Bu yerlərdə yüz yaşlılar yüzə çatır...

 

Deyirlər ki, Daşkəsəndə yüz yaşlıların sayı az qala yüzə çatır. Heç bir statistikaya, hesablamaya istinad etmədən buna zərrə qədər də təəccüblənmədik. Ona görə ki, bu yerlərin təbiəti insana güc və taqət verir, uzun ömür yaşamağa təpərini artırır...

 

Dədə Hüseynin yurdu

 

Dağların ətəyinə səpələnən kənd evləri bir-birinə oxşayır. Və bu balaca kəndlərin birinə çatanda dedilər ki, Astafdı - Dədə Hüseynin yurdudur. Nə yaxşı ki, hələ də yeri-yurdu köhnə kişilərin adı ilə tanıyırlar. Onların nüfuzuna, sözünün kəsərinə güvənirlər. Bu qədim tərəkəmə elində uşaqlı-böyüklü hər kəsin Dədə Hüseyn kimi tanıdığı nurani kişini o qədər də sorğu-suala tutmaq istəmədik. Ona görə ki, böyür-başında yüzlərlə nəvə-nəticəsi vardı. Elə onların hərəsi Dədə Hüseynin adı ilə bağlı olub-keçənlərdən maraqlı bir fraqment söyləyəndə çox şeylər çözələnirdi. Amma nədənsə Dədə Hüseyn ata-anasını xatırlayanda uşaqlara macal vermədi. Dedi ki, hər dəfə biçilmiş zəmi yeri görəndə məni böyüdən, ərsəyə gətirən adamlar yadıma düşür. O adamlar ki, halallıqla qazandıqları bir tikə çörəyin qədir-qiymətini bilirdilər. Mənə də, elə böyütdüyüm övladlarıma da minnətsiz yaşamaq vərdişləri öyrətdilər. Bəlkə də bu dünyada ən böyük sərvətim, ömrümə ömür calayan qazancım təmənnasız yaşamağımdır. Elə bilirəm ki, gümrahlığın, urvatlı yaşamağın nüvəsində halallıqdan yoğrulmuş ədəb-ərkan dayanır...

Dədə Hüseyn ucqar dağ kəndində mükəmməl təhsil görməsə də, sərtliyə, çətinliyə dözməyi öyrənib. Özü demişkən, at belində böyüyüb. Böyük Vətən müharibəsi başlayanda onu Ukrayna cəbhəsinə yollayıblar. Dağlar oğlu ən çətin döyüşlərin birində ağır yaralanıb, arxa cəbhəyə dönüb. Geri qayıdanda gücü çatan işin qulpundan yapışıb. Elə bizimlə söhbətində də əlinin işarəsi ilə qarşı tərəfdəki dağları göstərdi:

- Bax, günümüz-güzəranımız o Yeddi Qardaş dağının ətəyində keçib - yayda yaylağa, qışda qışlağa yollanmışıq. Bu dağ cığırları mənə o qədər doğmadır ki... O vaxtlar mindiyimiz şahbaz atlar da yorulmaq bilməzdi. Dağların ətəyində əkin-biçin yerimiz də vardı. Astafın balı adla deyilərdi. Bizim beçə balını dərman kimi soraqlayardılar...

 

Ən zəhərli arılar

 

Söhbətimizin bu yerində Dədə Hüseyn dərin fikrə getdi, qəlyanını tüstülədə-tüstülədə:

- O illərdə bizim dörd tərəfimiz ermənilər idi. Yaxşı yadımdadır, Armen adlı bir erməni ilə bal arısı saxlayırdıq. Əslində o, arıçılığın sirlərini məndən öyrənirdi. Sən demə, elə onların özləri arılar kimi uzun illər həndəvərimizdə dolaşıblar. Bizi sancmağa macal, girəvə axtarıblar...

Dədə Hüseyn deyir ki, Böyük Vətən müharibəsinə bu balaca kənddən cəmi beş-on nəfər getmişdi. Amma Qarabağ savaşı başlayanda elə təkcə mənim 65 nəvəmin çoxu müharibədə idi. Əli silah tutan hər kəs dağların o tərəfindəki düşmənlə döyüşə hazır idi. Beş oğlumdan birini itirsəm də, ümidim, təsəllim budur ki, qisas qiyamətə qalmayacaq. 102 yaşımda hələ də o günü gözləyirəm. İnanıram ki, bizə xəyanət edənlər kəsərli cavablarını alacaqlar...

Dədə Hüseyn ömrünün ahıl çağında dolanışıqdan giley-güzar etməyi özünə sığışdırmadı. Təqaüd hesabına dolansa da, təsərrüfat işlərindən də ayrılmır. Hələ də qıvraqlığını, diribaşlığını itirməyib. Deyir ki, ömrüm boyu heç kəsdən pay, sədəqə ummamışam, halal qazancıma göz dikmişəm. Elə bunu da ən böyük sərvətim saymışam. Mənə görə o adamlar xoşbəxtdirlər ki, heç kəsə ehtiyacları olmur, ən məzlum, yazıq adam odur ki, ömrü boyu gözü əllərdə qalır... Həyata, yaşanan ömürə belə güzəştsiz dəyər verir, Dədə Hüseyn.

