Sergey Narışkin: "Rusiya ilə Azərbaycan
arasında iqtisadi sahədə əməkdaşlığın
inkişafından çox razıyıq"
"Azərbaycanın və Rusiyanın beynəlxalq arenada mövqeləri çox oxşardır, beynəlxalq həyatın mühüm məsələlərinin əksəriyyətinə dair mövqeləri isə tamamilə üst-üstə düşür".
Bu fikri avqustun 2-də Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin demişdir.
S.Narışkin demişdir: "Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafından çox razıyıq. Qlobal iqtisadi böhrana baxmayaraq, keçən il ticarətin həcmində müşahidə edilən itkilər çox olmamışdır və biz əminik ki, qısa müddətdə biz əmtəə dövriyyəsinin 2008-ci ilə qədər mövcud olmuş həcmini bərpa edə biləcəyik. Əlbəttə, iqtisadi əməkdaşlığın ən böyük sahəsi energetikadır, burada qaz təchizatı və elektrik enerjisi sahəsində əməkdaşlığa dair yeni razılaşmalar mövcuddur".
RF Prezidenti Administrasiyasının rəhbəri Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini müsbət qiymətləndirmiş və vurğulamışdır ki, bu məsələlər Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə görüşün gedişində müzakirə edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 3 avqust.- S. 1.