Atam qəhrəmanım idi
Dünyanı dərk etməyə başlayandan atam Əbdül Zeynalovun xasiyyətində görə bildiyim birinci keyfiyyət onun insanlarla ünsiyyət qurmaq bacarığı olub. Çoxlu dostları vardı. Uşaq olsaq da, atamın çörək kəsdiyi, çay süfrəsi arxasında saatlarla söhbət etdiyi, "əmi" deyə çağırdığımız bu insanları televiziya ekranında görəndə, səslərini radiodan eşidəndə onları dərhal tanıyardıq. Məktəbə gedəndən, oxumağı öyrənəndən sonra isə atamın evə gətirdiyi qəzetlərdə dostları ilə birlikdə şəkillərini, haqqında yazılan məqalələri görərdik. O zaman atamın və onun ünsiyyət saxladığı insanların cəmiyyətdəki mövqeyini hələ tam dərk etməmişdik. Bununla belə, həmin insanların əhatəsində ciddiləşər, özümüzü artıq böyümüş hesab edərək sanballı, yəni atamıza layiq aparmağa çalışardıq.
Dostlarının əksəriyyəti İkinci Dünya müharibəsinin odunu-alovunu görmüş keçmiş döyüşçülər idi. Atam onları çox sevir və qiymətləndirirdi. Onların sırasında general-leytenant F.Bokov, general-mayor D.Sızranov, general-mayor M.Quliyev kimi yüksək rütbəli zabitlər, Azərbaycanın Ziya Bünyadov, Bahəddin Mirzəyev kimi igid oğulları - Sovet İttifaqı qəhrəmanları, polkovniklər Rəşid Məcidov, Aslan Vəzirov, Mehdi Mahmudov, Rizvan Zeynalov, V.Şvıtko, D.Dünyamalıyev, M.Babayev və başqaları kimi hünərvər insanlar vardı. Əbdül Zeynalov da onlar üçün çox əziz bir dost idi.
Müharibədə atam onlarla çiyin-çiyinə vuruşmuşdu. Sonra da sədaqətli dostlar kimi bir-birini unutmamışdılar. Deyirlər, hərbi xidmətdə, ələlxüsus da döyüşlərdə yaranan dotsluq polad kimi möhkəm olur. Haqqında danışdığım insanların dostluğu deyilənlərdən, yazılanlardan da möhkəm idi. Bunu mən gözlərimlə görmüşəm.
Atamı tez itirdik - 56-nı təzəcə haqlamışdı. Onda mən dərk etdim ki, müharibə insanların səhhətinə ağır zərbələr vurur. Onun ağırlığını sonralar nə həyatda qazanılan yüksək mövqelər, nə dinc və firavan həyat, nə də sonsuz ailə səadəti yüngülləşdirə bilir... Atam da müharibənin uzun və cəfalı illəri boyu soyuq səngərlərdə canına çoxlu ağrılar yığmış, gözləri qarşısında minlərlə igid həlak olmuş, insan qanı çay kimi axmışdı. Və bütün bunlar onun səhhətində iz qoymamış deyildi.
İllər keçdi, yavaş-yavaş ata dostlarının qatarı da seyrəlməyə başladı. Müharibə qəhrəmanları bir-birinin ardınca dünyalarını dəyişdilər. Biz isə ata ocağından pərvazlanıb hərəmiz özümüzə ev-eşik qurduq. Anamız Cəmilə xanımın yaşadığı ata evimizdə qalan ən qiymətli yadigar isə o qonaqlı-qaralı illərin xoş xatirələri, Əddül Zeynalovun və dostlarının ayrı-ayrılıqda və birlikdə çəkdirdikləri şəkillər, zaman keçdikcə saralan qəzetlər, kitablar oldu.
Atamdan bizə qalan bir əvəzsiz əmanət də onun öyüdləridir. İndi bunlara vəsiyyət də demək olar. Əlbəttə, qətiyyən istəməzdi ki, bir də hərb olsun. "Xalqa xidmət etmək üçün həmişə meydan var. Bunun üçün gərək ziyalı olasan", -deyərdi. Övladlarının da məhz ziyalı kimi yetişməsini istəyirdi. Bizim sənət seçməyimizə müdaxilə etmək fikri də yox idi. Həkim də, müəllim də, mühəndis də, lap dərzi də, çilingər də ola bilərdik. Amma qəlbən, ruhən, bütün varlığımızla ziyalı olmağımız onun üçün çox vacib idi, daha doğrusu bu, onun tələbi idi.
