Yetirmələri ilə öyünən məktəb

 

Ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycanın incisi" adlandırılan Ordubad torpağı tarixən öz ziyalıları ilə tanınıb. Hatəmbəy Ordubadi Səfəvilər dövlətinin ictimai-iqtisadi həyatında mühüm rol oynayıb, nüfuzlu dövlət xadimi kimi tanınıb. Görkəmli yazıçı, dramaturq, publisist, ictimai xadim Məmməd Səid Ordubadi isə öz əsərləri və fəaliyyəti ilə bu torpağa böyük şöhrət gətirib.

O, həm də I-III çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, geniş dairədə ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Görkəmli maarifçi, pedaqoq, şair-publisist Məhəmməd Tağı Sidqibu torpağın yetirməsi olub. O, XIX əsrin axırlarında Ordubadda "Əxtər", Naxçıvan şəhərində isə "Məktəbi-tərbiyə" məktəbləri təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından biri kimi tanınmışdır.

Bu torpaq həm də elm xadimləri ilə qürur duyub. Təkcə rayon mərkəzindəki 1 nömrəli orta məktəbin məzunları arasından 30 nəfər elmlər doktoru, 120 nəfər elmlər namizədi yetişib. Azərbaycan elminin görkəmli simalarındam sayılan Yusif Məmmədəliyev, İsmayıl İbrahimov, Musa Rüstəmov kimi akademiklər də bir vaxtlar bu məktəbin yetirmələri olublar.

M.T.Sidqinin adını daşıyan bu məktəb muxtar respublikada həm də ən yaşlı təhsil ocaqlarından sayılır. 1854-cü ildə təməli qoyulan təhsil ocağı 1897-ci ildə ikisinifli şəhər məktəbinə çevrilmiş, 1927-ci ildə natamam məktəb kimi fəaliyyət göstərmişdir. 1939-cu ildən isə orta məktəb kimi fəaliyyətini davam etdirmişdir. 1977-ci ildə təhsil ocağı üçün ücmərtəbəli bina inşa olunub. Burada müəllim və şagirdlərin ixtiyarına geniş və işıqlı sinif otaqları, fənn kabineti və laborotoriyaları, zəngin kitabxana, geniş idman zalı, kompüter-informatika mərkəzi verilib. Bütün fənlər ixtisaslı müəllimlər tərəfindən tədris olunur. Yeni təlim metodlarının tətbiqi və müasir texnologiyalardan istifadə də öz səmərəsini verir. Kompüter-informatika mərkəzində 16 dəst müasir avadanlıq quraşdırılıb. İnformatika müəllimi Natiq Fərzəliyev kompüterlərin sirlərini şagirdlərə həvəslə öyrədir. Ötən tədris ilindən burada bir elektron lövhəli sinif də fəaliyyətə başlayıb.

Bu məktəb həmişə özünün müsbət ənənələri ilə öyünüb. Təbii ki, bu ənənələrin əsası bir vaxtlar burada şagirdlərə dərs deyən, onlara elmlərin sirlərini həvəslə öyrədən maarifpərvər ziyalılar, pedaqoqlar tərəfindən qoyulub. İllər ötdükcə ənənələr yaşadılıb, daha da möhkəmlənib.

Ötən tədris ilində burada 420 şagirdin təlim-tərbiyəsi ilə 70 müəllim məşğul olub. Onların arasında təcrübəli pedaqoqlar çoxdur. Belələrindən söhbət düşəndə ilk növbədə məktəbin kimya-biologiya müəllimləri Səadət Əliyeva, Zöhrab Cabbarov və Elnurə Qənbərlinin adları çəkilir. Onlar haqqında deyirlər ki, bu müəllimlər öz ixtisaslarını sevdikləri kimi onu şagirdlərə sevdirməyi də bacarırlar. Bu səbəbdəndir ki, hər il həmin insanların çoxlu ardıcılları yetişir. Builki məzunlardan Abdulla TuqayMahir Fəttahov da sevimli müəllimlərinin etimadlarını layiqincə doğruldublar. Gənclər yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul olunublar.

Ümümiyyətlə, bu il məktəbi bitirən 26 məzundan 15-i ali məktəb tələbəsi olub. Abituriyentlər arasında ən yüksək nəticəni isə İlyas Quliyev əldə edib. O, 600 balla Azəbaycan İqtisad Universitetinə daxil olub. Leyla Əlizadə, Gülər İbrahimova da yaxşı nəticələr əldə ediblər.

Tarix müəllimi Qəmər Sadıqzadə, coğrafiya müəllimi Valeh Mirzəyev, fizika müəllimi Billurə Sadıqova da təcrübəli pedaqoq, öz peşələrinin ustası kimi tanınıblar. Bu təhsil ocağı əvvəlki illərdə də böyük uğurlar qazanıb. 2008-2009-cu tədris ilində məktəbi bitirən 27 məzundan 14-ü ali məktəblərə daxil olub. Son illər məktəbin şagirdləri fənn olimpiadalarında, idman yarışlarında və digər tədbirlərdə də yüksək nəticələr əldə ediblər. Səma Qulusoy, Əli Fəttahov, Leyla Əlizadə respublika olimpiada turunda biliklərini sınayıb, mükafata layiq yerlər tutublar. Məktəbin basketbol komandası muxtar respublika çempionu adını qazanıb. Ümümmilli liderin anadan olmasının 85-ci ildönümü münasibəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin kuboku uğrunda keçirilən yarışın qalibibu komanda olub. Türkiyənin İqdır şəhərində keçirilən yarış da onlar üçün uğurla başa çatıb. Abdulla Tuqay İranın Urmiyyə şəhərində keçirilən beynəlxalq turnirdə gücünü sınayıb. Zülfüqar Həsənlinin rəsm sərgisi məktəbə uğur gətirib.

Təhsil ocağında şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinə də ciddi fikir verilir. "N"saylı hərbi hissədə qulluq edən əsgər və zabitlərlə görüşlər keçirilir, onlara bayram sovqatları aparırlar. Son beş ildə məktəbin şagirdlərindən 15 nəfərinin Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseydə təhsilini davam etdirməsi də bunun bariz nümunəsi olub.

Təbii ki, qazanılan uğurlarda məktəbin direktoru Könül İsmayılovanın böyük zəhməti var. İxtisasca xarici dil müəllimi olan Könül xanım həm də bacarıqlı təşkilatçıdır. Yaxşı işinə görə üç il bundan əvvəl ona Azərbaycanın əməkdar müəllimi fəxri adı verilib. Bu yüksək mükafat da onupedoqoji kollektivin hər bir üzvünü daha yaxşı işləməyə ruhlandırıb.

Cəkilən zəhmət hədər getməyib. Bu günlərdə daha bir şad xəbərin şahidi olduq. Ölkə Prezidenti cənab İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması barədə imzaladığı sərəncamda bu məktəbin də adı öz əksini tapıb. Təhsil ocağına on min manat məbləğində birdəfəlik pul mükafatı verilib. Yüksək mükafat pedaqoji kollektivin böyük sevincinə səbəb olub. Məktəbin direktoru Könül İsmayılova bunu ölkəmizdə təhsilə və onun inkişafına göstərilən yüksək qayğı kimi dəyərləndirir. Bildirir ki, həmin mükafatın müqabilində onlar daha yaxşı işləyəcək, üzərlərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirəcəklər. İndi başlıca diqqət yeni dərs ilinə hazırlığa yönəldilib.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2010.- 11 avqust.- S. 5.