Mədəniyyət və Turizm Nazirliyində Həştərxan vilayətinin
nümayəndə heyəti ilə görüş
keçirilmişdir
Avqustun 4-də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində ölkəmizdə səfərdə olan Rusiyanın Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, qonaqları səmimi salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqlarımız arasında dərin köklərlə bağlı olan mədəni və dostluq əlaqələrinin möhkəmləndirilməsində belə görüşlərin əhəmiyyətindən danışmışdır.
Tatyana Yusupova səfər çərçivəsində keçirdikləri görüşlərdən, azərbaycanlıların qonaqpərvərliyindən danışmış, Bakı haqqında təəssüratlarını bölüşmüşdür.
Həştərxan vilayətində Azərbaycan xalqının şanlı oğlu Nəriman Nərimanov haqqında film çəkildiyini diqqətə çatdıran T.Yusupova, çəkilişlər başa çatdıqdan sonra bu ekran əsərinin hər iki ölkədə nümayiş olunacağını qeyd etmişdir.
Nümayəndə heyətinin başçısı avqustun 28-də böyük ədib, görkəmli siyasətçi və dövlət xadimi Nəriman Nərimanovun 140 illik yubileyi, oktyabrın 3-də isə abidəsinin açılış mərasimi çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycandan musiqi kollektivlərinin Həştərxan vilayətinə ezam olunması ilə əlaqədar vilayətin qubernatoru A.Jilkinin rəsmi müraciət məktubunu nazir Ə.Qarayevə çatdırmışdır.
Görüşdə mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində bu ilin sentyabrında Həştərxan vilayətinin mahnı və rəqs ansamblının Bakıda keçiriləcək konsertləri ilə bağlı təşkilati məsələlər müzakirə edilmişdir.
Nazir Ə.Qarayev Həştərxan vilayətinin turizm şirkətlərini ölkəmizin turizm potensialı ilə yaxından tanışlıq məqsədilə Azərbaycana dəvət etmişdir.
Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulanmış, mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Azərbaycan.- 2010.- 5
avqust.- S. 5.