İndi biz artıq müəyyən yaşa çatmış, həyatda öz yerimizi tapmış insanlarıq. Amma hər gün o əziz illəri - atalı günlərimizi xatırlamasaq, bu əziz yadigarlara baxmasaq, hətta doluxsunmasaq belə rahat ola bilmirik.
Neçə illərin yazarı olsam da, indiyədək bu barədə bir cümlə də qələmə almamışam. Deyirlər, gözəlliyi uzaqdan daha yaxşı görmək olur. Mən də həmişə digər müəlliflərin atam haqqında daha yaxşı yazdığını düşünmüşəm. Onu da deyim ki, yazılan məqalələrin heç birinin təşəbbüskarı olmamışam. Çünki mənim gözümdə Əbdül Zeynalov ilk növbədə igid döyüşçü, müharibə qəhrəmanı, cəmiyyətdə sayılıb-seçilən insan, fəal ictimaiyyətçi kimi deyil, məhz ata kimi canlanıb. Nəzərimdə, qəlbimdə ata kimi ucalıb. Nə qədər qəribə olsa da, yalnız bundan sonra mənim üçün qəhrəmana çevrilib. O, ölümündən sonra da həyatda sanki mənimlə yanaşı addımlayıb və həmişə düzgün yol göstərib. Atam mənim gerçək həyatda gördüyüm ilk və əsl qəhrəmanım idi.
Nədənsə uzun illər övladın ata haqqında yazmasını onu tərifləmək, öymək kimi başa düşmüşəm. Qələm götürüb onun həyat yolunu, heç olmasa qan-qada, ölüm-dirim, hünər-rəşadət dolu döyüş yolunu yazmağı təvazökarlıqdan kənar bir hərəkət saymışam. Lakin indi düşünürəm ki, bu gün bizim yeniyetmə və gənclərimizə yaxşı nümunə çox gərəkdir. Onlar ata-babalarını - xalqımızın layiqli oğullarını yaxından tanımalı, onların hansı yollardan keçdiyini bilməli, qəhrəmanlıqlarını öyrənməlidirlər. Bu işdə isə övladlarımıza biz kömək etməliyik. Üstəlik də bu gün, torpaqlarımızın beşdə bir hissəsinin yağı tapdağı altında olduğu bir zamanda, Azərbaycanın igid oğullarının yeni nəslinin bu torpaqları geri almaq üçün Ali Baş Komandanın əmrinə müntəzir dayandığı bir zamanda atalarımızın keçdiyi qəhrəmanlıq yoluna dönə-dönə nəzər salmaq çox vacibdir. Məhz belə bir hünər və rəşadət yolunu Əbdül Zeynalov da keçmişdi!
O, əslən bakılı idi və burada da doğulub boya-başa çatmışdı. Müharibə başlananda 18 yaşı hələ tamam deyildi. Heç orta təhsilini də başa çatdırmamışdı. Hər gün cəbhədən gələn xəbərlər onun qanını coşdurur, fikirlərini qanadlandırırdı. Öz-özünə: "Yox, dayanmaq vaxtı deyil. Getmək lazımdır" - deyirdi.
Bu düşüncələrlə də günlərin birində paytaxtın o vaxtkı Oktyabr rayonunun hərbi komissarlığına gəldi və bildirdi ki, könüllü surətdə cəbhəyə getmək istəyir.
Həmin illərin cavanlarının qayəsi, məqsədi-məramı belə idi. Onlar üçün nə davaya çağırış lazım idi, nə də təbliğat-təşviqat. Yüz minlərlə Azərbaycan oğlu məhz bu sayaq - öz arzusu, ürəyinin hökmü ilə əsgər gedirdi.
