Milli Məclisdə görüş

 

Avqustun 4-də Milli Məclisin Sədri Oqtay Əsədov İraq Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya əl-Barrakı ilə görüşmüşdür.

Milli Məclisin Sədri səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik etmiş, bu şərəfli işdə ona dost İraq Respublikası ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, xalqlarımızın bir-birinə daha da yaxınlaşması istiqamətində fəaliyyətində uğurlar arzulamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycanla İraq arasında mövcud olan tarixi, dini və mədəni köklər xalqlarımızı bir-birinə daha sıx bağlayır, bu köklər əlaqələrin bundan sonrakı inkişafı üçün çox böyük zəmin yaradır. Azərbaycan İraq Respublikası ilə əlaqələrin bundan sonrakı inkişafına da xüsusi önəm verir.

Azərbaycan ilk günlərdən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq terrorizmlə mübarizə koalisiyasına qoşulmuşİraqda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə sülhməramlılarını əməliyyatlarda fəal iştirak etməsi üçün İraqa göndərmişdir. Azərbaycan sülhməramlıları bundan sonra da kömək göstərməyə hazırdır.

Spiker Oqtay Əsədov vurğulamışdır ki, Azərbaycan rəhbərliyi İraq Respublikası ilə münasibətləri inkişaf etdirmək, Azərbaycan-İraq əməkdaşlığını genişləndirmək əzmindədir. Bu baxımdan ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin də inkişaf etdirilməsi vacibdir. Belə bir inam ifadə olundu ki, İraq hökuməti ölkədə demokratiyanın inkişafına, iqtisadiyyatın gücləndirilməsinə, habelə suverenliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə nail olacaqdır. Bildirildi ki, bu işdə Azərbaycan İraqa daim dəstək verməyə hazırdır.

Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin inkişaf etdirilməsindən bəhs edən O.Əsədov BMT və İKT çərçivəsində keçirilən tədbirlərdə İraqın Azərbaycanın mövqeyini dəstəklədiyini xüsusi qeyd etdi və BMT Baş Assambleyasının 62-ci sessiyasında "İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyətə dair" qətnamə layihəsi ilə əlaqədar keçirilmiş səsvermədə İraqın ölkəmizin mövqeyini dəstəklədiyini yüksək qiymətləndirdi.

Daha sonra parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğumuzu diqqətə çatdıran Oqtay Əsədov mədəniyyət sahəsindəki əlaqələrimizin inkişafını təsdiq edən konkret tədbirlərdən söhbət açdı.

İraqın Azərbaycana yeni təyin olunmuş səfiri Heydər Şiya Əl-Barrak ölkələrimiz və xalqlarımız arasında olan münasibətlərin daha da dərinləşməsində maraqlı olduqlarını diqqətə çatdırdı. Səfir öz ölkəsindəki ictimai-siyasi vəziyyət barədə məlumat verdi. İkitərəfli əlaqələr çərçivəsində iqtisadi, ticari əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, Azərbaycanla İraq arasında birbaşa hava əlaqələrinin qurulması və gediş-gəlişin asanlaşdırılması bu baxımdan ümumi işə daha böyük töhfə verə bilər.

Səfir Heydər Şiya Əl-Barrak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz ölkəsinin rəsmi mövqeyini də açıqlayaraq bildirdi ki, İraq bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.

Səfir onu da vurğuladı ki, xalqlarımız və dövlətlərimiz arasında tarixi köklərlə bir-birinə bağlı olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək və bu onun fəaliyyətində ən prioritet məsələ olacaqdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.- 2010.- 5 avqust.- S. 1.