Gəncə üsyanı
1918-ci ilin may ayında
Zaqafqaziya Seymi dağıldı. Ayın 26-da onun son iclası
oldu. Gürcü nümayəndələri
yığıncaqdan çıxan kimi Gürcüstanın
müstəqilliyini elan etdilər. Mayın
27-də Seymin müsəlman fraksiyası Azərbaycanın
idarə olunması vəzifəsini öz üzərinə
götürərək müvəqqəti Milli Şura
yaratdı. Mayın 28-də
axşamüstü Tiflis şəhərində canişin
sarayının göy salonunda Həsən bəy Ağayevin sədrliyi
ilə Milli Şuranın ilk yığıncağı
keçirildi. İyirmi dörd səslə
Azərbaycanın Dövlət müstəqilliyi haqqında məşhur
"İstiqlal bəyannaməsi" qəbul olundu.
Nazirlər Şurasının sədri Fətəlixan Xoyski
dünyanın siyasi mərkəzlərinə radioqramla xəbər
verdi: May ayının 28-də Azərbaycanın
müstəqilliyi elan edildi, Şərqi və Cənubi
Zaqafqaziyadan ibarət Azərbaycan Respublikası
yaradıldı.
İyun
ayının 17-də Cümhuriyyətin hökuməti Gəncəyə
köçdü və səhəri gün Milli
Şuranın iclası açıldı. Yaranmış vəziyyətə
görə ali qanunvericilik orqanı olan
şura istefa verməli oldu və təsis
yığıncağı çağırılana kimi
müvəqqəti kabinet yaradıldı.
İlk müstəqil
dövlət üç ay Gəncədə fəaliyyət
göstərdi və burada xalqın taleyi ilə bağlı
yüzə yaxın qərar və qanun qəbul edildi. Azərbaycan
dili dövlət dili elan olundu, üçrəngli, ay-ulduzlu
bayrağımız ucaldıldı, Üzeyir Hacıbəyovun
redaktorluğu ilə "Azərbaycan" qəzeti nəşrə
başladı, Gəncənin öz ulu adı özünə
qaytarıldı.
Ən əsası
isə, Milli Ordunun təşkili sahəsində ilk addımlar
atıldı.
Gəncədəki müsəlman korpusu Əlahiddə
Azərbaycan korpusu adlandırıldı. Hərbi
Nazirlik təsis edildi. Məcburi mükəlləfiyyət
elan olundu. Əvvəlcə zabit
kadrlarının hazırlanması üçün
qısamüddətli kurslar yaradıldı, sonra isə hərbi
məktəb açıldı. Hərbi
zavod fəaliyyətə başladı. Nəhayət,
milli Azərbaycan alayı formalaşdı.
Gəncə torpağında
dirçəlib güc-qüvvə toplayan Xalq Cümhuriyyəti
1918-ci il sentyabr ayının 15-də real
bir qüvvə kimi Bakıya köçdü. Bakıda
isə vəziyyət son dərəcə ağır idi.
Buna baxmayaraq, cümhuriyyət inamla, qətiyyətlə,
ardıcıl surətdə fəaliyyət göstərirdi.
1918-ci il dekabrın 7-də Bakıda ilk Azərbaycan
parlamenti açıldı. 1920-ci il
yanvarın 11-də Xalq Cümhuriyyəti Paris sülh
konfransının qərarına əsasən müstəqil
dövlət kimi tanındı. Qısa bir
müddətdə dünyanın bir çox ölkəsi ilə
səfirlik və nümayəndəliklər səviyyəsində
diplomatik münasibətlər yaradıldı, ikitərəfli
və çoxtərəfli müqavilələr, sazişlər
bağlandı. Xalq həyatının bir
sıra sahələrinin inkişafı və müstəqil məhkəmə
sisteminin yaradılması sahəsində müəyyən tədbirlər
həyata keçirildi.
Belə bir vaxtda - 1920-ci il aprelin 28-də ölkəmiz rus-bolşevik
qoşunları tərəfindən işğal edildi. İstiqlal fədailəri cümhuriyyətin ilk vətəni
olan Gəncəyə gəldilər.
Mübarizə
davam edir.
1920-ci ilin may ayının 24-dən 25-nə keçən gecə
hər yana səs salan məşhur Gəncə
üsyanı başlandı.
Axtarışlar, tapıntılar
Bir səhər
qələm dostum Xanlar Bayramov zəng çaldı.
- "Gəncə
üsyanı" kitabı çapdan çıxıb, Cavad
xan xatirə fondunda təqdimatı keçiriləcək. Çox istərdim,
sən də iştirak edəsən.
Şəhərdə
mühüm tədbir var idi. Gəncədən
çıxa bilmirdim. Ona görə
üzrxahlıq elədim.
