AŞ PA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin görüşü olmuşdur

 

Aprelin 28-də AŞ PA-nın yaz sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətlərinin rəhbərləri arasında Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun iştirakı ilə görüş keçirilmişdir.

Görüş barədə jurnalistlərə məlumat verən Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov demişdir: Ermənistan nümayəndə heyətinin rəhbəri ilə fikir mübadiləsi apardıq. AŞ-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müzakirəsi çox vacib və əhəmiyyətlidir. Biz qərara gəldik ki, artıq yaz sessiyası başa çatdığından, növbəti sessiyada yenidən görüşək. Bu sahədə iş davam edir. Növbəti görüşün formatı bir az da genişlənəcəkdir. Hesab edirəm ki, bu, yaxşı haldır. Biz əlimizdən gələni edəcəyik ki, hər sessiyada AŞ PA sədrinin iştirakı ilə belə müzakirələr mütəmadi aparılsın. Qeyd edim ki, bugünkü görüşdə AŞ PA sədri ilə yanaşı, assambleyanın baş katibi Matyas Sorinas və digər rəsmi şəxslər də iştirak etmişlər.

Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpa edilməsinə gəldikdə, Səməd Seyidov prosesin yeni başladığını və davam etdiriləcəyini bildirmişdir. O qeyd etmişdir ki, görüşün başlanması və bundan sonra daha geniş formatda davam etdirilməsi bu istiqamətdə prosesin getməsindən xəbər verir.

 

 

Azərbaycan.- 2010.-  30 aprel.- S.  11.