Azərbaycanın investisiya qüdrəti artır

 

Həm ölkə daxilində, həm də xaricdə yatırılan sərmayələrin miqdarı böyük sürətlə çoxalır

 

Dinamik iqtisadi inkişaf sahəsində artıq öz modelini yaradan Azərbaycan bu sfera üzrə qazanılan uğurların miqyasının daha da genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi qarşıya qoyub. Həyata keçirilən iqtisadi siyasətin təhlili və əldə olunan nəticələr Azərbaycanın sözügedən sahədə dinamik inkişaf tempini qoruyub saxladığını, eyni zamanda daha böyük nailiyyətlərə imza atdığını təsdiq edir. Bu isə o deməkdir ki, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurduqdan sonra da Azərbaycan yeni şəraitə uyğun olaraq iqtisadiyyatının daha güclü hala gəlməsini təmin edir.

Bütün bunlar həm də onu göstərir ki, iqtisadi sferada Azərbaycan qüdrətli ölkəyə çevrilməkdə davam edəcək. İqtisadiyyatımızın artım səviyyəsinin daha böyük sürətlə, yüksələn xətt üzrə inkişafında önəmli rol oynayan məqamlardan biri də ölkəmizin bir çox əsas xarici ticarət tərəfdaşlarının qlobal maliyyə böhranının fəsadlarını tədricən aradan qaldırması fonunda onlarla aparılan və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əməliyyatların həcminin çoxalmasıdır. Belə vəziyyət Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin daha da güclənməsinə xidmət etməklə yanaşı, onun iqtisadi artım tempinə görə yenə dünyada lider mövqelərdən birinin sahibi kimi çıxış edəcəyini deməyə əsas verir. Eləcə də iqtisadi potensialdan tam səmərəli şəkildə istifadə olunduğunu göstərir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Biz iqtisadi cəhətdən potensialımızı tam şəkildə işə sala bilmişik. Heç kimdən asılı deyilik. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha da yaxşı yaşayırıq. Bunu görmək üçün sadəcə olaraq Azərbaycanın reallıqlarına qərəzsiz nəzər salmaq lazımdır. Azərbaycan o ölkədir ki, son altı ildə dünyada öz daxili imkanları hesabına lider dövlətdir".

Hazırda Azərbaycanın malik olduğu iqtisadi potensial bu sahədə imkanların təkcə ölkə daxilində yox, həm də xaricdə uğurla reallaşdırılması istiqamətində müvafiq işlər görülməsinə zəmin yaradır. Bunun nəticəsidir ki, ölkəmizin sərhədlərindən kənarda Azərbaycana məxsus investisiyaların həcmi artmaqda, müxtəlif xarici dövlətlərdə yenə də əsas etibarı ilə Azərbaycan kapitalı əsasında fəaliyyət göstərən iqtisadi obyektlərin sayı çoxalmaqdadır. Qarşıdakı dövr ərzində ölkəmizin investisya qüdrətinin artacağı isə ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilir. Məsələn, Dünya Bankının proqnozlarına görə, ortamüddətli perspektivdə Azərbaycan xalis xarici investora çevriləcək. Buna şərait yaradan əsas amillərdən biri ölkəmizin həm böyük valyuta ehtiyatlarına malik olması, həm də xarici investisiyaların yatırımına daha böyük diqqət yetirməsidir. Hazırda Azərbaycanın valyuta ehtiyatlarının miqdarı 25 milyard dollara yaxınlaşır və bu, daxilixarici bazarlarda sərmayə yatırılması üçün kifayət qədər böyük rəqəm hesab olunur.

