Hər şey
bəşəriyyətin xeyrinə olacaqdır
Moskvada çıxan "Vestnik aktualnıx proqnozov" jurnalının 23-cü nömrəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevlə geniş müsahibə dərc edilmişdir. Müsahibədə mədəniyyət və incəsənətlə bağlı məsələlərə geniş yer ayrılmışdır.
"Demokratik dövlətdə mədəniyyət siyasəti lazımdırmı" sualını verən jurnalın əməkdaşı, Azərbaycanda milli mədəniyyətə yüksək dövlət qayğısını, yazıçıların, ümumiyyətlə incəsənət xadimlərinin böyük ictimai nüfuza sahib olmasını qeyd etmişdir.
Müxbirin fikrini davam etdirən Elçin Əfəndiyev vurğulamışdır ki, bu məsələdə Heydər Əliyev siyasətinin böyük əhəmiyyəti vardır. Ümummilli liderimizin fəaliyyətində yaradıcılıq istedadı olan şəxslərin dəstəklənməsi prioritet məsələ idi. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin imzaladığı fərmana əsasən Azərbaycanın bütün teatrlarının binaları əsaslı təmir olunur, ən müasir avadanlıqla təchiz edilir.
E.Əfəndiyev mədəniyyətin dövlət quruculuğunda, Azərbaycan cəmiyyətinin inkişafında rolu məsələsinə də toxunmuşdur. Müxbirin bu barədə sualını cavablandıran E.Əfəndiyev qeyd etmişdir ki, yeni Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasında mədəniyyət böyük rol oynamışdır və oynamaqda davam edir. Bu gün hətta xarici siyasətdə prioritet istiqamətimiz beynəlxalq mədəni və humanitar təsisatlara inteqrasiya etməkdir. Azərbaycan YUNESKO ilə olduqca sıx əlaqələr qurmuşdur. Bu işdə YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Son illər, bu təşkilatın xətti ilə "Dədə Qorqud" dastanının 1300 illiyi ilə bağlı Parisdə elmi konfrans, həmçinin Füzulinin həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirdik. Bu tədbirlərdə Avropanın ən tanınmış şərqşünas alimləri iştirak etmişdir. Avropanın mədəniyyət mərkəzində Azərbaycanın bədii abidələri, onun dahi sənətkarları haqqında danışılması faktının özü gənc respublikamız, onun dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi töhfələr barədə biliklərin genişlənməsinə xidmət edir. Ölkəmizin maddi və mənəvi irsinin dünyada daha geniş coğrafiyada təbliği sahəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə vüsət almış fəaliyyət xüsusi diqqətə layiqdir.
Müsahibədə digər məsələlərlə yanaşı Rusiya-Azərbaycan əlaqələrinin perspektivlərinə də toxunulmuşdur. Elçin Əfəndiyev qeyd etmişdir ki, bu əlaqələr bundan sonra da uğurla inkişaf edəcəkdir. Azərbaycanda rus məktəbləri demək olar ki, əvvəlki səviyyədə qalmışdır. Bir çox ali məktəblərdə tədris rus dilində olan fakültələr fəaliyyət göstərir. Bundan əlavə, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə bütün postsovet məkanında bənzəri olmayan Bakı Slavyan Universiteti açılmışdır. Bütün bunlar digər xalq, mədəniyyət və dillərə münasibətdə tolerantlıq nümunəsi olan Azərbaycan üçün olduqca səciyyəvidir.
Sonda dünyanın getdikcə mürəkkəbləşdiyini, təkcə siyasi, iqtisadi, elmi-texniki vəziyyətin deyil, mənəvi durumun da sürətlə dəyişməsini qeyd edən E.Əfəndiyev ümidvar olduğunu bildirmişdir ki, bütün bunlar bəşəriyyətin xeyrinə olacaqdır.
AzərTAc
Azərbaycan.- 2010.- 8 avqust.- S. 2.