Azərbaycanlı alimin
"Avrasiya: daha geniş əməkdaşlığın
perspektivləri" mövzusuna həsr olunmuş konqresdəki
çıxışı böyük maraq doğurmuşdur
İsveçin paytaxtı Stokholm şəhərində beynəlxalq elmi ictimaiyyətin həyatında mühüm hadisə sayılan VIII Dünya Konqresi keçirilmişdir. Əsasən humanitar elmlər üzrə alim və mütəxəssislərin qatıldığı bu konqres "Avrasiya: daha geniş əməkdaşlığın perspektivləri" mövzusuna həsr olunmuşdur. Azərbaycanı VIII Dünya Konqresində Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun və Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel (Xəlilov) təmsil etmişdir. Onun "Harmoniya fəlsəfəsi və Yeni Dünya nizamı prinsipləri" mövzusundakı çıxışı müasir beynəlxalq münasibətlər probleminə nəzəri-konseptual yanaşma kimi böyük maraq doğurmuşdur. Avrasiyadakı qlobal əməkdaşlığın reallıqları və daha geniş perspektivlərinin müzakirə olunduğu konqresdə, Azərbaycanın həmin proseslərdəki fəal roluna da toxunulmuşdur. Bir sıra alim və siyasətçilər çıxışlarında Sovet İttifaqının dağılmasından sonra müstəqil respublikaların yaranması kimi tarixi bir situasiyada Heydər Əliyevin həmin proseslərə pozitiv təsir göstərən qətiyyətli mövqeyini xatırlatmaqla bu gün Azərbaycan Respublikasının geniş Avrasiya məkanında qlobal əməkdaşlığın təməlini təşkil edən enerji layihələrinin reallaşdırıldığı ölkə olmasını, Cənubi Qafqazda sülh və sabitliyə ciddi əngəl törədən münaqişələrin aradan qaldırılması ilə bağlı fikirlərini çatdırmış, Azərbaycanın əzəli ərazisi Qarabağın işğalı faktının beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənməsi zərurətini vurğulamışlar. "Heydər Əliyev və Azərbaycan-dünya münasibətləri: siyasətdən mədəniyyətədək" kitabının müəllifi Rahid Ulusel müzakirələrdə Azərbaycanla bağlı səslənən fikirlərə münasibətini bildirmişdir.
Qeyd edək ki, 2000-ci və 2005-ci illərdə VI və VII Dünya konqresləri Avropanın inteqrasiyası problemlərinə həsr olunmuşdu. Növbəti IX Dünya Konqresi 2015-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcəkdir.
Azərbaycan.- 2010.- 6
avqust.- S. 2.