Oksana Yablonskaya: Qəbələ İkinci Beynəlxalq musiqi festivalı çox yüksək səviyyədə təşkil olunmuşdur

 

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ II Beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunan London Kral Filarmonik Orkestrinin konsertində çıxış edən dünya şöhrətli amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya AzərTAc-a müsahibəsində bildirmişdir ki, bu festival çox yüksək səviyyədə təşkil edilmişdir. O demişdir:

- Burada Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərləri böyük məharətlə səsləndirilir. Dünyanın 4-5 məşhur orkestrindən biri olan London Kral Filarmonik Orkestrinin bu festivala dəvət olunması və iyulun 30-dan avqustun 5-dək hər gün konsert proqramı ilə çıxışının nəzərdə tutulması çox böyük bir yenilikdir. Biz bunu heç təsəvvürümüzə belə gətirmirdik. Festivala bu orkestrlə yanaşı, dünya şöhrətli Xloe Hanslipin, Emilio Ponsun, Boris Berezovskinin, Yuri Başmetin dəvət edilməsi beynəlxalq musiqi aləmində böyük rəğbətlə qarşılanır. Festival haqqında dünyanın müxtəlif qəzet və jurnallarında yazıların dərc edilməsi buna əyani sübutdur. Mən çox şadam ki, belə bir möhtəşəm musiqi festivalına mənim oğlum Dmitri Yablonski də rəhbərlik edir. O, professor Fərhad Bədəlbəyli ilə birgə Heydər Əliyev Fondunun dəstəyi ilə bu layihəni iki ildir ki, uğurla həyata keçirir. Əslinə qalsa, bu möhtəşəm festivalın məhz Qəbələdə keçirilməsi Dmitrinin ideyasıdır. O, füsünkar təbiəti, əsrarəngiz gözəlliyi və təmiz havası olan Qəbələnin vurğunudur. Düzünü deyim ki, D.Yablonski əvvəllər Azərbaycanda heç olmamışdı. O, Azərbaycana ilk gəlişi ilə bu torpağı sevmiş, insanların qonaqpərvərliyinə, gözəl xasiyyətinə vurulmuşdur. Oğlum günlərinin çox hissəsini Qəbələdə keçirir, orada yaşayır və piano fabrikində işləyir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  3 avqust.- S.  5.