İqtisadi siyasətdə şəffaflıq amili

 

Sosial-iqtisadi inkişafın unikal Azərbaycan modelinin reallaşması sayəsində Azərbaycan iqtisadiyyatı öz inkişaf tempinə görə dünya liderlərindən birinə çevrilmişdir. Azərbaycan dünyada çox etibarlı ölkə və etibarlı tərəfdaş kimi tanınmış, onun dünya iqtisadi sisteminə inteqrasiyası güclənmişdir. Azərbaycan Respublikasının sürətlə inkişaf edərək özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə gəlib çatması və MDB məkanında ilk olaraq bazar iqtisadiyyatına keçid prosesinin başa çatmasını bəyan etməsi də məhz bu inkişaf modelinə əsaslanır.

 

Mübaliğəsiz demək olar ki, əldə edilən uğurlar ulu öndər Heydər Əliyevin iqtisadi strategiyasını uğurla davam etdirən və təlatümlü dünya iqtisadi məkanında Azərbaycanın milli maraqlarının qorunmasına, ölkəmizin təbii sərvətlərindən xalqın rifahı naminə səmərəli istifadə edilməsinə, regionların tərəqqisinə rəvac verən möhtərəm Prezident İlham Əliyevin cəsarətli və uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir.

Azərbaycanda iqtisadi inkişaf modelini səciyyələndirən xüsusiyyətlərdən biri də idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsidir.

Çox səciyyəvidir ki, şəffaflıq və korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuş, bu istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmişdir.

Xüsusilə əlamətdardır ki, qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı qanun, fərman və sərəncamlarda müntəzəm olaraq təsbit olunur. Bunlara misal olaraq, "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanını (24 noyabr 2003-cü il), "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununu (13 yanvar 2004-cü il), "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramını (2004-2006-cı illər)", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nı, "Daxili audit haqqında" Azərbaycan Respublikasının Qanununu (22 may 2007-ci il), "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununu (10 fevral 2009-cu il) və digərlərini göstərmək olar.

Belə bir sual yarana bilər ki, şəffaflığın təmin olunması zərurəti nədən irəli gəlir?

Hər bir ölkədə şəffaflıq demokratiyanın mühüm ünsürlərindən biri kimi qiymətləndirilir.

Nəzərə almaq lazımdır ki, müasir şəraitdə şəffaflığın artırılması və bununla bilavasitə bağlı olan korrupsiyaya qarşı mübarizə dünyəvi bir problem olaraq, bütün ölkələrdə xüsusi səylər tələb edir. Beynəlxalq təcrübə də göstərir ki, şəffaflığı yüksək olan maliyyə sisteminin səmərəliliyi şəffaf olmayan sistemdən qat-qat yüksək olur. İqtisadiyyatın idarə olunmasında səmərəli qərarların qəbul edilməsi, təkcə dövlətin deyil, eyni zamanda, sahibkarların və əhalinin mənafelərinin qorunması sahəsində real zəmin yaranır.

Aparılan araşdırmalar göstərir ki, nəinki keçid iqtisadiyyatı ölkələrində, hətta inkişaf etmiş dövlətlərdə də maliyyə şəffaflığının təmin edilməsi, korrupsiyaya və iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində ciddi problemlər mövcuddur. Faktlara müraciət edək: son illərdə aparılmış araşdırmaların nəticələri göstərmişdir ki, Qərbi Avropada müəssisələrin 21 faizində, Mərkəzi və Şərqi Avropada isə müəssisələrin 22 faizində şəffaflıq lazımi səviyyədə təmin olunmur və ciddi korrupsiya halları mövcuddur. Məhz şəffaflığın olmaması üzündən bir çox ölkələrdə "gizli iqtisadiyyatı"n miqyası artmaqdadır.

ABŞ-da maliyyə fırıldaqları nəticəsində dəymiş ümumi zərər ABŞ şirkətlərinin gəlirinin təxminən 5 faizinə bərabər olmaqla, 652 milyard dollar təşkil etmişdir. Bütün bunlar isə həmin ölkələrdə hələ də tam səngiməyən və hətta yenidən güclənmə ehtimalı olan iqtisadi-maliyyə böhranlarının yaranmasında az rol oynamamışdır.

