isə 84,2 faiz çox olmuşdur. Müəssisə və təşkilatların əsas kapitala yönəltdikləri sərmayənin həcmi ümumi investisiyanın 3 milyard manatını, bank kreditləri 57,2 milyon manatını, büdcə vəsaitləri 9,9 milyon manatını, büdcədənkənar fondların vəsaitləri 29 milyon manatını, əhalinin şəxsi vəsaitləri 114,4 milyon manatını, digər vəsaitlər 200 milyon manatını təşkil etmişdir.

İqtisadiyyata investisiya qoyuluşu üçün dövlət büdcəsindən də maliyyə vəsaiti ayrılmışdır. Belə ki, 1995 - 2003-cü illər ərzində dövlət büdcəsində nəzərdə tutulan investisiya yönümlü xərclər 4,5 dəfə artırılaraq 2003-cü ildə 203 milyon manata çatdırılmışdır. 2003-cü ildə investisiya yönümlü xərclər dövlət büdcəsinin ümumi xərclərinin 18,7 faizini təşkil etmişdir.

Onu da qeyd etmək yerinə düşər ki, Heylər Əliyevin siyasi kursunun davamçısı ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də məhz Azərbaycan vətəndaşlarının sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına yönəlmişdir. Prezident İlham Əliyevin xarici siyasətdə ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş vahid strategiya və dəyişməz prioritetlərə sadiqlik nümayiş etdirməsi dünya dövlətlərinin Azərbaycana inamını, etimadını gücləndirən ən başlıca amildir. Bu da bir həqiqətdir ki, Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır: "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir."

Ümumi daxili məhsulda qeyri-dövlət sektorunun xüsusi çəkisinin 85 faizə çatması, kənd təsərrüfatı məhsullarının 99 faizinin, sənaye məhsullarının 55 faizə qədərinin qeyri-dövlət sektorunda istehsal olunması mükəmməl işlənmiş dövlət siyasətinin uğurlu nəticəsidir.

Mövcud iş yerlərinin 78 faizi və dövlət büdcəsi gəlirlərinin 80 faizi özəl sektorun payına düşür. Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, son illərdə vergi sisteminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, vergi xidmətində ən müasir standartların tətbiqi sahəsində mühüm tədbirlər həyata keçirilməsi, vergilərin könüllü ödənilməsi prinsipinin bərqərar olması, bununla sahibkarlıq strukturları və ümumən vergi ödəyiciləri arasında məlumatlandırma-maarifləndirmə işlərinin genişləndirilməsi təmin edilmişdir.

İstər ümummilli liderimiz, istərsə Prezident İlham Əliyev ölkədə təhsilin inkişfaını prioritet elan etmişdir. Bunun sayəsində respublikamızda təhsilin səviyyəsi günü-gündən yüksəlir və dünya təhsil sisteminə inteqrasiya edilir. Ümummilli lider Heydər Əliyev 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə gəldiyi zaman demişdir: "Respublikada ali təhsilin inkişafına sanballı tövhələr vermiş Azərbaycan Dövlət İqtisad Universitetinin ölkə qarşısında, onun sosial-iqtisadi problemlərinin həlli sahəsində mühüm xidmətləri vardır". Dahi öndər universitetin professor-müəllim heyətinə yeni iqtisadi sistemə uyğun elmi potensialın formalaşması üçun tapşırıq vermişdir. Ulu öndər tərəfindən tövsiyə olunmuş təhsil sisteminin strateji istiqamətləri sahəsində islahatlar bu gün elmi-pedaqoji fəaliyyətlə məşğul olduğum Azərbaycan Dövlət İqtisad Universitetində də uğurla həyata keçirilir. Belə ki, vaxtilə planlı iqtisadiyyat sistemi üçün formalaşan institut hazırda bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərən iqtisadi sistemə uyğun uğurla formalaşmışdır. Uyğunlaşmanın özü də elmi və texniki sahədə məhsuldarlığın, eyni zamanda nailiyyətlərin nəticəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan Dövlət İqtisad Universitetinin dünyanın bir sıra aparıcı universitetləri ilə əməkdaşlıq etməsi, universitetdə müasir tələblərə cavab verən iqtisadçı kadrların hazırlanması üçün uyğun şəraitin qurulması və həmin kadr potensialının da ölkə iqtisadiyyatının inkişafı naminə əməli fəaliyyət göstərməsi bunları deməyə əsas verir.

Qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan dövləti bütün sahələrdə dinamik inkişaf yolunu seçmişdir.

 

 

Zöhrab PAŞAYEV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin müəllimi

 

Azərbaycan.- 2010.-  30 aprel.- S.  9.