Azərbaycanda
neft-maşınqayırma sənayesinin böyük
potensialı var
Bu potensialdan istifadə etməyin vaxtı çatıb
Ümummilli lider Heydər Əliyevin
apardığı uğurlu neft siyasəti nəticəsində
1994-cü ilin sentyabrında imzalanmış "Əsrin
müqaviləsi" ötən əsrin 80-ci illərinin sonu,
90-cı illərinin əvvəllərində məlum səbəblərdən
iflic vəziyyətə düşən Azərbaycan
iqtisadiyyatının inkişafına güclü təkan
verdi. Dövlət neft gəlirlərindən istifadə edərək
sosial-iqtisadi sahələrin inkişafına nail oldu. Daha
böyük nailiyyətlərə ünvanlanmış bu
uzaqgörən siyasət indi də ardıcıl davam
etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu iqtisadi islahatlar dünyanın
aparıcı maliyyə qurumları tərəfindən
yüksək qiymətləndirilir. Xüsusilə də qlobal
maliyyə böhranının yaratdığı çətinliklərdən
Azərbaycanın az ziyanla çıxması dünyanın
diqqət mərkəzindədir. Beynəlxalq təşkilatlar
öz hesabatlarında ölkəmizin bu uğurunu dönə-dönə
qeyd edirlər.
Bəs, bu ümumi inkişaf
kontekstində Azərbaycanda böyük texniki potensialı və
uzun illərin təcrübəsi olan
neft-maşınqayırma sənayesi nə vəziyyətdədir?
Bu suala cavab tapmaq üçün Milli Məclisin deputatı,
İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədova
müraciət etdik. V.Əhmədova müraciət etməyimiz
təsadüfi deyil. O, uzun illər neft-maşınqayırma sənayesində
çalışaraq sıravi işçidən
"Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru vəzifəsinədək
xidməti yol keçib, sahəyə bütün incəliklərinə
qədər bələddir.
V.Əhmədov ilk növbədə
Azərbaycan neft-maşınqayırma sənayesinin tarixinə
nəzər saldı:
- Sovetlər dönəmində
Azərbaycanda neft-maşınqayırma sənayesi qabaqcıl
istehsal sahələrindən biri olub. Təsəvvür edin
ki, həmin dövrdə SSRİ-də neft-mədən
avadanlığının 75 faizini Azərbaycan istehsal edirdi. Məlumdur
ki, keçmiş sovet ittifaqı dünyanın ən iri neft
hasil edən ölkələrindən idi. Bizim
maşınqayırma sənayesi isə SSRİ-nin neft-mədən
avadanlıqlarına olan bütün tələbatını
ödəməklə bərabər dünyanın 30 ölkəsinə
öz məhsullarını ixrac edirdi. Bu ölkələrin
sırasında texniki cəhətdən yüksək
inkişaf etmiş kapitalist ölkələri də var idi. Bu
isə o demək idi ki, bizdə istehsal olunan
avadanlıqların keyfiyyəti onları qane edirdi.
Həmin dövrdə Azərbaycanda 20-yə yaxın maşınqayırma zavodu və bu sahə üzrə ixtisaslaşmış bir neçə elmi-tədqiqat institutları fəaliyyət göstərirdi. Bu institutlarda çalışan alim və mütəxəssislərin hazırladığı layihələr əsasında yaradılan yeni avadanlıqlar zavodlarımızda hazırlanıb sınaqdan keçirilirdi. Sonra onu kütləvi şəkildə istehsal edərək sifarişçilərə göndərirdik. Açığını deyim ki, bu, o dövrdə Azərbaycanın sənaye sahəsində əldə etdiyi ən böyük uğurlardan idi. Respublikada neft-maşınqayırma sənayesi potensialının formalaşması üçün illərlə vaxt və gərgin zəhmət tələb olunmuşdu. Uzun müddət bu sahədə çalışdığım üçün neft-maşınqayırma sənayesinin potensialına yaxından bələdəm. Yaxşı yadımdadır ki, ümummilli lider Heydər Əliyev neft-maşınqayırma sənayesinin inkişafına böyük diqqət göstərirdi. Tez-tez Bakıdakı müəssisələrə gələrək onların işi ilə tanış olur, lazım gəldikdə öz köməyini göstərirdi. 1984-cü ildə Heydər Əliyevin SSRİ Ali Sovetinə deputatlığa namizədliyi Bakının Sabunçu (keçmiş Lenin) rayonundan irəli sürülmüşdü. Bununla əlaqədar ulu öndər seçicilərlə görüşmək üçün "Bakı fəhləsi" zavoduna gəlmişdi. Mən onda bu müəssisənin direktoru idim. Həmin görüşdə ümummilli lider bir daha Azərbaycanın neft-maşınqayırma sənayesinin əhəmiyyətindən danışdı, maşınqayıranların əməyinə yüksək qiymət verdi.
