Dağlar mirvarisinə çevrilən ZAQATALA

 

"Zaqatala çox gözəl şəhərə çevrilir. Həmişə belə idi, həmişə gözəl şəhər idi. Amma siz yəqin razılaşarsınız ki, son illər ərzində burada aparılan böyük quruculuq-abadlıq işləri nəticəsində şəhər daha da gözəlləşir".

 

İlham ƏLİYEV

 

 Bu yerlərin təbii gözəllikləri ilə yanaşı, abadlıq-quruculuq işləri ilk andaca diqqəti çəkir. Bu məsələdə dövlət qayğısı ilə yanaşı, insanların torpaq sevgisi, zəhmətə bağlılığı, qurub-yaratmaq əzmi, olanın qədrini bilmək kimi təəssübkeşlik duyğuları da az əhəmiyyət kəsb etmir. Gözəlliklər diyarı Zaqatalaya az-çox bələd olanlar bilirlər ki, burada sözü birbaşa, heç bir sətiraltı məna güdmədən deməyi xoşlayırlar. Bu isə qarşılıqlı münasibətlərdə, həmçinin hansısa nöqsanın, çətinliyin və ya problemin aradan qaldırılmasında çox faydalıdır.

Bu rayonun sakinləri doğma yurdlarını çox sevirlər. Dağların başını duman alanda da, düz-dünya ağappaq qar örtüyünə bürünəndə də, payızın dəli küləkləri cövlan edəndə də, yayın qızmar istiləri nəfəs təngidəndə də zaqatalalılar bu yerlərdən böyük məhəbbətlə danışırlar. Bir-iki günlüyə harasa çıxıb gedən zaqatalalı rayona qayıdanda hər yerə elə vurğunluqla baxır ki, qibtə etməyə bilmirsən. Əlbəttə, torpaq da, təbiət də qoynunda yaşayan, onu sevən, qədrini bilən, onu daha da abadlaşdırmağa çalışan insanları ilə daha gözəl olur.

Küçələrindən səliqə-sahmanı, təmizliyi heç vaxt əskik olmayan Zaqatala şəhərini dolaşanda adama elə gəlir ki, böyük bir iməcilik yenicə qurtarıb. Müasir geyimli, davranışları ölçülü-biçili oğlanlar, qızlar bu şəhərə çox yaraşır. Ümumiyyətlə, yaşından asılı olmayaraq buranın insanları həmişə qıvraq və təravətli görünür. Ulu Yaradan bu yerlərə bənzərsiz təbii gözəlliklər lütf edəndə insanlarını da unutmayıb, böyük səxavətlə gənclərə boy-buxun, qızlara zəriflik, gözəllik bəxş edib. Sözsüz ki, ən böyük gözəllik insanların qəlbindəki vətən sevgisidir.

Bu ilin Novruz bayramı ərəfəsi idi. Hava yavaş-yavaş qaralır, şər qarışırdı. Zaqatalaya gedirdim. Qax şəhərinə burulan yolu keçəndə dayanacaqdakı adamlar arasında bir xanım əl qaldırdı. Həmişə yol macəralarından ehtiyat etsəm də, bir az qabaqda maşını saxladım. Güzgüdən baxanda gördüm ki, dörd xanım maşına yaxınlaşır. Qapını açıb "Zaqatalaya gedirik", dedilər. Mən də dedim, buyurun, əyləşin. Dördü də təxminən 30-35 yaş arasında olardı. Oturan kimi biri üzrxahlığa başladı, dedi, qonaqsınız, yoldan elədik. Yavaş-yavaş neçə ilin tanışları kimi söhbətə başladıq. Məlum oldu ki, Qaxdan gəlirlər. İkisi eltidir, ikisi qonşu. Eltinin biri dedi ki, bir az əvvəl telefonla hərbi xidmətdə olan oğlu ilə danışıb, ona görə uçmağa qanadı yoxdur. Sonra da öz-özünə danışırmış kimi, "Bircə torpaqlarımız tez qayıtsın" deyəndə, o birilər də "Amin!" deyə ona qoşuldular. Biri əlavə etdi ki, tezliklə o yerlərdə də Novruz tonqallarımız yansın.