Başqa bir mənbədən aydın olur ki, hər gün xarici valyutaların mübadilə məntəqələrində bütün dünya üzrə səhm bazarlarının satış həcmindən 100 dəfə çox - 2 trilyon dollar vəsait dövr edir və bunun cəmi 2 faizinin real mallar və xidmətlərin hərəkətini əks etdirən "real" iqtisadiyyata aidiyyəti vardır.

Heç də təsadüfi deyil ki, dünya iqtisadiyyatında baş verən prosesləri dərindən izləyən və iqtisadi siyasəti bütün beynəlxalq və xarici maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilən ölkə Prezidenti cənab İlham Əliyev şəffaflıq probleminin həllini daim diqqət mərkəzində saxlayır. Hələ bir müddət əvvəl Prezident İlham Əliyev demişdir: "Biz bütün maliyyə sistemində şəffaflığı təmin etməliyik və belə olan halda, Azərbaycanda həm korrupsiyanın aradan qaldırılması məsələsi öz həllini tapa bilər, həm də xərclər Azərbaycanın iqtisadiyyatının inkişafına daha məqsədyönlü şəkildə xidmət göstərə bilər. Eyni zamanda, biz inflyasiyanın azaldılmasına da nail ola bilərik".

Qeyd etmək lazımdır ki, son illərdə şəffaflığın artırılması üzrə ölkəmizdə mühüm işlər görülmüşdür və bu sahədə tədbirlər uğurla davam etdirilməkdədir.

Maliyyə şəffaflığının təmin olunması istiqamətində respublikamızda görülən tədbirlər beynəlxalq peşəkar qurumlar tərəfindən böyük maraqla qarşılanır. Bunun əsas səbəbi maliyyə şəffaflığının təmin edilməsinin BMT, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi qurumların çoxsaylı direktiv, tövsiyə və göstərişlərində əksini tapması, habelə Beynəlxalq Mühasiblər Federasiyasının, Qlobal daxili auditorlar təşkilatının, ACCA-nın, Avropa Mühasiblər və Auditorlar Konfederasiyasının və digər təşkilatların mühüm tələbi olmasıdır. Təsadüfi deyil ki, şəffaflıq maliyyə hesabatlarının beynəlxalq standartlarının üç əsas prinsipindən biridir.

Azərbaycan maliyyə şəffaflığının təmin olunması istiqamətində yüksək hüquqi bazaya malik olan ölkələr arasında özünə layiqli yer tutmuşdur. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və digər normativ hüquqi sənədlərin qəbul olunması onu göstərir ki, Azərbaycan dövləti tərəfindən ölkədə maliyyə şəffaflığının təmin olunmasına böyük əhəmiyyət verilir.

Ölkə iqtisadiyyatında yüksək şəffaflığa nail olunmasının istiqamətlərindən biri kimi beynəlxalq standartların tətbiqi zərurəti xüsusi qeyd olunmalıdır. Bu zaman beynəlxalq standartlar dedikdə, istər beynəlxalq maliyyə hesabatı standartları, istər beynəlxalq mühasibat uçotu və audit standartları, istərsə də beynəlxalq nəzarət prosedur və qaydaları əhatə edilməlidir. Bütün bunlar Azərbaycan Prezidentinin diqqətində olan və təxirəsalınmaz həllini gözləyən məsələlərdir. Bu mənada onun bu fikirləri çox ibrətamizdir: "Bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Bütün biznes strukturları şəffaf olmalıdır. Biznes strukturları başa düşməlidirlər ki, əgər onlar dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirlərsə, öz biznesini böyütmək və xarici bazarlara çıxmaq istəyirlərsə, - mən görürəm ki, bu var, - onlar mütləq və mütləq dünya praktikasını tətbiq etməlidirlər. Onlar beynəlxalq auditə məruz qalmalıdırlar, bütün mühasibat sistemini müasir səviyyəyə qaldırmalıdırlar. Bütün pul əməliyyatları şəffaf olmalıdır. Belə olmasa, onları dünya biznes məkanında heç kim qəbul etməyəcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı Auditorlar Palatası da bu il yanvarın 1-dən ölkədə fəaliyyət göstərən sərbəst auditorlar və auditor təşkilatları üçün Beynəlxalq Audit Standartlarının tətbiqinə başlamışdır.

