Azərbaycanın müdafiə potensialı daha da güclənir

 

Silahlı Qüvvələrin maddi-texniki təchizatının yüksəldilməsi ölkəmizin hərbi qüdrətinin artmasında mühüm rol oynayır

 

 Dünya təcrübəsi sübut edir ki, istənilən dövlətin inkişafını şərtləndirən əsas amillərdən biri burada təhlükəsizlik mühitinin formalaşdırılması, sabitliyin təmin edilməsidir. Çünki bunlar olmadan hər hansı davamlı tərəqqinin yaşanmasından, iqtisadiyyatdan tutmuş siyasi, mədəni həyata qədər digər sahələrdə inkişafı şərtləndirən əlverişli şəraitin yaranmasından söhbət gedə bilməz. Müasir dünyanın siyasiiqtisadi xəritəsinə diqqət yetirməklə bunun real təsdiqinə dair kifayət qədər nümunələrə rast gəlmək mümkündür. Azərbaycanın sosial-iqtisadi inkişaf tempinə, müxtəlif sahələrədə həyata keçirdiyi islahatlar və onların səmərəlilik dərəcəsinə görə dünya dövlətləri arasında ön sıralarda olmasına rəvac verən mühüm səbəblərdən biri ölkəmizdə daxili sabitliyin bərqərar olması, xalq və hakimiyyət arasında möhkəm birliyin mövcudluğudur.

Danılmaz həqiqətdir ki, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olaraq qalmasını şərtləndirən önəmli faktorlar sırasında onun malik olduğu zəngin təbii sərvətlər, əlverişli geosiyasigeoiqtisadi mövqe ilə yanaşı, yüksək təhlükəsizlik mühiti, möhkəm sabitlik də əsas rol oynayır. Bunun nəticəsidir ki, müxtəlif xarici dövlət və təşkilatların, iri transmilli şirkətlərin Azərbaycanla işbirliyi qurmaq marağı, ölkəmizə yeni sərmayələr yatırmaq istəyi həmişə böyük olub.

Möhkəm özüllər üzərində daxili sabitlik quran Azərbaycan ona qarşı yönələn xarici təhlükələrin vaxtında neytrallaşdırılması və buna layiqli cavab verilməsi üçün də əməli addımlar atmaqda, mühüm nailiyyətlər qazanmaqdadır. Təsadüfi deyil ki, Cənubi Qafqazda hazırda öz döyüş qabiliyyəti və hazırlıq səviyyəsinə görə ən güclü silahlı qüvvələr, o cümlədən ordu məhz Azərbaycana məxsusdur. Təbii ki, bunun səbəblərindən biri də Azərbaycanın təcavüzə məruz qalan dövlət olması, ərazilərinin hələ də beşdə birinin işğal altında saxlanmasıdır. Hazırda Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi müstəviyə keçəcəyi təqdirdə qısa zaman ərzində düşmən ordusunu torpaqlarımızdan tam çıxarmaq iqtidarındadır. Lakin məsələnin sülh yolu ilə həllinə ümidlər hələ tükənmədiyindən Azərbaycan güc yoluna əl atmağa lüzum görmür. Bununla belə, ölkənin sürətli iqtisadi inkişaf tempinə müvafiq olaraq ordunun hərbi qüdrətinin artırılması, maddi-texniki təminatının daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "Biz hərbi gücümüzü də gücləndiririk və bunu edəcəyik. Azərbaycanda hərbi məsələlərin həlli üçün ayrılan vəsait, bildiyiniz kimi, çox böyük vəsaitdir. Biz bu vəsaiti nə üçün xərcləyirik? Yəqin ki, hamıya bəllidir. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Tam əminəm ki, bu gün Azərbaycanın belə imkanları var. Biz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, bundan sonra da artıracağıq. Bizim maliyyə imkanlarımız buna şərait yaradır və bu maliyyə imkanlarını biz yaratmışıq, Azərbaycan xalqı yaradıb, siyasətimiz yaradıb".

