Azərbaycan daha bir möhtəşəm regional layihəyə imza atır

 

Ölkəmizin təşəbbüskarı olduğu TASİM transmilli layihəsi reallaşmağa başlayır

 

İnkişaf dinamikasına görə dünya dövlətləri arasında liderlər sırasında yer alan və bu sahədə mövqeyini daim gücləndirməkdə olan Azərbaycan regionda həyata keçirilən transmilli layihələrin əsas təkanvericisi hesab olunur. Danılmaz həqiqətdir ki, artıq regionda Azərbaycanın iştirakı və razılığı olmadan hər hansı transmilli xarakter daşıyan layihənin reallaşmasından söhbət gedə bilməz. Yeni müstəqillik tariximizin başlandığı gündən indiyə qədər olan zaman kəsiyində Cənubi Qafqazda həyata keçirilən regional layihələrə diqqət yetirdikdə də Azərbaycanın burada nə qədər mühüm rola malik olduğunu əyani şəkildə görmək mümkündür.

Bir çox hallarda Azərbaycan belə layihələrin əsas təşəbbüskarı kimi çıxış edir. Həmin layihələr sırasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas neft-qaz ixrac kəmərlərinin adı xüsusi qeyd olunmalıdır. Hazırda inşası davam etdirilən Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryolu xəttinin əsas iştirakçılarından və hərəkətverici qüvvələrindən biri olaraq məhz Azərbaycan qəbul edilir. Sözügedən layihənin perspektivdə daha böyük coğrafiyanı əhatə edəcəyi, Asiyanın ən ucqar ölkələrindən tutmuş Avropaya kimi uzanacağı gözlənilir. Təbii ki, həyata keçirilən belə regional layihələr və burada Azərbaycanın əsas söz sahiblərindən biri olması ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq miqyasda onun nüfuzunun daha da yüksəlməsində önəmli rol oynayır. Bu vaxta qədər icra edilən regional layihələrələ yanaşı, qarşıdakı dövr ərzində də yeni transmilli layihələrin həyata keçirilməsində Azərbaycan kifayət qədər potensiala, tranzit imkanlarına malik ölkə kimi qəbul olunur. Yeni layihələrin reallaşmasında yenə Azərbaycanın özünün əsas təşəbbüskar qismində çıxış etməsi isə artıq ölkəmizin beynəlxalq münasibətlər sistemində və qlobal iqtisadiyyatda xüsusi çəkiyə malik dövlət statusunu daha da gücləndirməkdədir. Azərbaycan tərəfindən irəli sürülmüş Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) təşəbbüsünü bu missiyaya xidmət edən yeni möhtəşəm regional layihə adlandırmaq olar.

Sözügedən layihə müasir dövrün tələblərinə müvafiq olaraq Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının inkişafına nə dərəcədə prioritet önəm verdiyinin daha bir mühüm göstəricisi sayıla bilər. Dünyada cərəyan edən proseslərin mövcud təhlili isə belə bir qənaəti daha möhkəm zəmində təsdiqləməkdədir ki, hər hansı ölkənin sürətli tərəqqisini təmin edən əsas amillər sırasında texnoloji yeniliklərin tətbiqi xüsusi önəm daşıyır.

Texnoloji yeniliklərin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) son illərdə sürətlə inkişaf edərək iqtisadiyyatdan tutmuş idarəetmə, təhsil, səhiyyə və digər sferaları əhatə edir.

Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra İKT sektorunun inkişafını diqqət mərkəzində saxlayaraq 2003-cü ildə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" adlanan mühüm bir sənədi təsdiq etdi. Həmin sənədin böyük əhəmiyyətə malik olduğunu göstərən əsas məqamlardan biri isə onun Azərbaycanın İKT sahəsinə diqqətini ölkə cəmiyyətinə və bütün dünyaya bir daha göstərməsi idi.

