Musiqi hər bir qəlbin
açarıdır
Bu möhtəşəm musiqi bayramının bir özəlliyi də ondadır ki, zəmanəmizin çox böyük musiqi kollektivləri və sənətkarları burada iştirak edirlər. Kimlərdir onlar?
Çıxışlarını hamının səbirsizliklə gözlədiyi musiqi kollektivlərindən biri London Kral Filarmonik Orkestridir. Bu orkestr 1946-cı ildə yaradılıb. Elə həmin ilin sentyabrında ilk konsertini verib. Populyarlığına görə onu bəzən "Böyük Britaniyanın milli orkestri" də adlandırırlar.
Orkestrin əsasını qoyan Ser Tomas Biçem 1961-ci ilə - ömrünün son günlərinə qədər onun baş dirijoru olub. Sonra onu köməkçisi Rudolf Kempe əvəz edib. Böyük uğurlarına görə 1970-ci ildə ona "Ömürlük dirijor" rütbəsi verilib. Sonrakı dövrlərdə orkestrin rəhbəri və baş dirijoru Anqal Doratti, Valter Veller, Andre Previn, Yuri Xatuyeviç Temirkanov, Danielle Qatti və başqaları olub.
2009-cu ildən orkestrə Şarl Düyuge başçılıq edir.
1950-ci ildə orkestr ABŞ-a qastrol səfərinə çıxıb. Beləliklə, 1912-ci ildən sonra
bu qitədə çıxış edən
ilk ingilis orkestri olub.
Bu illər
ərzində müxtəlif
maddi və mənəvi sıxıntılar
yaşasa da, orkestr öz mövcudluğunu qoruyub saxlaya bilib. Dünyanın bir çox
ölkəsində uğurla
çıxış edib,
çoxlu musiqi albomları buraxıb, müxtəlif filmlər,
o cümlədən məşhur
cizgi filmləri üçün musiqiləri
lentə aldırıb.
Festivalın məşhur
iştirakçılarından biri 1953-cü il
təvəllüdlü Yuri Başmetdir. "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin rəhbəri və baş dirijoru, "Moskva solistləri" Kamera Orkestrinin rəhbəri, dirijoru və solisti, D.Şostakoviç adına
Beynəlxalq Xeyriyyə
Fondunun prezidenti, Fransanın Tur şəhərində və
Elba adasında keçirilən
musiqi festivallarının
təsisçisi və
prezidentidir. Keçmiş
SSRİ, Rusiya, Ukrayna,
Fransa, İtaliya, Litva, Bolqarıstan və digər ölkələrin fəxri
adlarına və mükafatlarına layiq görülüb. Bir sözlə,
onun fəxri adlarını və daşıdığı vəzifələri
saymaqla qurtaran deyil. Ən böyük adı
isə ona tale qismət edib. O, zəmanəmizin böyük
musiqi xadimidir. Yüzlərlə yetirməsi var.
1971-ci ildə Lvovda orta ixtisas musiqi
məktəbini, 1976-cı ildə
Moskva Konservatoriyasını
bitirən Yuri Başmet
1976-cı ildən konsert
fəaliyyətinə başlayıb. 1978-ci ildən Moskva Konservatoriyasında müəllim
kimi də fəaliyyət göstərir.
Yuri Başmet müxtəlif ölkələrdə
- Yaponiya, Amerika, İtaliya, Fransa kimi ölkələrdə
çıxışlar edir,
ustad dərsləri aparır. O, 1996-cı ildən
Moskva Konservatoriyasında
eksperimental kafedraya rəhbərlik edir.
Festival iştirakçıları
arasında iki sənətkarın xüsusi
yeri var - ana və oğul
Yablonskilər. Dünyanın ən məşhur pianoçularından olan Oksana Yablonskaya Moskvada doğulsa da, ABŞ-da yaşayır. 16 yaşına
kimi Çaykovski adına Moskva
Konservatoriyası yanında
istedadlı uşaqlar
üçün musiqi
məktəbində təhsil
alıb. Sonradan konservatoriyada məşhur
musiqiçi A.Qoldenveyzerin
sinfini bitirib. Artıq 22 yaşından Moskva Konservatoriyasında müəllim
kimi çalışmağa
başlayıb.
Böyük uğurlar Oksananı tez tapıb. Onun ifaçılıq
qabiliyyəti elə parlaq, elə sürətli olub ki, sanki o, heç
vaxt "tələbə",
"şagird" olmayıb.