Beləliklə, ölkəmizin iqtisadisosial həyatında müşahidə olunan dinamik inkişafın davam etməsi, makroiqtisadi göstəricilərin nəzərəçarpacaq dərəcədə artması Azərbaycanın müdafiə potensialını daha da gücləndirir. Burada diqqətçəkən ən vacib cəhətlərdən biri isə ondan ibarətdir ki, görülən məqsədyönlü tədbirlər nəticəsində ölkənin müdafiə qabiliyyətinin daha yüksək səviyyəyə çatdırılması əsas etibarı ilə daxili resurslar hesabına baş verir. Belə vəziyyət həm də silahlı qüvvələrin hərbi təyinatlı məhsullarla təmin edilməsində xaricdən olan asılılığı aradan qaldırır. Digər tərəfdən, müdafiə təyinatlı məhsulların ölkəmizdə hazırlanması onların daha ucuz başa gəlməsinə və beləliklə, böyük miqdarda vəsaitə qənaət olunmasına, eləcə də yerli istehsal gücünün artırılmasına, yeni yerlərinin açılmasına rəvac verir. Hazırda silahlı qüvvələrdə aparılan quruculuq işlərinin tərkib hissəsi olaraq onun texniki təchizatı, bir çox döyüş sursatı, avadanlıq növləri və digər lazımi vasitələrlə təmini məhz yerli istehsal hesabına ödənməkdədir. Qarşıdakı dövr ərzində ölkənin müdafiə sənayesinin buraxdığı məhsullarının çeşidinin bir qədər də çoxalacağı gözlənilir ki, bu da silahlı qüvvələrin texniki ehtiyacının daha böyük həcmdə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir.

Bu gün isə güc strukturlarının müdafiə təyinatlı məhsullara, o cümlədən atıcı silahlara, xüsusi təyinatlı vasitələrə, hərbi texnikanın ehtiyat hissələrinin hazırlanmasına və təmirinə olan tələbatının ödənilməsində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin xüsusi rolu var. Bu sahədə vəziyyətin daha qənaətbəxş səviyyəyə çatdırılması üçün dövlət tərəfindən müdafiə sənayesinə daim xüsusi diqqət göstərilir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dövlət müdafiə sifarişi proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində yeni texnologiyalaristehsal sahələrinin yaradılması üçün tikinti və yenidənqurma işlərinin aparılmasına, müdafiə təyinatlı məmulatların yaradılmasına 2006-2009-cu illərdə Müdafiə Sənayesi Nazirliyinə dövlət büdcəsindən 414,4 milyon manat məbləğində vəsait ayrılıb. Ayrılmış vəsait hesabına dünyanın inkişaf etmiş ölkələrindən müxtəlif mürəkkəb əməliyyatları həyata keçirən 423 adda dəzgah və avadanlıq alınıb. Nazirliyin müəssisələrində müxtəlif növ atıcı silahların, döyüş sursatlarının və onların ehtiyat hissələrinin istehsalı məqsədilə 141,7 min kvadratmetr sahəyə malik olan 21 obyektdə tikinti və yenidənqurma işləri aparılıb və nəticədə "İqlim", "Dalğa", "Peyk", "Telemexanika", "Alov", Elektron Hesablama Maşınları, Radioquraşdırma, "Araz" zavodlarının, Elmi Tədqiqat İnstitutunun və "Təcrübə-sınaq" zavodunun əsaslı yenidənqurulmasından sonra Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilib. Bu müəssisələrdə onlarla yeni istehsal sahələri yaradılaraq müdafiə təyinatlı məmulatların istehsalına başlanıb.

Cari il üçün də sözügedən nazirliyə ayrılan vəsaitin həcmi kifayət qədər böyükdürbu, istehsal gücünün artırılmasına, yeni hərbi təyinatlı məmulatların istehsalına imkan verir. O da təqdirəlayiq haldır ki, Azərbaycan bu sahədə dünyanın bir çox ölkələri, qabaqcıl şirkətləri ilə əməkdaşlıq münasibətlərinin yaradılmasına xüsusi önəm verir və artıq uğurlu nəticələrə imza atıb.

