Gədəbəydə 160 il bundan əvvəl Almaniyadan gətirilmiş güzgü qiymətli tarixi eksponat kimi qorunub saxlanılır

 

Gədəbəydə inventarlaşdırılaraq qorunub saxlanılan nadir eksponatlar arasında bir güzgü də vardır. Güzgünün üzərində 1850-ci ildə Almaniyanın Bavariya şəhərində istehsal olunması barədə məlumat qeyd edilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə bildirmişdir ki, güzgünün XIX əsrdə Almaniyadan Gədəbəyə necə gətirilməsi barədə mülahizələri belə əsaslandırmışdır: "Məlum olduğu kimi, 19-cu əsrin əvvəllərində Siemens qardaşları Gədəbəydə mis emalı ilə məşğul olmuş və bunun üçün nəhəng zavodlar inşa etdirmişlər. Həmin dövrdə burada çalışan yerli və alman mütəxəssislər üçün yaxşı iş şəraiti ilə yanaşı, onların mədəni istirahəti də diqqət mərkəzində olmuşdur. Elə bu məqsədlə də 1864-cü ildə rayonda mədəniyyət evi tikilərək istifadəyə verilmişdir.

Mədəniyyət evində müğənnilərin və aktyorların istifadəsi üçün müxtəlif əşyalarla yanaşı, həmin bu güzgü də Almaniyadan gətirilmişdir. Sovet hakimiyyəti dövründə almanlar buradan deportasiya olunan zaman ermənilər rayonda onlara məxsus əşya və maddi-mədəniyyət nümunələrini qənimət kimi ələ keçirmiş və aparmışlar. Lakin həmin güzgü ermənilərin nəzərindən qaçmış və hansı səbəbdənsə atılmış vəziyyətdə mədəniyyət evinin bir küncündə qalmışdır. Yalnız 1978-ci ildə güzgü qiymətli tarixi eksponat kimi dövlət qeydiyyatına alınmışdır.

Hazırda güzgü Siemens qardaşlarının tarixi yadigarı kimi qorunub saxlanılır. Hündürlüyü 1,8 metr, eni 90 santimetr olan, ətrafı qiymətli qoz ağacından işlənmiş bu güzgünün yan tərəfində "KEDRUT" sözü yazılmışdır".

İcra hakimiyyəti başçısının dediyinə görə, həmin söz "Gedebekskiy rudnik" mənası verir və o zaman bu əşyaların inventarlaşdırıldığını göstərir.

 

 

Azərbaycan.- 2010.- 6 avqust.- S. 6.