Azərbaycanda patoloji fiziologiya fənninin inkişaf tarixi
1993-cü ildə
ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı Azərbaycanı
parçalanmaq, məhv olmaq təhlükəsindən xilas
etdi. Bu qayıdış bütövlükdə təhsilin,
elmin, həm də tibb təhsili sisteminin inkişafı
üçün böyük zəmin yaratdı. Həmin dövrdə ATU-nun maddi-texniki
bazasının möhkəmləndirilməsi və yüksək
ixtisaslı tibb kadrlarının hazırlanması işi də
yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ümummilli lider Heydər Əliyevin dəstəyi
və qayğısı sayəsində müharibə şəraitində
olan Azərbaycan üçün strateji əhəmiyyət kəsb
edən hərbi-tibb fakültəsi yaradıldı. 1998-ci ildə ATU-da 11 mərtəbəli tədris
binasının açılış mərasimi
keçirildi. Həmin mərasimdə ulu
öndər universitetin gələcək fəaliyyəti
üçün mühüm proqram sənədinə
çevrilmiş geniş nitq söylədi. Böyük rəhbər müstəqillik
dövründə Azərbaycan Tibb Universitetinə ikinci dəfə
2000-ci ildə, təhsil ocağının 70 illiyinə həsr
edilmiş təntənəli yubiley mərasimində
iştirak etmək üçün gəlmiş və unikal
akt zalında tarixi çıxışı ilə
hamını heyran qoymuşdu.
ATU-nun nəzdində
ayrı-ayrı klinikaların təşkili də məhz ulu
öndər Heydər Əliyevin dövründə
reallaşdırılmışdır. Böyük rəhbərin
göstərişi ilə ATU-nun ilk stomatoloji klinikası bu
istiqamətdə aparılan işlərin bariz nümunəsidir.
Ümummilli lider Heydər Əliyev ATU-nun 70 illik yubileyində
deyirdi: "...Mən Azərbaycana rəhbərlik etdiyim zaman həyatımın
böyük bir hissəsini Azərbaycanda mənəvi dəyərlərin
qorunub saxlanmasına, insan mənəviyyatının
paklığına, təmizliyinə həsr etmişəm".
Milli-mənəvi dəyərlərimizin qorunub
saxlanması, inkişaf etdirilməsi bu gün də yüksək
səviyyədə həyata keçirilir. Belə xeyirxah işlər 2003-cü ildən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Respublikanın tibb
sahəsinə böyük qayğı ilə yanaşan
ölkə başçısının birbaşa təşəbbüsü
və göstərişi ilə dünya standartlarına
uyğun səhiyyə obyektləri tikilmişdir. 2007-ci ildə ATU-nun onkoloji klinikası istifadəyə
verilmişdi. Universitetin rektoru, akademik Əhliman
Əmiraslanovun müraciətindən sonra Prezident İlham Əliyev
terapevtik klinikanın inşası və bu məqsədlə
Prezidentin Ehtiyat Fondundan maliyyə vəsaitinin ayrılması
haqqında xüsusi sərəncam imzalamışdı.
ATU-nun
maddi-texniki bazasının möhkəmləndirilməsinə
yönəlmiş daha bir sərəncam cənab İlham Əliyev
tərəfindən 2008-ci ilin mart ayında
imzalanmışdır. Bu sərəncama əsasən ATU-nun cərrahiyyə
klinikasının tikintisinə
başlanılmışdır. Bütün
bunlar universitet kafedralarının maddi-texniki bazasının möhkəmləndirilməsinə
və ayrı-ayrı fənlərin inkişafına öz
müsbət təsirini göstərmişdir. Belə
ki, son 10 ildə patoloji fiziologiya kafedrası əsaslı təmir
edilərək tamamilə yenidən qurulmuş, tədris
otaqları müasir əyani vasitələrlə təchiz
edilmiş, 4 dərs otağı və mühazirə zalı
tamamilə kompüterləşdirilmişdir. Bu müddət ərzində
kafedra əməkdaşları tərəfindən 250-yə qədər
elmi-tədqiqat, 100-ə yaxın tələbə elmi-tədqiqat
işi (onlardan 6-sı son 10 ildə unversitet üzrə
keçirilən ilin ən yaxşı tələbə elmi
işi müsabiqəsinin qalibi olmuşdur), o cümlədən
3 dərslik ("Tibbi biliklərin əsasları" - 2004,
"Patoloji fiziologiya" - 2004 və 3 dildə-Azərbaycan,
ingilis və rus dillərində çap olunmuş "Patoloji
fiziologiyadan atlas" - 2008), 5 dərs vəsaiti hazırlanaraq
çap olunmuş, 1 doktorluq və 10 namizədlik
dissertasiyası müdafiə edilmişdir. Səhiyyə
sahəsində görülən işlər müstəqilliyimizin
ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev
dövrünün Azərbaycan təbabəti, tibb elmi və təhsilinin
intibah dövrü olduğunu bir daha sübut edir.
