Söz və mətbuat azadlığının təminatına mühüm töhfə

 

1998-ci il avqustun 6-da Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ləğvi mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu

 

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmış, siyasi plüralizmsöz azadlığının təmini istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə müstəqil Azərbaycan bu gün söz, fikir və məlumat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikada bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır.

Xatırlatmaq lazımdır ki, müstəqilliyin ilk illərində mətbuatın formalaşmainkişaf yolu heç də rəvan olmamış, 1991-1993-cü illərdə ölkənin kütləvi informasiya vasitələri ciddi məhrumiyyətlərlə üzləşmişlər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, silahlı dəstələrə arxalanan müxtəlif siyasi qrupların öz mərkli iddialarını gerçəkləşdirmək üçün qeyri-qanuni cəhdlər göstərməsi, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadipsixoloji durum söz və mətbuat azadlığının təmin edilməsinə, bu sahədə dövlət və vətəndaşların mənafelərinin qorunmasına ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı siyasi hakimiyyət çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci il aprel ayının 12-də prezident səlahiyyətlərini icra edən Y.Məmmədovun fərmanı ilə hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün silahlı çevriliş yolu ilə hakimiyyətə gəlməsi isə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyəti daha da pisləşdirdi. O zamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirdi.

Həmin dövrdə jurnalistlər ağır senzura ilə üzləşir, fikirlərini sərbəst ifadə edə bilmirdilər. Mətbuat nümayəndələrinin ayrı-ayrı məmurlar tərəfindən döyülməsi, hakimiyyətə qarşı təndiqi yazılar dərc edən nəşrlərin bağlanması isə adi hala çevrilmişdi. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə kütləvi informasiya vasitələrinə qarşı hücumlar təkcə ayrı-ayrı məmurların özfəaliyyəti deyil, həm də dövlətin apardığı uğursuz siyasətin mahiyyətindən irəli gəlirdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlandı. Bu mənada Heydər Əliyev eyni zamanda, Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın əsasını qoymuş lider kimi böyük ehtiramla anılır. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi. Son 15 ildə Əsas Qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmiş demokratik-hüquqi islahatlar kütləvi informasiya vasitələrinin və jurnalistlərin normal fəaliyyətinə geniş imkanlar açdı.

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edilmişdir. Konstitusiyaya bu müddəanın daxil edilməsi respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlir. 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eyni zamanda, 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən Mədəni və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi bütünlükdə hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu təsbit edir.

1996-cı il noyabrın 15-də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ("Qlavlit") metodlarında müsbətə doğru ciddi dəyişikliklər edildi. Buna baxmayaraq, ölkədə demokratikləşmə prosesinin tədricən dərinləşməsi əlavə qərarların qəbulunu da zəruri edirdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına da əlverişli imkanlar açdı. Bu dövlət proqramından az sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ("Qlavlit") ləğv olundu. Fərmanla həmçinin Azərbaycan Respublikası Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab edildi. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbulu da bu istiqamətdə mühüm addımlardan olmuşdur. 2000-ci il 6 mart tarixli fərmanla isə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" təsdiq olunmuşdur.

Ulu öndər Heydər Əliyevin 2001-ci il 20 iyul tarixli "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında" fərmanı isə mətbuata dövlət dəstəyi yönümündə növbəti mühüm addım idi. Həmin fərman redaksiyaların kütləvi informasiya vasitələri məhsullarının illik satışından əldə etdikləri mənfəətdən ödədikləri verginin üç il ərzində dövlət büdcəsindən onlara ödənilməsini nəzərdə tuturdu. Eyni zamanda fərmanda ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük idxal rüsumunun azaldılması məsələsi də əksini tapmışdı.

Ulu öndərin siyasi iradəsi ilə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi isə kütləvi informasiya vasitələrinin təsis olunması sahəsindəki bəzi süni əngəlləri də aradan qaldırdı. Azərbaycan Respublikası Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla bu sahədə liberallığı tam təmin etdi, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürdü. Bu isə inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır.

Azərbaycanda iqtisadi proseslərlə siyasi islahatların bir-birini tamamlaması zərurətini daim önə çəkən Prezident İlham Əliyev də son 7 ildə ölkədə söz və mətbuat azadlığının yüksək səviyyədə təmini üçün bütün zəruri tədbirləri həyata keçirir. Bunların nəticəsi olaraq Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə lazımi imkanlar yaradılmışdır. Bir müddət əvvəl Azərbaycan milli mətbuatının 135 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi, milli jurnalistikanın inkişafında rolu olmuş qələm sahiblərinin mükafatlandırılması, 30-dək qəzetə və informasiya agentliyinə birdəfəlik yardımların verilməsi, Mətbuat Şurasının yeni binasının təntənəli açılış mərasiminin keçirilməsi, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Bu tədbirlər ilk növbədə göstərdi ki, dövlət başçısı İlham Əliyev ölkədə demokratik proseslərin, siyasi plüralizmin dərinləşdirilməsi sahəsində KİV-in həlledici rolunu xüsusi önə çəkir.

Hazırda respublikamızda iqtisadi sahədə keçid dövrünün başa çatması, demokratik proseslərin sürətlə inkişaf etməsi yazılı medianın - mətbuatın qarşısında yeni vəzifələr müəyyənləşdirir. Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərməli, ifrat siyasiləşmə meyillərindən qaçmalı, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmamalıdır. Mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi bütün konyunktur maraqlardan öndə dayanmalıdır. Prezident İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə hazırkı inkişaf mərhələsində mətbuatın müstəqilləşməsi, ifrat siyasiləşmə meyillərindən, qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümummilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli tövsiyələrini vermişdir. Dövlət başçısı mətbuatın inkişafını nəzərdə tutan tədbirlərin bundan sonra da davam etdiriləcəyini demişdir: "Azərbaycanda söz azadlığının inkişafı üçün bütün addımlar atılır. Lazım olan bütün qanunvericilik aktları qəbul edilibdir. Medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi üçün ardıcıl tədbirlər görülür, dövlət konsepsiyası qəbul edilibdir. Maddi-texniki bazanın möhkəmləndirilməsi işində dövlət öz dəstəyini göstərir və bundan sonra da göstərəcəkdir".

Dövlətin mətbuata davamlı və ardıcıl xarakter daşıyan qayğı siyasəti peşəsinə hörmətlə yanaşan hər bir vicdanlı qələm sahibində razılıq hissi doğurur, onun üzərinə böyük məsuliyyət qoyur, həmçinin qarşıda yeni vəzifələr müəyyənləşdirir. Ümid etmək olar ki, sağlam əqidəli, peşəkar jurnalistlərimiz cəmiyyət qarşısındakı sosial öhdəliklərini bundan sonra da layiqincə həyata keçirəcək, dövlət başçısının reallığı əks etdirən dəyərli tövsiyələrini fəaliyyətlərində daim rəhbər tutacaqlar.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 6 avqust.- S. 2.