Stress - emosional gərginlikdir
Narahat dünyamız o qədər gərginləşmişdir ki, insanın daşıdığı psixi yük gündən-günə, saatdan-saata artır. Qəzetdən, radiodan, televiziyadan, eləcə də ayrı-ayrı adamlardan alınan informasiyalar insana güclü təsir göstərir. Gözünün qabağında baş verən hadisələr isə onu hövsələdən çıxarır, güclü həyəcan keçirməyə, çıxış yolu axtarmağa, kimdənsə mənəvi yardım ummağa məcbur edir. Bu gün prokurorluğun, polis və təhlükəsizlik orqanlarının aşkarlıq naminə verilən məlumatları da ön cəbhədən gələn qara xəbərlər kimi əsəbləri gərginləşdirir.
Əlbəttə, burada stresdən, onun yaranmasından danışanda, özgə bostanına atılan daşla öz bostanına atılan daşın təsirini eyniləşdirmək ciddi səhv olar. Çünki, necə deyərlər, öz başın ağrımasa, özgənin başağrısını duya bilməzsən. Özgə kədərinə heyifsilənməklə kifayətlənmək mümkündürsə, öz başına gələn fəlakətdən "ah-uf"la yaxa qurtarmaq olmur. Ona görə də hər bir insan emosiyalarını idarə etmək məharətinə də yiyələnməlidir.
Fransız sözü olub həyəcan mənasını verən "emosiya" öz subyektiv çaları ilə aydın ifadə olunmuş bütün hissiyyat və həyəcan növlərini əhatə edən daxili və xarici qıcıqlandırıcıların təsirinə insanların reaksiyasıdır. Emosiyalar orqanizmin ayrı-ayrı tələbatı ilə əlaqədardır. Tez sönən, habelə uzun müddət davam edən emosiyalar adamların ali sosial tələbatı ilə yaranır və biz onları sadəcə olaraq "hisslər" adlandırırıq: intellektual hisslər, estetik hisslər, əxlaqi hisslər.
Öz mənşəyinə görə iki cür olan emosiyalar mənfi və müsbət səciyyə daşıyır. Müsbət emosiyalar insan tələbatının ödənilməsi - qələbə, sevinc, şad xəbər, müəyyən bir uğur nəticəsində yaranır. Mənfi emosiyalar isə bəd xəbər, uğursuzluq, qorxu, sabaha ümidsizlik, bir sözlə, insan tələbatının ödənilməməsi sayəsində əmələ gəlir. Adamların həyat fəaliyyətini bunlarsız düşünmək olmaz.
Çox mürəkkəb olan emosional proses effekt, emosiya, hiss, ehtiras və stress kimi vəziyyətləri əhatə edir. Bunlar bir-birindən şiddət, güc, davamiyyət baxımından fərqlənirlər. Elm sübut edir ki, adamda xarici aləm hadisələrinin təsirinə qarşı affekt, emosiya, stress, hiss, ehtiraslar bir növ mühafizə siqnalı rolunu oynayır. Belə siqnallarsız yaşamaq - ölmək deməkdir.
Şəxsin sosial həyatı prosesində instinktiv emosiyalar getdikcə zəifləyir, bunların əvəzinə ictimai, etik, estetik hisslər inkişaf edir. Bilavasitə psixi hadisələr olan affektlər, stresslər, hisslər, emosiyalar və ehtiraslar insanın ali əsəb sistemi ilə əlaqədardır. Həmin proseslərin təsir mexanizmini psixologiya elmi öyrənir. Lakin problemin etik tərəfi də olduqca böyük maraq doğurur.
Stress həmişə, əvvəllər deyildiyi kimi, orqanizmin yox, şəxsiyyətin psixofizioloji reaksiyasıdır. Onun yaranmasında təkcə soyuq və isti, aclıq və xəstəlik, həyat təhlükəsi və sağlamlığı itirmək qorxusu deyil, həm də inciklik, təqsir, qısqanclıq, abır-həya mühüm rol oynayır. Bu məsələyə ayrıca əsər həsr edən alimin (Emma Maksimovna Rutman. "Nado li ubeqat ot stressa?" Moskva, 1990) fikrincə, ilkin stresdən qaçmağa çalışmamalı, əksinə, onu müəyyən istiqamətə yönəltməyi, emosiyaları cilovlamağı bacarmaq, adamın fəallığını artıran ehtiras kimi başa düşmək lazımdır. Deməli, şəxsiyyətin stresi qiymətləndirməyi bacarmasından, ona öz fəal münasibətini bildirməsindən çox şey asılıdr. Belə ki, stresə qarşı nikbin mövqe tutmaq, özünü ələ almaq özünütərbiyədə böyük əhəmiyyət kəsb edir.
