Azərbaycan Prezidenti
İlham Əliyevin
tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Rusiyada meşə yanğınları ilə əlaqədar
bu ölkəyə iki
helikopter göndərmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) Rusiyada meşə yanğınları ilə əlaqədar bu ölkəyə iki helikopter göndərmişdir.
Avqustun 4-də "KA-32 A" və "Mİ-17-1 V" yanğınsöndürən helikopterləri 19 nəfərlik heyətlə Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiyaya yola düşmüşdür.
FHN-in aviasiya dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov bildirmişdir ki, son zamanlar Rusiya Federasiyasının bir çox bölgələrində irimiqyaslı yanğın hadisələri baş verir. Təbii fəlakətlə bağlı Azərbaycan öz köməyini Rusiyaya təklif etmişdir. Qarşı tərəf bu təklifi məmnuniyyətlə qəbul etmiş, minnətdarlığını bildirmiş və Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu gün FHN-in aviasiya dəstəsinə məxsus iki helikopter 19 nəfərlik heyətlə yanğınların söndürülməsində iştirak etmək üçün Rusiyanın Voronej və Lipetsk şəhərlərinə yola düşmüşdür. Helikopterlər yanğınsöndürmə işlərinə sabahdan başlayacaqdır.
Azərbaycan yanğınsöndürənlərinin Rusiyada olma müddətinin 14 gün nəzərdə tutulduğunu bildirən Əşrəf Qasımov vurğulamışdır ki, ehtiyac olarsa bu müddət artırılacaqdır. Ehtiyac yaranarsa və Rusiya tərəfindən müraciət edilərsə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi əlavə şəxsi heyət və texnika göndərməyə hazırdır.
Ə.Qasımov onu da demişdir ki, Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi indiyədək yalnız ölkə ərazisində yanğınsöndürmə əməliyyatlarına cəlb olunmuşdur. Bu gün isə ilk dəfə olaraq ölkə xaricində - Rusiyada meşə yanğınları ilə mübarizə tədbirlərinə qatılır.
AzərTAc
Azərbaycan.- 2010.- 5
avqust.- S. 1.