Eksponatların yaddaşı
Hər gününü, həftəsini və ayını yaşadığımız 2010-cu il tarixin arxivinə bir sıra əlamətdar hadisələrlə yazılır. Həmin tarixi hadisələrdən biri də Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 90 illik yubileyidir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam imzalaması xalqımızın tarixi keçmişinə, bugününə və gələcəyinə dövlətin, onun başçısının qayğısıdır. Məhz bu diqqət və qayğı nəticəsində adıçəkilən muzey əsaslı təmir və bərpadan sonra öz qapılarını yenidən iştirakçılarının üzünə açmışdır.
Muzey, bildiyimiz kimi, bir növ tarixə, mədəniyyətə, təbiətə aid olan abidələri toplayıb mühafizə edən, onları öyrənən və geniş təbliğ edən elmi-tədqiqat müəssisəsidir. Hər bir kəs öz tarixi keçmişini öyrənməyə daim ehtiyac duyur. Elə xalqlar və dövlətlər də bu amilə əsaslanaraq, tarixi keçmişini araşdırmağı vacib sayıb. Çünki burada ilkinliyə qədər gedib çıxan həqiqətlər "yatır", "daşlaşmış yaddaş" səhifələnir, vərəqlənir. Həmin sal qayalarda, "lal qayalar"dakı dünənimiz, keçmişimiz, mədəniyyətimiz "yuxuya gedib".
Abbasqulu ağa Bakıxanovun təbirincə desək, keçmişindən xəbərsiz olaraq bu günlə yaşamaq, yolsuz biyabana girib, məqsədsiz dolaşığa düşmək kimi bir şeydir. Tariximizin daşlaşmış səhifələrindən soraq almaq, keçmişimizə hörmətlə yanaşmaq və gələcəyimizi bu bünövrə əsasında qurmaq isə, ən azı, mənəvi borclarımızdan biridir.
Azərbaycanda ilk diyarşünaslıq muzeyi XIX əsrin sonlarında (1890-cı il) böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə tərəfindən, müəllim işlədiyi Naxçıvanın Nehrəm kənd məktəbində açılmışdır. Ölkəmizdə isə ilk rəsmi muzey Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan "İstiqlal" muzeyi olmuşdur. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan parlamentinin yaradılmasının ildönümü münasibəti ilə onun binasında təşkil edilmişdi.
Formalaşdıqları vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, muzeylərin istər fəaliyyətlərində, istərsə də fondlarında və ekspozisiyalarındakı eksponatların zənginləşdirilməsində ötən əsrin yetmişinci illərinədək mühüm irəliləyiş hiss edilməyib. 1970-ci il yanvarın 30-da "Respublikada muzey işinin yaxşılaşdırılması haqqında" o zamankı respublika rəhbərliyinin 29 saylı qərarından sonra muzey işinə diqqət güclənmiş və onların inkişafı üçün hər cür şərait yaradılmasına cəhdlər göstərilmişdir. Beləliklə, Azərbaycanda muzey işinə qayğı və diqqət ulu öndər Heydər Əliyevin istər birinci (1969-87-ci illər), istərsə də ikinci dövr (1993-2003-cü illər) siyasi hakimiyyəti illərində fəaliyyətinin tərkib hissəsinə çevirilmişdi. Ümummilli lideri bir şəxsiyyət kimi səciyyələndirən cəhətlərdən biri onun elm və mədəniyyətə geniş diqqət ayırması, qayğı göstərməsi idi. Xalqımızın əsrlər boyu yaratdığı mənəvi sərvətlərdən sayılan mədəniyyət dəyərlərinin toplanması, qorunub saxlanması və daha da zənginləşdirilməsi istiqamətində həyata keçirilmiş dövlət əhəmiyyətli tədbirlər də məhz bunu təsdiqləyir.
Ötən əsrin səksəninci illərində məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə respublikamızda muzey işinə dair xüsusi qərar qəbul edilmiş, bu şəbəkənin inkişafına və genişləndirilməsinə, profilliliyinə diqqət ayrılmış, ayrı-ayrı şəhər və rayon tarix-diyarşünaslıq muzeylərinin yaranması bir tələb kimi qarşıya qoyulmuşdur. Bunun nəticəsi idi ki, cəmi iki il (1980-82-ci illər) ərzində respublikamızda 30-a yaxın tarix-diyarşünaslıq muzeyi fəaliyyətə başlamışdır.