- Eybi yox, Gəncədə də
təqdimatı olacaq. Onda görüşərik - dedi.
Aradan bir
neçə gün keçdi. Biz onun yolunu gözləyirdik,
acı bir xəbər gəldi. Qocaman
jurnalist Xanlar Bayramov dünyasını dəyişib.
Peşəsinin
əsl vurğunu idi. Xalq Cümhuriyyətinin, Gəncə
üsyanının tarixi, istiqlal mübarizlərinin taleyi barədə
müntəzəm araşdırmalar aparırdı. 1992-ci ildə mühacir liderlərin sorağı ilə
Türkiyəyə getmişdi. Nəsib bəy Yusifbəylinin
qızı Zöhrə xanımla, Cahangir bəy Kazımbəyovun
oğlu Əli bəylə, Adilxan Ziyadxanovun qızı Mahrux
xanımla görüşüb, çoxlu məlumat, material əldə
etmişdi. Adilxan Ziyadxanovun məşhur "Azərbaycan"
kitabını, Cahangir bəy Kazımbəylinin "Gəncə
üsyanı haqqında xatirələri"ni
gətirərək oxuculara təqdim etmişdi. "Hərb
tariximizdən", "Xan Xoyskilər", "Vətəndən
iraq düşənlərimiz", "Rəfibəylilər",
"İstiqlal qurbanları", "Xalq qəhrəmanları",
"İstiqlal yollarında" və başqa silsilə sənədli
filmlər yaratmışdı. Tarixin yeni-yeni səhifələrini
üzə çıxarmağa çalışırdı.
Hər dəfə Gəncəyə gələndə
görüşərdik.
Səfərlərdən
birində Gəncə üsyanının təşkilatçılarından
biri Sarı Ələkbərin Bala Bağmanda ata yurdunu müəyyən
etdi, xatirə lövhəsinin vurulmasına nail oldu.
Bakının
ucqar qəsəbəsindəki mənzilində ehtiyac
içində yaşasa da, ürəyi Vətən məhəbbəti,
sinəsi sözlə dolu idi. Yorulmadan yazır, yaradırdı.
"Gəncə
üsyanı" bu cəfakeş jurnalistin son əsəri
oldu.
Unudulmaz qələm
dostumuzun üzə çıxardığı sənədlər
əsasında söhbəti davam etdiririk.
Bəlli olanlar
1920-ci il
may ayının 27-də rus-sovet qoşunları Azərbaycanı
işğal etdi. Ağır zərbədən
sarsılan istiqlal mücahidləri cümhuriyyətin ilkin
paytaxtı Gəncəyə toplaşaraq üsyana
qalxdılar. Gəncə
üsyanının təşkilatçısı və
istiqamətverici qüvvəsi yenicə formalaşan milli
ordumuzun zabitləri idi. Mayın 23-də
üsyan başçılarının geniş müşavirəsi
keçirildi. Müşavirədə Azərbaycan
ordusunun təchizat rəisi, general Məhəmməd Mirzə
Qacar, birinci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy
Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy
Novruzov, üçüncü Şəki süvari
alayının komandiri, polkovnik Cahangir bəy Kazımbəyov
və başqaları var idi.
Üsyanın
təşkilində başlıca olaraq birinci piyada
diviziyası, üçüncü Gəncə
alayının bölmələri, üçüncü
Şəki süvari alayının təlim komandası, bir
topçu batareyası, diviziya qərargahına tabe olan
komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər,
Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq
Mikayıl və başqaları da öz silahlıları və
silahdaşları ilə birlikdə Gəncə
üsyanının təşkilində xüsusi fəallıq
göstərirdilər.
Üsyan ərəfəsində
qırmızı ordunun 20-ci atıcı diviziyasının bəzi
hissələri Gəncəyə gəlmişdi. Həmin
diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin
ermənilər yaşayan hissəsində,
üçüncü briqadanın rabitə taburu və
komendant bölməsi isə şəhərin azərbaycanlılar
yaşayan məhəlləsində yerləşirdi. 40-cı süvari briqadası Zurnabad kəndinin ətrafında
dayanmışdı. Həmin günlərdə
Taman süvari briqadasının üçüncü
alayı da Gəncəyə gətirildi.
Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə
başladı. Qısa müddətdə şəhərin
mühüm obyektləri, azərbaycanlılar yaşayan məhəllələrdəki
qırmızı qoşun hissələri nəzarət
altına götürüldü. Hərbi
anbar, mərkəzi həbsxana, dəmir yolu stansiyası,
fövqəladə komissarlığın binası ələ
keçirildi.
