Neft Daşlarında Heydər Əliyev
muzeyi
Azərbaycanın paytaxtında, iri şəhərlərində, uzaq-yaxın bölgələrində insanlar ulu öndərə böyük ehtiram və dərin məhəbbət nişanəsi kimi Heydər Əliyev muzeyləri yaradıblar. Bu həm də ulu öndərin keçdiyi şərəfli həyat yoluna bir daha nəzər salmaq, böyüməkdə olan nəsli bu yola daha yaxından bələd etmək deməkdir.
Şəkildə gördüyümüz Heydər Əliyev muzeyi isə nə kənddə, nə də şəhərdədir. Onu əfsanəvi Neft Daşlarında yaradıblar. Muzey ötən ilin payızında Neft Daşlarının 60 illik yubileyi qeyd olunan vaxt istifadəyə verilib. Onun açılışında iştirak edən ölkə Prezidenti İlham Əliyev muzeyin xatirə kitabına öz ürək sözlərini də yazıb.
Xəzərin qoynunda, polad "ayaqlar" üstündə qərar tutmuş dəniz şəhərindəki bu muzey onu yaradanlar - neftçilər üçün çox əziz və gərəklidir. Çünki onlar ulu öndəri çox sevirlər, çünki Heydər Əliyev neftçilərin böyük dostu idi!
Azərbaycana rəhbərlik etdiyi illərdə ümummilli lider Heydər Əliyev dəniz şəhərində dəfələrlə olmuşdu. Estakadalar üstündə gəzmiş, neftçilərlə, inşaatçılarla söhbət etmiş, onların işləri, qayğıları, dolanışıqları ilə maraqlanmışdı.
Ulu öndər hər dəfə Neft Daşlarına gələndə Azərbaycan neftinin gələcəyindən də söz salardı. Dənizdə neft və qazçıxarmanın sabahının daha işıqlı olacağını deyərdi. İxtiyar yaşlı neftçilərdən biri xatırlayır ki, bir dəfə ümummilli lider estakadalar üstündə dayanaraq əlini irəliyə, dənizlə göyləri birləşdirən üfüqə tərəf uzatdı. "İndi artıq orada işləmək, daha uzaq yataqları kəşf etmək, fəth etmək lazımdır", - dedi.
Bu həmin yerlər idi ki, indi oraya baxanda "Çıraq", "Azəri" platformaları görünür... Heydər Əliyev uzaqgörənliyi olmasaydı bu gün nə "Azəri-Çıraq-Günəşli" olardı, nə də Bakı-Tbilisi-Ceyhan. Heç Neft Daşlarının özü də bu cah-calala çatmaz, belə inkişaf etməzdi.
Yaşlı nəsil bunları öz gözləri ilə görüb. Cavanlar isə bax bu muzeyə gəlirlər. Muzey onlara həqiqətdən yaranmış bir hekayət danışır: Heydər Əliyevin Azərbaycan neftçisi ilə dostluğunun hekayətini...
F.SADIQLI
Azərbaycan.- 2010.- 30
aprel.- S. 9.