Rəşadət zirvəsi

 

Şəhid Əhməd Mehbalıyevin xatirəsi həmin yüksəklikdən boylanır

 

Mükəmməl təhsil almış, tank qoşunlarında xidmət edərək baş leytenant rütbəsi qazanmışdı. Layiq olduğu rütbələri almağı, vəzifə pillələrilə qalxmağı qarşıda idi. Ailə də qurmuş, ata olmuş, qızına anası Firənginazın adını vermişdi. Amma ailə sevincindən hələ doymamış, təzəcə danışmağa başlayan balasının dilindən "ata" kəlməsini eşitməmişdi. Yaşı da çox deyildi, 20-dən 25-ə doğru gedən məsafənin ortalarında idi. Təbii ki, onu qarşıda gözəl günlər gözləyirdi.

Peşəkar zabit Əhməd Suliddin oğlu Mehbalıyev bütün bunların bir günün, bir saatın, bəlkə də bircə anın içində bitəcəyini yaxşı dərk edirdi. Çünki müharibə gedirdi, qızğın döyüşlər başlanmışdı və o, əsgər idi - Vətəninin əsgəri!

Qədim Naxçıvanın Şərur bölgəsinin Qıvraq kəndində dünyaya göz açmışdı. Uşaqlıqdan hərbçi sənətinin vurğunu idi, gündə yüz kərə özündən əsgər "düzəldərdi". Ordu sıralarından qayıdan həmkəndlilərindən əsgər papağını, döş nişanlarını istəyərdi. Onlar da Əhmədin könlünə dəyməzdilər. Bütün balaca oğlanlar kimi o da əsgər paltarı geyinməyi arzular, tay-tuşları ilə "dava-dava" oynayar, əlinə yalançı qılınc götürər, at minər, həmişə də "düşmən"ə qalib gələrdi...

İllər sonra yaşıdları bu oyunları unutsa da, Əhməd özünün zabit olmaq arzusuna doğru irəliləyərdi. Bu arzu yolları doğma kəndindən yüzlərlə kilometr uzanaraq onu Bakıya, C.Naxçıvanski adına İxtisaslaşmış Hərbi Məktəbə qədər gətirdi. Burada təhsilini başa çatdırdıqdan sonra Əhməd Mehbalıyev seçdiyi sahəyə daha dərindən bələd olmaq, hərbi işi mükəmməl öyrənmək, hərtərəfli hazırlığa malik bir zabit olmaq məqsədilə Kazan Ali Tank Qoşunları Məktəbinə daxil oldu. Bundan sonra KiyevMoskva şəhərlərində tank qoşunları diviziyasında çalışdı.

Xidmət etdiyi bütün yerlərdə özünü əsl Azərbaycan oğlu kimi göstərirdi. Onun istər biliyi və səriştəsi, istərsə də xarakterindəki müsbət keyfiyyətlər, əsl hərbçiyə məxsus xüsusiyyətlər diqqəti cəlb edirdi.

Namərd qonşularımızın Azərbaycanda törətdikləri vəhşilikləri vətəndən kənarda eşitdikcə Əhmədin qeyrət qanı coşurdu. Xəyalı gecə-gündüz Qarabağı oymaq-oymaq dolaşır, ona rahatlıq vermirdi. Qərarını birdən-birə dilinə gətirdi: "Köçüb vətənə getmək lazımdır!" Yurdsevərlik, vətənpərvərlik insanlara xas olan ən dərin, bəlkə də fitri keyfiyyətlərdən biridir. Bu hisslər Əhməddə daha güclü idi.

Yağı torpaqlarımıza susayıb kəndlərimizi, şəhərlərimizi bir-bir ələ keçirmək iştahası ilə qan-qada törədəndə bir çox milli-mənəvi dəyərlərimiz üzə çıxdı. Bunlardan biri də Azərbaycandan kənarda yaşayıb xidmət edən zabitlərdən çoxunun Vətənə dönməsi idi. Onları bu addımı atmağa heç kəs məcbur etmirdi. Maddi imkanları da, şan-şöhrətləri də var idi. İstəsələr elə yaşadıqları, çalışdıqları yerlərdə qalıb həyatlarına bu minvalla davam edərdilər. Necə deyərlər, "isti yerlərini soyuq etməzdilər". Amma onlar gəldilər. Yaxşı qazanclarını, yüksək vəzifələrini, kabinetlərini, evlərini, maşınlarını qoyub geriyə döndülər. Odun-alovun içinə, səngərə, döyüşə, vuruşa gəldilər! Bu an onlara heç nə lazım deyildi. Onlar bir məqsədlə - Vətən üçün gəldilər. Bunun özü də bəri başdan bir qəhrəmanlıq idi... Mərdlik və qəhrəmanlıq ocağın külündə gizlənmiş qora, közə bənzəyir. Bu qor, köz Vətən, torpaq məhəbbəti sayəsində közərir, alışır, alovlanıb böyük bir məşələ - xalqının ən çətin məqamlarında, doğma yurdun yadelli basqınına məruz qalanda övladlarını vuruşa səsləyən məşələ çevrilir.