Milli müstəqillik əldə etdikdən sonra da xalqımızın və dövlətimizin xilaskarına çevrilən ümummilli lider Heydər Əliyev əsasını və bünövrəsini hələ ötən əsrin 70-ci illərindən qoyduğu siyasəti uğurla davam etdirdi: milli-mənəvi və maddi dəyərlərin qovuşduğu və qorunduğu muzeylərin nəinki təkcə inkişafını, onların fəaliyyət şəbəkəsinin genişləndirilməsinin əhəmiyyətini vurğuladı. Bu siyasətin nəticəsidir ki, 90 illik tarixi yol keçmiş, formalaşaraq xalqımızın ulu və qədim keçmişini qoruyub saxlayan Azərbaycan Tarixi Muzeyi bütövlükdə elmi-tədqiqatlar mərkəzinə çevrilib.
Onu Azərbaycan muzeylərinin
anası da hesab etmək olar. Bunu söyləməyə
əsas verən faktorlardan biri muzeyin bədii-tarixi dəyərləri əsasında
ötən əsrin
20-30-cu illərində incəsənət,
teatr, ədəbiyyat,
Şirvanşahlar sarayı
qoruq-muzeyi, sonralar isə Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutuna çevrilmiş Əlyazmalar
Fondunun və digər belə əhəmiyyətli maddi-mədəniyyət
mərkəzlərinin
yaradılmasıdır.1920-ci ildə həyata vəsiqə alan Azərbaycan Tarixi Muzeyinin əhəmiyyəti təkcə
ondan ibarət deyil ki, o, özündən
sonra formalaşmış
bir sıra tarixi, mədəni mərkəzlərin bünövrəsini
qoyub. Yəni həmin fondlar
məhz bu "ocaqdan od alıb",
saxlancında qoruduğu
tarixi inciləri əvəzolunmaz maddi-mənəvi
sərvət dəyərində
təqdim edirlər.
1921-ci ilin
may ayından başlayaraq
ilk tamaşaçılarını qəbul edən (xatırladaq ki, o zamanlar Dövlət Muzeyi adlandırılırdı)
Azərbaycan Tarixi Muzeyinin respublikamızda elmi-tədqiqat müəssisələrinin,
bu tipli mədəniyyət mərkəzlərinin
təkcə formalaşmasında
deyil, həmçinin
inkişafında da mühüm rolu olub. Ötən 90 il ərzindəki
(təbii ki, müxtəlif adlar altında) fəaliyyətinə
nəzər salsaq görərik ki, respublikanın diyarşünaslıq,
tematik, eləcə də ayrı-ayrı müəssisə muzeylərinin
göstərdiyi köməyi
adi rəqəmlərlə
ifadə etmək mümkün deyil. Elə bir tarix-diyarşünaslıq
muzeyi yoxdur ki, müdriklik yaşına çatmış
Azərbaycan Tarixi Muzeyi onun fəaliyyətinə
stimul verməsin, əməkdaşlarının metodoloji
və təcrübi dəstəyindən bəhrələnməsin.
Bu baxımdan haqqında söz açılan muzeyi, əslində, respublika muzeyşünaslığının mərkəzi hesab etmək olar.
Muzeydə qorunub saxlanan maddi-mənəvi mədəniyyət nümunələri
Azərbaycan tarixinin bütün dövrlərini
əhatə etməklə,
xalqımızın keçmişini
və bugününü
obyektiv göstərən
bir güzgüdür,
- desək daha dəqiq olar. Çünki buradakı dəlil-sübutlar
tariximizin təkcə
alt qatlarından deyil,
bugünümüzdən də
soraq verir, yaranmaqda olan zəngin mədəniyyət
nümunələrini gələcək
nəsillərə çatdırır.
Sayı
300 mindən artıq olan, müxtəlif xarakterli, ayrı-ayrı dövrlərə aid, dəyəri
heç bir ölçüyə sığmayan
bu incilər (eksponatlar) muzeyin 10 fondunda saxlanır. Ulularımızdan qalma nələr yoxdur: daşdan yonulmuş, sonralar misdən və qızıldan hazırlanmış əmək
alətləri, nənələrimizin
barmaqlarından sığal
almış xalı-xalçalar,
müdriklərimizin qabarlı
əllərilə "naxışlanmış"
saxsı qablar, bəzək və məişət əşyaları,
150 min ədədə yaxın
sikkələr də muzeyin əvəzsiz sərvətlərindəndir. İstər
muzeyin etnoqrafiya, istərsə tətbiqi-sənət
və qiymətli metal
fondunun xüsusi əhəmiyyəti var. Muzeyin
yeni tarix fondu isə müxtəlif xarakterli 2 mindən artıq eksponatı əhatə edir.
Azərbaycan MEA-nın
həqiqi üzvü Nailə Vəlixanovanın
redaktəsi ilə çapdan buraxılmış
"Azərbaycan Tarixi
Muzeyi-80" topluda adıçəkilən
tarixi mədəniyyət
ocağında fəaliyyət
göstərən digər
fondlar barədə ətraflı və olduqca zəngin materiallar verilmişdir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 4
avqust.- S. 5.