Mətbuatın vətənpərvərliyi
və mətbuatda vətənpərvərlik
Vətəndaş həmrəyliyi
jurnalist həmrəyliyindən yüksəkdə
durmalıdır
"Bizim ümumi
məqsədimiz ondan ibarət
olmalıdır ki, Azərbaycanı hərtərəfli
şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi
təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin
edək, hüquqi dövlət quruculuğu işində daha
da böyük
addımlar ataq. Ancaq bu halda Azərbaycan
uzunmüddətli və dayanıqlı inkişaf
imkanlarını tam şəkildə ortaya qoya bilər".
İlham ƏLİYEV
Unudulmaz görüş
Azərbaycanda heç bir jurnalist Prezidentlə görüşün tamarzısı deyil. Çünki cənab İlham Əliyev jurnalistlər üçün daim açıq sayılan dövlət başçısıdır, fəaliyyəti görünən və şəffafdır. Bütün görüş, səfər və qəbulları, nitq və çıxışları çap və elektron KİV üçün daim əlçatandır. Amma bu görüşü xüsusi səbirsizliklə gözləyirdik. Əvvəla, mühüm bir hadisə ərəfəsində - Azərbaycan milli mətbuatının 135 illiyi günündə baş tutacaqdı, ikincisi, ürəyimiz sözlə, Prezidentimizə çatdırılası fikirlərlə dolu idi.
Bu gün artıq bizim üçün unudulmaz sayılan həmin görüş deyilən vaxtda və məkanda baş tutdu. Görüş öncəsi təəssüratımız qeyri-adi dərəcədə yüksək idi. Bu dəfə Mətbuat Şurasına gözəl görünüşü və arxitekturası olan ayrıca bina verilirdi. İnteryeri göz oxşayan binada buraya müraciət edənlər, daimi işləyənlər, habelə idarə heyəti üzvlərinin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Üstəlik, bütün otaqlar ən müasir və zövq oxşayan mebellər və zəruri avadanlıqlarla təchiz edilib, görüş və söhbətlərin normal keçirilməsi üçün lazımi tədbirlər görülüb. Qalırdı onun qırmızı lentini kəsərək istifadəyə vermək.
Görüş Mətbuat Şurasının sədri Əflatun Amaşovun çıxışı ilə başladı. Təbii ki, əvvəlcə ölkəmizdə müstəqillik dövründə mətbuat və söz azadlığı sahəsində qazanılan uğurlar, Mətbuat Şurasının gördüyü işlər, medianın statistikası ilə bağlı müəyyən rəqəmlər səsləndirildi. Sonra çap mediasının mövcud problemlərindən danışıldı. Bu məsələlər az qala, çıxışın yarısını təşkil edirdi. Bəlkə də yubiley günündə dövlət başçısı ilə keçirilən görüşdə bu qədər tənqidi məqamlara yer vermək prinsipcə düzgün sayılmazdı. Amma Mətbuat Şurasının sədri Əflatun Amaşov kifayət qədər yetərli olan iş təcrübəsinə güvənərək düşünülmüş addım atmışdı. Həm sədr, həm də Mətbuat Şurası İdarə Heyətinin üzvləri əmin idilər ki, Prezident İlham Əliyev mətbuat və söz azadlığına xüsusi diqqəti və qayğılı münasibətilə fərqləndiyindən bayram günündə də problemlərdən geniş danışmaq məqbul və faydalı sayıla bilər.
Heç kəs öz zənnində yanılmamışdı. Dövlət başçısı nəinki sadalanan problemlərlə əlaqədar öz fikir və mülahizələrini söylədi, üstəlik, mətbuatın inkişafı ilə bağlı digər məsələləri də xatırladaraq bütövlükdə onların müsbət həlli yönündə açıq və konkret mövqeyini ortaya qoydu.
Problemlər həllini tapır
Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli sərəncamı ilə mətbuata senzura nəzarətinə son qoyulmuş, daha sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edilərək KİV-nin hər hansı formada dövlətə tabeçiliyi aradan qaldırılmışdır. Lakin ölkədə söz və məlumat azadlığının inkişafı, bu sahədə qarşıya çıxan hər hansı məsələnin, problemin operativ qaydada həlli üçün müəyyən quruma da ehtiyac vardı. Bu zərurət nəzərə alınaraq dünya praktikasına uyğun şəkildə Mətbuat Şurası yaradıldı. 15 mart 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Mətbuat Şurası təsis edilərkən onun nizamnaməsi, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları təsdiq olundu, idarə heyəti formalaşdırıldı. Mətbuat Şurasının əsas missiyası mətbuatla ictimaiyyət, dövlət və məmurla KİV arasında münasibətləri tənzimləmək, hər hansı münaqişə və anlaşılmazlıq zamanı mübahisələri məhkəməyədək çözmək, yoluna qoymaqdır. Mətbuat Şurası da KİV-nin yaradıcılıq prosesinə müdaxilə etmir, redaksiyaların daxili işlərinə qarışmır. Tövsiyə xarakterli fikirlərini bildirir.
Fəaliyyətinin yeddi ili ərzində Mətbuat Şurası söz və məlumat azadlığının inkişafı, mətbuatın və jurnalistikanın bir sıra problemlərinin həlli, jurnalist hüquqlarının qorunması ilə bağlı xeyli iş görmüş, legitim və çevik bir qurum olmaqla jurnalistlərin və bütövlükdə ölkə ictimaiyyətinin hörmətini qazanmışdır. Onun qəbul etdiyi qərarlara daim hörmətlə yanaşılır, jurnalistlər, media mütəxəssisləri, ziyalılar və dövlət qurumları tərəfindən həmişə dəstək verilir. Mətbuat Şurası da KİV-lə, ictimaiyyətlə, ölkə ziyalıları ilə sıx əlaqə saxlayır, öz fəaliyyətində onlara güvənməklə yanaşı, arzu, istək və təkliflərini də nəzərə alır.
