Keçmişə daş atma

 

Kor Edip aramızdadır, yaxud "qapayın qəzetlərin gözünü..."

 

"Azərbaycanın böyük və zəngin tarixi vardır. Bizim milli-mənəvi dəyərlərimiz vardır. Bu dəyərlər bizim üçün əsasdır".

 

İlham ƏLİYEV

 

Qədim yunan əsatirlərinə söykənən "Kor Edipin faciəsi"nin qəhrəmanı taleyin hökmü ilə bilməyərəkdən əvvəlcə atasını qətlə yetirir, hakimiyyəti ələ keçirir, sonra doğma anası ilə yatağa girir... Bunu bildikdə isə bu rəzaləti görməmək üçün öz əlləri ilə gözlərini çıxarır...

Bəşər sivilizasiyasının min illər boyu yaratdığı elə dəyərlər var ki, bəzən anlamaq olmur: o bizi yaradıb, formalaşdırıb, sözün həqiqi mənasında insan eləyib, yoxsa biz onu yaratmışıq?! Xeyir-şər, insaf-mürvət, yalan-doğru. Eləcə də ata-ana hissi, övlad sevgisi, nəvə sevinci, etibar, vəfa, xəyanət, namərdlik, abır-həya...

Bütün bunlar nə qədər milli olsa da, bir o qədər də ümumbəşəridir. Dünyanın harasına getsən, hansı ölkəsində olsan, eyni münasibətləri görəcəksən: dost-dostdur, düşmən-düşməndir. Xəyanəti, etibarsızlığı, namərdliyi yapon da, ingilis, fransız da, bəzən hindu da, zənci də eyni dərəcədə sevmir, bağışlamır.

Onlar da dostu sevirlər, dostdan ötrü ölürlər. İspanları, finləri, macarları oxuyanda bəzən düşünürsən ki, onlar bizdən də möhkəm sevirlər, onların bu sevgi yolunda iztirabları bizimkindən də güclüdür. Ata-ana sevgisi, qardaş-bacı itkisi də elə.

Hər bir dövrdə, hər bir cəmiyyətdə əsas problem məhz bu dəyərləri necə qoruyub saxlamaq, sevə-sevə gələcəyə ötürməkdir. Bəs biz bunları necə qoruyuruq? Təzələmək, inkişaf etdirmək bir yana, ümumiyyətlə, qoruya bilirikmi?

Sovetlər dövründə böyük rus yazıçısı A.P.Çexovun bir əsərinə qadağa qoyub külliyyatına daxil etməmişdilər. Bilirsiniz müəllifin günahı nə idi? Bildiyimiz həqiqətləri, qazandığımız bu dəyərləri alt-üst etdiyinə görə. Əsərdə göstərilir ki, cəmiyyətdə müəyyən mövqe qazanmış, dövrün nadir peşə sahiblərindən bir həkim təsadüfən oğru, quldur, falçı, qaraçılardan ibarət bir məclisə düşür. Onların söhbətini eşidib, arqumentlərini dinləyən gənc həkimin beynində, daxili aləmində elə təbəddülatlar baş verir ki, onu tanımaq olmur, hər şeyə şübhə edir: "İnsanlar niyə gecələr yatıb, gündüzlər işləməlidir? Bəlkə əksinə olmalıdır?!" "Niyə ömrümüz boyu bir qadını sevməliyik?" və s. Hətta qarşısına çıxan bir malikanəyə baxaraq düşünür: "Bunun pulu çoxdur. Sabah axşam bura hücum çəksəm, pis olmaz".

Ədəbiyyatın, sənətin gücünü görürsünüzmü? O, insanı hər yola çəkə bilər, hər yana döndərə bilər. Hələ beyni, düşüncəsi tam formalaşmamış cavanlar üçün isə bu, daha təhlükəlidir.

Bu mənada ədəbiyyatda, sənətdə, mətbuatda, ümumiyyətlə KİV-də çalışanların daxilində "mənəvi nəzarətçi" olmalıdır. Bu, senzura deyil! Yazan adamın, yaradıcı insanın içərisindəki min illər boyu yaradılmış müvazinət itəndə, ictimai qınaq, yaxud cəmiyyətin təpkisi kifayət etməyəndə bu nəzarətçi işə qarışmalıdır. Necə olur ki, dövlətin əsasları tərpənəndə, ali qanunları pozulanda müəyyən qurumlar hərəkətə gəlir (Prezident, Konstitusiya Məhkəməsi). Bəs həm cəmiyyətin, həm dövlətin əsasını təşkil edən ailə nə etsin, ailə başçısı neyləsin? Özünü, ailəsini, uşaqlarını yalandan, bəd, qorxunc, iyrənc xəbərlərdən necə qorusun? O kimin yanına getsin? Bədlik bədlik gətirər, - deyiblər.

Qısa vaxt ərzində ayrı-ayrı televiziya proqramlarından, qəzet səhifələrindən eşitdiklərimizə diqqət yetirin.

Düzü, bunu bir də oxumağınızı istəməzdik. Amma neyləməli? Cavan bir kişi danışır: "Həyat yoldaşımdan şübhələnmişdim. Tarlada işlərimizi qurtarıb axşam üç yaşlı uşağımızla evə dönürdük. Bıçağı çıxartdım. Başladı yalvarmağa. Əhəmiyyət vermədim - öldürdüm. Getdim uşağın üstünə. Oğlum uzanıb gözlərini də yummuşdu ki, mən onu görməyim... Düz ürəyindən vurdum ki, çox əziyyət çəkməsin". "Bəs uşağı niyə öldürdün?" - sualına cavab qəribədir: "Biz olmayandan sonra o, kimə lazımdır?"

