Prezident İlham Əliyev
Bakının Xətai rayonunda əsaslı
surətdə yenidən qurulan parkda yaradılmış şəraitlə
tanış olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Bakının Xətai rayonu ərazisində Zığ yolunun kənarındakı 38, 40 və 42 nömrəli binaların yaxınlığında yerləşən, əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən parkın açılışında iştirak etmişdir.
Parka gələn dövlət başçısına məlumat verildi ki, uzun müddət baxımsız və yararsız vəziyyətdə olan bu istirahət guşəsində əsaslı təmir işlərinə cari ilin yanvarında başlanılmışdır. Ərazisi 2,3 hektara yaxın olan parkda qısa müddətdə görülən işlər buranın görkəmini tamamilə dəyişmişdir. Ərazinin 1,5 hektarı yaşıllaşdırılmış, 5 mindən çox müxtəlif dekorativ ağac və gül kolları əkilmiş, çəmənliklər salınmışdır.
Parkda hər cür hava şəraitinə davamlı materialdan hazırlanan oturacaqlar quraşdırılmışdır. İstirahət məkanında ən müasir işıqlandırma sistemi yaradılmış, 90-a yaxın yüksək keyfiyyətli müasir işıq dirəklərindən istifadə edilmişdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, parkda 2 yeni fəvvarədən ibarət kompleks yaradılmışdır. Parkın avtomobil yoluna yaxın hissəsində yerləşən fəvvarə kompleksinin uzunluğu 280 metrdir. Parkın ərazisinə 4 min kvadratmetrə yaxın tamet daşlarla yanaşı, Avropadan gətirilmiş qranit-mərmər döşənmişdir.
Parkda balaca sakinlərin istirahəti üçün də hər cür şərait yaradılmışdır. Bu məqsədlə xüsusi attraksionlar quraşdırılmış, idman və əyləncə meydançaları salınmışdır.
Sakinlərin asudə vaxtının səmərəli təşkili və mənalı istirahətinə xidmət edəcək parkda görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 11 avqust.- S. 1.