Təbiət və musiqi
vurğunu
Qəribə və qeyri-adi, həm də cazibəli, diqqət çəkən, yaradıcılıq qabiliyyətinə malik olan xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Pərəstişkarları onun müxtəlif yaradıcılıq sahələrinin, həm də fərqli janrların qabil ifaçısı kimi tanıyaraq sevirlər. Yazılanlardan, haqqında söylənilən fikirlərdən kənara çıxaraq Toğrul Nərimanbəyovun portretini sözlə çəkməyə bu ifadə bəs edər: müasirimiz olan dahi! Bu, sadəcə təmtəraqlı fikri, gəlişi gözəl münasibəti və pafosu ifadə etmir. Mütəxəssislərin də, hətta həmkarlarının da, dünya incəsənətinin korifeylərinin də fikirləri bir məqsədə yönəlir. Keçmiş sovet dövründə sənətə gələn iki rəssam var ki, ona süni realizmin küləkləri qətiyyən toxuna bilmədi. Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov. Hər ikisi rəssamlığın müxtəlif qütblərində dayansalar da, onları birləşdirən əsas bir məram var idi - Abşeronu dəlicəsinə sevmək, təbiətə vurğunluqE
Bu isti avqust günlərində ömrünün 80-ni tamamlayan məşhur rəssamın yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün ölkə Prezidenti İlham Əliyev tərəfindən sərəncam da imzalanıb.
Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakıda anadan olub. Atası Fərman Nərimanbəyov energetika sahəsi üzrə mühəndis idi. Anası İrma Lya Rude isə fransız olub. Rəssamın valideynləri Fransanın Tuluza şəhərində tanış olaraq bir-birini bəyəniblər. Ailə qurduqdan sonra xeyli müddət də Fransada yaşayıblar. Toğrulun böyük qardaşı Vidadi elə Avropada dünyaya gəlib (Vidadi Nərimanbəyov da Azərbaycan təsviri sənətinin çox istedadlı nümayəndələrindən biri olub). Sonradan gənc ailə Bakıya qayıdıb. Şərqlə Qərb mədəniyyətinin, ayrı-ayrı dinlərə mənsub ailə şərtlərinin, ənənələrinin, fərqli münasibətlərin qovuşduğu bir mühitdə doğulub Toğrul Nərimanbəyov. Atası Qarabağın tanınmış bəylərindən birinin övladı olub. Bax, bu nəsildəngəlmə nəciblik, gözütoxluq, mərdlik, hətta zahiri görünüşdə əks olunan kübarlıq, eləcə də Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmləri, sənətə hədsiz maraqlı olmaları Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir etməyə bilməzdi.
Ailədə qəribə
bir adət olub. Müxtəlif qədim əşyaların, tətbiqi
sənət nümunələrinin kolleksiyasını
toplayıblar. Bax, bu "muzey" əşyalarının
cazibəsi də Toğrulun maraq dairəsinin genişlənməsinə,
yaradıcılıq potensialının güclənməsinə
səbəb olub. Bütövlükdə ailədə incəsənətə,
onun müxtəlif növlərinə böyük rəğbət
yaşanırdı. Atası onu Respublika Pionerlər Evində
(indiki Uşaq və Gənclər Yaradıcılıq
Sarayı) rəsm dərnəyinə üzv yazdırıb.
Burada ilk rəsm müəllimi Kamil Xanlarov idi.
İkinci Dünya müharibəsi
zamanı taleyin çox ağır bir qəzavü-qədəri
Nərimanbəyovlar ailəsinin də ünvanını
yaxaladı. Fransa faşist Almaniyası tərəfindən zəbt
edilən gün bu ölkənin vətəndaşlığından
çıxmayan İrma - Toğrulun anası həbs edildi. Ən
dəhşətli hal da budur ki, Toğrul oxuduğu 134
saylı məktəbə xüsusi mühafizə altında
aparılırdı. Onu evə yox, həbsxanaya -
anasının yanına gətirirdilər. O dövrdə sovet
qanununa görə heç kəsin uşağı məktəbdən
saxlamaq hüququ yox idi. Amma bu, çox uzun sürmədi,
ananı öz balalarından ayrı saldılar. Lya Rude Sibirə
sürgün edildi.