 Qax şəhərindən hüzrdən qayıdan zaqatalalı xanımların dördü də hansısa çörək sexində çalışırdı. İndi də gecə növbəsinə tələsirdilər. Zaqatalaya girən kimi məndən şəhərə münasibətimi soruşdular. Dedim, çox xoşuma gəlir, insanları da çox mehribandır. İkinci elti dedi ki, günortadan Qaxda idik, Qax da gözəldir, amma Zaqatalanın yerini verməz, bir-iki saatlığa kənara çıxan kimi elə darıxırıq Zaqatala üçün.

Mənzil başına çatanda sağollaşıb maşından düşdülər. Əsgər oğlunun səsini eşitdiyinə görə sevincdən qanadlanıb uçmaq istəyən, qəlbi sülh arzulu, torpaq sevgili bu gənc ana, onun doğulduqları torpağın beş-altı saatlıq ayrılığının xiffətini çəkən eltisi və qonşuları - bu təmiz ürəkli xanımlar Zaqatalaya olan marağımı daha da artırdılar. Maşından düşüb deyə-gülə çörək sexində gecə növbəsinə elə getdilər, elə bil toya-nişana gedirdilər...

Zaqatalada son illər çox iş görülüb. Ölkədə həyata keçirilən irimiqyaslı layihələr, dövlət proqramları Zaqatala rayonunun da inkişafında əhəmiyyətli rol oynayıb. Prezident İlham Əliyev çıxışlarının birində demişdir: "Qəbul edilmiş ən gözəl qərar əgər yerlərdə icra olunmursa, onun heç bir əhəmiyyəti yoxdur. Ona görə də ictimai nəzarət güclü olmalıdır, yerli icra hakimiyyəti orqanları səmərəli işləməli, insanların qayğıları ilə yaşamalı, kömək etməli, yaratmalı, abadlıq-quruculuq işləri aparmalıdır. Bir sözlə, bizim müasir tələblərimizə uyğun şəkildə işləməlidir".

 Zaqatala Rayon İcra Hakimiyyəti aparatı fəaliyyətini məhz cənab Prezidentin tövsiyə etdiyi prinsiplərə uyğun qurmağa çalışır. İnsanların qayğıları ilə yerində və vaxtında məşğul olmaq üçün səyyar qəbulların səmərəli təşkil edilməsi, gərəkli tədbirlərin həyata keçirilməsinə ciddi nəzarət, müraciət və ərizələrə operativ reaksiya, işçi-məmur münasibətlərinin şəffaflığı, qarşılıqlı etimad qazanılan uğurları şərtləndirən amillərdir.

Rayon icra hakimiyyətinə daxil olan müraciətlərdə bir çox vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, respublikada, eləcə də Zaqatalada həyata keçirilən möhtəşəm quruculuq işlərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirirlər.

Rayon icra hakimiyyətinin başçısı yanında şuranın iş planında nəzərdə tutulan, eləcə də günün aktual problemlərinin həlli ilə bağlı məsələlər ictimaiyyət nümayəndələrinin iştirakı ilə şuranın geniş yığıncaqlarında müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir. Qərarın, sərəncamın və ya əmrlərin vaxtında yerlərə göndərilməsinə və icrasına ciddi nəzarət olunur.

Rayonda əməkhaqlarının ödənilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı təbəqələrə pensiya və müavinətlərin çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunması kimi məsələlər diqqət mərkəzində saxlanılır, bu sahədə müntəzəm və məqsədyönlü işlər görülür.

Zaqatala rayonu dağlıq ərazidə yerləşir. Bu baxımdan vacib məsələlərdən biri kimi ətraf mühitin, o cümlədən ərazilərin sel sularından kompleks mühafizəsi, həmçinin epidemioloji vəziyyətin sabit saxlanılması ilə əlaqədar daim müvafiq tədbirlər həyata keçirilir.

"Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında respublika Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamının icrası ilə əlaqədar RİH başçısının sərəncamı ilə tədbirlər planı hazırlanıb. Həmin plana uyğun olaraq ötən il 115,5 hektar sahədə mədəni meşə əkini, 9,5 hektar sahədə palıd qozası səpini aparılmış, 4,2 hektar sahədə 835 min ədəd müxtəlif ağac tingi yetişdirilmiş, 325 hektar ərazidə meşələrin təbii bərpası məqsədilə tədbirlər həyata keçirilmişdir.

Azərbaycanda ekoloji problemlərin həllinə daim diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyev 2010-cu ili "Ekologiya ili" elan etmişdir. Bu məqsədlə ötən il rayon ərazisində 291 min müxtəlif təyinatlı ağac əkilmişdir. Bundan əlavə, payız mövsümündə magistral yol kənarlarına 10 mindən çox ağac əkilmiş, fermer təsərrüfatlarında 314 hektar sahədə yeni meyvə-fındıq bağları salınmışdır. Aqrar sahə üzrə 2010-cu ildə toplanacaq məhsul üçün 100 hektardan artıq əraziyə payızlıq taxıl səpilmişdir. Rayonda toxum istehsalı da artmış, fəaliyyətdə olan 7 özəl toxumçuluq təsərrüfatında 2676 ton buğda və 318 ton arpa toxumu istehsal olunmuşdur. Ümumiyyətlə, Zaqatalada da kənd təsərrüfatı məhsulları istehsalçıları dövlət qayğısından yetərincə bəhrələnir, yardım və subsidiyalardan səmərəli istifadə edirlər.

Rayon ərazisindən keçən dağ çaylarının, sel sularının dağıdıcı təsirinin qarşısının alınması məqsədilə çay yataqlarının təmizlənməsi, sahilbərkitmə və qabion bəndlərin quraşdırılması işləri yüksək səviyyədə yerinə yetirilir.

"Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən ötən il dövlət vəsaiti hesabına 372 p/m uzunluğunda seldən mühafizə qurğuları - daş-beton bəndlər tikilib. Bu isə bir çox təbii fəlakətin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir.

Zaqatalada sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb. Rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən 73 layihə üzrə 1,7 milyon manat həcmində güzəştli kredit verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda Zaqatalada keçirilmiş tədbirdə kreditlərin verilməsinin yeni qaydaları ətraflı izah edilmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə artıq bu ildən başlayaraq mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə (fərdi sahibkarlar üçün 20 faizə) endirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlərin verilmə mexanizmi xeyli sadələşdirilmişdir.

Sahibkar Xalid Məmmədov "Bərəkət" kəndli-fermer və özəl damazlıq təsərrüfatlarına rəhbərlik edir. Təsərrüfat 2000-ci ildən fəaliyyətə başlamış, 2007-ci ildən Kənd Təsərrüfatı Nazirliyində özəl damazlıq təsərrüfatı kimi qeydiyyata alınmışdır. Xalid Məmmədov bildirdi ki, əsasən qoyunçuluqla məşğul olurlar. Ət, yun, pendir, digər süd məhsulları istehsal edirlər. İl ərzində digər fermerlərə 1000 başdan yuxarı "Aqasu" (Səudiyyə Ərəbistanı) cinsindən olan damazlıq qoyun da satmışlar. Respublikanın digər rayonlarından da qoyunçuluqla məşğul olan fermerlər tez-tez "Bərəkət" özəl damazlıq təsərrüfatında olur, qoyunçuluğun inkişaf imkanları ilə maraqlanırlar.

Sahibkar Telman Həsrətov isə özəl toxumçuluq təsərrüfatına rəhbərlik edir. Fəaliyyətlərindən çox razıdır. 10 ildən çoxdur ki, taxılçılıqla məşğul olublar. Son 3 ildə isə toxumçuluq müəssisəsi kimi fəaliyyətlərini davam etdirirlər. Əsasən Zaqatala ərazisində taxılçılıqla məşğul olan fermerləri keyfiyyətli toxumla təmin edirlər. İndiyədək 2500 tondan çox ərzaq buğdası da satmışlar. Telman Həsrətovun qeyd etdiyinə görə, illik orta satış həcmi 1500 tondan yuxarı olur. Bu il 500 hektar sahədə taxıl əkiblər. Onun 250 hektarına "Aqrolizinq" ASC-nin xətti ilə Rusiya Federasiyasından gətirilmiş yüksək keyfiyyətli və məhsuldar növdən olan toxum səpilib. Ümumiyyətlə isə "Kroşka", "Nota", " Tanya" və yerli "Aran" sortlarından istifadə edirlər.