Beləcə, cəsurluq, rəşadət, şücaət qanında-iliyində olan Əhməd Mehbalıyev də baş leytenant rütbəsində milli ordu sıralarında döyüşməyə başladı. Qəhrəman olduğunu isə döyüşdüyü iki il ərzində torpaq uğrunda axıtdığı qanı ilə möhürlədi. Şuşa, Laçın, Qubadlı, Tərtər və nəhayət, Ağdam bölgələrində gedən ağır vuruşlarda mərdlik nümunəsi göstərdi. Mərdlik qorxuya nifrətdir, insanları mübarizəyə çağırır. Həqiqi qəhrəmanlar üçün isə keçilməz yol yoxdur! Qələbənin ehtiyat mənbəyi igid, cəsur mübarizlərin qalib gəlmək arzusudur! Əhməd də həmişə olduğu kimi, yenə qalib olmaq istəyində idi. Yaralanıb hospitala düşəndən sonra da rahatlıq tapa bilmirdi. Daim yoldaşlarını düşünür, onlar üçün narahatlıq keçirirdi. Yenidən cəbhəyə, döyüşçü dostlarının yanına tələsirdi. Belə də oldu. Ayağa qalxan kimi döyüş meydanına atıldı. Ağdam rayonunun ayrı-ayrı kəndlərinin, xüsusilə Çullunun, Boyəhmədlinin, Qızıllı-Kəngərlinin, Papravəndin müdafiəsində düşmənlə ölüm-dirim savaşına girdi. Hər dəfə də tankı ilə quldurlara layiqincə "dərs" verir, hünəri ilə döyüşçüləri irəliyə səsləyirdi. Qızıllı-Kəngərli kəndindəki son döyüşündə də beləcə idi. Amma həmin gün - 1993-cü il iyunun 26-da namərd gülləsi ondan yan keçmədi...

Əhməd şəhid olmuşdu. Artıq döyüşçülər sırasında yox idi. Lakin yoldaşları Əhmədin ölümünə inanmaq istəmir, onun surəti bir an belə dostlarının gözü önündən çəkilmirdi. Onlar Əhmədin igidliyinin dövlət səviyyəsində qiymətləndirilməsini (ölümündən sonra olsa belə) istəyirdilər. Yalnız bu, onlara bir təsəlli ola bilərdi.

O zaman baş leytenant olan P.Mahmudov qəzetlərin birində çıxış edərək yazırdı: "Baş leytenant Əhməd Mehbalıyevin başçılıq etdiyi tank tağımı döyüşlərdən dəfələrlə alnıaçıq, başıuca çıxmışdı. O, öz igidliyi ilə əsgərlər arasında ruh yüksəkliyi yaradır, onlarda vətənə, torpağa məhəbbət hissi aşılayırdı. Bir il idi Ağdamın müdafiəsində dayanmışdı. Axırıncı döyüşündə də cəsarətlə vuruşurdu. Sanki şəhid olacağını duymuşdu. İntiqamını almayınca can vermək istəmirdi. O, əsl igid idi".

Əhmədin döyüş dostu, kiçik leytenant M.Məmmədov da hər yerdə və hər gün eyni arzunu bildirirdi: "Əhmədi bir il idi tanıyırdım. Tağım komandiri idi. Elə etimad və hörmət qazanmışdı ki, ona təkcə komandir kimi deyil, həm də böyük qardaş kimi inanırdım. Əsl hünərinin isə Qubadlı-Laçın bölgələrində gedən döyüşlərdə şahidi oldum. Mazutlu, Fərəcan, Suarası, Türklər kəndlərində gedən ağır döyüşlərdə Əhməd sərrast atəşlə ermənilərin neçə-neçə texnikasını sıradan çıxardı, canlı qüvvəsini sarsıtdı. Döyüşlərin birində o, yaralandı. Ancaq bizdən ayrılmadı. Ağrılarına baxmayaraq irəliləyir, bizi ruhdan düşməyə qoymurdu. Qızıllı-Kəngərli kəndində o, düşmənlə qeyri-bərabər döyüşə girərək qəhrəmanlıqla həlak oldu. Biz unudulmaz dostumuzun şəhid ruhunun şad olması, əzizlərinin təsəlli tapması üçün onun igidliyinin dövlət tərəfindən qiymətləndirilməsini istərdik".