Bu ziddiyyətli məqamların
içində inamını itirməyən Nərirmanbəyovlar
yaşamaq uğrunda mücadiləyə qoşulublar.
Toğrul əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbinə daxil olub.
1950-ci ildə isə Litva İncəsənət
İnstitutunda monumental və dəzgah rəssamlığı
fakültəsində təhsil alıb. Eyni vaxtda Vilnüs
Konservatoriyasında klassik vokalı da öyrənməyə
başlayıb. Toğrul anası ilə yalnız tələbəlik
illərində Səmərqənddə
görüşüb. Bəlkə də uşaqlıqdan
çəkdiyi əziyyətlər, gördüyü ədalətsizliklər
onun yaradıcılığına elə dərin təsir
edib ki, həmkarlarından fərqlənərək daha
yüksəkliklərə, zirvələrə qalxmağı
bacarıb. Belə olmasaydı, 30 yaşında əməkdar,
33 yaşında isə xalq rəssamı adına layiq
görülməzdi. 1955-ci ildən keçmiş SSRİ Rəssamlar
Birliyinin üzvü olan Toğrul Nərimanbəyovun layiq
görüldüyü orden və medalların sayı bilinmir.
1974-cü ildə dünya şöhrətli bəstəkar
Fikrət Əmirovun "Nəsimi haqqında poema" baletinə
verdiyi tərtibata görə Azərbaycan Dövlət
mükafatına layiq görülüb. Fikrət Əmirovla
başlanan ikinci uğuru isə "Min bir gecə" baleti
ilə bağlıdır. 1980-ci ildə bu möhtəşəm
musiqi əsərinə verdiyi bədii tərtibata görə
Toğrul Nərimanbəyov yenidən Dövlət
mükafatı ilə təltif olunub. Hazırda dünyanın
bir çox incəsənət muzeylərində, fondlarda Azərbaycan
rəssamının əsərləri qorunub saxlanılır.
Çexoslovakiyada, Rusiyada, Hindistanda, Fransada, Litvada, ABŞ-da və
digər ölkələrdə Toğrul Nərimanbəyovun sərgiləri
dəfələrlə seyrçiləri riqqətə gətirib.
Rəssamın
yaradıcılığında Abşeron mənzərələrinin,
nemətlərinin, tarixi abidələrinin xüsusi yeri var. O,
Şirvanşahlar sarayının rəsmini çəkəndə
14 yaşı vardı və heç vaxt ağlına gəlməzdi
ki, bu bağlılıq ömrü boyu onu tərk etməyəcək.
Dünyanın harasında yaşamasından asılı
olmayaraq həmişə mövzularının başında
Abşeron dayanacaq. Uzun illər Amerikada yaşayıb.
Hazırda Parisdə ünvan tapıb, amma buna baxmayaraq tez-tez
Bakıya gəlir. O, bir avropalı rəssamdır,
yaratdıqları isə bəşəridir. Amma
köksündə azərbaycanlı olaraq bu torpağın məhəbbəti
çırpınır. Belə olmasaydı, sidq ürəklə
deməzdi: "Dünyanın heç harasında Günəş
Bakıdakı kimi doğulmur. Mənə elə gəlir ki,
Abşeron günəşinin bənzəri yoxdur. Ona görə
də burada yaşayan insanlar enerjilidirlər,
istedadlıdırlar. Hələ Qobustan qayalıqları... Mən
oradakı hər bir daşı canlı varlıq kimi sevirəm".
Toğrul Nərimanbəyov
yazıçı Çingiz Aytmatovu və şair Bəxtiyar
Vahabzadəni çox sevib. Sağlıqlarında hər iki sənətkarla
tez-tez görüşər, yubileylərində iştirak edərdi.
