Gəncənin mənəvi çıraqları

 

Hörmətli redaksiya!

Deyirlər ki, gəncəli Rəfibəyovlar hələ çar Rusiyası dövründə o qədər fəal və mübariz olublar ki, orden və medallara layiq görülüblər. Bu, doğrudurmu?

 

Səlim QURBANOV,

Gədəbəy rayonu

 

Düz deyirlər. Bu, həqiqətən də belədir. Ələkbər bəy IV dərəcəli müqəddəs Vladimir, oğlu Xudadat bəy III dərəcəli müqəddəs Stanislav ordenini almışdı.

Nə vaxt, nə üçün? Nədənsə bu barədə heç yanda yazılmır. Halbuki bu da öz dövründə olan hörmətin, nüfuzun bir cizgisidir. Şükürlər olsun ki, laqeydlik buzu əridikcə demokratiyanın işığında olub keçənlərə daha aydın, daha ətraflı nəzər sala bilirik.

Gəncənin ən önəmli mənəvi dayaqlarından olan Rəfibəylilər nəsli haqqında son vaxtlar müəyyən qədər yazılır, deyilir. İndi çoxu bilir ki, Ələkbər bəy Gəncənin nurlu ziyalılarından olub. Bir müddət polis sistemində çalışıb. Gəncədə, Ağdaşda, ən çoxu da Bum sahəsində pristav işləyərkən əmin-amanlığın qorunmasında, oğru-əyrinin, qaçaq-quldurun düz yola qaytarılmasında xüsusi fəallıq göstərib. Ucaboy, enli kürəkli, sərt baxışlı, qorxubilməz Ələkbər bəy gecə-gündüz at belində dağları-düzləri dolaşar, elin-obanın keşiyində ayıq-sayıq durardı...

Qazamatdan qaçıb gələn bir dəstə dələduz Ərəş mahalında kəndləri talayır, çobanları göz açmağa qoymur, bir ucdan mal-qaranı sürüb aparırdı. Ələkbər bəy güllə qabağında gözünü də qırpan deyildi. Onunla heç vaxt zor gücünə danışmaq olmazdı. Neçə yol ismarlayıb ki, farağat durun, qoyun camaat öz kasıblığı ilə məşğul olsun. Qarət, talan kəsilmir. Onda Ələkbər bəy ya Allah deyərək yaraqlanıb atlanır. Bir neçə gündən sonra səs yayılır ki, bəs Ələkbər bəy Kazan türməsindən qaçıb gələn bir oğrunun silahlı dəstəsinə divan tutub, özünü də qolu bağlı qabağına qataraq gətirib.

Bu hadisə 1889-cu ilin yanvar ayında olub. Sonra Ağdaşda bir dəstə mal-qara qəniminin dərsini verib, Göyçayda at oynadan talançı dəstəni dağıdıb, Şamaxını lərzəyə salan bir qrup quldurdan camaatın canını qurtarıb. Sonra...

Ərəş mahalının rəisi, kapitan Həkimovun Mərkəzi Dövlət Arxivində mühafizə olunan 1898-ci il 12 sentyabr tarixli rəsmi arayışında bu cür faktlar çoxdur. Bütün bu xidmətlərə görə 1890-cı il fevralın 28-də pristav Ə.Rəfibəyli mükafata təqdim olunur. Deyəsən, yuxarılarda bu sadə "tatar balası"nın cəsarətinə, hünərinə inanmırlar. İnspektor gəlir, hər şeyi yerli-yerində araşdırıb qayıdır. Aradan düz bir il yeddi ay keçəndən sonra 1891-ci il sentyabrın 28-də Ələkbər bəy Həsənağa oğlu Rəfibəyli əla xidmətə görə IV dərəcəli müqəddəs Vladimir ordeninə layiq görülür.

Ələkbər bəy polis sistemində cəmi səkkiz il çalışır. Sonra öz xoşuna işdən aralanaraq təsərrüfatla məşğul olmağa başlayır.

Ağır-ağayana, ölçülü-biçili adam idi. Elə cavanlıqdan haqqı nahaqqa verən deyildi. Ədaləti, etibarı el arasında ona dərin hörmət qazandırır. Elə buna görə Gəncə camaatı Ələkbər bəyi şəhər dumasına millət vəkili seçir və beləcə dalbadal düz 22 il o, xalq elçisi kimi elinə-obasına xidmət edir.

