Azərbaycan-Türkiyə tərəfdaşlığı regionda sabitlik və inkişafın əsas qarantıdır

 

Hər bir dövlətin xarici siyasətdə xüsusi önəm verdiyi ölkələr olurbu prizmadan Azərbaycan-Türkiyə münasibətlərinin də tarixin sərt sınaqlarından uğurla çıxdığını əminliklə demək mümkündür. İki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətləri ötən müddətdə ən yüksək pilləyə yüksəlmiş, əbədi və dönməz xarakter almışdır. Ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə, bütövlükdə regionun siyasi taleyinin müəyyənləşməsində mühüm rol oynayır. Bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir.

 

İki ölkə ilk növbədə bir sıra regional layihələrin həyata keçirilməsi sahəsində səmərəli və fəal əməkdaşlıq edir. Xüsusən də 2007-ci ildə tikintisinə başlanılmış Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan və Türkiyənin regional mövqeyini, tranzit əhəmiyyətini nəzərəçarpacaq səviyyədə artırır. Bundan başqa, Türkiyə hələ 1994-cü ildə Qərb şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi"ndə pay bölgüsü olan dövlət kimi Azərbaycanın enerji resurslarının hasilatı və dünya bazarlarına ixracı prosesində fəal iştirak imkanlarına malikdir. 1992-ci ildə respublikamızda fəaliyyətə başlayan Türk Petrolları Anonim Ortaqlığı (TPAO) şirkəti bu tarixi müqavilədə 6,75 faizlik iştirak paya malikdir. Şirkət "Şahdəniz" yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində 9 faizlik iştirak payına malik olmaqla yanaşı, "Araz-Alov-Şərq" və "Kürdaşı" yataqlarında hasilatın pay bölgüsü sazişlərinin bilavasitə iştirakçısıdır.

Hazırda Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün optimal ixrac marşrutları sistemi mövcuddur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istismara verilməsi təkcə respublikamızın deyil, həm də Türkiyə və Gürcüstanın regiondakı əhəmiyyətini xeyli dərəcədə artırmışdır. Qardaş ölkənin TPAO şirkəti də bu qlobal enerji layihələrinin fəal iştirakçılarından biri olmuşdur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinin reallaşdırılması məqsədilə yaradılmış "BTC Ko"-nun səhmdarlarından olan şirkət adı çəkilən layihədə 6,53 faizlik iştirak payı əldə etmişdir. Bundan əlavə, TPAO şirkəti "Şahdəniz" qazının Türkiyə və Avropa bazarlarına ixracını nəzərdə tutan Cənubi Qafqaz boru kəməri layihəsinin maliyyə səhmdarlarından biridir. Ötən illərdə şirkət Azərbaycanın neftqaz layihələrinə 1,8 milyard dollardan artıq sərmayə yönəltmişdir.

Ulu öndər Heydər Əliyev 90-cı illərin ortalarında Azərbaycan neftinin Qərbə nəqli ilə bağlı strateji əhəmiyyətli neft boru kəmərlərinin məhz Türkiyə ərazisindən keçməsini hərtərəfli əsaslandırmış, qardaş ölkə ilə strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirən ciddi addımlar atmışdır. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 2006-cı ilin iyulunda istifadəyə verilməsi Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin güclənməsində, eləcə də ölkələrimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmışdır.

Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər, heç də sırf enerji-kommunikasiya layihələri ilə məhdudlaşmır. Türk adamlarının Azərbaycanda bizneslə məşğul olmasına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirməsinə bütün zəruri imkanlar yaradılmışdır. Respublikamızda yaradılmış əlverişli sərmayə mühiti türk adamlarının ölkəmizə inamını getdikcə artırır. Bunun nəticəsi olaraq iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır. 2003-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 300 milyon ABŞ dolları təşkil etdiyi halda, hazırda bu rəqəm 2 milyard dollara çatmışdır. Azərbaycan neftinin əsas alıcısı olan İtaliyanı istisna etsək, Türkiyə Azərbaycanın əsas ticarət partnyoru sayılır. Hazırda respublikamızda 230-dan artıq türk şirkəti fəaliyyət göstərir və həmin şirkətlərdə 30 mindən artıq Azərbaycan vətəndaşı çalışır. Türk adamları indiyədək ölkəmizə 2 milyard dollardan artıq sərmayə yatırmışlar. Ölkəmizdə fəaliyyət göstərən türk adamlarının 1994-cü ildə yaratdıqları Türkiyə Sənayeçi İş Adamları Birliyi (TÜSİAB) ölkəmizin iqtisadi həyatında fəal iştirak edir.