Bu, bir iftixar doğuracaq məqamdır ki, Azərbaycan
poeziyasında Bəxtiyar Vahabzadə hansı mövqedə və
zirvədə dayanıbsa, təsviri incəsənətimizdə
də o möhtəşəm yerin sahibi Toğrul Nərimanbəyovdur.
Sovet dövründə rəssamın
yaradıcılığını təhlil edən sənətşünaslar
həmişə Toğrul Nərimanbəyovu "novator"
adlandırıblar. Çünki o, heç kəsin getmədiyi
bir yolla addımlayırdı, bəlkə də, daha
doğrusu, cəsarət etmədiyi mövzularda
fırçasını məharətlə işlədirdi.
Bu səbəbdən də sənətşünaslar təhlillərində
Toğrul Nərimanbəyov üslubunun özünəməxsusluğunu
çox dərin şərh etməkdən ya çəkinərək,
ya da anladıqlarını gizlətmək üçün
bir kəlmə "novatordur" deyirdilər. Bu novatorluq isə
bugünə kimi davam etməkdədir.
Toğrul Nərimanbəyov
öz həmkarlarından Səttar Bəhlulzadəni, Tahir
Salahovu, Tofiq Cavadovu çox sevib. Hətta onlar dəfələrlə
təbiət qoynuna birlikdə səfərlər ediblər.
Özü haqqında belə söyləyir: "Rəssam
olmasaydım, yəqin ki, heykəltəraş, ya bəlkə
də vokalist olardım. Rəssamlıqda hər şey əvvəldən
məlumdur. Başlanğıc da, iş prosesi də, sonluq da.
Vokal isə tamam başqa bir aləmdir. Mən hər səhərimi
torağay kimi mahnı ilə açıram".
Ümummilli lider Heydər Əliyev
onun yaradıcılığını yüksək qiymətləndirərək
söyləyib: "Bizim rəssamlarımız həmişə
öz xalqlarının taleyini düşünüblər. Təbiətini,
adət-ənənəsini rəsmlərində dolğun əks
etdirməyə nail olublar. Səttar Bəhlulzadə,
Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov təkcə
Azərbaycan təsviri sənətinə deyil,
xalqımızın adına da başucalığı,
şöhrət gətiriblər".
Onun gözəl bariton səsi
var. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının
əsərlərindən ariyaları peşəkarlıqla ifa
edir. Klassik musiqiyə dərin məhəbbəti olan
Toğrul Nərimanbəyov Azərbaycan muğamlarının
vurğunudur. Milli sərvətimiz olan muğamlara onun öz
baxışı var: "Mən muğamı dinləyəndə
onun bütün rəng çalarlarını anlayıram, hətta
görürəm. Ahəngindəki qəmli notlar mənə
çox təsir edir. Mən muğam oxuya bilmirəm. Onda
ağlamaq istəyirəm. Bəlkə də buna görə mən
həmişə muğamı səs kimi yox, maddi mədəniyyət
abidəsi kimi qəbul edirəm. Hərdən də Qərb
musiqisi ilə, xüsusilə də Bethovenin simfoniyaları ilə
muğam arasında nəsə bir bağlılıq
duyuram".