Xalq hərəkatının
getdikcə geniş miqyas aldığını görən XI
qırmızı ordunun komandanlığı üsyanın
yatırılması üçün təcili tədbirlər
görməyə başladı. 179-cu alay və
20-ci diviziyanın süvari briqadası dərhal Gəncəyə
gətirildi. İki gündən sonra Zaqatala
bölgəsindəki 18-ci süvari diviziyası da Gəncə
ətrafında yerləşdirildi. Ermənilər
elə ilk gündən rus-sovet işğalçılarına
yaxından kömək edirdilər. Mayın
29-da qırmızı qüvvələrin
üsyançılar üzərinə ilk mütəşəkkil
hücumu uğursuzluqla başa çatdı. Üsyançıların əks-hücumları
onları ağır vəziyyətə saldı. Belə olduqda XI qırmızı ordu
komandanlığı Gəncəyə yenə də əlavə
qüvvələr gətirdi.
Mayın 30-da Gəncədə
XI ordunun 5 piyada, 6 süvari alayı, 7 əlahiddə hissəsi,
57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu
qüvvələrin çoxu şəhərin
şimalında yerləşirdi. Mayın
31-də buradan əsas hücum başladı. Çoxlu sayda canlı qüvvənin, topların və
zirehli avtomobillərin işə salınması şəhərdə
son dərəcə böyük dağıntılara səbəb
oldu. Qüvvələr qeyri-bərabər
idi. Təpədən-dırnağa silahlanmış
nizami orduya tab gətirmək heç də asan deyildi. Şəhəri tərk etmək imkanı olmayan
üsyançıları, habelə dinc əhalini mühasirəyə
alaraq kütləvi şəkildə güllələyirdilər.
Bir neçə
gündən sonra top-tüfəng gücünə üsyan
yatırıldı. Çox da dəqiq olmayan məlumata görə, bu
savaşda düşmən tərəfdən 8,5
min nəfər ölüb. Üsyançıların
itkisi isə 12 min nəfərə çatırdı. Gəncə
üsyanının mübarizlərindən Qaçaq Qəmbər,
general-mayor Mirzə Qacar, hüquqşünas İsmayılxan
Ziyadxanov, habelə ədəbiyyatımızın mahir tədqiqatçısı
Firudinbəy Köçərli, mühəndis Abuzər bəy
Rzayev, müəllim Mirzə Abbaszadə və başqaları
namərd güllələrinin qurbanı olub.
Azərbaycan ordusunun 12
generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı,
ştabskapitanı, poruçik və podporuçiki, 146
praporşik və podpraporşiki, 267 digər hərbi
qulluqçusu bolşeviklər tərəfindən güllələndi.
Təkcə Nargin adasında Gəncənin general
qubernatoru Xudadat bəy Rəfibəyovla birlikdə 79 nəfər
yüksək çinli zabit məhkəməsiz, sübutsuz qətlə
yetirildi.
Bütün
bunlar və buna bənzər digər faktlar ümumən bəlli
idi. Lakin tədqiqatçı-jurnalist Xanlar Bayramovun
axtarışları çox mətləblərə
aydınlıq gətirdi.
Açılmamış səhifələr
Gəncə
üsyanı yatırıldıqdan sonra bu üsyan barədə
dövri mətbuatda yalnız informasiya xarakterli qısa xəbərlər
dərc edilirdi. Bu hadisələrin ətraflı öyrənilməsinə,
şahidlərin ifadələrinin toplanmasına 1937-ci ilin
avqustunda, heç şübhəsiz ki, sovetlərin maraq dairəsində
başlanıb. Həmin sənədlər
hansı niyyətlə, hansı nöqteyi-nəzərdən
yazılsa da, hər halda onlarda dövrün mənzərəsini
görmək çətin deyil.
1937-ci ildə
Petrov soyadlı bolşevikin sədrliyi ilə yaradılan
xüsusi komissiya Gəncəyə ezam olundu. Həmin heyət
"1917-1920-ci illərdə Kirovabadda vətəndaş
müharibəsindəki hadisələrin şərhi"
adı ilə üsyanın yatırılmasında iştirak
etmiş bolşeviklərin xatirələrini topladı. Belə bir komissiyanın məhz 1937-ci ildə Gəncəyə
gəlməsi heç də təsadüfi deyildi. O zaman
Gəncə üsyanının yatırılmasındakı
"qəhrəmanlığı"na görə
bolşeviklərin ilk "Qırmızı bayraq" ordeninə
layiq gördüyü Həmid Sultanov həbs olunmuş,
Şamaxı hadisələri ilə əlaqədar zindana
salınıb güllələnmişdi.
Mərkəzi Dövlət
Arxivindəki sənədlərin bolşeviklər tərəfindən
hazırlanmasına, şahidlərin əsasən kommunist
partiyasının üzvləri olmasına, elə buna görə
də müəyyən təhriflərə yol vermələrinə
baxmayaraq, həmin materialların içində maraqlı
faktlar heç də az deyildir.