Azərbaycanla Türkiyə arasında mədəni-humanitar və elmi-texniki əlaqələr də yüksələn xətlə inkişaf edir. Elm və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf etdirilir. Hazırda qardaş ölkədə təhsil alan Azərbaycan tələbələrinin sayı 3000 nəfərə çatır. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaq imkanı əldə etmişlər. Müstəqil dövlət quruculuğu yolunda Azərbaycana siyasiiqtisadi yardım göstərən Türkiyə Cümhuriyyəti müstəqil dövlətçiliyin əsas atributlarından olan ordu quruculuğu sahəsində də öz potensialından bəhrələnməyə imkan yaratmışdır. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan ordusu üçün zabit kadrlarının hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın möhkəmləndirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oynamışdır.

Son illərin geosiyasi reallıqları göstərir ki, Türkiyə Avropada, Yaxın Şərqdə və dünyanın digər regionlarında əsasən qərbyönlü, NATO ölkələri ilə uzlaşdırılmış siyasət yeritməklə yanaşı, bir sıra milli məsələlərdə öz maraqları çərçivəsində çıxış edir. Qardaş ölkə ilə Yunanıstan arasında Kiprlə bağlı problemin olması, Türkiyənin islam aləminə mənsubluğu, əhali resurslarının genişliyi, sürətli demoqrafik artım və digər məsələlər bəzi Avropa dövlətlərinin qısqanc münasibəti ilə qarşılanır. Fələstin problemini, habelə Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq donanması"na məlum silahlı hücumla bağlı Türkiyə-İsrail münasibətlərinin gərginləşməsini də buraya əlavə etmək olar.

Türkiyənin Yaxın və Orta Şərq dövlətləri, müsəlman dünyası, Cənubi Qafqaz və digər region dövlətləri ilə münasibətlərində həm Qərbin, NATO-nun və beynəlxalq hüquq normalarının tələbləri, həm də dini, etnikregional faktorlar nəzərə alınır. Və bu da bəzən rəsmi Ankaranı Qərbdəki müttəfiqləri ilə üz-üzə qoyur. Türkiyənin Avropa Birliyinə gedən yolunda müxtəlif süni maneələrin ortaya atılması da məhz bu ölkənin regionda artan roluna və potensialına Avropada ehtiyatlı münasibətin təzahürüdür. Bütün bu reallıqlar fonunda rəsmi Ankara regionda güvənməli həqiqi tərəfdaşının məhz Azərbaycan olduğunun da yaxşı fərqindədir. Həm də ona görə ki, Azərbaycan Türkiyə ilə münasibətlərini hər zaman ümummilli lider Heydər Əliyevin "bir millət iki dövlət" devizinə uyğun quraraq mövcud əlaqələrin yüksələn templə inkişafına çalışmış, bunun üçün bütün zəruri addımları atmışdır.

Ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq mövqelərdən çıxış edirlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edir, rəsmi Bakı öz növbəsində uydurma "erməni soyqırımı"nın ifşa olunmasında rəsmi Ankara ilə birgə addımlar atır. Xatırlatmaq lazımdır ki, 2009-cu ilin fevralından rəsmi Ankaranın Ermənistanla sərhədləri açacağı ilə bağlı yayılan məlumatların istər Türkiyədə, istərsə də Azərbaycanda müxtəlif səviyyələrdə narazılıqla qarşılanması, ciddi müzakirə obyektinə çevrilməsi iki dost, qardaş ölkə arasındakı münasibətlərin əlahiddə xarakterindən irəli gəlirdi. Lakin siyasətdə nə qədər çətin, mürəkkəb situasiyalar olsa belə, müəyyən mənəvi-əxlaqi dəyərlər, milli maraqlar sonda sözünü deyir. Zəngin dövlətçilik təcrübəsinə, iqtisadi, siyasi və hərbi potensiala malik Türkiyə də yayılan əsassız məlumatlara rəğmən, sonda milli maraqlarını müdafiə etmək, müstəqil siyasət yeritmək niyyətində olduğunu sübuta yetirdi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, eləcə də Prezident Abdullah Gül bu məlumatların reallıqdan uzaq olduğunu bəyan etdilər.