Sinəsini Vətən üçün sipər edən belə oğulların səsini eşidən, hünərini görüb qiymətləndirən isə məhz ulu öndər Heydər Əliyev oldu. O, Əhməd Mehbalıyevə "Azərbaycan Bayrağı" ordeni verilməsi barədə sərəncam imzaladı....

Köksündə əsl qəhrəman ürəyi döyünən Əhməd həm də duyğulu bir insan idi. Ara-sıra cəbhədən Bakıya gələndə doğmalarına baş çəkməzdən əvvəl Şəhidlər xiyabanına gedərdi. Məzarların önündə dayanıb fikrə dalardı. Belə anların birində isə qardaşına demişdi: "Müharibədir, qardaş, nə bilmək olar, bəlkə bir gün də məni buraya tapşırdınız". Demə, qismətinə elə Şəhidlər xiyabanında uyumaq yazılıbmış...

Bu, "ürəyədamma"dan, intuisiyadan daha çox reallığın əks-sədası idi. Çünki var gücübütün qəlbi ilə Vətən uğrunda döyüşən, hər gün namərd düşmənlə üz-üzə gələn oğul üçün ölüm gözlənilməz və təsadüfi bir hal deyildi!

Həmin günlərdə Qarabağ ellərində vuruşan igidlər evlərini, ata-analarını, körpə balalarını, bağ-bağçalarını, bütünlüklə özlərini unudaraq təkcə vətəni düşünürdülər. Hər biri üçün vətən ayrı-ayrılıqda doğulduqları Naxçıvan, Bakı, yaxud Gəncə deyildi, bütün Azərbaycan idi! Qarabağsız da Azərbaycan bütöv deyildi! Elə buna görə də Əhməd kimi igidlər sinələrini irəli verib düşmən üstünə şığıyır, Qarabağ - vətənin bir parçası üçün ölümə gedirdilər. Vətənpərvərlik əzmi bax, buna deyirlər! Bir köhnə mahnıda deyildiyi kimi: "Vətən eşqi hər eşqdən əzizdir". Biz bunu oğullarımızın həmin vətənpərvərlik əzmində gördük.

Əhməd Mehbalıyev şəhidlik zirvəsinə ucalıb. Ailəsinin, doğmalarının, dostlarının təsəllisi isə odur ki, o, 25 ildən də qısa bir ömrü ilə əbədiyyət qazanıb. Doğrusu, bunun özü də hər kəsə qismət olan deyil.

Coğrafiyadan bizə bir çox zirvələrin adları məlumdur. Alpinistlər bu günyeni yüksəkliklərə qalxaraq zirvələr fəth edironlara ad da verirlər. Əhməd isə zirvəsinə qalxdığı dağı öz gücündən, cəsarətindən, mənəviyyatından yoğurub yapmışdır! Bu zirvənin adı Rəşadətdir! Oradan daim bir işıq saçır və (nə qədər ki, torpaqlarımızın dörddə bir parçası düşmən tapdağı altındadır) Əhmədin özü kimi igid oğulların qəlbində vətən eşqi alovlandırır. Əhməd Mehbalıyev kimi igidlərin nümunəsində Mübariz İbrahimov timsallı yeni-yeni qəhrəmanlar yetişir və canını vətənə fəda edir...

Azərbaycanın belə oğulları çoxdur. Başqa sözlə: belə oğulları olan vətənin torpağı isə heç vaxt düşməndə qala bilməz! Aqillər, yüksək zəka sahibləri yurd sevgisinə, inama, əqidəyə, sözlə əməli işin vəhdətinə həmişə yüksək qiymət vermişlər. Vətən, torpaq, əqidə naminə öz həyatlarını qurban verən insanlar həmişə gəncliyin tərbiyəçisinə çevrilmişlər. Qoy onlar bizim sonuncu qəhrəmanlarımız deyil, sonuncu şəhidlərimiz olsun!

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2010.-  6 avqust.- S. 5.