Budur onlardan biri, Gəncə
şəhəri, dəmir yol vağzalı,
dördüncü binanın ikinci mənzilində yaşayan
Linçevski öz əli ilə yazdığı ifadəsində
çox mətləbə aydınlıq gətirir:
"1920-ci il
mayın 1-də səhər tezdən Tereşşenkonun
komandanlığı altında "Timofey Ulyantsev" zirehli
qatarı Gəncə dəmiryol stansiyasına daxil oldu. Doğrusu, o
zaman onun gəlişi bizi heç sevindirmədi.
Qatarın komandiri dedi ki, Müsavat hakimiyyəti devrilib və
hökumət bolşeviklərin əlinə keçib. Onlar hər işdə sizə kömək edəcəklər.
Komandir bizi qatarla və şəxsi
heyətlə
Mayın 25-də səhər
saat 5-də qardaşım Feliks məni yuxudan oyatdı və
xəbər verdi ki, dəmir yolunda atəş
səsləri eşidilir. Tez paltarımı
geyinib stansiyaya tərəf qaçdım. Hər yan bomboş idi. Növbətçi
rəislər, dispetçerlər də yox idilər. Telefonların heç biri işləmirdi. Hər tərəflə əlaqə kəsilmişdi.
Nəhayət, bir nəfər qarovulçunu
tapa bildim. Onun da heç nədən xəbəri
yox idi. Əlindəki berdankanı almaq istədikdə
bildirdi ki, patronu yoxdu.
Bir az
keçdikdən sonra pulemyot səsləri də eşidilməyə
başladı. Bu zaman iki təyyarəçi özünü
bizə yetirib soruşdu:
- Görəsən, bu xəbəri
Bakıya çatdırmaq lazımdırmı? Mən:
- Əlbəttə,
çox vacibdir, - deyə cavab verdim. Təyyarəçilər
stansiyanın yaxınlığında dayanmış
aeroplanları işə salıb havaya qalxdılar. Heç iki dəqiqə keçməmiş
aeroplanın biri vurulduğundan yana-yana yerə
düşüb parçalandı. Digər
təyyarə isə Bakı istiqamətində gözdən
itdi. İnqilab komitəsinin yerləşdiyi
binaya tərəf qaçdıq. Şöbə
rəisi Rəhimov yerində yox idi, qapıdan iri qıfıl
asılmışdı. Beləliklə,
yük vaqonlarından köhnə silahlar tapıb müdafiəmizi
təşkil etməyə başladıq.
Axşamüstü
eşitdik ki, qırmızı ordunun 1200 nəfər əsgər
və zabiti "Dikaya diviziya"nın
döyüşçüləri tərəfindən tərk-silah
olunaraq şəhərdəki həbsxanaya doldurulub. Bizim müqavimətimizə baxmayaraq, həmin gün
dəmiryol stansiyası əksinqilabçıların əlinə
keçdi.
"Timofey Ulyantsev"
zirehli qatarı vağzala gələrək
bizə pulemyot və digər silahlar verib Yevlax tərəfə
üz tutdu. Yevlaxda yerləşən alay
komandiri Tereşşenkoya xəbər
çatdırılmışdı ki, onun bölükləri
Gəncəyə girə bilmir. Hər dəfə
üsyançılar tərəfindən yaylım artilleriya
atəşinə tutulurlar.
Şəhər
əhli çox möhkəm vuruşurdu. Yeni zirehli
qatarlar gələnədək biz Gəncənin mərkəzinə
doğru hücumu təşkil edə bilmədik".
İkinci
şahid - Somaşik Anatoli İosifoviç. Dəmir yol vağzalı,
beşinci bina, mənzil 9:
"Mən, Gəncədə
doğulmuşam. 1917-1920-ci illərdə baş verən
hadisələrin iştirakçısıyam. 1918-ci ilin yanvarında Şamxor stansiyasındakı
qırğını gözümlə görmüşəm.
O zaman türk cəbhəsindəki eşalonlarla vətənə
qayıdan rus əsgərlərinin silahını
alırdılar. "Dikaya diviziya"nın
əsgərlərini, Tatoğlu Həsəni, Sarı Ələkbəri,
Qaçaq Qəmbəri gözümlə görmüşəm.
Hadisələrə Rəfibəyov, Səfikürdski,
Ziyadxanov və Şamxorski rəhbərlik edirdi".
1918-ci ilin iyun
ayında "Dikaya diviziya" bütövlükdə ləğv
olunaraq Azərbaycan Milli Ordusunun tabeliyinə verildi. Buradakı
görkəmli hərbçilər milli ordunun
yaradılmasında, Bakının erməni-rus bolşeviklərindən
azad olunmasında əsl qəhrəmanlıq göstərdilər.
