Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə görüşmüşdür

 

İtaliyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 29-da bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Franko Frattini ilə görüşmüşdür.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə nazirlər ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnun olduqlarını bildirmiş, iqtisadi sahədə əlaqələrin inkişafının əhəmiyyətini vurğulamışlar.

F.Frattini ölkəsinin Azərbaycanın birinci ticarət tərəfdaşı olduğundan razılığını bildirərək, bunun gələcəkdə də davam edəcəyinə əmin olduğunu söyləmişdir. Görüşdə regional təhlükəsizlik məsələlərinin müzakirəsi zamanı E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri və danışıqlar prosesi barədə məlumat vermişdir. Nazir Azərbaycanın problemin həlli üçün yeniləşdirilmiş Madrid prinsiplərini qəbul etdiyini bildirmiş və bunun münaqişənin nizamlanması üçün uyğun əsas olduğunu vurğulamışdır.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi həll olunmadan regionda sülhün və sabitliyin bərqərar olunmasının mümkünsüzlüyünü diqqətə çatdırmış, problemin həllinin regionda qarşılıqlı əməkdaşlığa, bölgənin çiçəklənməsinə şərait yaradacağını bildirmişdir.

F.Frattini azərbaycanlı həmkarı ilə razı olduğunu və ölkəsinin hazırkı danışıqlar prosesini dəstəklədiyini qeyd etmişdir. Enerji təhlükəsizliyi də görüşdə əsas müzakirə mövzularından biri olmuşdur. Nazir F.Frattini Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu xüsusi vurğulamışdır.

E.Məmmədyarov həmkarına regionda cari və perspektiv enerji layihələri barədə məlumat vermişdir.

Bundan başqa, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, xüsusilə də regional və Avropada təhlükəsizlik məsələləri barədə geniş fikir mübadiləsi aparılmışdır

 

 

Azərbaycan.- 2010.-  30 aprel.- S.  11.