Məsələn, ölkədə zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşmalar əldə olunub. Artıq Azərbaycanda belə maşınlar istehsal olunur. "Morador" və "Matador" adlanan bu zirehli maşınların göstəriciləri olduqca yüksəkdir. "Matador" maşınları hazırlanmasına və texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir.

Bununla yanaşı, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 20-dən çox dövlətinin 50-dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir. Həmin ölkələrin sırasına İtaliya, İsveçrə, ABŞ, Pakistan, Rumıniya, İsrail, Belarus, CAR, Ukrayna, Rusiya, Belçika, İran, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan və digərləri daxildir. Ümumilikdə isə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlıq etdiyi dünya dövlətlərinin sayı 60-ı keçir.

Bundan başqa, ölkəmizdə PDM (piyadaların döyüş maşını) və ZTR-lərin (zirehli transportyor) modernləşdirilməsi də həyata keçirilir. Həmçinin müxtəlif qoşun növlərində istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernləşdirilir və müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görülür. Daha bir mühüm məqam ondan ibarətdir ki, ötən dövr ərzində aparılan elmi-tədqiqat və təcrübi-konstruktor işləri nəticəsində çoxsaylı müdafiə təyinatlı məmulatlar yaradılıb və seriya istehsalı mənimsənilib. Yüzlərlə ehtiyat hissələri hazırlanıb istehsal edilərək Müdafiə Nazirliyinə və digər güc strukturlarına təhvil verilib. Hazırda yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiya və avadanlıqlar hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 413-ə çatdırılıb. İstehsal həcmi ümumilikdə 2006-cı illə müqayisədə 2009-cu ildə 2,8 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 46 dəfə artırılıb.

2010-cu ilin ilk altı ayında isə müdafiə təyinatlı məmulatlara dair bağlanmış müqavilələrin həcmi 61,1 milyon manat təşkil edib. İlin sonunadək yaradılacaq müdafiə təyinatlı məmulatların seriyalı istehsalını təmin etməklə əlavə olaraq 42 milyon manat məbləğində müqavilələrin bağlanması gözlənilir. Bununla da müdafiə təyinatlı məmulatların 2010-cu il üçün istehsal həcmi 103 milyon manata çatdırılacaqdır. Müqayisə üçün qeyd edək ki, 2010-cu il üçün bağlanmış müqavilələrin həcmi 2006-cı illə müqayisədə 120 dəfə, 2007-ci illə müqayisədə 9,6 dəfə, 2008-ci illə müqayisədə 6 dəfə artıb. Cari ildə əsasən müxtəlif tipli minaatanların, qumbaraatanların, snayper tüfənginin, optik nişangahların, kollimatorların, minaların, atəş yığımlarının, aviasiya bombalarının, müxtəlif növ atıcı silahlar üçün trenajorların, tank və piyadaların döyüş maşınları üçün tırtıl dəstlərinin, müxtəlif növ patronların, əl qumbaralarının və digər məmulatların seriyalı istehsalı nəzərdə tutulub və həyata keçirilməkdədir.

Məlumdur ki, bu gün dünyanın inkişaf etmiş ölkələrində müxtəlif mülki məhsulların istehsalına da xüsusi önəm verilir. Müdafiə sənayesində yaradılan müəssisə və zavodlar da təkcə hərbi təyinatlı məmulatların istehsalı ilə deyil, eyni zamanda xalq təsərrüfatının bütün sahələri üçün müxtəlif məhsulların hazırlanması ilə məşğul olur. Bunun nəticəsidir ki, neft-qaz sənayesində istifadə olunan fontan armaturları, fontan siyirtmələri, terminalda qazın qəbulu sistemi, tənzimlənmə və ölçü qovşaqlarının avtomatlaşdırılmış məlumat-nəzarət sistemləri, neft quyularının, dağ-mədən işlərinin perforasiyası üçün müxtəlif ölçülü perforatorlar, traktorlar üçün tırtıllar, biryarusluikiyaruslu çarpayılar, səyyar yemək termosları, smart-kartla işləyən qaz sayğacları, rəqəmsal işıqforlar, müxtəlif güclü akkumulyator batareyaları və sair artıq ölkəmizdə müdafiə sənayesində yaradılan müəssisə və zavodlarda istehsal edilir. Bununla yanaşı, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması sahəsində də ciddi addımlar atılır və bu, yeni növ müdafiə təyinatlı məmulatların istehsalının mənimsənilməsinə imkan verir. Eyni zamanda dünyada tətbiq olunan yeni texnologiyaların, elmin hərbi-texniki sahəsində olan yeniliklərin əldə edilərək müəssisələrdə tətbiqi də prioritet istiqamələr sırasında yer alır.

