Mədəniyyət və turizm naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşmüşdür

 

Avqustun 4-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, bu qurumun İnkişaf Proqramının (UNDP) və Əhali Fondunun rezident nümayəndəsi Fikrət Akçura ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə BMT arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilmiş, gələcəkdə bir sıra yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Ə.Qarayev rəhbərlik etdiyi nazirliyin UNDP ilə birgə həyata keçirdiyi layihənin uğurundan bəhs edərək bu istiqamətdə işlərin daha da inkişaf etdirilməsi, təkcə turizm sahəsi deyil, eyni zamanda, mədəniyyət sahəsində, insan resurslarının təkmilləşdirilməsi ilə bağlı birgə proqramların hazırlanmasını təklif etmişdir.

Fikrət Akçura Azərbaycan ilə BMT arasında əlaqələrin səviyyəsindən razılığını bildirərək mədəniyyət və turizm sahələrində də əməkdaşlığın vacibliyini vurğulamışdır.

Görüşdə gələcəkdə bu cür müzakirələrin mütəmadi surətdə aparılmasına dair ümumi razılıq əldə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  5 avqust.- S. 5.