Əvvəllər dumaya əsasən qeyri-millətlər doluşardı. Tək-tək müsəlman var idisə, o da savadsız, "iclasda uyuyan", "gurultuya barmaq qaldıran" olurdu. Millətin nicatı üçün bir məsələ yeritmək olmurdu. Ələkbər bəy dözmədi. Onun təkidi, tələbi ilə ilbəil şəhər dumasının tərkibi dəyişdi. Savadlı, qeyrətli cavanların hesabına özünə çoxlu həmfikir topladı. Hardan gəlirdi bu nüfuz, bu ad-san? Ələkbər bəyin nə elə vəzifəsi var idi ki, hər gələnin işini aşırıb hörmət qazansın, nə də bol var-dövləti ki, kasıb-kusuba paylayıb ad çıxarsın. Yox, belə deyildi. Sadəcə olaraq, qəlbigeniş, səxavətli, səriştəli və bir də ki, son dərəcə ədalətli adam idi. Özü də xırda-para məişət qayğılarını, qohum-qonşu davalarını, gəlin-qayınana mübahisələrini sahmanlamaqda qapanıb qalmırdı. Ələkbər bəy geniş mənada millətin mənəvi dayaqlarından sayılırdı. Asta-asta içimizi dağıdan erməni namərdlərinə, addımbaşı mənliyimizi ayaqlayan çar məmurlarına, sapı özümüzdən olan satqınlara, nankorlara qarşı mübarizənin təşkilində, xalqın milli mənliyinin mühafizəsində xüsusi xidmətləri olub. "Daşnak" partiyası at oynadıb azğınlıq edəndə Ələkbər bəy Rəfibəyovun rəhbərliyi ilə "Difai" partiyası xainlərə, xəbislərə layiqli divan tuturdu.

Ələkbər bəy müdrik adam olub. Daim çalışıb ki, millət oyansın, cavanlar elm, sənət dalınca getsinlər. Məktəb, teatr açılsın, hər yerdə ana dilinə geniş meydan verilsin. 1902-ci ildə Ələkbər bəyin təkidi və tələbi ilə milli məktəbin təşkili üçün ictimai şura yaradılır. Qəza nümayəndələri, qazilər, maarif işçiləri yığışırlar. Maarif nazirinin özü də dəvət olunur. Müzakirə zamanı şəhər valisi Ələkbər bəydən xəbər alır:

- Nə istəyirsiz?

Ələkbər bəy özünəməxsus təmkinlə izah edir:

- Bizə savadlı, elmli adamlar lazımdır. Əcnəbi məmləkətlərdə qanuni təhsil alan müsəlmanlar Rusiya daxilində nədənsə vəzifə icra etmək hüququndan və səlahiyyətindən məhrumdurlar. Rusiyada isə dini və milli məktəblərimiz yoxdur. Buna görə də rica edirik ki, həm öz işlərimizə əncam çəkmək və həm də hökumət tədbirlərini icra etməkdən ötrü bilikli adamlar hazırlamaq üçün bizə milli məktəb açmağa icazə verəsiniz.

Maarif naziri qəti etiraz edir:

- Olmazmı ki, uşaqlarınız rus məktəblərində "Quran"ın rusca tərcüməsini oxuyaraq sonra sizlərə axundluq, mollalıq, yaxud əfəndilik etsinlər...

Bu kinayəli sözlərdən Ələkbər bəy möhkəm hiddətlənir. Suala sualla cavab verir:

- Olmazmı ki, sizin rus uşaqlarınız yəhudi dilində təlim və tərbiyə alaraq, sonra yəhudi dilinə tərcümə edilmiş "İncil" ehkamlarını sizlərə təbliğ etmək üçün kilsələrinizdə işə başlasınlar?

Ələkbər bəyin güclü məntiqi hamının sözünü kəsir. Beləcə, uzun çək-çevirdən sonra o, şəhərdə milli məktəbin açılmasına nail olur.

Gəncədə teatrın dirçəlişi də xeyli dərəcədə Ələkbər bəyin adı ilə bağlıdır. Bilavasitə onun dəvətilə 1909-cu ildə Sidqi Ruhulla Gəncəyə gəlir, "Cəhalət", "Ağa Məhəmməd şah Qacar" və "Məşədi İbad" əsərlərini səhnəyə hazırlayır.

Sidqi Ruhulla yazır ki, teatr üçün müvafiq yeri Ələkbər bəy tapıb verib. Oynanılacaq əsərləri Ələkbər bəy seçib, məsləhət görüb. Həvəskarları səhnəyə o, cəlb edib, gətirib. Səhər-axşam aktyorlara süfrə açıb, onlara qonaqlıq verib. Cahil, nadan adamlar teatra xor baxanda onlara həyan durub, arxa olub. Səhnənin, sənətkarın hər xərcini həmişə öz boynuna çəkib. Tamaşa hazır olanda da gəlib lap öndə oturarmış. Ələkbər bəy olan yerdə isə Gəncənin bütün adlı-sanlı adamları axışıb gələrmiş.

Həyatın hər sahəsində bax beləcə fəal, işgüzar, canıyanar olub Ələkbər bəy.