"Drujba" MMC mineral suların və şaftalı, gilas, armud şirələrinin istehsalı ilə məşğuldur. Müəssisənin işçiləri çalışırlar ki, istehsal etdikləri məhsullar keyfiyyəti ilə seçilsin. "Drujba" MMC-nin sədri İdris Babayev həm də camışçılıq üzrə özəl damazlıq təsərrüfatına rəhbərlik edir.

İdris Babayevin özəl damazlıq təsərrüfatı camışçılıq üzrə 2007-ci ildə Kənd Təsərrüfatı Nazirliyində qeydiyyatdan keçib. Camışçılıq xüsusi qayğı tələb edən sahədir. Burada yüksək məhsuldarlığa malik "Murah" və digər cinslər yetişdirilir. 2007-ci ildən bəri yerli fermerlərə və sahibkarlara 500 başdan çox cins camış satılıb. Müəssisədə ət, süd, pendir, qaymaq və digər ağartı məhsullarının istehsalı ilə də məşğuldurlar.

Göründüyü kimi, rayonda sahibkarlıqla məşğul olmaq üçün lazımi şərait yaradılıb. Təki ürəkdə elə-obaya xidmət etmək üçün istək və təpər olsun. Söhbət etdiyimiz hər üç sahibkar uğurlarının dövlət tərəfindən göstərilən maliyyə dəstəyi və rayonda yaradılan şərait sayəsində qazanıldığını bildirdilər.

Rayonda tütünü yeni üsulla emal edən, illik istehsal gücü birnövbəli iş rejimində 3000 ton olan tütün emalı zavodunun tikintisi isə başa çatmaq üzrədir. Zavod üçün ABŞ və İtaliya istehsalı olan texnoloji avadanlıqlar gətirilmiş, 60 ədəd odla tütünqurutma qurğusu quraşdırılmış, 5000 kvadratmetr sahəsi olan anbar binası tikilmiş və 7320 kvadratmetr sahədə müasir şitillik təsərrüfatı yaradılmışdır.

Rayonun Muxax kəndi ərazisində "Gilan" MMC tərəfindən inşa edilən, növbəlik istehsal gücü 10 ton olan süd emalı zavodunda tikinti-quraşdırma işləri başa çatmışdır. Lahıc kəndi ərazisində isə "Aqro vest" MMM tərəfindən inşa edilən fındıq məmulatları istehsalı sexinin tikintisi başa çatmaq üzrədir. Adları çəkilən emal müəssisələri rayon iqtisadiyyatının inkişaf etdirilməsində mühüm rol oynamaqla yanaşı, yüzlərlə yeni iş yerinin açılmasına da imkan yaradacaqdır.

Zaqatala RİH başçısı Mübariz Əhmədzadə bildirdi ki, özəl sektorun inkişafı üçün yaradılmış əlverişli mühit nəticəsində ötən il rayonda istehsal edilmiş sənaye məhsulunun 89 faizi, yerli gəlirlərin isə 94,3 faizi qeyri- dövlət sektorunun payına düşür. O da maraqlıdır ki, dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası nəticəsində ötən il Zaqatalada 563-ü daimi olmaqla, 865 yeni iş yeri açılıb. Son altı ildə isə açılan 11967 iş yerindən 7620-si daimidir. Zaqatalada tikinti, abadlıq və quruculuq sahəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sosial problemlərin həllinə etibarlı zəmin yaradır.

