Peşəkarlıq, milli-mənəvi
dəyərlərə hörmət və vətənpərvərlik
jurnalistlər üçün
başlıca meyara çevrilməlidir
Yeni dünya nizamı demokratiyanı sivil və davamlı inkişafın prioritet istiqaməti kimi meydana çıxarmış, sivilizasiyalararası dialoqun əsas amili olduğunu müəyyənləşdirmişdir. Hazırda istənilən dövlətdə demokratiyanın inkişaf səviyyəsi həm də fərdin təbii azadlıqlarının qorunmasına zəmin yaradan plüralist mühitin formalaşdırılması, söz, məlumat, informasiya və fikir azadlıqlarının yüksək səviyyədə təminatı ilə ölçülür. Bu azadlıqlar cəmiyyətdə şəffaflığı, demokratik idarəçiliyi təmin edir, eyni zamanda tolerantlığı şərtləndirməklə insanların beynəlxalq konvensiyalar və digər normativ hüquqi aktlarda təsbit edilmiş hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır. Digər tərəfdən, bu dəyərləri öz fəaliyyətində daha çox təcəssüm etdirən kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri kimi ictimai rəyin formalaşdırılmasında, siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.
Ötən əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik inkişaf yolunu prioritet seçmiş Azərbaycan Respublikası da bu ümumbəşəri dəyərlərə sadiqliyini bəyan etmiş, hər bir fərdin öz fikrini, rəyini müxtəlif tribunalarda, o cümlədən kütləvi informasiya vasitələrində tam sərbəst və azad şəkildə ifadə etməsinə, qanunla müəyyən olunmuş qaydada informasiya toplamasına, yaymasına, eləcə də kütləvi informasiya vasitəsi təsis etməsinə maksimum imkanlar yaradan plüralist mühit formalaşdırmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamızda söz, fikir və məlumat azadlığı ilə bağlı konkret müddəalar əksini tapmışdır. Əsas Qanunun 47-ci maddəsində göstərilir ki, hər kəsin fikir və söz azadlığı vardır, heç kəs öz fikir və əqidəsini açıqlamağa, yaxud fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Konstitusiyanın 50-ci maddəsi isə hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını təsbit edir. Bu maddə kütləvi informasiyanın azadlığına təminat verməklə yanaşı, informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasını qadağan edir.
Son 15 ildə Konstitusiya müddəaları əsasında həyata keçirilən hüquqi islahatların nəticəsi olaraq bu gün Azərbaycan Respublikası söz, fikir və mətbuat azadlığının yüksək səviyyədə qorunduğu tolerant və plüralist məkan kimi tanınır. Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunmuş, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunan Azərbaycan ölkədə söz, mətbuat azadlığının, fikir plüralizminin gücləndirilməsi istiqamətində yeni təcrübə və imkan əldə etmişdir. Mətbuat və İnformasiya Nazirliyi ləğv edilmiş, KİV-in qeydiyyatı üçün lisenziya sistemi aradan qaldırılmış, ölkə jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə qurumu olan Mətbuat Şurası yaradılmışdır. Şura son 7 ildə istər "reket jurnalistika"ya qarşı apardığı mübarizə ilə, istərsə də KİV-hakimiyyət münasibətlərinin tənzimlənməsindəki xidmətlərinə görə cəmiyyətdə sayılıb-seçilən quruma çevrilmişdir.
Azərbaycanda bu gün insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə Azərbaycan iqtidarı da söz və mətbuat azadlığının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır.
2003-cü ilin oktyabrından dövlətə inamla rəhbərlik edən Prezident İlham Əliyev respublikada söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl ölkələrin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Son illər ölkə başçısının rəhbərliyi altında həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə bütün imkanlar yaradılmışdır. Dövlət başçısının sərəncamları ilə hələ 2005-ci ildə "Əməkdar jurnalist" fəxri adının bərpa edilməsi, "Əkinçi" qəzetinin 130 illik yubileyinin qeyd olunması, jurnalistlərin fəxri adlarla təltif edilməsi, 30-dək qəzetə birdəfəlik yardımların verilməsi, sonrakı mərhələdə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması deyilənlərin əyani təsdiqidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 10 iyun tarixli "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən, Prezident Administrasiyasında Tədbirlər Planı hazırlanmış, Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran, Xaçmaz və Naxçıvanda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfranslar keçirilmiş, mətbuat işçiləri mükafatlandırılmışlar. Ümumilikdə, Azərbaycan mətbuatının 135 illik yubileyinin "Gülüstan" sarayında yüksək səviyyədə qeyd edilməsi, jurnalistikamızın inkişafında rolu olmuş qələm sahiblərinin mükafatlandırılması, 40-dək qəzetə və informasiya agentliyinə birdəfəlik yardımların verilməsi, Mətbuat Şurasının yeni binasının təntənəli açılış mərasiminin keçirilməsi, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. Bütün bunlar Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəriciləridir.