Nə deyəsən, neyləyəsən - vallah bunların içində şeytan var. Vəhşi hesab etdiyimiz heyvan da bunu etməz. Yeri gəlmişkən, o gün bir sənədli film göstərilirdi. Hansısa toqquşmada balası ölən meymun onu düz bir həftə özü ilə daşıyır, qucağından yerə qoymur, sanki möcüzə gözləyir... Kimsə yaxşı deyib: "Bir analıq hissini, bir də qəriblik duyğularını axıracan anlamaq olmur".

Qəzetlərin manşetlərinə, proqramların anonslarına görün nələr çıxarılır? "Oğul əvvəlcə anasını, sonra atasını necə doğradı?", "Qardaş bacısının başını niyə kəsdi?", "Ata öz qızından nə istəyirdi?", "Qaynata ilə gəlinin sıcaq münasibətləri", "Qaçqın öz arvadını, qaynatasını, qaynanasını necə qanına qəltan elədi?", "Cavan qadın körpə uşaqlarını atıb bir kişi ilə xaricə necə qaçdı?", "Yaşlı kişi qardaşı oğlunu niyə baltaladı? Ortada qadın məsələsi var..." Bu, artıq "Aşk-ı Məmnu" deyil, - bəzi qəzetlərin, televiziyaların gözümüzə soxduğu "Azərbaycan reallıqları"dır... Bu reallıqlar qarşısında uşaqlar, cavanlar neyləməlidirlər? Kimin yanında olmalıdırlar - namus, qeyrət mücəssəməsinə, simvoluna çevrilən Mübariz İbrahimovların, yoxsa öz içimizdə özümüzü asanların, kəsənlərin, çəkənlərin, boğanların, öldürənlərin?

Milli mənəvi dəyərlərə münasibətdə hamımız öz mövqeyimizi müəyyənləşdirməliyik. Dövlət başçısı jurnalistlərlə görüşdə demişdir: "Biz ümumbəşəri dəyərləri bölüşürük, biz Avropa qurumları ilə bütün istiqamətlərdə - həm iqtisadi sahədə, həm siyasi islahatların dərinləşməsi sahəsində uğurlu əməkdaşlıq edirik.

Avropa dəyərləri də bizim üçün çox vacibdir. Yəni onlar bizim üçün yad dəyərlər deyil. Çünki Azərbaycanın tarixicoğrafi vəziyyəti bu vəziyyətin yaranmasına gətirib çıxarıbdır.

Ancaq bizim üçün prioritet dəyərlər bizim milli dəyərlərimizdir və bunun üzərində müasir dövlətin qurulması bizim məqsədimizdir".

Bu siyahını uzatmaq da olar. Statistik məlumatları olduğu kimi açıqlamaq da mümkündür. Ancaq bu, lazımdırmı? Biz bu deyilən deyilməyən, yazılan yazılmayan xəbərlərin dərəcədə doğru olub-olmadığını araşdırmaq fikrindən uzağıq. Baxmayaraq ki, özlüyündə xəbər doğru olmalıdır. Bizi narahat edən başqa məsələdir. Bizi belə xəbərlərin seçimi, təqdimatı qorxudur. Ümumiyyətlə, belə xəbərlər yazılmalıdırmı? Belə xəbərlər oxunarmı? Bu mövzuda hazırlanan proqramlardan, reportajlardan pul qazanmaq düzgündürmü? Bu cür xəbərlərlə hörmət qazanmaq, çörək yemək olarmı? Bizcə, bunlar mənəvi zəhərdir - hər gün az-az yeməyimizə, suyumuza qatılan zəhər! Kim harada öləcək - bir Allah bilir. Onu yazan, hazırlayan isə dünyadan bixəbər adamdır. Hər halda dediyinin yazdığının məsuliyyətini, uzaq nəticəsini dərk etməyəndir...

Kor Edip peyğəmbər deyil. O özünə aid olmayan, törətmədiyi, heç vaxt törədə bilməyəcəyi günahların daşıyıcısıdır. Onun haqqında rəvayətləri oxuduqca bəzən düşünürsən ki, yəqin elə bəşər xəlq olandan həmişə xeyirlə şərin yanında beli bükülmüş, gözləri tökülmüş bir nəfər var - Kor Edip...

Kor Edip bizi hər gün görür, eşidir, amma bizi anlamır. Zatən yunan əsilli, yaxud çox keçmişdən gələn adam olduğuna görə yox, sadəcə biz daha qəddar olmuşuq, bizim bir-birimizlə danışdığımız dil daha çox qəlizləşib qəddarlaşıb...

Kor Edip hələ aramızdadır - çıxmış, kor olmuş gözləri ovcunda ətrafımızda dolaşmaqdadır. Görsəniz, kömək eləyin, ya da, V.Mayakovski demişkən, "hər səhər evimizə, qəlbimizə, ruhumuza, münasibətlərimizə zəhər qatan bu "xəbərlər"dən qaçın, "qapayın bu qəzetlərin gözünü..."

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2010.-  1 avqust.- S.  5.