Gəncə üsyanı zamanı eyni qüvvələr
Azərbaycanın istiqlalı uğrunda ölüm-dirim
mübarizəsinə girişdilər".
Somaşkin sonra yazır:
"Üsyan başlayanda Tereşşenkonun zirehli qatarı
Poylu stansiyasındaydı. Mən də
müdafiə bölüyündəydim, silahlarımız
çatışmırdı. Qiyamçıların
dəstələri anbaan çoxalırdı. Biz öz gücümüzlə stansiyanı qoruya
bilmədik. Üsyançılar
vağzalı tutaraq yük vaqonlarını
dağıdır, silah-sursat axtarırdılar.
Tereşşenkonun zirehli qatarı Poylu
istiqamətindən qayıdıb vağzala daxil olanda
üsyançılar şəhərə doğru geri çəkildilər.
Yalnız üsyanın üçüncü
günü Yevlax istiqamətindən qırmızı ordu hissələri
vağzala girə bildi. 4-5 artilleriya
briqadası stansiya ətrafında yerləşdirildi. Üsyanın 5-ci günü raket işarəsi
verildikdən sonra şəhərə doğru hücum
başlandı. Bizim dəstə Gəncə
mahud fabrikinin yanınadək irəliləmişdi. Patronlarımız çatışmırdı.
Həmin döyüşdə sol cinahla əlaqəni
itirdik. Xeyli ölənimiz, yaralananımız
oldu".
Digər şahid ifadəsində
maraqlı bir fakt: erməni mənşəli bu adam
deyir ki, üsyan başlamazdan üç gün əvvəl mən
şəhərdə məşhur bandit Kasum Kaçaqlarski ilə
rastlaşdım (söhbət samuxlu Qaçaq Məmmədqasımdan
gedir). O, üç-dörd nəfərlə stansiyada
dayanmışdı. Məni saxlayıb:
- Bir neçə gündən
sonra sizə Şamxordakından da pis divan tutacağıq.
Şəhərdə bir nəfər də olsun bolşevik
sağ qalmayacaq - dedi.
Onun bu hikkəli
danışığı barədə 20-ci diviziyanın
komandiri Velikanova xəbər verdim. O, mənə acıqlanıb
qışqırdı:
- Sən təxribatçısan.
On gün vaxt verirəm, əgər üsyan
başlamasa, səni həbs etdirəcəyəm.
Çıx get və bu şayiəni heç yerdə
danışma".
Hadisələr
samuxlu Qaçaq Məmmədqasımın dediyi kimi cərəyan
etdi. O illərin
fəal mübarizlərindən biri - adı dillərdə gəzən
Qaçaq Məmmədqasımı dinləyək. O qanlı
illərin canlı şahidi görün nə yazır:
"Gəncə
üsyanı mayın 24-də alovlandı. Şəhərdə
yerləşən bolşevik qərargahı ələ
keçirildi. Ermənilərin bələdçiliyi ilə
şəhəri top atəşinə tutmağa
başladılar. Mənə Samuxdan yeni qüvvələr
gətirmək tapşırığı verildi. Ona görə də Samuxa yollandım və yolda 500-ə
yaxın bolşevik əsgərinin bizə tərəf
getdiyini müşahidə edib, onlardan tez özümü kəndə
çatdırdım. Qısa vaxtda 250 nəfər
könüllü toplaya bildim. Geri dönərkən
bolşevik qoşunları ilə Qarasaqqal ətrafında
üzləşdik. Həmin yerləri
yaxşı tanıdığımızdan onları
darmadağın etdik və üsyanın ikinci günü Gəncəyə
daxil olduq.
Mənə
"Dördyol" deyilən ərazini qorumaq
tapşırıldı. Burada at cəmdəklərindən və
insan meyitlərindən tərpənmək mümkün deyildi.
Top mərmiləri, pulemyot güllələri
dolu kimi yağırdı. Bolşeviklərin
tərəfinə keçən ermənilərin sayı
anbaan artırdı. Bizə isə
yardım gəlmirdi. Lakin möhkəm
dayanmışdıq. Nəhayət, bolşeviklər
şəhərin Üçtəpə istiqamətindən Gəncəyə
daxil ola bildilər. Onlar
üç gün, üç gecə heç kimə fərq
qoymadan, uşaqları, qadınları, qocaları da vəhşicəsinə
məhv etdilər. Küçələrdə
o qədər meyit vardı ki, hərəkət etmək
mümkün deyildi. Leysan
yağışlar da bir tərəfdən vəziyyəti
ağırlaşdırırdı. Gəncə
çayı daşdığından şəhərə daxil
olmağa maneçilik törədirdi. Sel-su
al qana boyanmışdı. Evlər,
bağ-bağçalar, parklar dağıldığından
çaşbaş qalmış adamların hərəsi bir tərəfə
qaçırdı. Şərqdən gələn
və şəhəri güclü atəşə tutan
bolşeviklərdən canını qurtarmaq istəyən
zavallı xalq əsasən qərbə tərəf gedirdi.