Peşəkarlıq, zövq, bəstəkarı
duyub onu olduğu kimi auditoriyaya çatdırmaq
bacarığı O.Yablonskayanın
ifa tərzinin əsas xüsusiyyətləridir.
Parisdə, Rio-de-Janeyroda,
Vyanada Bethoven adına müsabiqədə
iştirakı onu Qərb aləmində hamıya sevdirdi. O, Rixler, Rostropoviç kimi sənətkarlarla bir vaxtda Moskva
Filarmoniyasının solisti
olub. Ancaq SSRİ-də yaradıcılıq
imkanlarını tamamilə
həyata keçirə
bilmədiyi üçün
1975-ci ildə iki il gözlədikdən
sonra atası və kiçik oğlu ilə birgə mühacirətə
gedib. Qısa bir müddətdə
ABŞ-ın, İngiltərənin
böyük salonlarını
özünə heyran
edən O.Yablonskaya
1982-ci ildə Londonda çıxışından sonra
"Daily Teleqraph" qəzeti
onun haqqında yazırdı: "Yablonskaya
o pianoçulara aiddir
ki, başqa musiqiçilərin bütün
ömrü boyu çatmaq istədiklərinə
təbii bir asanlıqla nail olur".
"SSRİ-nin ən yaxşı
sirri" hesab olunan Oksana Yablonskaya
indi də bütün dünyanı
gəzib dolaşır. Konsertlər verir,
hamını heyrətləndirir.
On üç illik ayrılıqdan sonra ilk dəfə
1990-cı ildə Moskvaya
qayıdıb, çıxışlar
edib, ustad dərsləri keçirib.
Dünyanın məşhur bəstəkarlarının
əsərlərini ifa
etməklə yanaşı,
O.Yablonskaya həm də müxtəlif beynəlxalq musiqi festivallarında münsif rolunda çıxışlar
edir. O, Estetik və
Azad Sənət Müstəqil
Akademiyasının üzvüdür.
Oksana Yablonskayanın oğlu - istedadlı violençel ifaçısı Dmitri Yablonski
də Moskvada doğulub. Onun atası Albert Zayons
30 ildən artıq
radio və televiziyada orkestrin solisti olub. O, beş
yaşından violençellə
məşğul olub.
ABŞ-a köçdükdən
sonra müxtəlif musiqi məktəblərində
tanınmış pedaqoqlardan
dərs alıb.
Dünyanın ayrı-ayrı
salonlarında çıxışlar
edib, onun tərəf-müqabilləri Viktor Tretyakov, Yuri Başmet, Vadim Repin, Boris Berezovski, Jan-Bernar Romye və başqaları
olmuşlar.
Dmitri Yablonski dirijor kimi Belçikanın, Fransanın, İspaniyanın
milli orkestrləri ilə çıxışlar
edib. Onun 50-dən artıq musiqi albomu işıq
üzü görüb.
O, hər il
bir çox ölkələrdə - ABŞ, İsrail, Rusiyada keçirilən müxtəlif
festivallarda iştirak edir, gənc ifaçılara kömək
göstərir.
Qəbələ II Beynəlxalq musiqi festivalının ən gənc və ən populyar ifaçılarından biri
də Hloye Eliz Hanslipdir. O, 1987-ci ildə Böyük
Britaniyada doğulub. İki yaşından skripka ilə maraqlanıb, müxtəlif sənədli
televiziya filmlərində
iştirak edib. 2001-ci ildə London Simfonik Orkestri ilə birgə musiqi albomunu buraxıb. Bu, dərhal bütün sənətsevərlərin diqqətini
cəlb edib.
Bir çox beynəlxalq musabiqənin laureatı olan Hloye Hansler
2001-ci ildə Edinburqda
Şahzadə Flipp üçün fərdi konsert də verib.
Qəbələ II Beynəlxalq musiqi festivalı yekunlaşmaq üzrədir. Ancaq əminik ki, başqaları kimi, bu ifaçıların da həm yaradıcılığında,
həm həyatında
festival silinməz izlər
qoyacaq! Onların Azərbaycan sevgisi bir az da artacaq. Axı,
musiqi təkcə düşündürmür, həm
də sevir və sevdirir!
Bəxtiyar QARACA
Azərbaycan.- 2010.- 5 avqust.- S. 6.