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda qəbul edilmiş bu sənəd İKT sektorunun daha sürətli inkişafının əsasının qoyulmasında da vacib əhəmiyyətə malik oldu.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında dövrün tələblərinə müvafiq olaraq həyata keçirilən islahatlar Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlanğıc verdi. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bəyan etdi. Bütün bunlar informasiya-kommunikasiya texnologiyalarının ölkəmizdə daha geniş miqyasda tətbiqinin artıq zəruri hala çevrildiyini təsdiq edirdi. Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: "Prioritetlərdən biri də informasiya-kommunikasiya texnologiyalarıdır. Mən buna çox böyük əhəmiyyət verirəm. Bu, ölkənin ümumi inkişaf dinamikasını göstərən bir sahədir. Bu sahədə çoxlu yeniliklər, çoxlu ixtiralar var. Azərbaycan da bu sahədə qabaqcıl yerlərdədir. Xarici şirkətləri, dünyanın aparıcı informasiya-kommunikasiya şirkətlərini Azərbaycana dəvət etmişik və onların da Azərbaycanla işləməyə böyük maraqları var".

Ölkəmizdə İKT-nin inkişafına dövlət səviyyəsində yetirilən yüksək diqqətin nəticəsidir ki, Azərbaycan TASİM kimi nəhəng transmilli bir layihiənin həyata keçirilməsi üçün əsas təşəbbüskar qismində çıxış edir və onun reallaşması istiqamətində artıq konkret addımlar atır. Hazırda isə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TASİM-in inşası üçün 30 ölkənin rabitə operatoru ilə danışıqlar aparır. Danışıqlar aparılan ölkələr arasında Türkiyə, Gürcüstan, Rusiya və digərləri yer alır.

TASİM Şərqi Avropa, MDB, Türkiyə, İran, Mərkəzi Asiya ölkələrini, Əfqanıstan, Pakistan, Çin və Hindistanı əhatə edəcək. Gözlənildiyi kimi, layihənin gerçəkləşməsi region ölkələrində internetə ucuz çıxışı, yüksək texnologiyaların daha da inkişaf etməsini, regional elektron bazarın yaradılmasını təmin edəcək. İlk dəfə layihə "Bakutel-2008" sərgi-konfransının iştirakçılarının (Türkiyə, ABŞ, Rusiya, Qazaxıstan, Hindistan, İran, Ukrayna, Malayziya, Misir, UNDESA, TAE, RRB və s.) siyasi dəstəyini alıb və supermagistral haqqında "Bakı Bəyannamə"si qəbul edilib. Kifayət qədər önəmli əhəmiyyətə malik TASİM layihəsi BMT miqyasında da dəfələrlə dəstəklənib. Ötən ilin oktyabrında İsveçrənin Cenevrə şəhərində təşkil olunan "İTU Telecom World 2009" sərgi və forumunda Azərbaycan pavilyonu ilə tanış olan BMT-nin baş katibi Pan Gi Mun ölkəmizin təşəbbüsü ilə reallaşması nəzərdə tutulan TASİM-i cazibədar və böyük region üçün vacib layihə kimi qiymətləndirib. Bunun ardınca BMT Baş Assambleyasının İkinci Komitəsinin (İqtisadi və Maliyyə) iclasında layihə yekdilliklə bəyənilib. Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi əsasında TASİM-ə həsr olunan qətnamə layihəsi BMT Baş Assambleyasının 64-cü sessiyası zamanı Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülüb. 2009-cu ilin sentyabr ayından etibarən Azərbaycan nümayəndə heyəti qətnamə layihəsi üzrə ikitərəfli və çoxtərəfli danışıqlar aparıb.

Qətnamə layihəsi dünyada iqtisadi artım və sosial inkişaf üçün informasiya və kommunikasiya texnologiyalarının vacibliyini bildirməklə yanaşı, Avrasiya regionunda "rəqəmsal uçurum"un aradan qaldırılması baxımından TASİM-in mühüm rolunu qeyd edir və sözügedən təşəbbüsün həyata keçirilməsi istiqamətində regional səylərin əlaqələndirilməsinə dair Azərbaycan hökumətinin təklifini alqışlayır. TASİM kimi yeni və qabaqcıl təşəbbüsü təqdim edən qətnamə layihəsi müxtəlif ölkələr tərəfindən dəstəklənib və BMT-nin bir sıra nüfuzlu ölkələri ona həmmüəllif kimi qoşulublar. Onların sırasında ABŞ, Almaniya, Avstraliya, Belarus, Bolqarıstan, Əfqanıstan, Çin, Hindistan, Gürcüstan, İsveçrə, İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Litva, Lüksemburq, Qazaxıstan, Qətər, Moldova, Pakistan, Portuqaliya, Rusiya Federasiyası, Sloveniya, Suriya, Tacikistan, Türkiyə, Ukrayna və Yaponiya xüsusilə qeyd oluna bilər.