Dərin Özüllər Zavodunun da Bakıda tikilməsi Heydər Əliyevin adı ilə bağlıdır. O vaxtlar SSRİ rəhbərliyi həmin zavodu başqa respublikada inşa etmək istəyirdi. Heydər Əliyevin qətiyyəti sayəsində mühüm əhəmiyyət daşıyan zavod Bakıda inşa olundu. "Əsrin müqaviləsi" imzalananda bir daha aydın oldu ki, bu müəssisə ölkəmizə hava və su kimi lazımdır. Çox ədalətlidir ki, indi həmin müəssisə Heydər Əliyevin adını daşıyır.
Bir daha qeyd etmək istəyirəm ki, SSRİ dövründə Azərbaycan neft-mədən avadanlığının istehsalı sahəsində şəriksiz lider idi. Eyni zamanda Azərbaycan dünyada neft-maşınqayırma avadanlıqları istehsalçısı kimi tanınırdı. O dövrlərdə elə neft avadanlıqları var idi ki, onlar yalnız bizdə istehsal olunurdu. Neft mancanaqları isə dünyada yalnız Azərbaycanda, Amerika Birləşmiş Ştatlarında və Rumıniyada istehsal edilirdi. Nəzərə alsaq ki, dünyada 100-dən çox ölkədə neft hasil olunur, onda biz bu avadanlıqların nə qədər əhəmiyyətli olduğunu aydın şəkildə görərik.
Təəssüf ki, SSRİ-nin dağılması ilə neft-maşınqayırma sənayesinə diqqət azaldı. Yeri gəlmişkən onu da qeyd edim ki, sovet dövründə həmin zavodlar Azərbaycanın ərazisində olsa da, onlar birbaşa mərkəzi hakimiyyətin strukturlarına tabe idi. Bundan istifadə edən Moskvadakı məmurlar hələ SSRİ-nin dağılması ərəfəsində bir çox neft avadanlıqlarının Rusiya ərazisində hazırlanmasına qərar verdilər. Həmin vaxtlar "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışırdım. Moskvadakılar çalışırdılar ki, mancanaq dəzgahlarının çertyojlarını bizdən alsınlar. Çünki mancanaq dəzgahı çox çətin və mükəmməl mexanizmə malik neft avadanlığıdır. Onun çertyojsuz qısa müddətdə istehsalı mümkün deyildi. Mən bu çertyojların Moskvaya verilməsinin qəti əleyhinə idim. Onların bu çertyojları əldə etdikdən sonra bizim zavodlardan məhsul almaqdan imtina edəcəklərini bilirdim. Buna baxmayaraq o vaxtlar bu iş üçün məsuliyyət daşıyan məmurlarımızın səriştəsizliyi nəticəsində həmin çertyojlar Moskvaya verildi. Beləliklə, Rusiya qısa müddətdə neft mancanaqları istehsal etməyə başladı və Azərbaycan Rusiya mədən sənayesinə neft mancanaqları göndərməkdən məhrum oldu. Sifarişlərin itirilməsi isə bizim müəssisələrə böyük zərbə vurdu. Eyni zamanda digər obyektiv və subyektiv səbəblərdən uzun müddət Azərbaycanın neft-maşınqayırma sənayesinə sifarişlərin verilməsi azaldı. Üstəlik, sahənin inkişafı üçün lazım olan sərmayələr də qoyulmadı. Nəticədə neft-maşınqayırma sənayemiz iflic vəziyyətinə düşdü.
Bununla belə V.Əhmədovun sözlərinə görə, həmin müəssisələrin potensialından istifadə etməklə qısa müddətdə məhsul istehsalını qaydaya salmaq mümkündür. Azərbaycan maşınqayırma sənayesinin böyük potensialla bərabər yüksək hazırlıqlı kadrları var. V.Əhmədov:
- Burada bir məsələni də qeyd etmək istəyirəm. 1988-1992-ci illərdə Almaniyanın Menecment İnstitutunda təhsil alarkən İsveçrənin "Xeylunds" firmasının nümayəndələri ilə tanış olduq. Onlarla yeni növ qaldırıcı aqreqatın rəhbərlik etdiyim "Bakneftmaş"da istehsalı barədə müqavilə imzaladıq. Qısa müddətdə neft sənayesi üçün vacib olan bu aqreqatın istehsalına nail olduq. Həmin avadanlıqları İran İslam Respublikasına satırdıq və yaxşı da gəlir əldə edirdik. Yeri gəlmişkən qeyd edim ki, həmin aqreqatdan keçmiş sovetlər birliyində istehsal olunmurdu. Nə üçün bu məsələni yada saldım. Demək istədiyim odur ki, biz nəinki mövcud neft avdanlıqlarını, lazım gələrsə yeni məhsullar da istehsal edə bilərik.