Yeni standartların tətbiqi Azərbaycanda həyata keçirilən iqtisadi islahatların ayrılmaz hissəsidir və dövlət başçısının tövsiyələri və tapşırıqları əsasında həyata keçirilir. Standartların tətbiqi ilə əlaqədar "Peşəkar mühasiblərin etika məcəlləsi. Beynəlxalq audit standartları" kitabı nəşr olunmuşdur.

Ümumiyyətlə, ölkəmizin sürətli iqtisadi inkişafı və dünyaya inteqrasiyası beynəlxalq mühasibat uçotu standartlarının və beynəlxalq audit standartlarının tətbiqini zəruri etmişdir. Artıq bu istiqamətdə işlər görülür və uğurlu nəticələr mövcuddur. Beynəlxalq standartların təsərrüfat subyektlərində tətbiqi üçün vergi qanunvericiliyində də bəzi əlavə və dəyişikliklər edilmişdir. Ölkə rəhbərliyinin şəffaflığa dair tələb və tapşırıqları ciddi şəkildə nəzərə alınmaqla, gələcəkdə beynəlxalq standartların daha geniş miqyasda tətbiqi üçün işlərin sürətləndirilməsi vacibdir.

Son illərdə bir çox dövlət qurumları, o cümlədən Mərkəzi Bank, Dövlət Neft Fondu, Azərbaycan Dövlət Neft Şirkəti öz fəaliyyətlərini yüksək şəffaflıq səviyyəsində qurmağa nail olmuşlar. Məsələn, Neft Fondunun fəaliyyəti barədə illik hesabatlar mətbuatda mütəmadi dərc etdirilir, Neft Fondunun internet səhifəsində yerləşdirilir, Fondun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədilə media nümayəndələri üçün vaxtaşırı mətbuat konfransları təşkil edilir və s. Məhz bu görülən işlərin nəticəsidir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu dövlət xidmətində şəffaflığın və məsuliyyətin artırılması üzrə "BMT-nin Dövlət qulluğu mükafatı"na layiq görülmüşdür. Həm də Azərbaycan Neft Fondu Şərqi Avropa və MDB ölkələrində "BMT-nin Dövlət qulluğu mükafatı"na layiq görülən birinci dövlət qurumudur.

Hazırda Neft Fondunun timsalında Azərbaycan şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan ölkəyə çevrilmişdir.

Dövlət Neft Fondunun fəaliyyəti ölkəmizin bütün vətəndaşları üçün zəruri olduğu qədər də şəffaf və əlçatandır. Bunun bariz ifadəsi kimi bu günlərdə mətbuatda dərc edilmiş Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin icrası haqqında" 22 iyul 2010-cu il tarixli sərəncamını göstərmək olar. Sərəncamdan da göründüyü kimi, Dövlət Neft Fondunun maliyyə fəaliyyəti nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən audit olunur və fondun büdcəsinin istər gəlirlər, istərsə də xərclər üzrə bütün əsas göstəriciləri mətbuatda dərc edilir. Təsdiq edilmiş rəqəmdən də göründüyü kimi, Neft Fondunun vəsaitləri təkcə dövlət büdcəsinə transfert olunmamış, eyni zamanda Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsinə, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinə, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə və qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir.

Şəffaflığın təmin olunması istiqamətində ölkəmizdə görülən tədbirlər xarici mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir. Almaniya Daxili Auditorlar İnstitutu Direktorlar Şurasının üzvü, professor Tomas Amlinqin bununla bağlı dedikləri bu mənada çox önəmlidir. Alman professoru qeyd edir ki, Azərbaycan daxili audit sahəsində çoxlu nailiyyətlər əldə edib və bir çox ölkələrə nümunə ola bilər. Almaniyada maliyyə xidmətləri sektorunda müəyyən əsasnamələr mövcud olsa da, onlar Azərbaycanın bu sahədəki qanunu qədər əhatəli və hərtərəfli deyildir.