Azərbaycanda
patoloji fiziologiya fənninin tədrisinə isə 1919-cu ildən
Bakı Dövlət Universitetinin tibb fakültəsində
başlanmışdır. 1922-ci ildə patoloji
fiziologiya elminin banilərindən hesab edilən görkəmli
patofizioloq V.Paşutinin tələbəsi N.Uşinski
(1864-1933) universitet rəhbərliyi tərəfindən
Bakıya dəvət olunmuş, tibb fakültəsi nəzdində
ümumi patologiya kafedrası yaradaraq ona rəhbərlik etməyə
başlamışdır. 1926-cı ildən
isə kafedranın və ümumiyyətlə, keçmiş
SSRİ ərazisində yaradılmış ümumi patologiya
kafedralarının hamısının adı
"Qlavprofobra" metodik komissiyasının qərarı ilə
dəyişdirilərək patoloji fiziologiya kafedrası
adlandırılmışdır. Beləliklə,
Azərbaycanda ilk müstəqil patoloji fiziologiya kafedrası
yaranmış, bu elmin əsası qoyulmuş və milli
kadrların hazırlığına
başlanılmışdır.
Bakı
Dövlət Universitetinin fəaliyyətinin ilk illərində
tibb fakültəsində kadr
çatışmazlığı üzündən patoloji
fiziologiya fənninin tədrisi rus dilində
aparılırdı. Yalnız 30-cu illərin əvvəllərində
N.Uşinskinin tələbələri - M.Mirsəlimov və Ə.Ələkbərov
patoloji fiziologiya üzrə ilk dəfə Azərbaycan dilində
məşğələlər aparmağa və mühazirələr
oxumağa başlamışlar.
N.Uşinski Azərbaycanın
ilk milli patofizioloq kadrlarının hazırlanması sahəsində
böyük işlər görmüşdür. O, 100-dən artıq elmi əsər
yazmış, 16 doktorluq dissertasiyasına rəhbərlik
etmişdir. Professor N.Uşinskinin apardığı elmi-tədqiqat
işləri öz layiqli qiymətini almış, ona 1929-cu
ildə Bakı Dövlət Universitetinin 10 illik yubileyi ərəfəsində
"Azərbaycanın əməkdar elm xadimi" adı
verilmişdir.
N.Uşinski təqaüdə
çıxdıqdan sonra (1932-ci il)
ATİ-nin patoloji fiziologiya kafedrasının rəhbəri
M.Mirsəlimov (1897-1957) olmuşdur. O, 1939-cu ildə doktorluq
dissertasiyası müdafiə etmiş, 1940-cı ildə isə
ona professor elmi adı verilmişdir. Tibb elminin
inkişafında və tibb kadrlarının yetişdirilməsində
xidmətlərinə görə M.Mirsəlimov "Azərbaycan
Respublikasının əməkdar həkimi" və "Əməkdar
elm xadimi" fəxri adlarına layiq
görülmüşdür. O, 1952-ci ildə ADHTİ-də
kliniki patofiziologiya kafedrası təşkil etmiş və
ömrünün sonuna qədər həmin kafedranın
müdiri olmuşdur.
1953-1966-cı
illərdə ATİ-nin patoloji fiziologiya kafedrasına professor
T.Paşayev (1910-1966) rəhbərlik etmişdir. T.Paşayev universiteti
bitirdikdən sonra Kiyevdə Ukrayna Eksperimental Biologiya və
Patologiya İnstitutunda aspiranturada oxumuş və akademiklərdən
A.Boqomolets və N.Sirotinin rəhbərliyi ilə namizədlik,
1945-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş,
1947-ci ildə isə professor vəzifəsinə
seçilmişdir. Onun təşəbbüsü
ilə patoloji fiziologiya kafedrası nəzdində allerqologiya və
Naftalan neftinin müalicəvi təsirinin öyrənilməsi
üzrə Problem Elmi-Tədqiqat Laboratoriyası
yaradılmışdır.
Professor
T.Paşayev 1940-1960-cı illərdə İstisu və Naftalan
kurortunun elmi rəhbəri olmuşdur. Onun təşəbbüsü
ilə respublika, Qafqaz Respublikalararası və Ümumittifaq
miqyaslı bir sıra elmi konfrans və simpoziumlar
keçirilmişdir. T.Paşayev 150-dən
artıq elmi məqalənin və 2 monoqrafiyanın müəllifidır.