Fəqət, qarşılarında
aşıb-daşan Quşqara çayı vardı. Daş, qaya nə varsa, sürükləyib gətirən
çayın belə gur axmasını mən birinci dəfəydi
ki, görürdüm. Aləm cəhənnəmə
dönmüşdü. Qaniçən
bolşeviklərdən canını qurtarmaq istəyən
uşaqlar, qızlar, gəlinlər, qocalar, qarılar özlərini
çaya atır, sellərdə qərq olurdular. İçi insanlarla dolu arabalar da çayda beşik
kimi atılıb-tutulur, məhv olurdular.
Şəhərin
quzey tərəfindən ikinci hissəylə düşmənlərin
irəliləməsi bu fəlakəti daha da artırdı. Namus və ismətlərini
qoruyan Gəncə qadınları əvvəlcə körpələrini,
sonra özlərini suya atıb məhv olurdular. Biz
atlarımızla bu zavallı qadınların bir qismini tərkimizdə
çayı keçirməyə nail olduq. Lakin
başımıza yağan atəşin altında onları
tamam qurtarmaq mümkün deyildi. Kükrəyən
dalğalarda məhv olan qadınlarımızın məsum
çöhrələrini və çoxlarının -
"Qasım lələ, bizi qurtar!" - deyə
nalə çəkdiklərini hələ də
unutmamışam. Bu, faciə idi, dözülməz
bir faciə".
Şahidlər
öz ifadələrində qeyd edirlər ki, Gəncə
üsyançılarına uzaq kəndlərdən də
qoşulanlar çox idi. Onların arasında Şəmkir bölgəsinin
Morul kəndindən gəlmiş Sarı bəyin dəstəsi
özü ilə iri atıcı döyüş
maşını, sursat-silah da gətirmişdi.
Şahid ifadələrində
indiyədək heç yerdə açıqlanmayan
mühüm bir fakt da var. Qeyd olunur ki, üsyan başlamazdan əvvəl
200 nəfərlik silahlı dəstə qırmızı
bayraqla XI ordunun qərargahına gəlib bolşeviklərə
canla-başla xidmət edəcəklərini bildirir və
razılıq əldə olunduqdan sonra Velikanovun tabeliyinə
keçərək kazarmada yerləşdirilirlər. Üsyan başlayanda isə onlar bolşevik qüvvələrinin
tərk-silah olunmasında mübarizəyə qoşulurlar.
Çox əfsuslar
olsun ki, bu barədə əldə olan xatirələrin, arxiv
materiallarının heç birində ətraflı məlumat
verilməyib.
Bu 200 nəfər fanatikin kimliyi barədə dəqiq
soraq yoxdur. Bu haqda nədənsə,
Cahangir bəy Kazımbəyli də öz xatirələrində
məlumat vermir.
Ermənilər
isə həmişə öz satqın simalarını
göstərirdilər. Mərkəzi Dövlət Arxivinin 267-ci
fondunda saxlanılan materiallardan bəlli olur ki, ermənilər
bolşeviklərin yolunu həsrətlə gözləyirdilər.
Gəncə ətrafındakı Zəylik kəndindən
140, Çardaqlıdan 150, Badakənddən 40 erməni
daşnakı bolşevik qüvvələrinə qoşulub.
Onların qəddarlığı üsyan
yatırıldıqdan sonra daha da güclənib. Bu nankorlar saysız-hesabsız günahsız insanın
sorğu-sualsız Quru Qobuda, Üçtəpə ətrafında
qətlə yetirilməsində fəal iştirak ediblər.
Şahidlərin dediyinə
görə, həmin günlərdə "Qırmızı
Dağıstanlı", "Qırmızı Həştərxan",
"III internasional", "Qrom", "Karl Marks",
"Şaumyan-Çaparidze" zirehli qatarları da Gəncə
stansiyasına gəldi. Bu zirehli qatarlardan və
toplardan şəhər müntəzəm olaraq atəşə
tutulurdu.
Üsyan nə üçün məhz Gəncədə
olub
Xanlar Bayramov
yazır ki, buna səbəb çox idi.