Aparılan hesablamalar göstərir ki, indi Azərbaycanın müxtəlif xarici ölkələrdə yatırdığı investisiyaların həcmi artıq 3 milyard dollara çatmaq üzrədir. Ölkəmizin sərmayə qoyduğu əsas dövlətlər sırasında Gürcüstan, Türkiyə, Rusiya, bir sıra MDB dövlətləri və digərləri çıxış edir. Sərmayə qoyulan dövlətlər və burada investisya üçün hansı sahələrin seçilməsi sahəsində də Azərbaycan kifayət qədər dəqiqliklə düşünülmüş bir siyasət həyata keçirməkdədir. Buna konkret misal olaraq Gürcüstan və Türkiyənin enerji infrastrukturuna ölkəmiz tərəfindən kifayət qədər böyük miqdarda sərmayələr yatırılmasını göstərmək olar. Xatırladaq ki, Azərbaycanın dünya enerji bazarına çıxışının təminatı baxımından əsas tranzit ölkələr sırasında məhz adıçəkilən iki dövlət çıxış edir. Bu səbəbdən enerji məhsullarının tranzitinin davamlılığını tam təmin etmək, eyni zamanda bundan da gəlir götürmək üçün Gürcüstan və Türkiyənin xarici investisiya sahəsində əsas ölkələr olaraq seçilməsi Azərbaycanın uğurlu enerji strategiyasının tərkib hissəsi sayıla bilər. Digər tərəfdən Azərbaycanın karbohidrogen ehtiyatları bu ölkələr vasitəsilə daşındığından göndərilən enerji resurslarının bir hissəsinin həmin dövlətlər ərazisində reallaşdırılması kifayət qədər sərfəli biznes hesab olunur. Gürcüstana investisiya yatırımı əsas etibarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) vasitəsilə həyata keçirilməkdədir və bu proses indidavam etdirilir. Məsələn, bu günlərdə ARDNŞ tərəfindən təsis edilən "SOCAR Energy Georgia" şirkətinin törəməsi olan "SOCAR Georgia Petroleum" tərəfindən Gürcüstanda "SOCAR" brendi altında fəaliyyət göstərən daha iki yanacaqdoldurma məntəqəsi açılıb. Bununla da Gürcüstanda belə yanacaqdoldurma məntəqələrinin ümumi sayı 42-yə çatdırılıb. Cari ilin sonuna kimi "SOCAR Georgia Petroleum" Gürcüstanda daha 20 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Gürcüstanın təbii qaz bazarına nəzarət edən əsas şirkəti yenə də ARDNŞ-in təsis etdiyi "SOCAR Georgia Gas"dır. 2008-ci ilin dekabrında Dövlət Neft Şirkəti və Gürcüstan hökuməti 22 regional qazpaylaşdırıcı şirkətin "SOCAR Georgia Gas"ın idarəçiliyinə verilməsi haqda müqavilə imzalayıb. Müqaviləyə görə şirkət üç il ərzində Gürcüstanın qaz infrastrukturunun inkişafına 40 milyon dollar həcmində investisiya qoyuluşunu üzərinə götürüb. Hazırda Azərbaycan Gürcüstana əsas təbii qaz ixracatçısıdır. Bugünə kimi ARDNŞ-in Gürcüstana yatırdığı investisiyaların həcmi 470 milyon dollar təşkil edir. Ancaq Azərbaycan Gürcüstanın təkcə enerji infrastrukturuna investisiya yatırmır. Rəsmi Bakı həm də qonşu ölkənin nəqliyyat sektoruna investisiya qoyuluşunu davam etdirməkdədir. Bu məqsədlə Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində Gürcüstanın payının maliyyələşdirilməsi məqsədilə bu ölkəyə məxsus "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1 faizlə 25 illiyə) 200 milyon dollar məbləğində kredit ayırıb. Cari il avqustun 3-də isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Azərbaycan-Gürcüstan-Türkiyə nümayəndələrindən ibarət üçtərəfli əlaqələndirmə ikinci iclası keçirilib.

Burada tikinti işlərinin gedişi, Türkiyə-Gürcüstan sərhədində tunelin layihələndirilməsi və inşası, eləcə də digər texniki məsələlər müzakirə edilib. İclasın yekununda növbəti müddətdə fəaliyyəti özündə əks etdirən Azərbaycanla Gürcüstan arasında ikitərəfli, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli protokol imzalanıb. Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım bildirib ki, hazırda yolun Türkiyə və Gürcüstan hissələrində işlər plana uyğun aparılır: "Hər üç ölkənin məsul şəxsləri daim bir-biriləri ilə əlaqəli şəkildə çalışır. Onlar layihə ilə bağlı indiyə qədər görülmüş işlər barədə kifayət qədər dolğun məlumat verdilər və gələcəkdə planlaşdırılan işlərin nədən ibarət olacağını dedilər. Türkiyədə yolun 34 faizində işlər görülüb. Qış dövründə isə tuneldə inşaat davam etdiriləcək. Ümumiyyətlə, ilin sonuna kimi Türkiyə ərazisində icrası nəzərdə tutulan işlərin 66 faizi başa çatacaq".

