Azərbaycanın region
dövlətləri ilə münasibətləri
qarşılıqlı maraqlar çərçivəsində
inkişaf edir
Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər.
Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirərək, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur.
Respublikamızın 2010-cu ilin birinci yarısında bütün sahələrdə sürətlə inkişaf etməsi rəsmi Bakıya eyni zamanda xarici siyasət sahəsində də qarşıya qoyulmuş vəzifələri inamla gerçəkləşdirmək imkanı vermişdir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq aləmdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq xarici siyasətinin prioritet məqsədləri olaraq qalmışdır. Balanslı xarici siyasət yeridən Azərbaycan regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə üstünlük vermiş, sivil qaydalara əsaslanan enerji diplomatiyası həyata keçirmişdir.
Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləmişdir. Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya, ABŞ, İran və Avropa dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılmasına çalışmışdır. "Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə olmaq lazımdır" - deyən cənab İlham Əliyevin milli maraqları maksimum dərəcədə qorumaqla İran, Rusiya, Çin və digər dövlətlərlə münasibətləri yüksək səviyyədə qurmağa yönəlmiş səyləri Qərbdə hər hansı qıcıq doğurmur. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir. Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə ölkəmizin bununla bağlı qətiyyətli mövqeyini bir daha ifadə etmişdir: "Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin. Mən bunu bir neçə dəfə bildirmişəm. Prezident vəzifəsinə gələndən dərhal sonra bildirmişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan başqa ölkələrin maraqlarının toqquşması yeri olmayacaqdır. Biz buna nail ola bilmişik, baxmayaraq ki, belə cəhdlər var və istisna olunmur ki, gələcəkdə də olacaqdır. Çünki bizim geosiyasi vəziyyətimiz, bizim apardığımız siyasət və ümumiyyətlə, bölgədəki mövqelərimiz, əlbəttə ki, Azərbaycana diqqəti və marağı cəlb edir. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da onilliklər ərzində Azərbaycan xalqının iradəsi ilə idarə olunsun. Biz Azərbaycan xalqının iradəsi ilə dövlətçiliyimizin qurulmasına bundan sonra da öz səylərimizi qoyaq".
Yaxın qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı özlərinə strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə seçilən respublikamızın Qərblə münasibətlərdə Rusiyanın, İranın və digər dövlətlərin mənafeyinə toxunan hansısa addıma yol verməməsi də mövcud əməkdaşlığın səmimi etimad çalarları üzərində qurulmasını təmin edir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir. Uzağa getməyək, bu ilin aprelində ABŞ Senatının Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı"nın tanınmasına sərt münasibət ifadə edən Azərbaycan milli maraqlarını istənilən səviyyədə qorumaq imkanının olduğunu nümayiş etdirmişdir. Eyni zamanda rəsmi Bakı 2010-cu ilin mayında İsrail hərbi dəniz qüvvələrinin Qəzzə bölməsinə humanitar yardım aparan "Azadlıq donanması"na hücumunu pisləməklə bütün məsələlərdə beynəlxalq hüquq normalarından çıxış etdiyini bir daha nümayiş etdirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin yalnız 2010-cu ildəki rəsmi və işgüzar səfərləri respublikamızın hesabat dövründə yeritdiyi xarici siyasətin dinamikliyini, çevikliyini və milli maraqlara əsaslandığını bir daha təsdiqləyir. Xüsusən də yaxın region dövlətlərilə qurulan münasibətlər respublikamızın bölgədəki mühüm roluna və imkanlarına dəlalət edir. Dövlət başçısı İlham Əliyevin Rusiyaya, Türkiyəyə və Gürcüstana bu il ərzində baş tutan işgüzar səfərləri Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını göstərir. Xüsusilə də Türkiyə və Gürcüstanla iqtisadi əlaqələrin genişləndirilməsi regionda sülh və sabitlik, iqtisadi inkişaf üçün ciddi təminat yaradır. 2010-cu ildə Azərbaycanın hər iki dost ölkə ilə əmtəə dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Bu əlaqələr işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanı regionda həyata keçirilən strateji əhəmiyyətli layihələrdən kənarda saxlayır, beləliklə, həm də gələcək inkişafını sual altında qoyur.
2010-cu ildə Bolqarıstan, Serbiya və İordaniya prezidentlərinin, o cümlədən ABŞ-ın dövlət katibi Hillari Klintonun Bakıya səfərləri də respublikamızın bölgədəki nüfuzunun bariz göstəricisidir. Bəzi cəfəng iddiaların əksinə olaraq xanım Hillari Klinton Bakıda olarkən ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığa mühüm önəm verdiyini xüsusi vurğulamışdır. ABŞ Prezidenti B.Obama isə hələ 28 May - Respublika Günü münasibətilə cənab İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanla əməkdaşlığın qarşılıqlı maraqlar əsasında inkişafından razılığını ifadə etmişdir.
2010-cu ildə Azərbaycanın Rusiya ilə münasibətləri daha da intensivləşmiş, keyfiyyətcə yeni mərhələyə yüksəlmiş, hər iki ölkə rəsmilərinin qarşılıqlı işgüzar səfərlərinin sayı artmışdır. Ötən il enerji sahəsində əməkdaşlıqla bağlı əldə olunmuş mühüm razılaşmaya əsasən, Azərbaycan bu il yanvarın 1-dən Rusiyaya mavi yanacağın nəqlinə başlamışdır. Boru kəmərlərinin şaxələndirilməsi siyasətinə üstünlük verən Azərbaycan Rusiyaya qaz ixracını kommersiya prinsipləri baxımından da cəlbedici sayır.
Ümumiyyətlə, iqtisadi, siyasi və hərbi potensialı ilə beynəlxalq münasibətlər sistemində əlahiddə yeri olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri çağdaş geosiyasi gerçəkliklərə nəzərən inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində daim vacib məsələlərdən biri kimi nəzərdən keçirilir. Dövlət başçısı İlham Əliyevin indiyədək 3 dəfə Rusiyada işgüzar səfərdə olması, rusiyalı həmkarı ilə geniş və səmimi müzakirələr aparması bunu bir daha təsdiqləyir.
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin bu günlərdə Bakıya gerçəkləşən səfəri də ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafının mühüm göstəricisidir. Rusiyalı qonaq Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini yüksək dəyərləndirmişdir. "Azərbaycan və Rusiyanın beynəlxalq arenada mövqeləri çox oxşardır, beynəlxalq həyatın mühüm məsələlərinin əksəriyyətinə dair mövqeləri isə üst-üstə düşür" - deyən Sergey Narışkin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafını da razılıqla qeyd etmişdir.
Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması 2010-cu ildə həyata keçirilən xarici siyasətdə yenə də üstünlük təşkil etmişdir. Rəsmi Bakının praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiyası Azərbaycanı həm də bütövlükdə Avropa məkanında strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirmişdir.
Samir ELMANOĞLU
Azərbaycan.- 2010.- 5 avqust.- S. 1.