Toğrul Nərimanbəyov həmişə
yay fəslində Bakıya gələr, Abşeronda dincəlməyi
çox sevər. Hərdən fırçasını qələmlə
dəyişən Toğrul Nərimanbəyov poeziya aləmində
də öz imzasını yazmaqdadır. Maraqlıdır ki,
onun bu sahədə də mövzuları yenə Azərbaycandır,
doğma Bakıdır. Yaradıcılığın hansı
janrında işləməyindən asılı olmayaraq
düşüncələrində lövbər salan dəyişməz
mövzu Abşerondur. Bu, elə bir hissdir ki, bütün
ömrü boyu onunla dünyanı gəzir. Parisdə də,
Lüksemburqda da, Nyu-Yorkda da, Ankarada da, Moskvada da... Fərqi
yoxdur, hansı qitədə, hansı məmləkətdə
və ölkədədir. Bütün
yaradıcılığı ilə, ağılı və
düşüncələri ilə bəşəri mədəniyyətə
xidmət edən Toğrul Nərimanbəyov dünya incəsənətinə
Abşeronun unudulmaz, yaddançıxmaz mənzərələrini,
tarixi abidələrini təqdim edir. Çox maraqlıdır,
Toğrul Nərimanbəyov fırçasının töhfələri
mövzusundan asılı olmayaraq həmişə nəhəng
sənət əsərinə çevrilir. Burada söhbət
hansısa rəsm əsərinin ölçüsündən
yox, orada əks olunan rənglərin ifadəliliyindən, təsir
gücündən gedir.
Əlinə fırça
alan gündən çəkdiklərinin hamısını
naturadan götürüb. Bu gün də onun natürmortları
naturadan çəkilir. Başqaları da belə edə bilərlər.
Fərq budur ki, Toğrul Nərimanbəyov gördüklərini
özünün yaradıcılıq süzgəcindən
keçirir. Bu səbəbdən də tablolarında hər
bir rəngin öz yeri var. Bəlkə buna görə də
tamaşaçı rəssamın əsərlərini seyr etməkdən
doymur. Hansısa bir təbiət mənzərəsini gözəl
olduğu üçün yox, məhz o
füsunkarlığın içində insanı heyrətə
gətirən məqamların varlığına görə
çəkir. Həmin vaxt rəssamın diqqəti o qeyri-adi
görüntünü rənglərlə işləməyə
yönəldiyindən yaranan əsər təkrarsız olur.
Belə bir fikir var ki, Səttar Bəhlulzadə Azərbaycan təbiətinin
poeziyasını kətana köçürüb. Toğrul Nərimanbəyov
yaradıcılığının rənglərlə
süslənmiş səhifələrinə diqqət yetirdikcə
başqa bir məqamı qeyri-ixtiyari vurğulamalı olursan:
Toğrul Nərimanbəyov da həm Azərbaycan təbiətindəki
qeyri-adiliyi, həm də fəlsəfəni, Azərbaycan
insanının qurub-yaratmaq əzmini, arzularını,
nikbinliyini, inamını kətan üzərində əks
etdirib. Bəlkə də elə bu yaxınlığa və
qeyri-adiliyə görədir ki, haqlı olaraq hər iki rəssamı
sovet realizmindən çox-çox uzaqlarda yaşayıb
yaratmış sənətkar kimi tanıyırlar.
Xalq şairi Fikrət Qoca köhnə dostu haqqında söyləyir: "Toğrul Nərimanbəyovun içi sevgi ilə doludur. Onun qeyri-adi cəhətləri çoxdur. Məni sevindirən odur ki, Toğrul sədaqətlidir. Bu sədaqətin hədəfi - vətən, millət, sənət, dostları, sevdikləri və qəribə vərdişləridir. Toğrul əvvəldən nəyə bağlıdırsa, bugünə kimi onu davam etdirir. Mən onu gəncliyimdən tanıyıram. Heç dəyişməyib. Hamı onu görkəmli rəssam kimi dəyərləndirir. Bu, təbiidir. Neçə illərdir ki, biz onu bu sahənin ən hünərli nümayəndələrindən biri kimi görürük. Dünya da onu böyük rəssam kimi qəbul edir. Mənə görə Toğrul həm də şairdir. Başqa cür səslənməsin, indiki vəziyyətimdə məni hansısa bir poetik fikirlə heyrətləndirmək asan deyil. Ömrü boyu sözlə işləmişəm. Onun min bir çalarını, rəngini, mənasını aramışam, axtarmışam. Qəribədir ki, Toğrulu oxuyanda təəccübümü gizlədə bilmirəm. Məsələn, narla bağlı onun rəsmləri də çoxdur, şeirləri də. Bütün ömrü boyu nar onun baş mövzusudur. O, Azərbaycan təbiətində bitən bu nemətə bir milli obraz kimi yanaşır. Baxışları, sözlə işləmək qabiliyyəti, yazı tərzi çox fərqlidir. Onun bütün şeirləri düşündürücüdür. Vətən sevgisini "Vətəni çox sevirəm" ifadəsində yox, Toğrulun yazdığı "İçərişəhər", "Qız qalası" kimi şeirlərdədir. O, bu qədimi abidəni xalqımızın daşlaşmış qəhrəmanlıq dastanı adlandırır. Bəlkə də onun üçün ən müqəddəs ünvan da elə Qız qalasıdır. Sevinirəm ki, mənim belə bir böyük ürəkli, dərin təfəkkürlü, müasir baxışlı, istiqanlı, sədaqətli, məşhur dostum var. Və nə yaxşı ki o, azərbaycanlıdır".
