Yeni Azərbaycan Partiyası ümumrespublika müşavirəsi keçirmişdir

 

Avqustun 7-də Yeni Azərbaycan Partiyası (YAP) rayon-şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanda növbəti parlament seçkilərinin yaxınlaşması ilə əlaqədar YAP tərəfindən seçkiyə hazırlıq proqramı çərçivəsində mütəmadi şəkildə rayon-şəhər təşkilatları sədrlərinin müşavirələri keçirilir.

Müşavirəni açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd partiyanın seçkilərə hazırlığını bir daha nəzərdən keçirməkdir.

Əvvəlki müşavirələrdə də seçkilərə hazırlıqla bağlı partiyanın rayon-şəhər təşkilatlarının rəhbərləri ilə söhbətlərin aparıldığını qeyd edən YAP sədrinin müavini onlara görüləcək işlərlə bağlı tapşırıqların veriləcəyini demişdir. YAP-ın parlament seçkilərində uğur qazanması üçün kifayət qədər əsasların olduğunu söyləyən icra katibi ümid etdiyini bildirmişdir ki, həyata keçirilən tədbirlər parlamentdə partiyanın daha çox deputat ilə təmsil olunmasına imkan verəcəkdir: Ə.Əhmədov demişdir: "Rayon-şəhər partiya təşkilatlarına seçki hazırlığı ilə bağlı proqram verilmişdir. Bugünkü müşavirədə də proqram çərçivəsində həyata keçirilməsi tapşırılan tədbirlərin yerinə yetirilmə səviyyəsi, həmçinin bundan sonra görüləcək işlər haqqında müzakirələr aparılacaqdır. Proqram bir daha dəyərləndiriləcək və rayon-şəhər partiya təşkilatlarının rəhbərlərinə növbəti tapşırıqlar veriləcəkdir. Malik olduğumuz resursların bir daha dəyərləndirilməsi də bugünkü müşavirənin əsas məqsədlərindən biridir. Güman edirəm ki, parlament seçkilərində də partiyanın quracağı təbliğat-təşviqat kampaniyası uğurlu olacaqdır".

YAP-ın topladığı seçki təcrübəsi, Prezidentin rəhbərliyi ilə Azərbaycanda son 5 ildə həyata keçirilən siyasət, dövlətimizin başçısının təşəbbüsü ilə bütün ölkədə həyata keçirilən abadlıq-quruculuq işləri, partiyanın nüfuzununictimai dəstəyin YAP üçün parlament seçkilərində mühüm resurslar olduğunu bildirən Ə.Əhmədov bu resursların dəyərləndirilməsi istiqamətində ciddi işlərin aparıldığını bildirmişdir. YAP tərəfindən Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərin qəbul olunmasından sonra seçki müddətinin 2 ay təşkil etdiyini bildirən icra katibi sentyabrın 8-də seçkilərə start veriləcəyini diqqətə çatdırmışdır.

Müşavirədə çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hazırkı mərhələdə YAP-ın rayon-şəhər təşkilatlarının qarşısında duran vəzifələrdən danışmışdır.

 

 

Azərbaycan.- 2010.- 8 avqust.- S. 1.