Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən edilsin.

2. Cəlilabad şəhərində Cəlilabad Hərbi Məhkəməsi təşkil edilsin.

3. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağdam Hərbi Məhkəməsi, Qazax Hərbi Məhkəməsi, Lənkəran Hərbi Məhkəməsi və Sumqayıt Hərbi Məhkəməsi ləğv edilsinlər.

4. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsi, Dəvəçi Rayon Məhkəməsi və Füzuli-Qubadlı Hərbi Məhkəməsi müvafiq olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, Şabran Rayon Məhkəməsi və Füzuli Hərbi Məhkəməsi adlandırılsınlar.

5. Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası müəyyən edilsin (əlavə olunur).

6. "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 447 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 672) qüvvədən düşmüş hesab edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

7.1. Cəlilabad Hərbi Məhkəməsinin təşkil edilməsi, habelə hərbi məhkəmələrin ərazi yurisdiksiyasının və səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar fəaliyyətlərinə zəruri şəraitin yaradılması üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələr ilə təmin edilməsi məqsədilə tədbirlər görsün;

7.2. hakimlərin və müvafiq olaraq məhkəmə aparatları işçilərinin sayının artırılması ilə bağlı xərclərin 2011-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etsin;

7.3. bir ay müddətində:

7.3.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetininmüvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3.3. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Bu fərmanın 2-ci, 3-cü, 5-ci və 6-cı bəndləri 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 avqust 2010-cu il

 

Azərbaycan.- 2010.-10 avqust.- S. 1.