Cari ilin fevralında isə BMT Baş Assambleyası özünün 66-cı plenar iclasında "İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti"nin Cenevrədə keçirilmiş birinci mərhələsində və Tunisdə keçirilmiş ikinci mərhələsində qəbul olunmuş prinsipləri rəhbər tutaraq TASİM təşəbbüsünə həsr olunmuş qətnamə qəbul edib. Qətnamədə region ölkələrinin qloballaşmaqda olan dünya iqtisadiyyatına inteqrasiya prosesində, yoxsulluğun azaldılmasında, iqtisadi artımın təmin edilməsində, sosial inkişafda, qadınların cəmiyyətdə rolunun artırılmasında, tolerantlığın təmin edilməsində və yenə də "rəqəmsal uçurumun" aradan qaldırılmasında informasiya-kommunikasiya texnologiyalarının xüsusi rolu qeyd edilərək, TASİM layihəsinin BMT tərəfindən dəstəkləndiyi vurğulanır. Qətnamədə eyni zamanda Azərbaycan hökumətinin TASİM layihəsinin təşəbbüskarı olması və onun layihənin reallaşması üçün region ölkələrinin bir araya gətirilməsi istiqamətində koordinasiya işlərinin həyata keçirilməsinə hazır olması birmənalı olaraq alqışlanır.

TASİM-də iştirak edəcək bir sıra dövlətlər də layihənin reallaşması istiqamətində konkret addımlar atmağa hazır olduqlarını bəyan ediblər. Məsələn, Gürcüstan tərəfi layihəyə qoşulacaqlarını və yaxın vaxtlarda Azərbaycanla birlikdə fiber-optik şəbəkənin Qara dəniz-Xəzər dənizi seqmentinin Azərbaycan ərazisi üzrə tikintisi ilə bağlı işlərə başlanacağını bildirib. Gürcüstan Baş nazirinin məsləhətçisi Vaxtanq Lejava qeyd edib: "Söhbət burada Qara və Xəzər dənizlərində fiber-optik şəbəkənin inşasından gedir. Həmin şəbəkə Azərbaycan ərazisi üzrə inşa ediləcək".

Bundan əvvəl isə Çin tərəfi də layihəyə siyasi və iqtisadi dəstək verdiyini açıqlayıb. Belə ki, "China Telecom Corporation Ltd." layihə üzrə yaradılacaq konsorsiumda operator qismində iştirak etməyə və layihəni maliyyələşdirməyə hazır oluduğunu bildirib. Onu da bildirək ki, ötən ilin sonunda əldə edilən razılığa əsasən TASİM-in həyata keçirilməsi üçün konsorsium yaradılması barədə Memorandum imzalanmalı və layihənin kommersiya tərəfinə keçilməlidir. Hazırda Azərbaycan tərəfi bu istiaqəmdə fəal iş aparır.

TASİM-lə yanaşı, 2011-2012-ci illər ərzində Azərbaycan Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək iki telekommunikasiya peyki buraxmağa hazırlaşır. Beləliklə də ölkəmiz beynəlxalq peyk bazarına daxil olmaqla Azərbaycan televiziya və radio yayımı, internet, məlumat ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi və bir çox qabaqcıl xidmətlərin reallaşmasını təmin edəcək.

Bütün bunlar Azərbaycanın daha sürətlə inkişafını təmin etmək üçün müasir dünya tələblərinə müvafiq olaraq informasiya-kommunikasiya texnologiyalarından ölkəmizdə geniş istifadə olunduğunu təsdiq edir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 8 avqust.- S. 1, 2.