Qloballaşan iqtisadiyyat şəraitində Prezident İlham Əliyev tərəfindən ölkəmizdə iqtisadi fəaliyyətin bütün sahələrində şəffaflığın artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə Bakıda bu mövzuda beynəlxalq tədbirlərin təşkili artıq ənənəyə çevirmişdir. Bu, bir tərəfdən, ölkələr arasında təcrübə mübadiləsinin zəruriliyi amili ilə bağlıdırsa, digər tərəfdən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsinin beynəlxalq aləmdə böyük maraq doğurması ilə əlaqədardır. 2008-ci ildə Bakıda "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans iqtisadi mühitdə böyük maraq doğurmuş, ölkəmizin təcrübəsi ayrı-ayrı mütəxəssislər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

"Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu" mövzusunda ötənilki iki günlük beynəlxalq elmi-praktik konfrans da beynəlxalq aləmdə böyük maraq doğurmuşdur ki, bu da onun qarşıya qoyduğu məsələlərlə izah edilir.

Prezident İlham Əliyevin iqtisadi siyasətində şəffaflıq kateqoriyası onun 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da özünün sistemli həllini tapmışdır. Ümumiyyətlə, bütün sahələrdə olduğu kimi, şəffaflığın təminatı istiqamətində də Prezident İlham Əliyevin siyasəti öz sistemliliyi, kompleksliyi və dönməzliyi ilə səciyyələnir. "Milli Strategiya" da öz əhatəliliyi və təkmilliyi baxımından çox əhəmiyyətli bir sənəd olmaqla, cəmiyyətimiz üçün həyati vacib olan bir sıra sahələri əhatə edir. Bütövlükdə "Milli Strategiya"nın qəbulunu şərtləndirən amillərdən biri 2004-2006-cı illər üçün korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramına uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyidir.

Şəffaflığın artırılmasına və korrupsiyaya qarşı mübarizəyə geniş ictimai dairələrin cəlb edilməsi ölkə Prezidentinin daim diqqətində duran məsələlərdəndir. Bunu dəfələrlə qeyd etdiyimiz "Milli Strategiya"dan da aydın görmək olar: korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış orqanların öz fəaliyyətlərini ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri ilə əlaqəli şəkildə qurmalı olduqlarının bu sənəddə konkret vurğulanması diqqətçəkəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün təsdiq edilmiş fəaliyyət planında təsərrüfat subyektlərinin işində şəffaflığın təmin olunması istiqamətində qarşıya bir sıra mühüm vəzifələr qoyulmuşdur. Ona görə də qabaqcıl beynəlxalq metodologiyaya əsaslanaraq respublikanın regionlarında zəruri maarifləndirmə işlərinin həyata keçirilməsi mühüm önəm daşıyır.

"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı fəaliyyət planına əsasən beynəlxalq standartların tətbiqinə həsr olunmuş tədbirlərin keçirilməsi ilə əlaqədar olaraq 2010-cu ilin mart-may aylarında ölkənin bir sıra regionlarında rayon, şəhər icra hakimiyyətləri Auditorlar Palatası və ACCA-nın Azərbaycanda akkreditə olunmuş tədris mərkəzi olan GRBS-nin birgə təşkilatçılığı ilə "Şəffaflıq və müəssisələrin fəaliyyətində beynəlxalq standartların tətbiqi" mövzusunda geniş seminar-müşavirələr keçirmişlər.

Belə tədbirlər Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala və Xaçmaz şəhərlərində icra hakimiyyəti strukturlarının, müvafiq iqtisadi qurumların nümayəndələrinin, regionlardakı təsərrüfat subyektlərinin rəhbərləri və mütəxəssislərinin iştirakı ilə olmuşdur.

Regionlarda böyük maraq doğurmuş seminar-müşavirələrdə "Sosial-iqtisadi inkişafın Azərbaycan modelində şəffaflıq amili", "Beynəlxalq Mühasibat Uçotu Standartlarının Azərbaycanda tətbiqi və Milli Mühasibat Uçotu Standartlarının yaradılması ilə əlaqədar təhsil və ixtisasartırma proqramlarının aktuallığı", "Maliyyə hesabatlarının şəffaflığının təmin edilməsində beynəlxalq standartların rolu", "Beynəlxalq və milli mühasibat uçotu standartları", "Regionların sosial-iqtisadi inkişafı proqramının uğurları" mövzularında məruzələr dinlənilmiş, seminar iştirakçılarına 1000-ə yaxın beynəlxalq sertifikat təqdim edilmişdir.