O, milli patofizioloq kadrlarının hazırlanması işinə
də böyük diqqət yetirirdi. Alimin rəhbərliyi
ilə 5 doktorluq və 21 namizədlik dissertasiyası müdafiə
edilmişdir. T.Paşayev patofizioloqlar məktəbinin
nümayəndələri indi də kafedrada
çalışır (dosentlər - V.Qasımova, M.Pənahi,
İ.Musayev, baş müəllimlər - Q.Hüseynov,
V.Qasımova), həkim kadrlarının yetişdirilməsində
və patofiziologiya elminin inkişafında əllərindən
gələni əsirgəmirlər.
1967-1971-ci illərdə
təhsil ocağının patoloji fiziologiya kafedrasına
professor Ə.Ələkbərov (1897-1971) rəhbərlik
etmişdir.
O, 1931-ci ildən kafedrada assistent vəzifəsində
çalışmış, 1930-cu ildə namizədlik, 1967-ci
ildə isə doktorluq dissertasiyası müdafiə
etmişdir. Ə.Ələkbərov patoloji
fiziologiyanın müxtəlif problemlərinə həsr
edilmiş 70-dən artıq elmi məqalənin müəllifidir.
Onun vəfatından sonra 1972-ci ildə kafedra
müdiri vəzifəsinə G.Hüseynov (1919-1978)
seçilmişdir.
G.Hüseynov
kafedrada əvvəl assistent, sonra isə dosent vəzifəsində
çalışmış, 1965-ci ildə doktorluq
dissertasiyası müdafiə etmişdir. Alim 17 il
ərzində Azərbaycan ET Hematologiya və
Qanköçürmə İnstitutunun direktoru olmuşdur. 1972-ci ildən ömrünün sonuna qədər
kafedraya rəhbərlik edən G.Hüseynovun əsas elmi tədqiqatları
transfuziologiya və hematologiya problemlərinə həsr
edilmişdir. O, 200-dən artıq elmi əsərin
müəllifi olmuş, 6 doktorluq və 7 namizədlik
dissertasiyasına rəhbərlik etmişdir.
1979-cu ildə
ATU-nun patoloji fiziologiya kafedrasının müdiri Y.Məmmədov
seçilmişdir. O, burada aspirantlıqdan professor və kafedra müdiri vəzifəsinə
qədər yüksəlmişdir. 1982-1991-ci illərdə
ATU-nun rektoru olmuş və bir sıra dövlət vəzifələrində
çalışmışdır. Y.Məmmədov
1969-cu ildə namizədlik, 1982-ci ildə Moskvada doktorluq
dissertasiyası müdafiə etmiş və professor elmi
adı almışdır. 1989-cu ildə Azərbaycan
EA-nın müxbir, 1993-cü ildə Azərbaycan Milli
Yaradıcılıq Akademiyasının həqiqi üzvü
seçilmişdir. Onun rəhbərliyi ilə
8 doktorluq və 28 namizədlik dissertasiyası işlənib
hazırlanmış və müdafiə edilmişdir.
Kafedranın
professoru C.Təqdisi (1923-2006) 1954-cü ildə namizədlik
dissertasiyası müdafiə etmişdir. Sonralar o,
şokun patogenezi, profilaktikası və müalicəsinə
dair tədqiqatlarının nəticəsi əsasında
1964-cü ildə Leninqradda (hazırda Sankt-Peterburq) doktorluq
dissertasiyası müdafiə etmiş, 1968-ci ildə universitetin
professoru vəzifəsinə seçilmişdir. C.Təqdisi
500-ə qədər elmi məqalənin, bir neçə
monoqrafiyanın müəllifi olmuş, elmi-pedaqoji fəaliyyətinə
görə "Azərbaycanın əməkdar ali məktəb işçisi" adına
layiq görülmüşdür.
2001-ci ildən
isə patoloji fiziologiya kafedrasına rəhbərliyi bu sətirlərin
müəllifi həyata keçirir. 1973-cü ildə namizədlik,
1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş,
1972-ci ildə kafedranın assistenti, sonrakı illərdə
baş müəllimi (1973), dosenti (1976) və professoru (1993) vəzifələrinə
seçilmişəm. Uzun illər
kafedranın tədris hissə müdiri vəzifəsində
çalışmışam. 250-yə qədər elmi
məqalənin, 4 dərsliyin, o cümlədən "Tibbi
biliklərin əsasları" (2004) və ilk dəfə 3
dildə (Azərbaycan, ingilis və rus) çap olunmuş
"Patoloji fiziologiyadan atlas" (2008) dərsliklərinin, 8 dərs
vəsaitinin, o cümlədən iri həcmli "Patoloji
fiziologiyadan situasiya məsələləri" və
"Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti"nin,
4 elmi-populyar broşuranın, 1 lüğət-kitabçanın,
bir neçə tədris-metodik vəsaitinin müəllifiyəm.