Rayonda dövlət büdcəsi hesabına xeyli yeni obyekt tikilib, bir çox binalar isə əsaslı təmir edilib. Tala çayı üzərində Qafqazda analoqu olmayan asma körpünün tikilib istifadəyə verilməsi şəhərdaxili nəqliyyatın hərəkətini asanlaşdırmaqdan əlavə, estetik görünüşü ilə də göz oxşayır. Azərpoçtun Zaqatala filialının, Dövlət Reyestr Xidmətinin yeni inzibati binalarının, Daxili Qoşunların "N" saylı hərbi hissəsi üçün korpusların, həmçinin 320 şagird yerlik şəhər internat, Mazıx və Paşan kəndlərində 220 şagird yerlik məktəb binalarının, Mamrux kəndində 40 yerlik uşaq bağçasının, Muxax kəndində yeni poçt şöbəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, Əliabad qəsəbəsində 1176 şagird yerlik orta və Car kənd 2 saylı məktəblər əsaslı təmir olunmuşdur. Qazangül qəsəbəsində Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa edilən 36 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmışdır. Səhiyyə sahəsində də əsaslı yenidənqurma və təmir işləri görülmüş, yeni həkim ambulatoriyaları istifadəyə verilmişdir.

Zaqatalada tikinti-quruculuq işlərinin miqyası çox genişdir. Ötən il rayonda 3 milyon manat dəyərində, ümumi sahəsi 10227,2 kvadratmetr olan 85 fərdi yaşayış evi tikilib istifadəyə verilmiş, sahibkarlar tərəfindən yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılmışdır.

Onu da qeyd etmək lazımdır ki, şəhər və kənd əhalisinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün mövcud xətt və qurğuların yenidənqurulmasına, yeni su xətlərinin çəkilməsinə ciddi ehtiyac var. Həmin problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş və bu istiqamətdə müəyyən işlər görülmüşdür. Şəhərin su və kanalizasiya sisteminin yenidənqurulması ilə əlaqədar artıq Dünya Bankının müvafiq layihəsinin icrasına başlanılmışdır. Rayonda əhalinin təbii qaz təchizatı və enerji təminatı ilə bağlı gərəkli tədbirlər həyata keçirilmişdir.

Zaqatala həm də turizm rayonudur. Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsi olaraq rayonda yeni mehmanxanalar, kotteclər, turizm xidməti obyektləri, həmçinin digər sosial obyektlər inşa edilmişdir. Bütün bunlar rayona gələn turistlərin sayının artmasına səbəb olur. 2005-ci ildə Zaqatalaya 470 turist gəlmişdisə, 2009-cu ildə bu rəqəm 3194-ə çatmışdır. Rayonda turizmi daha da inkişaf etdirmək məqsədilə regionların inkişafına dair II Dövlət Proqramında infrastrukturun gücləndirilməsi, mədəni irsin qorunması, Tarix-mədəniyyət qoruğu, Pəri qalası, Alban məbədi, Mosul məscidi və mədəniyyət evlərinin təmiri ilə bağlı layihələr nəzərdə tutulmuşdur.

Bəli, Zaqatala tikilir, yenidən qurulur, abadlaşdırılır, inkişaf edir. RİH başçısı Mübariz Əhmədzadənin verdiyi məlumata görə, dövlət dəstəyindən əlavə, daxili imkanlar hesabına ötən il 1,2 milyon manata yaxın təmir-abadlıq işləri görülmüşdür.

Ölkə Prezidenti İlham Əliyev demişdir: "Biz istəyirik ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılsın, elektrik xətləri, qaz kəmərləri, su kəmərləri çəkilsin, yollar salınsın, müasir nəqliyyat infrastrukturu möhkəmlənsin. Əlbəttə ki, insanları ən çox narahat edən sosial problemlər də uğurla həll edilsin". Dövlət başçısının bu diqqət və qayğısı zaqatalalıların da qurub-yaratmaq, ölkəmizin rifahı naminə çalışmaq əzmini daha da artırır. Hər bir zaqatalalı yaxşı başa düşür ki, qazanılan uğurların davamlılığı üçün üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli, daha fəal və işgüzar olmalıdır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2010.-  30 aprel.- S.  12.