Təbii ki, bu növ tədbirlər dinamik inkişafda olan ölkəmizin regionlarının müvafiq iqtisadi qurumlarında çalışanlara, sahibkarlara, təsərrüfat subyektləri rəhbərlərinə metodiki kömək göstərilməsində də önəmli rol oynayır.

Yeri gəlmişkən şəffaflıqla bağlı seminar-müşavirələr keçirilən bütün regionların şəhər və rayon icra hakimiyyətləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tədbirlərin uğurlu keçməsi üçün böyük dəstək göstərmişlər.

Ölkədə vətəndaş cəmiyyəti qurulmasını fəaliyyətinin öncül istiqamətlərindən biri hesab edən Prezident İlham Əliyev şəffaflığın təmin olunmasında ictimai nəzarətin genişləndirilməsini vacib hesab edir.

Qeyri-dövlət nəzarətinin mühüm qollarından biri olan ictimai nəzarətin inkişaf etdirilməsi ideyası və zərurəti də ilk olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aşağıdakı kimi vurğulanmışdır: "...Qəbul olunmuş bütün qərarlar vaxtlı-vaxtında icra edilməli və ciddi ictimai nəzarət olmalıdır. Biz siyasi islahatları aparmaqla yanaşı, güclü ictimai nəzarətə də diqqət göstəririk ki, dövlətin, hökumətin bütün addımları xalq tərəfindən izlənilsin, ona güclü təhlil verilsin. Lazım gələrsə, müəyyən islahatlarda düzəlişlər də edilməlidir. Geniş müzakirələr keçirilmədən biz buna nail ola bilmərik. Ona görə Azərbaycanda bütün qəbul edilmiş əsas qərarlar həm ictimaiyyətdə, həm Milli Məclisdə, həm də hökumətdə, ictimai təşkilatlarda geniş müzakirə predmetinə çevrilir... Büdcə təsdiq olunanda, büdcə paketi ilə bərabər, Neft Fondundan büdcəyə transfertlər də parlament tərəfindən təsdiq edilir. Yəni ki, bütün Azərbaycan xalqı Milli Məclisdəki öz nümayəndələri vasitəsilə gəlirlərin bölünməsində iştirak edir. Bu, belə də olmalıdır. Bu sərvət, təbii sərvətlər xalqa məxsusdur və Azərbaycan xalqı qərar verməlidir ki, o vəsait hansı istiqamətə yönəldilsin".

Bütövlükdə şəffaflığın artırılması, maliyyə resurslarından səmərəli istifadənin təmin olunması xüsusi diqqət tələb edən bir məsələ olub, iqtisadiyyatın və idarəetmənin müxtəlif sahələrində və səviyyələrində nəzarət işinin düzgün qurulmasını zəruri edir. Bir sözlə, iqtisadiyyatın birinci həll etməli olduğu problemlər arasında şəffaflıq xüsusi diqqət mərkəzində durmalıdır. Çünki bu, demokratiyanın mühüm ünsürlərindən biridir. Prezident İlham Əliyev də özünün gündəlik fəaliyyəti ilə hamını və hər kəsi demokratiyanı genişləndirməyə və möhkəmləndirməyə sövq edir.

Şübhə yoxdur ki, ulu öndər Heydər Əliyevin iqtisadi siyasətində mühüm yer tutan, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, söylədiyi proqram xarakterli nitqlərdə həlli vacib mühüm vəzifə kimi qarşıya qoyulan maliyyə nəzarəti və şəffaflıq problemləri ilə bağlı məsələlərin tam həcmdə yerinə yetirilməsi ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan mühüm amilə çevriləcəkdir.

 

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının

sədri, iqtisad elmləri

doktoru, professor

 

Azərbaycan.- 2010.- 1 avqust.- S.  4.