Emosional stresin qarşılıqlı əlaqədə olan üç sistemi - üç mərhələsi müəyyən edilmişdir:
stress doğuran hadisənin qiymətləndirilməsi;
həmin hadisəyə, yaxud onun qiymətləndirilməsinə insanın fizioloji və biokimyəvi reaksiyası;
stresin səbəb və nəticəsini aradan qaldırmaq və gələcək mərhələdə ondan qaçmaq məqsədilə görülən tədbirlər.
Alimlər bu nəticəyə gəlmişlər ki, stresin əsasını çox vaxt onu doğuran hadisəyə münasibət təşkil edir. Təhlükənin obyektivliyinin necəliyi o qədər vacib deyil, başlıcası, onun necə qiymətləndirilməsidir. Qəfil və əsassız qorxu, yaxın adamın hərəkətlərinin düzgün şərh edilməsi, həqiqi ziyan və təhlükə baş vermədiyi halda bu barədə yalan məlumat da real təhlükə kimi stress üçün səciyyəvi olan fiziki və biokimyəvi təsir oyadır.
"Ah, mən bu dərdə dözə bilmərəm!" - deyə ölgünləşən, mənəvi dayaq tapmayan adamlar həmişə səksəkəli yaşayıb özlərini Demoklun at tükündən asılı olan iti qılıncı altında hiss edirlər. Belələri haqqında el arasında deyirlər: "Ölümə yaxın o adamdır ki, fikri ölümün yanındadır"; "Dəmiri nəm çürüdür, insanı qəm"; "Qorxan gözə çöp düşər" və s. Lakin həyatda bunun əksi daha qüvvətlidir: nikbin ruhlu adamlar hər cür çətinliyə sinə gərir, ən ağır kədər üz verdikdə belə özünü itirmir, şərə qarşı mərdliklə mübarizə aparır, qələbəyə inanır və nail olurlar. Vyetnamlılar "Bəlalar olmasaydı, qəhrəmanlar da olmazdı", başqırdlar "Cəsarət səadətin yarısıdır", türklər qaranquşa: "Nə üçün gah aşağıdan, gah yuxarıdan uçursan?" - deyiblər, o da: "Bəlanın bəzən altından, bəzən üstündən keçmək üçün", - sözlərini heç də təsadüfi söyləməyiblər.
Nikbinliyə
çağırış fikrini xalq bayatısı da
yaxşı ifadə edir:
Əziziyəm qəmdə gül,
Qəmdə danış, qəmdə gül.
Ağ gündə gülən könlüm,
Mərd igidsən,
qəmdə gül...
Stresə birinci mərhələdə
verilən reaksiya - qiymətləndirmə həmişə
şəxsiyyətin reaksiyasıdır. Ona
şüurlu münasibət bəsləyən
hər kəs bütün imkanları səfərbərliyə
almağı, dözməyi, emosiyaları ağla
tabe etməyi öyrənməlidir. Emosional gərginliyin ikinci
mərhələsində də, yəni fizioloji
və biokimyəvi dəyişiklik zamanı, stress
təkcə özü yox,
həm də onun insan
tərəfindən dərk olunması və qiymətləndirilməsi
vasitəsilə təsir göstərir. Ruh
ilə bədənin vəhdəti də məhz bu mərhələdə yaranır.
Ağılla qəlbin, ruh ilə bədənin
ayrılığını görkəmli şəxsiyyətlər
haqlı olaraq bədbəxtliyin mənbəyi
kimi qiymətləndirmişlər. Mirzə
Şəfi Vazeh yazmışdır:
Ağlımla qəlbimin
özgə yolu var,
Hər biri bir yolda puç edər məni.