Mətbuat Şurasının yeni binasının açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin qurumun İdarə Heyətinin üzvləri ilə görüşdə mətbuatın mövcud durumu, problemləri, inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələrini verməsi bir daha göstərdi ki, ölkə rəhbəri demokratik proseslərin dərinləşdirilməsində, mülki cəmiyyət quruculuğunda medianın imkanlarını və rolunu yüksək dəyərləndirir. Qəzetlərin fəaliyyətindəki çatışmazlıqları, üstün cəhətləri incəliklərinə qədər diqqətə çatdıran dövlət başçısı ölkədə jurnalist peşəkarlığının artırılması, KİV-in iqtisadi müstəqilliyinin təmini üçün reklam bazarının inkişaf etdirilməsi, peşə etikasına ciddiliklə riayət edilməsi, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik təbliğatının gücləndirilməsi ilə bağlı fikirlərini açıqlamışdır. Ölkədə söz və mətbuat azadlığının təmini istiqamətində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev demişdir: "Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Bizim vətəndaşlarımız 30-dan yuxarı gündəlik qəzeti, 100-ə yaxın həftəlik qəzeti, respublika əhəmiyyətli, yəni bütün ölkəyə verilişlər təqdim edən 8 telekanalı, 14 regional telekanalı, internet vasitəsilə dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləyirlər".
Mətbuatın inkişafına göstərilən bu yüksək diqqət və qayğı müqabilində ölkə rəhbərliyinin mətbuatla bağlı gözləntiləri isə tamamilə obyektiv xarakter daşıyır. Daha dəqiqi, mətbuatdan yalnız qanunlara, peşə etikasına hörmət, milli-mənəvi dəyərlərə sədaqət, dövlət və xalq maraqlarına təəssübkeş, vətənpərvər münasibət istənilir. Bütün bunlar da sırf peşəkarlıqla bağlı məsələlərdir. Azərbaycanda jurnalist adına iddia edən təbəqənin peşəkarlıq səviyyəsinin lazımi səviyyədə olmaması etiraf edilən reallıqdır. "...Peşəkarlığın artırılması bizim üçün ən prioritet məsələyə çevrilməlidir" - deyən dövlət başçısı İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət çəkmişdir. Söhbət ondan gedir ki, Azərbaycan inkişafının hazırkı mərhələsində mətbuatın keçid dövrü üçün xarakterik olan bəzi ziyanlı vərdişlərdən əl çəkə bilməməsi, fəaliyyətində qeyri-obyektivliyə, qərəzə, tərəfkeşliyə yol verməsi, qanunların aliliyini gözləməməsi cəmiyyətdə ciddi narahatlıqlar doğurur.
Etiraf etməliyik ki, söz, fikir və mətbuat azadlığı üçün respublikada yaradılmış liberal və tolerant mühit bəzi hallarda bu sahədə müəyyən problemlərin ortaya çıxmasına, xüsusən də informasiyanın toplayıcısı və cəmiyyətə ötürücüsü funksiyasını yerinə yetirən kütləvi informasiya vasitələrində qanunların və peşə davranışı normalarının kobud şəkildə pozulması hallarına gətirib çıxarır. Mətbuat, söz, fikir azadlıqlarının Konstitusiya və qanunların tənzimlədiyi hüquqi çərçivəni aşaraq kütləvi informasiya vasitələrində istənilən fikrin, sözün məsuliyyətsiz formada ifadə etmək və heç bir məsuliyyət daşımamaq anlamında qəbul edilməsi tamamilə yolverilməzdir.
Cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının təminatı prosesində fəal mövqe tutmalı olan bir çox qəzetlərin fəaliyyəti, təəssüf ki, tamamilə əks mənzərə yaradır. Mətbuat azadlığına, informasiya yayımına maksimum şərait yaradılması, hakimiyyət məmurlarının, ictimai-siyasi xadimlərin KİV-ə dözümlü yanaşması məsuliyyətsiz "yazarları" daha da pərvazlandırır, onların qanunları açıq-aşkar pozmasına, məsuliyyətsizliyinə şərait yaradır. Cəmiyyətdəki siyasi tolerantlıqdan ruhlanan belə "yazarlar" artıq həm də təhqir və böhtana görə hər cür hüquqi məsuliyyətdən azad edən yeni qanunların qəbulunu israrla tələb edir, sanki "mətbuat anarxiyası" üçün presedent formalaşdırmağa çalışırlar.
Bəzən unudulur ki, Azərbaycan Konstitusiyası hər bir şəxsin şərəf və ləyaqətini, şəxsi toxunulmazlıq hüququnu da birmənalı təsbit edir. Konstitusiyanın 32-ci maddəsində göstərilir ki, hər kəsin şəxsi toxunulmazlıq, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə qadağandır. Eyni zamanda, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Konstitusiyanın 46-cı maddəsi ilə hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ tanınır. Bu maddədə göstərilir ki, "Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz".
Mətbuatda özünü göstərən bu kimi neqativ hallara toxunan Prezident İlham Əliyev demişdir: "Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və Azərbaycan iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. Mən Prezident kimi buna əhəmiyyət vermirəm. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, bizim cəmiyyətdə belə hallar çox pis qarşılanır. Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq - bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir. Burada, əlbəttə ki, medianın rolu çox böyükdür. Yəni bu gün internet dövründə hər bir yazını dünyada oxumaq olar və bir dəfə, iki dəfə, üç dəfə yalan yazılanda, dördüncü dəfə artıq o medianın hörməti də düşəcək, o orqana inam da azalacaqdır".
Dövlət başçısının mətbuatda milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik təbliğatının gücləndirilməsi ilə bağlı tövsiyələri də obyektiv reallığa söykənir. Bu zərurət yalnız Azərbaycanın müharibə şəraitində yaşaması, ərazilərinin 20 faizinin işğal altında olması ilə şərtlənmir. Nəzərə almalıyıq ki, hazırda bütün planeti təsiri altına alan qloballaşma prosesi bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış dəyərlər sisteminə təhdidlər doğurur. Belə bir şəraitdə KİV-də milli-mənəvi və əxlaqi dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi mənəvi aşınma prosesinə rəvac verə bilər. Milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin qorunması zərurəti həm də çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə bağlıdır. Xalqımız yalnız zəngin milli-əxlaqi keyfiyyətlərini, milli "Mən"ini, heysiyyətini qorumaqla gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirə, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edə bilər.
Təsadüfi deyildir ki, son illər dövlət səviyyəsində bu istiqamətdə mühüm addımlar atılır, milli dəyərlərin və mədəniyyətin təbliği yönümündə məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uğurla gerçəkləşdirdiyi mədəniyyət layihələri cəmiyyətdəki mənəvi deqradasiyanın - aşınma prosesinin qarşısını almaqla yanaşı, həm də Azərbaycanı bütün dünyada tanıdır. Son illərdə Azərbaycan muğamının, aşıq musiqisinin, habelə Novruz bayramının YUNESKO-nun qeyri-maddi irsi siyahısına salınması da məhz məqsədyönlü vətənpərvər fəaliyyətin nəticəsidir. Lakin bu proseslərdə heç də bütün kütləvi informasiya vasitələri yaxından iştirak etmirlər. Bəzən mətbuatda Azərbaycanın mənəvi-əxlaqi dəyərləri ilə uzlaşmayan yazılara rast gəlinir. Yəni, mətbuat ictimai rəyi mütərəqqi ruhda kökləmək əvəzinə, əks mövqe tutur, cəmiyyət qarşısındakı məsuliyyət hissini, vəzifələrini unudur.
Azərbaycanda hökumətin guya azad mətbuatın fəaliyyətinə maneələr yaratması ilə bağlı iftiradan uzağa getməyən iddiaların hansı məqsədlərə xidmət etdiyi də yaxşı məlumdur. Cənubi Qafqaz kimi mürəkkəb məkanda Azərbaycanın tam müstəqil siyasət yeritməsi, iqtisadi cəhətdən qüdrətlənməsi, demokratikləşmə yolunda ciddi uğurlar qazanması, problemlərini daxili imkanlar hesabına həll etməsi müəyyən dövlətlərin və təşkilatların maraqlarına cavab vermir. Məhz buna görə də respublikada mətbuatla bağlı məsələlər daim süni şəkildə şişirdilir, müxtəlif cinayətlərə yol verdiklərinə görə azadlığı məhdudlaşdırılan bəzi cızmaqaraçıların adı qondarma "siyasi məhbuslar" siyahısına salınır.
