Tanınmış alim
Fuad Qasımzadə son
mənzilə yola
salınmışdır
Avqustun 4-də Əməkdar Elm Xadimi, Azərbaycan təhsilinin tanınmış nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Fuad Qasımzadə ilə vida mərasimi keçirilmişdir.
Vida mərasimində dövlət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərhumun cənazəsi Bakı Dövlət Universitetinin matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Fuad Qasımzadənin həmkarları, dostları, tanışları, tanınmış elm xadimləri axın-axın universitetin binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Mərasimdə təhsil naziri Misir Mərdanov, akademik Vasim Məmmədəliyev, professorlar Həmid İmanov və Hikmət Əlizadə çıxış edərək F.Qasımzadənin zəngin elmi yaradıcılığından danışmış və mərhumun ailəsinə dərin hüznlə başsağlığı vermişlər.
Bildirilmişdir ki, Fuad Qasımzadə 1952-ci ildə Azərbaycan Dövlət Universitetində tarix fakültəsinin fəlsəfə şöbəsini fərqlənmə diplomu ilə başa vuraraq həmin universitetin fəlsəfə ixtisası üzrə aspiranturasına daxil olmuşdur. Fuad Qasımzadə əmək fəaliyyətinə 1953-cü ildə, hələ Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alarkən başlamış və bütünlükdə həyatını bu təhsil ocağı ilə bağlamışdır. 500-dən çox elmi əsərin, 15 kitabın müəllifi olan F.Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur.
Vurğulanmışdır ki, Fuad Qasımzadə Azərbaycan təhsili və elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir. Bütün bunlar bir daha ölkəmizdə elm, təhsil adamlarına verilən yüksək qiymətin bariz nümunəsindən xəbər verir.
Vida mərasimində çıxış edən mərhum alimin qohumu Anar Məmmədov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə akademikin ailə üzvləri adından minnətdarlığını bildirmişdir.
Sonra böyük alim, nurlu ziyalı Fuad Qasımzadə doğmaları və yaxınlarının çiyinlərində son mənzilə yola salınmışdır.
Mərhum 2-ci Fəxri xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!
AzərTAc
Azərbaycan.- 2010.- 5
avqust.- S. 5.