Gürcüstanın regional inkişafinfrastruktur naziri Ramaz Nikolaşvili də layihə üzrə intensiv işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, gələn ilin sonuna kimi layihədə nəzərdə tutulan əsas işlər başa çatdırılacaq: "İndi biz çox vacib bir mərhələdəyik. Hədəfimiz 2011-ci ilin sonuna kimi layihənin əsas tikinti işlərini başa çatdırmaqdır. Bunun üçün hər bir sahə üzrə görüləcək işləri müəyyənləşdirəcəyik və bu işlərin icrasına birbaşa nəzarət edəcəyik".

Baki-Tbilisi-Qars dəmir yolunun isə ən geci 2012-ci ilin ortalarına qədər tam istifadəyə veriləcəyi gözlənilir.

Azərbaycanın xarici investisiya siyasətinin reallaşdırıldığı əsas ölkələrdən biri isə Türkiyədir. Burada da "SOCAR" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin açılışı üçün müvafiq işlər görülməkdədir. Bundan əvvəl isə "SOCAR/Turcas/Injaz" şirkətlər alyansı Türkiyənin nəhəng "Petkim" neft-kimya kompleksinin nəzarət səhm paketinin alınmasına dair sövdələşməni başa çatdırıb. 2014-cü ilə qədər "Petkim" və təsislərinə 10 milyard dollar yatırılacaq, ayrıca Ceyhan limanında ümumi tutumu 15 milyon ton olan çənlər quraşdırılacaq. "Petkim"ə lazımi maliyyə yatırıldıqdan sonra bu şirkət Türkiyənin neft-kimya məhsullarına olan tələbatının təxminən 60 faizini ödəyəcək. Perspektivdə ARDNŞ Ceyhanda neft emalı və neft-kimya kompleksinin inşasını planlaşdırır. Layihəni 2006-cı ilin dekabrında ARDNŞ və Turcaz tərəfindən təsis edilmiş "SOCAR&Turcas Enerji A.S." həyata keçirəcək. Enerji ilə yanaşı xarici sərmayələrin qoyuluşunda Azərbaycan digər sahələrə, məsələn, qiymətli kağızlar bazarına, aktivlərə, səhmlərə də maraq göstərir. Ölkənin valyuta ehtiyatlarının durmadan artması və maliyyə imkanlarının güclənməsi isə Azərbaycanın daha böyük miqdarda xaricdə investisiyalar yatırmasına şərait yaradır ki, bu da ölkəmizin sərmayə bazarında əsas oyunçulardan birinə çevrilməsinə gətirib çıxarır.

Azərbaycan tərəfindən xarici ölkələrdə investisiyalar təkcə Türkiyə və Gürcüstanla məhdudlaşmayaraq bir çox postsovet ölkələrini, məsələn, Ukrayna və Moldovanı da əhatə edir. Bir çox Şərqi Avropa dövlətləri, xüsusən də onların enerji infrastrukturuna sərmayə yatırımı Azərbaycanın diqqət mərkəzində saxladığı əsas məqamlar sırasında yer alır. Qarşıdakı dövr ərzində Azərbaycanın bu və digər dövlətlərə daha böyük miqdarda sərmayə yatıracağı proqnozlaşdırılır.

Ölkə daxilində yatırılan investisiyaların ümumi payında da Azərbaycanın xüsusi çəkisi artır. 2007-ci ildən etibarən Azərbaycanda yatırılan daxili investisiyaların miqdarı xaricdən gələn səmayələrin həcmini geridə qoymağa başlayıb. Cari ilin ilk 6 ayında isə ölkə iqtisadiyyatına 3,8 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 3 milyard dollarını daxili sərmayələr təşkil edir. İnvestisiyaların, xüsusən də daxili sərmayələrin struktur təhlili göstərir ki, Azərbaycan enerji sahəsilə yanaşı, qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verir. Bunun nəticəsidir ki, indi ölkəmizdə qeyri-neft sektorunun davamlı olaraq yüksək artım tempi təmin edilib, həmçinin infrastruktur əhəmiyyətli dərəcədə müasirləşdirilib və ya yeniləri qurulub. Elə dövlət investisiya siyasətinin başlıca məqsədlərindən biri də vəsaitlərin sosialiqtisadi cəhətdən zəruri, lakin özəl sektor üçün cəlbedici olmayan layihələrə yönəldilməsidir. Nəticədə ölkənin mühüm infrastruktur obyektlərinin, o cümlədən beynəlxalq magistraldaxili əhəmiyyətli yolların yenidən qurulması, içməli susuvarma sistemlərinin bərpası və genişləndirilməsi, regionların qazla təminatının bərpası, kanalizasiya sistemlərinin bərpası üzrə investisiyalar həyata keçirilibbu sahədə işlər davam etməkdədir.