Beləcə, 1941-ci ildə yerin-göyün alışıb-yandığı günlərin birində Əbdül Zeynalov da cəbhəyə yola düşür. 223-cü Azərbaycan atıcı diviziyasının tərkibində ilk döyüşlərə atılır. Diviziya vuruşa-vuruşa Qafqaz dağlarından "Kafkazskaya" stansiyasına tərəf irəliləyir. Stansiya uğrunda qızğın döyüşlər gedir. Burada atam ilk dəfə yaralanır. Müalicə olunduqdan sonra birinci qvardiya diviziyasında döyüş yolunu davam etdirir. Lakin çox keçmir ki, ağır döyüşlərin getdiyi çətin günlərdə yenidən yaralanır. Xoşbəxtlikdən bu dəfə də yarası bir o qədər ağır olmur. "Deməli, qismətimdə axıradək döyüşmək var!" qətiyyəti ilə yenidən düşmənlə çarpışmalara atılır. Bu dəfə artıq 416-cı Taqanroq atıcı diviziyasının tərkibində vuruşur.
Xatırladım ki, "Qırmızı Bayraq" və Suvorov ordenlərini şərəflə daşıyan Azərbaycan diviziyasının döyüşçüləri də elə özünəlayiq idilər. Məhz belə döyüşçülərin rəşadəti sayəsində diviziya Qafqazın ətəklərindən başlayaraq Berlinin mərkəzinədək qəhrəmanlıq yolu keçmiş, orada digər hissələrlə sıx əlaqə yaradaraq qüvvələrini hitlerçilərin son mövqelərini darmadağın etməyə yönəltmişdi.
Tarixin bu səhifəsi vərəqlənəndə mən orada yazılmış şanlı adlar sırasında atam Əbdül Zeynalovun da ismini və soyadını görüb qürur hissi duyuram. Bu qürur mənə heç vaxt təkəbbür, yaxud buna bənzər başqa bir hiss deyil, məhz qəlb rahatlığı, məmnun duyğular bəxş edir.
Faşizm üzərində Qələbənin 65 illiyinin yaxınlaşdığı bu günlərdə atam haqqında hekayət danışan köhnə qovluqları yenidən bir-bir açmağa başladım. Dediyim kimi, müharibədən sonrakı illərdə onun haqqında çox yazılıb. Ayrı-ayrı qəzetlərdə ona həsr olunmuş oçerk və məqalələr verilib, sovet dövrünün qaydalarına uyğun olaraq ayrıca təşviqat vərəqələri buraxılıb, vuruşduğu diviziyanın keçdiyi yoldan bəhs edən kitablarda igidliyinə aid çox söz deyilib. "Molodyoj Azerbaydjana" qəzetinin 2 iyun 1965-ci il tarixli nömrəsində atam haqqında maraqlı bir yazı dərc olunmuşdu. Sonralar general Fyodor Bokov "416. Azərbaycan övladlarının ölməz igidliyi" adlı kitabına həmin yazını da daxil etmişdi. İndi o sətirləri yenidən oxuyuram: "1054-cü artilleriya polkunun artilleriya divizionunda hərbi sursat təchizatı vzvodunun komandiri olarkən Əbdül Zeynalov özünü əsl döyüşçü kimi göstərmişdir.
Küstrin
şəhər-qalası uğrunda ağır döyüşlər
gedirdi. Faşistlər
faustpatronlardan sərrast atəş açırdılar. Onlar
qalanın divarları arxasında gizlənmişdilər.
Topları irəli çəkən artilleriya divizionu
qalanın mazğallarını atəşə tutmuşdu.
Qalanın möhkəm divarları arxasında topçulardan
başqa düşmənin pulemyotçuları,
avtomatçıları gizlənmişdilər. Onlar
qoşunlarımızın hücumunu özlərinin atəşi
ilə ləngidirdilər. Qala bəndlərini, istehkamların
divarlarını darmadağın etmək, düşmənin
atəş nöqtəsini susdurmaq lazım idi.