10 namizədlik dissertasiyasına rəhbərlik
etmişəm. Hazırda 6 namizədlik və
4 doktorluq dissertasiyaları üzərində tədqiqat
işləri davam etdirilir. 1999-2001-ci illərdə I
müalicə-profilaktika fakültəsinin dekanı, 2001-ci ilin
may ayından indiyə qədər universitetin tədris işləri
üzrə prorektoru vəzifəsində
çalışıram. 2001-ci ildə "əməkdar
müəllim" fəxri adına layiq
görülmüşəm.
Tibb elmləri
doktoru, kafedranın professoru M.Əliyev 1981-ci ildə Azərbaycan
Tibb Universitetini adlı təqaüdlə bitirdikdən sonra,
patoloji fiziologiya kafedrasında aspiranturaya daxil olmuş, 1985-ci
ildə namizədlik, 2006-cı ildə isə doktorluq
dissertasiyası müdafiə etmişdir. 1985-1987-ci illərdə
patoloji fiziologiya kafedrasının assistenti, 1987-1997-ci illərdə
baş müəllimi və 1997- 2010-cu illərdə dosenti,
2010-cu ildən isə patoloji fiziologia kafedrasının
professoru vəzifəsinə seçilmişdir. 200-dən artıq elmi məqalənin, o cümlədən
"Patoloji fiziologiyadan atlas" (2008) dərsliyinin, 1 dərs
vəsaitinin, 5 ixtiranın, 5 səmərələşdirici təklifin
müəllifidir. Onun rəhbərliyi
altında 1 namizədlik dissertasiyası yerinə yetirilir.
İndiyədək kafedrada
aparılan elmi işlər əsasında 30-a qədər
doktorluq, 150-dən artıq namizədlik dissertasiyaları
müdafiə edilmiş, 2000-dən çox elmi məqalə,
onlarla monoqrafiya və elmi-kütləvi broşura çap
edilmiş, patoloji fiziologiya üzrə 8 dərslik və 10
praktikum (Azərbaycan, rus və ingilis dillərində)
yazılmışdır. Kafedranın əməkdaşları
keçən əsrin 30-cu illərinə qədər əsasən
Azərbaycan Respublikasının kurort amillərinin tədqiqi
və allergik xəstəliklərin patogenezinin öyrənilməsi
ilə məşğul olmuşlar. Sonrakı
illər ərzində də respublikada eksperimental və klinik
tədqiqatların əsas istiqamətlərindən biri
Naftalan neftinin müalicəvi təsirinin öyrənilməsi
olmuşdur. Hazırda kafedrada 3 tibb elmləri doktoru,
onlardan 3 nəfər professor və 1 baş müəllim, 7 nəfər
assistent vəzifəsində çalışır. Bunlardan əlavə kafedrada 2 baş müəllim və
3 assistent namizədlik dissertasiyaları üzərində
işləyir. Hazırda kafedra əməkdaşları
allergik xəstəliklərin, ekstremal və terminal vəziyyətlərin
patogenezində limfa sisteminin rolunun öyrənilməsi,
limfagen müalicə üsullarının işlənib
hazırlanması və bir sıra mikroelementlərin, sintetik
kimyəvi maddələrin bioloji aktivliyinin və limfotrop xassələrinin
öyrənilməsi istiqamətində elmi-tədqiqat işlərini
davam etdirirlər.
Azərbaycan
patofizioloqlarının elmi tədqiqatlarının nəticələri
keçmiş SSRİ miqyasında keçirilən müxtəlif
elmi qurultay, simpozium və konfranslarda, həmçinin bir
sıra beynəlxalq elmi cəmiyyətlərin konqreslərində
müzakirə edilmiş və geniş nüfuz
qazanmışdır. 1970-ci ildə SSRİ patofiziologiya cəmiyyətinin
ilk qurultayı Bakıda keçirilmişdir. Son illər
Azərbaycan patofizioloqlarının yerinə yetirdiyi elmi-tədqiqat
işlərinin nəticələri nəinki keçmiş
SSRİ məkanında, həm də xarici ölkələrdə,
o cümlədən ABŞ-da, Fransada, Almaniyada, Türkiyədə,
İranda, İsraildə, İspaniyada, BƏƏ-də və
s. keçirilən elmi qurultaylarda, konqreslərdə və
simpoziumlarda səslənir.
Bu il Azərbaycan
Tibb Universitetinin 80 illik yubileyi təntənə ilə qeyd
olunacaq. Universitetin bütün kafedraları kimi
patoloji fiziologiya kafedrasının professor-müəllim heyəti
də yubiley gününü layiqli töhfələrlə
qarşılamaq əzmindədir.
Sabir ƏLİYEV,
ATU-nun tədris işləri üzrə
prorektoru, Patoloji
fiziologiya kafedrasının müdiri, respublikanın əməkdar
müəllimi, tibb
elmləri doktoru, professor
Azərbaycan.- 2010.- 3 avqust.- S. 4.