İnsan kapitalının davamlı inkişaf etdirilməsi və sosial təminatın gücləndirilməsi sahəsində təhsil, səhiyyə və sosial təminat obyektlərinin bərpası və genişləndirilməsi, yenilərinin yaradılması, onların maddi-texniki təchizatının gücləndirilməsi də ötən dövrdə daim prioritet istiqamətlər sırasında yer alıb. Son bir neçə ildə ölkəmizdə onlarla yeni belə obyekt inşa edilərək istismara verilib. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, onların iqtisadi vəziyyətlərinin yüksəldilməsinin dəstəklənməsi istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Gənclərin inkişafı və sağlam həyat tərzinin təşviqi və təmini üçün bir sıra regionlarda yeni olimpiya mərkəzləri və idman kompleksləri yaradılıb.

Sənaye sektorunun inkişafına yönəldilən investisiyalar ölkədə elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə imkan verir. Artıq sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi tədbirlərini həyata keçirməklə sənayenin dayanıqlı və davamlı inkişafına nail olmaq istiqamətində ölkəmizdə kifayət qədər ciddi uğurlara imza atılıb. Kənd təsərrüfatı sahəsində istehsal texnologiyalarının müasir tələblərə cavab verməsi, suvarmameliorasiya təminatının yaxşılaşdırılması, kənd yerlərində sosial xidmət səviyyəsinin və yol, enerji kimi infrastruktur təminatının yüksəldilməsi məqsədilə də bu sahəyə böyük miqdarda sərmayələr qoyulmaqdadır.

Əhalinin mənzil təminatının yaxşılaşdırılmasında, yaşayış fondunun saxlanmasında, abadlaşdırılmasında, elektrik enerjisi, qaz, su, kanalizasiya, lift təsərrüfatının istismarında, məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi sahəsində və istiliklə təmin olunmasında istehlakçılara keyfiyyətli və davamlı kommunal xidmətlərinin tələb olunan səviyyədə göstərilməsi məqsədilə təkmilləşdirmə, yenidənqurma tədbirlərinin həyata keçirilməsi daim xüsusi diqqət mərkəzindədir. İqtisadiyyatın dinamik inkişafı üçün mütəxəssislərə olan tələbatını ödəmək məqsədilə təhsil sisteminin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətdən istifadə etmək imkanlarının genişləndirilməsi üçün mövcud resurslardan səmərəli istifadə edilməsi, iqtisadi fəaliyyət zamanı meydana çıxan ekoloji problemlərin aradan qaldırılması, ölkə vətəndaşlarının həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti təhlükələrdən qorumaq prioritet istiqamətlər sırasında yer alır. Bütün bunlar qeyri-neft sektoruna yönəldilən sərmayələrin əhatə etdiyi sferanın kifayət qədər geniş olduğunu əyani şəkildə təsdiq edir.

O da mühüm faktdır ki, investisiya qüdrətini gücləndirən Azərbaycan həmişəki kimi özü əcnəbi sərmayədarlar üçün də cəlbedici ölkə olaraq qalır. Hesablamalar göstərir ki, 1995-ci ildən indiyə qədər Azərbaycan iqtisadiyyatına 82 milyard dollar sərmayə yatırılıb.

Bütün bunlar Azərbaycanın iqtisadi sahədə daha da qüdrətli bir ölkəyə çevrildiyini göstərməklə yanaşı, onun bu sahədə yaratdığı tərəqqi modelinin səmərəlilik dərəcəsinin də kifayət qədər yüksək olduğunu nümayiş etdirir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 6 avqust.- S. 1.