Mehriban Xanım Əliyevanın çıxışı

 

- Hörmətli cənab Prezident!

Hörmətli xanım baş direktor!

Əziz qonaqlar!

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Qəbələdə sizi səmimi qəlbdən salamlayıram. Qəbələ təkcə Azərbaycanın yox, dünyanın ən gözəl guşələrindən biridir. Qəbələnin zəngin tarixi və əsrarəngiz təbiəti vardır. Yeni eranın əvvəlində Qəbələ dünyanın ən qədim sivilizasiyalarından biri olan Qafqaz Albaniyasının paytaxtı idi. Əsrlər boyu burada müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli ənənələrə və mədəniyyətə malik olan insanlar yaşayıblar. Təbii ki, hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoyub. Qəbələ torpağına qədəm qoyan hər bir insan tarixin nəfəsini, əsrlərin ruhunu duyub hiss edir. Zaman keçdikcə dövlətlər, sivilizasiyalar, xalqlar və millətlər yaranır və yox olurdu. Dəyişməyən, əbədi olan bu dağların möhtəşəmliyi, çay və bulaqların aramsız axarı və əsrlərin şahidi olan ağacların səmaya doğru ucalmasıdır. Qəbələnin füsunkar təbiətinin özü elə bil ki, təkrarsız bir musiqi əsəri yaradır və bizləri bu əsəri dinləməyə dəvət edir.

Bu gün dünya xəritəsində Qafqaz Albaniyası artıq yoxdur. Lakin Qəbələ bu gün yenə də paytaxtdır - mədəniyyət, musiqi paytaxtı. Qəbələ Beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Bu festival günləri bu səhnədə dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcəkdir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər bu səhnəyə çıxacaqlar. Kamera, klassik, folklor, caz musiqisi səslənəcək, bölgədə olan musiqi məktəblərinin şagirdləri ilə ustad dərsləri keçiriləcək, peşəkarlıq əməkdaşlığı yaranacaqdır. Bir sözlə, bütün bu günlər bizim hamımızı - həm tamaşaçıları, həm ifaçıları bir amil - musiqi birləşdirəcəkdir. Musiqinin dili tərcümə tələb etmir. Bu dil millətdən, dindən asılı olmayaraq hər kəs üçün aydındır.

Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir və Heydər Əliyev Fondu öz növbəsində, ölkəmizin musiqi irsinin qorunub saxlanması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. Mən bu sırada Beynəlxalq muğam festivalı, Mstislav Rostropoviç adına musiqi festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş festivalları vurğulamaq istərdim. Qəbələ Beynəlxalq musiqi festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanmasında Heydər Əliyev Fondu tərəfindən atılan növbəti bir addımdır.

Bu gün mən xanım Bokovaya dərin minnətdarlığımı çatdırmaq istəyirəm. Xanım Bokova YUNESKO-nun baş direktoru vəzifəsində öz ilk səfərləri sırasında ölkəmizə gəlib və bu gün bizimlə Qəbələ festivalında iştirak edir. Azərbaycan ilə YUNESKO arasında çox sıx əməkdaşlıq mövcuddur. Son illər Heydər Əliyev Fondunun iştirakı və YUNESKO-nun dəstəyi ilə bir sıra iri layihələr artıq reallaşdırılıb. Mən bu sırada Beynəlxalq Muğam Mərkəzinin yaradılması, Beynəlxalq muğam festivalının keçirilməsi, mədəni və tarixi abidələrin bərpası, təhsil sahəsində olan layihələri vurğulamaq istərdim. Mən ümidvaram ki, xanım Bokovanın ölkəmizə səfəri bu əməkdaşlığın inkişafına güclü təkan verəcəkdir.

Cənab Prezident, gərgin qrafikinizə baxmayaraq, bu gün burada olduğunuza görə Sizə minnətdaram. Mən əminəm ki, Sizin dəstəyiniz festivalın bütün iştirakçıları, xüsusilə də gənc ifaçılar üçün həddindən artıq önəmlidir.

Festivalda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri səmimi qəlbdən salamlayıram və onlara təşəkkürümü bildirirəm. Bu musiqi bayramı ilk növbədə, sizin sayənizdə baş verir və mən sizin hamınıza Azərbaycana "Xoş gəlmisiniz" deyirəm.

Festivalın təşkilində əməyi olan hər bir insana, o cümlədən Heydər Əliyev Fondunun komandasına və yerli administrasiyaya dərin minnətdarlığımı bildirirəm. Bütün festival iştirakçılarına səmimi qəlbdən uğurlar arzulayıram və ümidvaram ki, möhtəşəm təbiət və dahi musiqinin qovuşması heç kimi biganə qoymayacaq və Qəbələ festivalı əsl gözəllik təntənəsinə çevriləcəkdir. Çox sağ olun.

 

 

Azərbaycan.- 2010.-  1 avqust.- S.  1.