Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əməkdaşlıq dinamik inkişafdadır

 

Azərbaycanın baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə baş prokuror ölkəmizin Avropa məkanına inteqrasiya proseslərinə fəal qoşulduğunu, Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini, ölkələrimizin ədliyyə nazirlikləri arasında 2002-ci ildə imzalanmış Memorandumun qarşılıqlı münasibətlərin yeni müstəviyə qalxmasına xidmət göstərdiyini qeyd etmişdir. Zakir Qaralov son illər respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında əsaslı islahatların aparılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, eyni zamanda, Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin fəaliyyəti və prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.

Respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu bildirən Ernst Xirş Ballin bu sahədə görülən işləri maraqla izlədiyini xüsusi vurğulamış, eyni zamanda, prokurorluq və ədliyyə sistemində aparılan islahatları insan hüquqlarının etibarlı təmin olunması baxımından təqdir etmişdir.

Görüşdə, həmçinin insan haqlarının qorunması, qanunvericiliyin təkmilləşdirilməsi və digər maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 10 avqust.- S. 2.