"1941-1945-ci illərin
Böyük Vətən müharibəsində Qələbənin
65 illiyi" stolüstü medallarının və fəxri fərmanlarının
təqdimat mərasimi keçirilmişdir
Avqustun 2-də Rusiyanın Azərbaycandakı səfirliyində Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin iştirakı ilə "1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" stolüstü medallarının və fəxri fərmanlarının təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Sergey Narışkin demişdir ki, bu medallar Prezident Dmitri Medvedevin rəhbərlik etdiyi Rusiyanın "Qələbə" Təşkilat Komitəsi tərəfindən təsis olunmuşdur. Bu mükafat Azərbaycanın ictimai təşkilatlarına və ayrı-ayrı vətəndaşlarına veteranlara qayğıya, vətəndaşların vətənpərvərlik tərbiyəsi, Böyük Qələbənin 65 illik yubileyinə hazırlıq və onun keçirilməsi işinə böyük töhfəyə görə təqdim edilir.
Azərbaycan Prezidenti İlham Əliyev "1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" stolüstü medalı və Fəxri fərmanla təltif olunmuşdur.
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevə 1941-1945-ci illər müharibəsinin iştirakçılarına və onların ailələrinə göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlığını bildirərək vurğulamışdır ki, xalqlarımızın Böyük Vətən müharibəsində möhtəşəm Qələbəsi bəşəriyyət tarixində çox mühüm hadisədir.
Mərasimdə, həmçinin bu mükafat Azərbaycan Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Əlövsət Baxışova, Azərbaycanda fəaliyyət göstərən "Leninqrad blokadaçıları" İctimai Birliyinin üzvü Larisa Kərimovaya, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinə təqdim olunmuşdur.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin faşizm üzərində Qələbəyə Azərbaycanın töhfəsini xüsusi qeyd edərək demişdir: "Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfələr vermişdir. Müharibənin döyüş meydanlarında yüz minlərlə azərbaycanlı qəhrəmanlıqla vuruşmuşdur. Onların yarısından çoxu döyüş meydanlarında qəhrəmancasına həlak olmuşdur. Azərbaycan xalqı arxa cəbhədə də fədakarlıqlar nümayiş etdirmişdir. Bu gün bütün dünya Hitler Almaniyasının dizüstə çökdürülməsində Bakı neftinin böyük rolunu yüksək qiymətləndirir".
AzərTAc
Azərbaycan.- 2010.- 3
avqust.- S. 2.