Daha bir önəmli məqam Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücünün ölkəmizin Silahlı Qüvvələrini silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməyə qadir olmasıdır. Xarici bazarlarda isə Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullara tələbatın yüksək olmasını İordaniya Haşimilər Krallığının Əmman şəhərində təşkil olunan "SOFEX-2010" beynəlxalq sərgisi də təsdiqlədi. Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə sərgiyə ev sahibliyi edən İordaniyanın və sərgidə iştirak edən Türkiyənin, eləcə də digər dövlətlərin şirkətləri arasında birgə əməkdaşlığa dair bir neçə müqavilələr və niyyət protokolları da imzalanıb. Məsələn, ABŞ şirkətlərindən biri ilə imzalanan niyyət protokoluna əsasən sözügedən şirkət Azərbaycana 82 millimetrlik çaplı minaatanlar, PKM pulemyotları, 7,62x54, 7,62x39 çaplı patronlar, 82 millimetrlik çaplı minaatanlar üçün döyüş sursatları, eləcə də lüləaltı qumbaraatanlar üçün VOG-25 tipli döyüş sursatı sifariş verib. Daha bir neçə şirkət və dövlət də Azərbaycandan hərbi təyinatlı məhsullar almaqda maraqlı olduqlarını açıqlayıb.

Ümumiyyətlə, Azərbaycanda istehsal edilən müdafiə təyinatlı məhsulların yüksək keyfiyyətli olmasını əyani təsdiq edən əsas faktorlardan biri beynəlxalq miyqasda həmin məmulatlara göstərilən böyük maraqdır. İndi dünyanın bir çox dövlətləri ölkəmizdə müdafiə sənayesi tərəfindən istehsal olunan məhsullara yüksək maraq göstərməklə yanaşı, bu sahədə Azərbaycanla əməkdaşlıq qurulmasına və ya mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə çalışırlar.

Bütün bunlar Azərbaycanın müdafiə potensialının daha da güclənməsindən, ölkəmizin bu sahədə böyük uğurlara imza atmasından xəbər verir. Belə vəziyyət Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin digər növlərinin hərbi texnika ilə təchizatının daha yaxşı səviyyəyə çatdırılmasını təmin edir. Təbii ki, bu da Azərbaycan əsgərinin döyüş hazırlığının daha da yüksəlməsinə, onun yenilməzliyinə, düşməndən qisas almaq istəyinin bir qədər də güclənməsinə rəvac verən amillər sırasında yer alır. Maddi-texniki təchizatı, mənəvi-psixoloji, döyüş hazırlığı yüksək olan Azərbaycan Ordusunun əsgəri artıq öz rəşadəti ilə düşmənin bağrına vahimə salır. Necə ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov düşmən ordusunu lərzəyə gətirdi. Döyüş sahəsində göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu yağı düşmənə bir daha nümayiş etdirdi, onu daha dəhşətli vahiməyə saldı. İndi düşmən bilir ki, Azərbaycan Ordusunda Mübariz İbrahimovun qəhrəmanlığını təkrarlamağa, bu yolda şəhidlik zirvəsinə yüksəlməyə hazır olan əsgərlərin sayı minlərlədir və onların qarşısında duruş gətirmək mümkün deyil!

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 4 avqust.- S.1, 2.