Dünyanın çox möhtəşəm sərgi salonlarında əsərləri nümayiş etdirilən, illər uzunu Amerikada, Avropada yaşayan Toğrul Nərimanbəyov qəlbən çox azad, yüksək ideyalar uğrunda çarpışan bir sənətkardır. İlk baxışda adamın ağlına gəlməz ki, həyatı boyu avanqard olmağa çalışan Toğrulun ürəyindən hansı arzular keçər. O, fəth etdiyi zirvələrdən hara enmək istər. Söhbətlərinin birində qəlbindən keçənləri belə dilə gətirib: "Arzum budur ki, dənizin kənarında (yəqin ki, Xəzərin - F.X.) çox böyük, müasir olmayan balaca bir bağ evim olsun. Əsl milli, kənd evinə bənzəsin. Sadə interyerli, xalçalar, balış və mütəkkəli, ot, ədəva qoxulu... İstərdim ki, orada əncir ağacı, su quyusu olsun...". Bu, sadəcə fikirlərdən süzülən adi həvəs deyildi. Ağsaqqal bir sənətkarın, dünya şöhrətli bir şəxsiyyətin uşaqlığa, ilkinlyiə qayıdış istəyidir. Bu xiffətli arzunun mayasında böyük vətən məhəbbəti və Azərbaycan duyğuları var!
Toğrul Nərimanbəyov ziddiyyətlərlə dolu həyatın hər üzünü görüb. Sevincini də dadıb, kədərindən də sarsılıb. Həmişə də öz əqidəsinə sadiqliyi ilə seçilib, kübar görünüşü, əzəməti və qəribəliyi ilə qəlblərə hakim kəsilib. Bir oğlu, bir qızı var. Övladı Əsmər atası haqqında belə söyləyir: "O, elə bir adamdır ki, onun üçün birinci yerdə azadlığıdır. Bu, həyatında ən başlıca şərtdir... O, insanları özünə elə cəzb edir ki, onun üçün darıxmamaq mümkün deyil. Bu dünyanın işığı, havası, həyatı kimi gərəklidir". Oğlu Fransua isə tələsmədən, təmkinlə atasının sənətin müxtəlif janrlarında yaratdığı möcüzələri müşahidə etməkdədir. Bəlkə gələcəkdə bu nəslin növbəti məşhur insanı olmaq onun taleyinə yazılıb? Kim bilir?!
Ömrünün 80-ci yayını tamamlayan xalq rəssamı Toğrul Nərimanbəyovun ruhunda bir gənclik eşqi var. Vurğunu olduğu xalqının, millətinin böyük sənətkar oğludur. Onun rəsmlərində də, şeirlərində də, hətta səsinin coşqun ahəngində də Abşeron günəşinin istisi duyulur. Bu nurun təsiridir ki, dünya şöhrətli sənətkarımızın repertuarı rənglər, palitrası musiqidir. Musiqi ilə rənglərin qovuşuğu isə əbədiyaşar əsərlərin yaranmasına səbəb olur.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 7 avqust.- S. 4.