Birinci - Gəncədə
milli azadlıq hisslərinin dərin kök salması, Bəndər
üsyanının, Cavad xan hərəkatının təsiri,
qan yaddaşı;
İkinci - Xalq Cümhuriyyətinin
süqutu ilə may ayının 10-dan Gəncədə həbslərin
başlaması, ən görkəmli şəxsiyyətlər
Xudadat bəy Rəfibəylinin, İsmayılxan
Ziyadxanlının, Məmmədbağır
Şeyxzamanlının həbs olunması, Nəsib bəy
Yusifbəylinin müəmmalı şəkildə yoxa
çıxması, digər əslən Gəncədən
olan ictimai-siyasi xadimlərin - Həsən bəy Ağayevin, Xəlil
Xasməmmədovun, Fətəli xan Xoyskinin, Nağı
Şeyxzamanlının və başqalarının vətəndən
iraq düşməsi;
Üçüncü
- Bakıda və digər ərazilərdə bolşeviklər
tərəfindən bəy, xan, mülkədar, musavat adı
ilə imkanlı ailələrin var-yoxunun, mülklərinin
talan edilməsi və kütləvi həbslər idi.
Çox
qısa bir zamanda məlum oldu ki, hakimiyyətin bolşeviklərə
təhvil verilməsi haqqında imzalanan akt və oradakı
gurultulu vədlər, sadəcə, kağız üzərində
qalmışdı.
Xalq arasında "Xudu bəy"
adlanan Xudadat bəyin 1920-ci il mayın 10-da
tutulub vağzala gətirilməsi və ordan da Bakıya yola
salınması xalqın səbr kasasını tamam doldurub. Millət onu vağzaldan yola salınanadək
müşayiət edib, silaha sarılaraq onu azad etmək, son
damla qanlarınadək döyüşmək istəsələr
də, buna Xudadat bəy razılıq verməyib. Xalqa
müraciətində qürurla bildirib: "Mən
bütün həyatımı vicdanla yaşamışam. Məni heç vaxt həbs edə bilməzlər.
Hərəkətlərimdə cinayət tərkibi
yoxdur. Xahiş edirəm ki, artıq hərəkətlərə
yol verməyin, evinizə gedin".
Bunu eşidən
Gəncə camaatı könülsüz halda geri
qayıdır.
Onun müraciəti çoxlarının əl-qolunu
bağlayır. Xüsusilə də Sarı Ələkbərin,
Tatoğlu Həsənin, Qaçaq Qəmbərin silahlı
süvari dəstələrinin... Xudadat bəy Rəfibəyli
isə erməni müstəntiq Səfikyanın və bir
neçə erməni şahidinin danoslarına əsasən
mayın 12-də Nargin adasında güllələndi.
Gəncə
üsyanı yatırıldıqdan dərhal sonra bolşevik
mühakimələri gündən-günə güclənir. Gəncədə
yalnız üsyançılar, onların ailələri,
yaxın qohumları deyil, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə dövlət strukturlarında işləyənlər
də təqiblərə məruz qalırdılar.
Şəhərdəki
həbsxanada və ikinci hissədəki erməni evlərinin
zirzəmilərində saxlanılan minlərlə
günahsız soydaşımıza amansız divan tutulub. Qətlə
yetirilənlərin bir çoxunun adlarını və soy
adlarını dəqiqləşdirmək belə
mümkün olmayıb. Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət strukturlarında
çalışan əksər azərbaycanlı cəzaya məhkum
olunub. Hər şey dəqiq, hər şey aydın idi:
ya ölüm, ya da ki, 20 illik sürgün. Gəncə
qubernatorluğunun, polis idarəsinin bütün əməkdaşları,
Xanxoyskilərin, Ziyadxanovların, Kazımbəyovların
hamısı Tatoğullarının, Həsənin və Məmməd
Söyünün dəstələrindən ələ
keçənləri, Sarı Ələkbərin, Qaçaq Qəmbərin
silahdaşları yerindəcə güllələnib. Tatoğlu Həsən Batumi şəhərinin
yaxınlığında öldürülüb. Üsyanın əsas təşkilatçılarından
biri - Qaçaq Qəmbər ağır döyüşlərdə
yaralandığı vaxt silahdaşları tərəfindən
aradan çıxarılsa da, sonrakı taleyindən xəbər
yoxdur.
Tatoğlu Həsənin
qardaşı Məmməd Söyün və oğlu Aslan
üsyan yatırıldıqdan sonra Ceyrançöldə həbs
edilərək, şəhər həbsxanasına
salınıb.
Məmməd Söyünün həyat
yoldaşı Böyük Xanım hər gün oğlu Aslana
yemək gətirərək həbsxananın qarşısında
şəhərdən axşamacan gözləyirmiş.
Həbsxanadakı məmurlar isə ananın oğlu ilə
görüşünə icazə vermir, bu nakam taleli
qadını qapıda saatlarla gözləməyə məcbur
edirdilər... Nəhayət, beşinci gün
oğlunun və ərinin qanlı paltarlarını onun
üstünə ataraq - "Məmməd Söyün və
Aslan güllələnib", - dedilər. Qəfil xəbərdən
ananın elə o dəqiqə ürəyi partlayır...