Cənab Rəcəb Tayyib Ərdoğanın ötən ilin may ayında Bakıda verdiyi açıqlamalar isə eyni zamanda rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə prinsipial və dəyişməz mövqeyini ifadə edir. "Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirlikləri Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu güneyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. Çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir" - deyə cənab Ərdoğan vurğulamışdır.

Türkiyə-Azərbaycan tərəfdaşlığının növbəti çətin sınaqdan üzüağ çıxması isə ümumtürk birliyinə qarşı yönəlmiş təhdidlərə, qısqanc yanaşmalara layiqli cavab kimi də dəyərləndirilə bilər. PKK-ya qarşı antiterror əməliyyatları həyata keçirən Türkiyə belə həssas məqamda düşünülmüş addım atmağa çalışır. Bu ilin aprel ayında bədnam erməni lobbisinin təsiri altında Amerika Konqresində qondarma "soyqırımı" məsələsinin ciddiliklə gündəmə gəlməsi rəsmi Ankaranı ənənəvi siyasətində müəyyən korrektələr etməyə, ümumtürk birliyi xəttinin gücləndirməyə sövq edir. Türkiyə hökuməti PKK-ya qarşı mübarizədə müttəfiq saydığı Qərb dövlətlərindən gözlədiyi siyasi və mənəvi dəstəyi məhz Şərqdə - tarixi tellərlə bağlı olduğu türkdilli dövlətlərdən ala biləcəyini yaxşı başa düşür. Rəsmi Bakı isə bununla yanaşı, həm də qondarma "erməni soyqırımı"nın ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin "Azadlıq" donanmasına hücumu məsələlərində Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir.

Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır, ölkəmizlə səmimi dostluq və qardaşlıq münasibətini uca tutur, əməkdaşlıq istiqamətində real addımlar atır. Bu günlərdə qardaş ölkənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri də ikitərəfli iqtisadi əlaqələrin yüksələn xətlə inkişafından xəbər verir. Qonaq müsahibəsində bildirmişdir ki, səfərin məqsədi Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafını, eləcə də bölgədə olduğu kimi, dünyanın hər bir yerində adamlarımızın birlikdə qura bilmələri üçün fəaliyyət göstərmələrini təmin etməkdir.

Dövlət nazirini qəbul edən Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etmiş, habelə bu əlaqələri daha da genişləndirmək üçün imkanların mövcudluğunu vurğulamışdır. Nazirlə birlikdə türkiyəli adamlarının da ölkəmizə səfər etməsinə toxunan dövlət başçısı bunun yerli adamları ilə fəaliyyət qurmaq və əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu demişdir.

Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan böyük inkişaf proseslərinin bu gün uğurla davam etməsindən məmnun olduğunu bildirmişdir. Bir il əvvəl ölkəmizə səfərini xatırlayan Zəfər Çağlayan ötən dövr ərzində şəhərdə yeni-yeni gözəl binaların tikildiyinin, geniş yolların salındığının və Bakıda dünyanın heç bir ölkəsində olmayan yüksəlişin şahidi olduğunu qeyd etmişdir. Türkiyənin dövlət naziri yaxın illərdə iki müttəfiq ölkə arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılmasının mümkünlüyünü qeyd etmişdir.

Ümumiyyətlə, son illərin reallıqları göstərir ki, bu gün Azərbaycan və Türkiyənin bir-biri qədər yaxın dostu yoxdurbundan sonra da olmayacaq. İki ölkəni birləşdirən dəyərlər - ilk növbədə onların ortaq soykökü, mədəniyyəti, ənənələri, dili, dini, ortaq maraqlarıdır. Konkret olaraq Türkiyə və Azərbaycanın timsalında sıx əməkdaşlığın region üçün nə qədər aktual, gərəkli, əhəmiyyətli olması real təsdiqini tapır. Regionda son iki ildə cərəyan edən mürəkkəb siyasi proseslər fonunda Türkiyə-Azərbaycan tərəfdaşlığının daha bir ciddi sınaqdan uğurla çıxdığını əminliklə demək olar.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 1 avqust.- S. 2.