Onun öz qəlbinə, əməlinə uyğun da ailəsi var idi. Qızı Suğra xanım dövrün adlı-sanlı ziyalısı olub. Oğlu Xudadat bəy isə ilk diplomlu cərrah, əsl ziyalı, millət fədaisi kimi tanınıb. Xalq Cümhuriyyəti dövründə əvvəl səhiyyə naziri, sonra isə Gəncənin general-qubernatoru olub. Hələ sıravi həkim işləyərkən Xudadat bəyin çalışdığı müalicə ocağının, onun yaratdığı tibb cəmiyyətinin, Qırmızı Aypara Cəmiyyəti Gəncə bölməsinin əlsiz-ayaqsızlara, Qars faciəsi, erməni talanları ilə əlaqədar didərgin düşənlərə göstərdiyi təmənnasız yardımların sədası hər yana yayılır. Elə buna görə də 1916-cı il may ayının 10-da Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli III dərəcəli müqəddəs Stanislav ordeninə layiq görülür.

Ata da orden alıb, oğul da. Şübhəsiz, hər gələnə verilmirdi belə mükafatlar! Bu təltiflər fədakar ata-oğulun el yolundakı hünərlərini hələ o zaman rəsmi dövlət orqanları (özü də bizlərə yuxarıdan ögey gözlə baxan çar hökuməti orqanları!) tərəfindən etirafı kimi qiymətlidir.

1919-cu ildə Ələkbər bəyin dəfni bütün Gəncəbasarda el matəminə çevrilir. Əhməd Cavad "Azərbaycan" qəzetində yazırdı ki, "Gəncə bu günlərdə böyük bir müsibət gördü. Ələkbər bəyin Gəncəsi el atası Ələkbər bəyi itirdi. Bu, böyük cənab dünyalar durduqca xatirələrdə yaşayacaqdır". Qəzetin başqa bir nömrəsində isə Məmməd Səidin məqaləsi verilmişdi: "Ələkbər bəy həzrətləri həqiqi bir vətənpərvər, sadiq bir millətpərəst, kimsədən qorxmaz və çəkinməz, gecə və gündüz istirahət bilməz. Heç bir təhlükə və fəlakəti göz önünə almaz, atəşzəvan bir millət müdafiəçisi idi.

O, hüznlü günlərdə Gəncə bələdiyyəsi şəhər dumasına müraciət edərək onun adının əbədiləşdirilməsi üçün bir neçə təklif irəli sürür: "Dumanın zalında Ələkbər bəyin portreti asılsın, mərhumun əli ilə salınmış Mixaylov küçəsinə Rəfibəyovun adı verilsin, tədris müəssisələrində mərhumun adına 10 təqaüd təsis edilsin, rəhmətliyin xatirəsinə şəhər xəstəxanasında pulsuz müalicə üçün iki çarpayı ayrılsın, bir ilə kimi Rəfibəyovun adına təzə tədris ocağı açılsın. Və bir də Şah Abbas məscidinin önündə unudulmaz millət fədaisi Ələkbər bəy Rəfibəyovun heykəli ucaldılsın".

Qəfildən dövran dəyişdi, el üçün gərəkli olan çox şey unuduldu. Rəfibəyovlar nəslindən ucalan neçə-neçə millət fədaisinin adı yasaq edildi. Onun qohum-əqrəbası amansız təqiblərə məruz qaldı. Xudadat bəy Rəfibəyov məhkəməsiz, hökmsüz Nargin adasında güllələndi.

Bu qeydləri hazırlayarkən Gəncədə Ələkbər bəyin ev-muzeyini xəbər aldıq. Soraq verən olmadı. Mərhumun adına bir küçə, bir məktəb, müəssisə axtardıq. Heyf ki, tapa bilmədik. Bəs, məzarı? "Yeri dəqiqləşdirilir, düzəldərik", - dedilər. Hələ 1919-cu ilin aprel ayında "Azərbaycan" qəzetində yazılan çox kəsərli kəlam yada düşür: "Ələkbər bəy həzrətləri millətə və Vətənə o qədər xidmətlər etmiş ki, onları bilməyən, onları təqdir etməyən millət və Vətən nankordu, şübhəsiz".

Bir təsəlli qalır ki, 150 il bundan əvvəl Gəncə torpağında dünyaya göz açan, təlatümlü illərdə Gəncəbasara arxa-həyan duran, doğma elinə Xudadat bəy kimi qeyrətli bir oğul bəxş edən, bir zaman adına and içdiyimiz, varlığına güvəndiyimiz, qəlbinin istisinə sığındığımız Ələkbər bəy Rəfibəyov bütün Gəncə camaatının qəlbində daim yaşayır!

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.-  3 avqust.- S.  6.