Mübarizə davam edir
Gəncə
üsyanının amansızcasına yatırılmasına
baxmayaraq, üsyanların əks-sədaları gah
Qarabağdan, gah Tərtərin müxtəlif ərazilərindən,
gah Zaqataladan gəlməyə başladı. Hər yerdə
Azərbaycan xalqı son nəfəsədək öz
istiqlalı və azadlığı uğrunda mübarizə
aparırdı.
Gəncə
üsyanı yeni məcraya yönəldi. Şərəfsizliyi
qəbul etməyən qeyrətli el oğulları dağlara
çəkilərək qaçaq dəstələri düzəldir,
mübarizəni davam etdirirdilər. Çanaqçı
kəndindən Sarı Qafar, Sarov kəndindən Məhəmmədəli,
Gədəbəydən Mustafa ağa, Şınıxın
Yaqublu dərəsindən Məcid ağa, Tovuzun Xınna dərəsindən
Həmzə, Aşağı Ayıblıdan Abdulla, Qaracəmirlidən
Ramazan oğlu Rüstəm, Dağbasandan Molla Zeynalın
oğlu Abuzər, Zaqataladan Şüayib, Qarabağın Qərvənd
kəndindən Qədir, habelə on minlərlə
könüllü ölüm-dirim mübarizəsinə
girişdi.
Təkcə
Nadir və qardaşları iki yüzədək rus bolşevik
əsgərini pusquya salıb öldürdülər. Balçılı kəndindən
Yunis, Eldardan Məhəmməd Əli, Şəkinin
Köynük kəndindən Abdulla, habelə Temurxan-Şuradan
Uzun Hacı üç min atlısı ilə birlikdə
bolşeviklərlə döyüşürdü. Bütün Qafqaz qaynayırdı. Hər yan qan və atəş içindəydi.
Samuxlu Qaçaq Məmmədqasım yazırdı ki, bu
mübarizə 1920-ci ilin mayından - Gəncə
üsyanından başlayıb 12 il davam
etdi.
Xalqın mənəvi qələbəsi
Zaman
keçdikcə o coşqun illərin yeni-yeni səhifələri
açılır. Təzə-təzə faktlar, sənədlər
üzə çıxır. Bu, xalqın
hünər və rəşadət yolunun
araşdırılması üçün çox vacibdir.
Belə mühüm iş gərək tək-tək həvəskarların,
ayrı-ayrı yazarların ümidinə qalmasın.
Müvafiq institutlar, elm mərkəzləri ardıcıl
şəkildə sistemli iş aparsınlar. Adlar,
ünvanlar, döyüş yerləri dəqiqləşdirilsin.
Bu misli görünməmiş hadisənin dəqiq
mənzərəsi yaradılsın. Gənc
nəsil ataların milli istiqlal yolundakı şanlı ənənələrinə
nə qədər dərindən bələd olarsa, onun Vətən
məhəbbəti, milli mənliyi, mübarizlik ruhu bir o qədər
yüksək olar.
...Bəli, cümhuriyyət
süqut etdi. Üsyan yatırıldı. Fəqət bu qanlı döyüş səhnələri
Gəncənin azadlıq ruhunun nə dərəcədə
yüksək olduğunu bir daha göstərdi. Təqribən,
bir həftə ərzində hər iki tərəfdən
üst-üstə təxminən iyirmi min adam
öldü. Minlərlə gəncəli
doğma yurdunu tərk eləməyə məcbur oldu. Şəhər, demək olar,
boşalmışdı. Əgər 1916-1917-ci
illərdə Gəncədə 60.291 nəfər əhali var
idisə, 1923-cü ildə bu rəqəm 38.880-ə
enmişdi. Şəhər həyatının
digər sahələrində də bu cür kəskin tənəzzül
duyulurdu. Hərdən
düşünürsən, lazım idimi bu qırğın,
bu qan-qada? Çoxunun ürəyindən
keçən bu suala Ceyhun bəy Hacıbəyli 1952-ci ildə
Parisdə çıxan "Azərbaycan" dərgisinin
ikinci sayında çox gözəl cavab verir: "Gəncə
üsyanı millətimizin şərəf və namusunun yenidən
kəsbietibar qazandığı bir dastandır. Gəncədə
may ayında tökülən türk qanı 27 aprel hadisəsi
hərəkatında millətimizə atılan ləkəni
silib götürdü".
Bu, xalqın mənəvi
qələbəsi idi.
Əhməd İSAYEV
Azərbaycan.- 2010.- 8 avqust.- S. 4.