 

Məni bu dağlardan ayırmayın...

 

Daşkəsənin Qabaqtəpə kəndində uzunömürlülərin sayı daha çoxdur. Elə ev, ailə tapılmaz ki, ağsaqqalının, ağbirçəyinin yaşı səksəni ötməsin. Bəsti Əliqızı da 104 yaşını adlayıb. Amma qocalığa asanlıqla təslim olmaq istəmir. Elə bizi qarşılayanda da qıvraq hərəkətləri diqqətimizdən yayınmadı. Əlini günlük edib gözünün üstünə qoydu, ərki çatan nəvəsini səslədi:

- A bala, qonaqdı, yoldan gəlib. Bulaq suyundan bir çay dəmlə...

Bəsti nənənin səmimiyyəti söhbətimizin axarını dəyişdi. Ömür-gün yoldaşı Abbasəli kişidən danışdı. Dedi ki, Böyük Vətən müharibəsi başlayanda könüllü cəbhəyə getdi. Düz beş il yolunu gözlədim. Allah macal verdi, səkkiz uşaq böyütdük - beş oğul, üç qız. Amma bu gün mənim ərklə döyəcəyim qapı çoxdur - nəvələrim, nəticələrim, kötükcələrim... Allah cansağlığı versin, təki xoş soraqlarını eşidim...

Bəsti Əliqızı övladlarından dınışdıqca daxili təlaşını, bir öyünməyini gizlədə bilmədi. Açıq-aydın hiss olunurdu ki, ağbirçək ana ötən illərin, çəkilən əziyyətin bəhrəsindən yetərincə dadıb. Ona görə qürurla, fəxrlə övladlarından soraq verir:

- Beş oğlumdan üçü Bakıda yaşayır. Dolanışıqları da babatdı. Hər dəfə mənə baş çəkməyə gələndə cidd-cəhdlə təklif edirlər ki, daha qocalmısan, gedək bir az da şəhərdə yaşa. Amma hər dəfə eyni cavabı verirəm:

- Məni bu dağlardan ayırmayın. Bəlkə yüz ildən çox yaşamağımın sirri bu yerlə-yurdla bağlıdı. Pirsultan dağından, Narzan bulağından ayrılsam, yaşaya bilmərəm. Məni bu yerlərin saflığı qoruyur...

Bəsti nənə öz yurdundan-yuvasından doyumsuz məhəbbətlə, təəssübkeşliklə danışırdı. Onun hər kəlməsində bir el-oba ağbirçəyinin xeyir-duası, sözünün urvatı, niyyətinin aydınlığı vardı...

 

Bəsti nənənin saxlancı

 

Bəsti nənə deyir ki, ömrümün ən çətin illəri xeyli geridə qalıb. Dönüb o illərə boylananda çox şeyləri xatırlayıram. Amma heç nəyi unuda bilmirəm. Uşaqların atası müharibədən qayıdanda qolunda güllə zədəsi olan bir əsgər şineli gətirmişdi, bir düzüm orden-medal. Mənə göndərdiyi üçkünc məktubları da üst-üstə yığıb bu günə qədər saxlayıram. Bir o illərin yadigarı olan şəkilləri qoruyuram. Macal tapanda nəvə-nəticələrimlə söhbətləşirəm, müharibənin dəhşətlərindən danışıram. Bu da mənə bir arxayınlıq gətirir. Bəsti nənənin öyüd-nəsihəti ilə böyüyən övladları bir ona görə xoşbəxtdirlər ki, həmsöhbət qıtlığı çəkmirlər. El ağbirçəyinin hikmət dolu deyimlərindən bəhrələnirlər, onun əlinin sığalı ilə böyüyürlər. Bəsti nənədən soruşanda ki, bəs övladların üçün əmanət qoyduğun ən böyük sərvət nədir? Heç tərəddüd etmədən dedi ki, dünya malında gözüm yoxdur. Övlad üçün ən yaxşı miras onun tərbiyəsidir. Allaha şükür, onu da qədərincə vermişəm. Təki mənim arzularımı istəyimcə göyərdə bilsinlər!

Daşkəsəndə Dədə Hüseynin, Bəsti nənənin söz-söhbətlərindən doya bilməsək , yenə gözümüz yolda qaldı. Hələ 107 yaşlı Dursun nənə ilə, el ağsaqqalı Həmzə kişi ilə, Məhəmməd baba ilə görüşə bilmədik. Sağlıq olsun, yüz yaşlılara bir baş çəkərik...

 

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2010.-  8 avqust.- S. 5.