Birisi sevdadan uzaqlaşdırar,
O biri sevdaya tuş
edər məni.
Göründüyü kimi, yol ayrıcında qalmaq ağır dərddir. Bu yollardan hansını seçmək, hansı ilə getmək həm də yolçunun öz işidir. Əgər stresi də düşmən hesab etsək, ona qarşı mübarizənin alternativi ilə hesablaşmalıyıq. Başqa sözlə desək, düşməndən xilas olmağın iki yolu var: ya onu məhv etmək, ya da qaçıb canını qurtarmaq! Bu mənada, stresdən qaçmaq yox, onun inkişaf yolunu kəsmək, üçüncü mərhələyə çatmağa qoymamaq zəruridir. Stresin təkamülü gedişində "müdafiə reaksiyası, yaxud mübarizə və qaçış reaksiyası" terminlərinin formalaşması da bununla əlaqədardır.
Müxtəlif xasiyyətli adamlarla ünsiyyət zamanı informasiyanın çatdırılması qüvvətli emosiya oyada, eləcə də emosiyaların gərginliyini artıra bilər. Məsələn, tutaq ki, yaxın adamının toy məclisinə gedə bilməyən şəxs öz qonşusundan soruşur:
- Toy necə
keçdi?
- Heç,
bir balaca bədbəxtlik oldu...
- Necə?!
- Bəyi
vurub öldürdülər.
Yaxın adamının fəlakətinin
öz qohumuna bu cür laqeydliklə,
soyuqqanlılıqla çatdırılmasının
nə ilə nəticələnəciyini söyləməyə
ehtiyac yoxdur. Ona görə
də hər kəs verəcəyi xəbərin mahiyyəti ilə bağlı bunun xəbər veriləcək şəxsdə
necə reaksiya doğuracağını da
əvvəlcədən ölçüb-biçməlidir.
Burada bəziləri etiraz edib deyə
bilərlər: "Daha
bəsdir nəsihət!
Mən gönüqalın deyiləm
ki, acı xəbərləri eşidəndə
biganə qalım, heç tüküm də ürpəşməsin.
Bu yolla qorunan
sağlamlıqdan ölüm
yaxşıdır!"
Elə bu cür münasibətin
özü də informasiyaya, məsləhətə,
özünütərbiyə metodları əleyhinə
çıxmaq, ağla
qarşı üsyan etməkdir. Belə düşünən varsa, unudur ki,
özünün sağlamlığı
qayğısına qalmamaqla
o, yaxın adamlarının
da emosiyalarının
gərginləşməsinə, sağlamlıqdan stress, oradan
da distresə şərait yaratmış
olur.
Stresə qarşı
ən yaxşı mübarizəni fiziki hərəkətdə görənlərlə
razılaşmamaq olmaz:
hərəkət - həyatdır.
Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına görə,
xəstəliklərin 45 faizi
streslə əlaqədardır. Mütəxəssislərin
bəziləri isə
həmin rəqəmin
ikiqat böyük olduğunu söyləyirlər.
Poliklinikaya gələnlərin əksəriyyəti də
sağlam olduqları halda emosional vəziyyətlərindən şikayətlənənlərdir.
Bəs nə etməli? Yaşayış yerini dəyişməli?
Özünü informasiyadan məhrum
etməli? Yoxsa axtarışdan,
riskdən, ən yaxşı həyat uğrunda mübarizədən,
gənc nəslin tərbiyəçisi olmaq
ənənəsindən əl
çəkməli? Bunların
heç biri çıxış yolu ola bilməz.
Etiraf edirik ki, kiçik
bir məqalədə
konkret çıxış
yolu göstərmək,
hazır resept vermək mümkün deyildir. Yalnız bunu deyə
bilərik ki, "vuran əl sığallaya
da bilər" sözləri indi, bu gün də
aktual səslənir.
Çünki emosional gərginliyin
- stresin törəməsinə
səbəb olan insanlar ona qarşı
mübarizə aparmağa
da qadirdirlər.
Davud DƏMİRLİ,
filologiya elmləri üzrə
fəlsəfə doktoru
Aərbaycan.- 2010.- 8 avqust.- S. 5.