Azərbaycan musiqisinin
ruhu
Qəbələ II Beynəlxalq musiqi festivalı ölkəmizin həyatında
əlamətdar hadisədir
Tarixən böyük ticarət yollarının kəsişdiyi, müxtəlif mədəniyyətlərin qovuşduğu Qəbələ torpağı Azərbaycanın, eləcə də Şərqin ictimai-siyasi həyatında böyük rol oynamışdır. Vaxtilə Qafqaz Albaniyasının paytaxtı kimi məşhur olan bu şəhər indi həm müxtəlif beynəlxalq festivallara, tədbirlərə ev sahibliyi edir, həm də gözəl, bənzərsiz təbiəti ilə dünyanın hər yerindən axıb gələn qonaqları heyrətləndirir. Artıq ikinci dəfə burada təşkil olunan Beynəlxalq musiqi festivalı dediklərimizə gözəl bir nümunədir.
Bütün dövrlərdə ölkəmiz həm Şərqi, həm də Qərbi qeyri-adi istedadları ilə heyrətə gətirib. Ayrı-ayrı mədəniyyətlər, münasibətlər arasında körpü rolunu oynayan Azərbaycan bu böyük tarixi missiyanı həmişə şərəflə yerinə yetirib. Xalqımızın bütün sahələrdə yetirdiyi ölməz dahilər öyrəndiklərini öyrətməyə, bildiklərini bildirməyə həmişə meyilli olublar. Qardaş Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl həmişə fəxrlə deyərdi: "Bütün dövrlərdə Avropa bizə Bakıdan, Azərbaycandan gəlib". Doğrudan da, həmişə Qafqazın və Yaxın Şərqin danışıq-ünsiyyət dili Azərbaycan-türk dili olduğu kimi, mənəviyyat dili də Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisi olmuşdur.
Bu mənada kökü yüz illərə gedib çıxan mədəniyyətimizin, musiqimizin, ən başlıcası tariximizin bir daha yüksək səviyyədə təbliği üçün belə tədbirlərin keçirilməsi çox vacibdir.
Festivalın belə yüksək səviyyədə təşkilində, onun beynəlxalq əhəmiyyətinin artmasında, daha çox dövləti əhatə etməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri çox böyükdür.
YUNESKO-nun yeni baş direktoru xanım İrina Bokovanın ölkəmizə səfəri, bu bayrama qatılması festivalın beynəlxalq nüfuzunu daha da artırmış oldu. Azərbaycana səfərindən, Beynəlxalq musiqi festivalında iştirakından məmnunluğunu bildirən İrina Bokova bu bayrama gündən-günə dəyişən, yeniləşən, inkişaf edən qədim Qəbələnin ev sahibliyi etməsini də xüsusi vurğuladı: "Bu festival Azərbaycanın zəngin musiqi irsi ilə tanışlığa şərait yaradır".
Ötən il 16 ölkənin - ABŞ, Fransa, Rusiya, Çin, Xorvatiya və başqalarının qatıldığı bu tədbirdə indi daha çox iştirakçı var. Bu isə bir-birimizi tanımaq və anlamaq baxımından olduqca əhəmiyyətlidir. Möhtəşəm musiqi festivalının əhəmiyyətindən danışan xanım İrina Bokova belə tədbirlərin davam etdirilməsinin vacibliyini bildirərək gələcəkdə də qəlblərin və düşüncələrin bir araya gəlməsi üçün onun böyük rol oynayacağını söylədi: "Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkandır və bu festival da həmin mədəniyyətləri yüksək səviyyədə təqdim edəcəkdir".
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın festivalın açılışındakı çıxışı mədəniyyətimizi, tariximizi bir daha iştirakçılara çatdırmaq baxımından diqqətəlayiqdir. Azərbaycanın ən qədim və füsunkar guşələrindən birində - Qafqaz Albaniyasının tarixi paytaxtında, müxtəlif dövrlərin və mədəniyyətlərin iz buraxdığı bir şəhərdə bu tədbirlərin keçirilməsini əlamətdar hadisə kimi qeyd edən Azərbaycanın birinci xanımı demişdir: "Qəbələ təkcə Azərbaycanın yox, dünyanın ən gözəl guşələrindən biridir. Qəbələnin zəngin tarixi və əsrarəngiz təbiəti vardır. Yeni eranın əvvəlində Qəbələ dünyanın ən qədim sivilizasiyalarından biri olan Qafqaz Albaniyasının paytaxtı idi. Əsrlər boyu burada müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli ənənələrə və fərqli mədəniyyətlərə malik olan insanlar yaşayıblar. Təbii ki, hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoyub. Qəbələ torpağına qədəm qoyan hər bir insan tarixin nəfəsini, əsrlərin ruhunu duyub hiss edir. Zaman keçdikcə, dövlətlər, sivilizasiyalar, xalqlar və millətlər yaranır və yox olurdu. Dəyişməyən, əbədi olan bu dağların möhtəşəmliyi, çay və bulaqların aramsız axarı və əsrlərin şahidi olan ağacların səmaya doğru ucalmasıdır. Qəbələnin füsunkar təbiətinin özü elə bil ki, təkrarsız bir musiqi əsəri yaradır və bizləri bu əsəri dinləməyə dəvət edir.
Bu gün dünya xəritəsində Qafqaz Albaniyası artıq yoxdur, lakin Qəbələ bu gün yenə də paytaxtdır - mənəviyyat, musiqi paytaxtıdır".
Bayram davam edir. Böyük sənət xadimlərinin qatıldığı bu möhtəşəm tədbirin əks-sədası hər yerdə hiss olunur. Xarici ölkələrin mədəni həyatında da bu festivalın ab-havası duyulmaqdadır. Festival doğrudan da, xanım İrina Bokovanın qeyd etdiyi kimi, Azərbaycanın musiqi ruhunun bayramına çevrilmişdir.
Q.BƏXTİYAR
Azərbaycan.- 2010.- 4 avqust.- S. 6.