Vahid Əhmədova görə, Azərbaycan neft-maşınqayırma sənayesinin bugünkü vəziyyətinin bir səbəbi də uzun illər bu sahəyə rəhbərlik edən şəxslərin məsuliyyətsizliyidir. Çünki onların məhz məsuliyyətsizliyi ucbatından bir çox qiymətli avadanlıqlar xaricə dəyər-dəyməzinə satılıb, qalanları isə baxımsızlıq üzündən yararsız hala düşüb, böhrandan çıxmaq üçün heç bir addım atılmayıb. V.Əhmədov:
- İndi bəzi
müəssisələr şəhərin mərkəzindən
kənara köçürülür. Mən də şəhərdə
əhalinin sıx yaşadığı ərazilərdən
sənaye müəssisələrinin
çıxarılmasını düzgün hesab edirəm.
Bu, zəruri addımdır. Çünki bir çox sənaye
müəssisələrinin fəaliyyəti həmin ərazilərə
yaxın yerdə yaşayan əhalinin səhhətinə və
şəhərin ekologiyasına mənfi təsir göstərir.
Lakin sahəyə rəhbərlik edənlər elə
düşünürlər ki, köçürülmə həmin
müəssisələrin fəaliyyətlərinin
dayandırması deməkdir. Məsələyə bu cür
yanaşmaq tamamilə yanlışdır. Əvvəla,
köçürülmə aparılmazdan əvvəl müəyyən
hazırlıq işləri görülməlidir. Yəni,
yeni ayrılan yerlərdə istehsal sahələri
yaradılmalı və dəzgahlar oraya
köçürülməlidir. İstehsalı operativ bərpa
etmək üçün müasir texnologiyalardan istifadə edərək
qısa müddətdə metal konstruksiyalardan anqar tipli istehsal
sahələri yaratmaq mümkündür. Reallıqsa budur ki,
müəssisələrin köçürüldüyü
yerlərdə hələ heç bir iş görülməyib.
Təsəvvür edin ki, İkinci Dünya müharibəsi
vaxtında Ukraynadan, Rusiyanın Avropa hissəsindən Uzaq
Şərqə köçürülən müəssisələr
2-3 ay ərzində fəaliyyətlərini bərpa edirdilər.
Ancaq Bakının mərkəzindən bir neçə
kilometr kənara köçürülən müəssisələr
xeyli vaxt keçməsinə baxmayaraq bugünə kimi işləmir.
Vahid Əhmədov sahənin inkişafı
üçün konkret təkliflərini də söylədi:
- İndi Azərbaycanın neft-maşınqayırma sənayesinin yenidən qurulmasına böyük ehtiyac var. Azərbaycan neft ölkəsidir. Deməli, bizim hər zaman neft avadanlıqlarına ehtiyacımız olacaq. Bəs, nə etməli? Sözsüz ki, ilk növbədə idarəetmə strukturu dəyişilməlidir. Hesab edirəm ki, bu gün "Azneftkimyamaş" ASC-nin tabeliyində olan zavodları Sənaye və Energetika Nazirliyinin balansına keçirmək lazımdır. Nazirlik bu sahənin gələcək fəaliyyətini dərindən təhlil edərək ölkə daxilində ehtiyac duyulan neft-mədən avadanlıqlarının istehsalına qərar verməlidir. İqtisadi İnkişaf Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yaxından köməyi ilə xarici sərmayələr cəlb olunmalıdır. Bu işdə Dövlət Neft Şirkəti də öz köməyini əsirgəməməlidir. ARDNŞ müəyyən etməlidir ki, hansı növ məhsullara onun tələbatı var və nə qədər sifariş verə bilər. Bundan sonra kütləvi istehsala başlamaq olar. Biz həmçinin xarici bazara çıxmaq barədə də ciddi düşünməliyik. İlk növbədə Orta Asiya və İrana neft-mədən avadanlıqları ixrac etmək mümkündür. Sonrakı mərhələlərdə isə dünyanın digər ölkələrinə məhsul ixracını qaydaya salmaq olar. Bundan əlavə, neft-maşınqayırma sənayesinin yenidən dirçəlməsi Azərbaycanda geniş imkanları olan elektroenergetika sahəsinin inkişafına təkan verə bilər. Çünki bu sahənin fəaliyyəti bir-birindən xeyli dərəcədə asılıdır. Bir sözlə, neft-maşınqayırma sənayesini dirçəltməklə birinci, qeyri-neft sektorunun vacib bir sahəsinin inkişafına şərait yaratmaq, ikinci, indi xaricdən baha qiymətə valyuta ilə aldığımız məhsulların ixracına son qoymaq və üstəlik, bu məhsulları özümüz istehsal edib xarici bazara çıxmaq, üçüncü isə bir neçə min insanı, o cümlədən mütəxəssisləri işlə təmin etmək mümkündür. Bütün bunları reallaşdırmağa imkanımız var və ondan mütləq istifadə etməliyik. Həm də yaddan çıxmasın ki, dünyanın inkişaf etmiş ölkələrinin əsas göstəricilərindən biri də onun mükəmməl maşınqayırma sənayesi sayılır.
Rüstəm KAMAL
Azərbaycan.- 2010.- 30
aprel.- S. 10.