Səhər sübh
dumanı çəkilən kimi divizion düşmən
mövqeyinə atəş açmağa başladı. Qəflətən
döyüş meydanında iyirmiyədək faşist
tankı, havada isə qırıcıların müşayiət
etdiyi bombardmançı təyyarələr
göründü. Top tuşlayıcısının
ağır yaralandığını görən Əbdül
Zeynalov özü düşmənə atəş açmaq
qərarına gəldi. O, faşistlərin iki tankını
vurdu. Digər komandirlər Zeynalovdan nümunə götürərək
daha beş maşını sıradan çıxardılar.
Düşmən zərbəyə davam gətirməyib geri
çəkildi. Piyadalarımız onun geri çəkilməsindən
istifadə edərək irəlilədilər.
Bu igidliyə görə Əbdül
Zeynalov "Qırmızı Ulduz" ordeni ilə təltif
edildi. Berlinin özünədək müharibə
yollarında addımlamış bu şanlı
döyüşçünün sinəsini üç
"Qırmızı ulduz" ordeni və on medal bəzəyir".
Atamın köksü
müharibə haqqında bir yığın xatirə ilə
də dolu idi. O, 1945-ci il aprelin sonu - mayın əvvəlində
qəhrəmancasına vuruşaraq Berlinə necə
çatdıqlarını, hərbi hissələrinin şəhərin
mərkəzinə tərəf necə irəlilədiyini,
küçə və meydanlarda gecəli-gündüzlü
necə döyüşdüklərini yada saldıqca elə
bil həmin günləri təzədən yaşayırdı.
Berlinin Branderburq darvazasına yaxınlaşdıqda pusquda
durmuş düşmən tankları və topları ilə
rastlaşırlar. Dəhşətli bir vuruşma
başlayır. Bu zaman məğlubiyyəti ilə
barışmaq istəməyən faşistlər sanki
yaralı bir vəhşiyə dönüblərmiş...
Bütün bunlar qəlbimizi
incitməsin deyə, atam bir dəfə bizə şənlik-şuxluq
gətirən bir xatirə də danışmışdı.
Daha bir maraqlı xatirəni
də bizə bibim Əsməd xanım
danışmışdı. Çoxdandır atamdan məktub
gəlmirmiş. Bir gün poçtalyonun həyətə gəldiyini
görən babam kərbəlayi İmanqulu kişi cəld
gedib onu qarşılayır, məktubu tez əlindən
alır. Lakin zərfin üstündə
tanımadığı xətlə başqa adamın
adını görəndə kişinin rəngi
avazıyır. Güman edir ki, yəqin oğlunun
başında bir hadisə var. Amma zərfi açıb məktubu
oxuyanda məlum olur ki, Əbdülün orden alması
münasibətilə komandirlər valideynləri təbrik
edirlər... Atam qələbədən 2 il sonra, 1947-ci ildə
vətənə dönüb. Bu müddətdə o, Berlində
bərpa-quruculuq işlərində çalışıb.
Atam elə bir ömür
yaşayıb ki, xalqına, el-obasına, ata-anasına onun əməllərindən
həm hərb, həm də sülh illərində həmişə
başucalığı gəlib. Sonra da bundan biz -
övladları qürur duymuşuq. Əgər müharibədə
şücaəti ilə fərqlənibsə sonrakı illərdə
ona tapşırılan vəzifələrdə etimadı
doğrultması, insanlara bacardığı köməyi
göstərməsi ilə seçilib. Həmişə sadə,
xeyirxah və rəhmdil olub. Bu keyfiyyətlər bir tərəfdən
onun öz təbiətindən, genlərindən "qida"
alırdısa, digər tərəfdən müharibə
yollarında keçdiyi sınaqlar onları daha da
artırıb gücləndirirdi. İnsanın dünyanın
ən böyük xəzinəsi, insan həyatının ən
əvəzsiz nemət olduğunu Əbdül Zeynalova
müharibə göstərmişdi...
Atamın müharibənin odundan-alovundan keçmiş ömür kitabından aldığımız dərslər indi də çox gərəyimizdir. Bu insanların keçdiyi mərdlik və qəhrəmanlıq yolunu hər zaman öyrənməli, nəsillərdən-nəsillərə ötürməliyik. Bu bizim həm mənəvi, həm də müqəddəs borcumuzdur.
İradə ƏLİYEVA
Azərbaycan.- 2010.- 30
aprel.- S. 14.