Bu gün bəzi qəzetlərin Azərbaycanın dövlətçilik maraqları əleyhinə işləyən müəyyən xarici qüvvələr tərəfindən maliyyələşdirilməsi ilə bağlı cəmiyyətdə əsaslı şübhələr və narahatlıqlar mövcuddur. Qeyri-şəffaf maliyyə mənbələri olan həmin qəzetlər xaricdən aldıqları diktələr əsasında hərəkət edir, süni problemlər yaratmağa və çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Nə qədər acınacaqlı olsa da, ölkənin və xalqın mənafeyi onları qətiyyən maraqlandırmır. Onlar bəzən xarici KİV-də belə Azərbaycan dövləti və iqtidarı haqqında cəfəng kampaniya təşkil edir, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar.
Dövlət başçısı İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdə bu məsələ ilə bağlı haqlı narahatlığını ifadə etmişdir: "Mən bunu da bilirəm, bəzi hallarda xarici dairələrin təsiri altında çıxan orqanlar fəaliyyət göstərirlər. Onların sifarişi ilə yazılan məqalələr də dərc olunur. Bu məsələ ilə də bağlı məndə kifayət qədər məlumatlar var. Mən indi ad çəkmək istəmirəm, amma sadəcə olaraq, fikrimi bildirmək istəyirəm ki, bu, ümumiyyətlə, yolverilməzdir. İndi hansısa daxildən gələn siyasi sifariş əsasında yazılan məqalə, yaxud da ki, hansısa başqa reportaj qəbulolunmaz olsa da, bu, bizə o qədər də böyük problem yaratmaz. Ancaq xarici dairələrin sifarişi ilə, göstərişi ilə və onların planları əsasında Azərbaycanda hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə, ümumiyyətlə, son qoyulmalıdır. Burada mən, sadəcə olaraq, jurnalistləri vətənpərvərliyə çağırıram".
Təəssüf ki, normal jurnalist fəaliyyəti ilə auditoriya əldə edə bilməyən və yaxud buna peşəkarlığı çatmayan bir sıra kütləvi informasiya vasitələri "çıxış yolu" kimi əsasən sensasiya xarakterli, insanları qorxu, vahimə, gərginlik və stress içində saxlayan informasiyalara daha çox yer verirlər. Bu gün respublikanın bəzi mətbuat orqanlarında cəmiyyətin normal iş ahənginə - insanların sivil yaşam tərzinə, psixoloji durumuna, ovqatına son dərəcə pis təsir göstərən, kütləvi auditoriyanı mənfi enerji ilə yükləyən "informasiyalar" baş alıb gedir. Mütəmadi olaraq ictimai rəyə sırınan bəd xəbərlər humanist dəyərləri təhdid edir, insanların davranışlarında etinasızlıq, qəddarlıq kimi naqis keyfiyyətlər özünü daha qabarıq büruzə verir. Belə informasiyaların təsir altına tez düşən zəif iradəli insanların həyat eşqinə, ictimai fəallığına, həyata nikbin baxışına sarsıdıcı zərbə vurur, onların müstəqil qərar vermək imkanlarını, təşəbbüskarlığını məhdudlaşdırır. Fikrimizcə, ölkənin ciddi mətbuatının bu həssas məqama da xüsusi diqqət yetirməsi vacibdir.
Cənab İlham Əliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdə səsləndirdiyi dəyərli fikirlər deməyə əsas verir ki, dövlət başçısı mətbuatın problemlərini, çətinliklərini, habelə yeni mərhələdə üzərinə düşən vəzifələrini dəqiqliklə bilir. İlk gündən mətbuatın yaxın dostu, qayğıkeşi olan Azərbaycan Prezidenti jurnalistləri narahat edən, qayğılandıran məsələlərin həlli istiqamətində bundan sonra da müəyyən tədbirlər həyata keçirmək əzmindədir. Ümid etmək olar ki, bu yüksək diqqətin müqabilində peşə etikasına hörmətlə yanaşan, jurnalist şərəfini uca tutan bütün qələm sahibləri də mətbuatda özünü qabarıq göstərən mənfi meyillərə qarşı səylərini daha da gücləndirəcəklər.
İradə ƏLİYEVA,
əməkdar jurnalist
Azərbaycan.- 2010.- 3 avqust.- S. 1.