Azərbaycan aliminin beynəlxalq
nüfuzu
2010-cu ilin
yanvar ayında Prezident İlham Əliyevin sərəncamına
əsasən ölkəmizdə
görkəmli alim, neftçi-geoloq, ARDNŞ-nin
birinci vitse-prezidenti, Azərbaycan Dövlət mükafatı laureatı,
SSRİ-nin əməkdar
neftçisi, geologiya-mineralogiya
elmləri doktoru,
professor, Azərbaycan Milli
Elmlər Akademiyasının
həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadənin 80 illik yubileyi geniş qeyd olundu. Bu günlərdə
isə qonşu Gürcüstandan xoş xəbər gəldi, hörmətli alim Gürcüstan Milli Elmlər Akademiyasının
xarici üzvü - akademik seçilmişdir.
Azərbaycan və gürcü xalqlarının
çoxəsrlik dostluq
və əməkdaşlıq
tarixi var. Son illər ölkələrimiz müstəqillik
qazandıqdan sonra bu münasibətlər, demək olar ki, bütün sahələrdə, o cümlədən
elm və istehsalatda, xüsusən də Azərbaycanın yeni neft strategiyası istiqamətində görülən
tədbirlərlə bağlı
daha da genişlənmiş
və möhkəmlənmişdir.
Və bu gün Azərbaycan
aliminin, görkəmli
neftçi-geoloqun beynəlxalq
aləmdə tanınması
çox sevindirici haldır.
Xoşbəxt Yusifzadə Xəzər neftinin yorulmaz tədqiqatçısıdır. Onun məhsuldar
fəaliyyəti dövründə
Xəzərdə 20 neft
və qaz yataqları kəşf edilmişdir. Bütün həyatını
Azərbaycanın neft
sənayesinin inkişafına
həsr etmiş alim, neftçi-geoloqun çoxillik gərgin əmək fəaliyyətini
qiymətləndirərkən ümummilli lider Heydər Əliyevin sözlərini yada salmaq yerinə düşər. "Xoşbəxt
Yusifzadə kimi Xəzər dənizini bilən ikinci bir adam
yoxdur". Bununla da neft geologiyası
sahəsində çalışan
məşhur mütəxəssis
haqqında hər şey deyilmişdir.
Neft sahəsinin
korifeyi, Azərbaycan neftçilərinin ağsaqqalı
Xoşbəxt Yusifzadə
bu gün də öz peşəkarlığı, dərin
biliyi, zəngin iş təcrübəsilə
insanlara xidmət edir.
Azərbaycan Milli Elmlər Akademiyasının
alimləri həmkarımız
və dostumuz Xoşbəxt Yusifzadəni
bu münasibətlə
təbrik edir və ona möhkəm
cansağlığı, Xəzər
dənizinin neft-qaz ehtiyatlarının gələcək
mənimsənilməsində yeni nailiyyətlər arzulayır.
Akif ƏLİZADƏ,
AMEA-nın vitse-prezidenti,
Geologiya İnstitutunun
direktoru, akademik
Azərbaycan.- 2010.- 4 avqust.- S. 2.