Mətbuat Şurası yaradılarkən və nizamnaməsi hazırlanarkən onun şərti olaraq "reket qəzet"lər adlandırılan çap mediası nümunələri ilə mübarizəsi nəzərdə tutulmamışdı. Korporativ maraqlarını təmin etmək, şəxsi istəklərini ödəmək niyyəti ilə jurnalistikaya gələn, heç bir qanuna və peşə etikasına əməl etmədən mətbuat səhifələrində, ictimai şəkildə insanların şərəf və ləyaqətini alçaldan, onlara şər və böhtan atan yazıların verilməsi insanları ciddi şəkildə narazı salır, mətbuatın nüfuzuna xələl gətirirdi. Ayrı-ayrı qəzetlərin bu tip müntəzəm hücumlarına məruz qalan insanların çoxsaylı müraciətindən sonra Mətbuat Şurası ictimai sifariş olaraq "reket jurnalistika"ya qarşı mübarizəyə başladı. Bunun üçün şuranın nizamnaməsində müvafiq dəyişikliklər aparılaraq jurnalistlərin qurultayında təsdiq edildi, xüsusi təlimat hazırlandı, MŞ-də "reket jurnalistika"sına qarşı mübarizə komissiyası yaradıldı, ictimai qınağın yeni forması olaraq "reket qəzet"lərin "qara siyahısı" tərtib edildi. Mətbuat Şurasının ötən illər ərzində bu sahədə apardığı ardıcıl və prinsipial mübarizə müəyyən effekt versə də, "reket jurnalistikası"nı tam sıradan çıxarmaq mümkün olmamışdır. Bunun əsas səbəblərindən biri isə bu tip qəzetlərin ayrı-ayrı insanlar, hətta bəzi dövlət məmurları tərəfindən müdafiə edilməsi, onlara gizli sifarişlər verilməsi və maliyyələşdirilməsidir. Odur ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov: "Sizdən xahiş edirəm ki, "reket nəşr"lərə qarşı mübarizəmizə dəstək verəsiniz. İnanın ki, bundan təkcə mətbuat və cəmiyyət deyil, eyni zamanda, təhdidlərə məruz qalan dövlət qurumlarının özləri də faydalanacaq" - sözləri ilə dövlət başçısına müraciət etdi.
Mətbuat Şurası İdarə Heyətinin üzvləri tərəfindən dəstəklənən bu xahişə möhtərəm Prezident İlham Əliyev müsbət reaksiya verdi: "Reket jurnalistika"sına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. Bu mübarizənin sivil qaydaları olmalıdır. Mən hesab edirəm ki, biz "reket jurnalistika"sına, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır".
Dövlət başçısının bir neçə cümləlik fikrində dərin mənalar duyulur. Əvvəla, cənab İlham Əliyev də "reket jurnalistika"sının mövcudluğundan narahatlığını gizlətmədi. Hətta "reket jurnalistika"sına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq" söyləməklə məsələni daha kəskin və prinsipial qoydu. Üstəlik, Mətbuat Şurasına bu mübarizədə dəstəyini ifadə etdi. İkincisi, "ictimai qınaq obyektinə çevrilməlidir", "bu mübarizənin sivil qaydaları olmalıdır" deyərkən, əslində, sivil mübarizə formasını və ictimai qınağı özündə birləşdirən "qara siyahı"ya da münasibətini açıqladı. Üçüncüsü, indiyədək "reket jurnalist" adına "layiq görülənlər" və onların bəzi "hüquqçu" müdafiəçiləri Mətbuat Şurası tərəfindən şərti formada və dırnaq içərisinə alınaraq işlədilən "reket qəzet" və "reket jurnalist" ifadəsinin qəbul edilməsini şübhə altına almağa çalışırdılar (əslində, qəzet şantajı və təzyiqi yolu ilə istədiklərini qoparmağa çalışanların əməllərində reketçilik əlamətlərinin olduğu heç bir şübhə doğurmur). Möhtərəm Prezidentimiz İlham Əliyev həmin ifadə-termini nitqində üç dəfə işlətməklə həm də ona "vətəndaşlıq statusu" verdi. Ən nəhayət, "Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır" sözləri mübarizənin sonrakı mərhələsində dövlətin dəstəyinin olacağına əminlik yaradan açıq bəyanatdır.
Yazılı media sahəsində mövcud durumun dərindən təhlili göstərir ki, "reket jurnalistika"sının ləğvi iki məqamdan xüsusilə zəruridir. Bunlardan birincisi, qəzetlərin nüfuzunun qorunması və jurnalistlərin itirilən hörmətinin qaytarılmasıdır. Çünki "reket qəzet"lər öz bəd əməlləri ilə təkcə jurnalistikanı və jurnalistləri urvatdan salmır, həm də oxucuların qəzetlərindən üz çevirmələrinə və beləliklə, tirajın aşağı düşməsinə də müəyyən təsir göstərirlər. Digər bir məqam isə Diffamasiya haqqında qanunla bağlıdır. Şüurlu və məqsədyönlü şəkildə insanların şərəf və ləyaqətlərinin hədəf seçilərək alçaldıldığı bir vaxtda Diffamasiya haqqında qanun qəbul etmək çox təhlükəlidir. Əslində, belə bir addımın atılması "reket jurnalist"lər üçün cəzasızlıq mühitinin yaradılması demək olardı. Cənab İlham Əliyev bu məsələdə də açıq mövqe bildirdi: "Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik. Nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə bir növ, qeyri-rəsmi moratorium qeyd olunubdur". Göründüyü kimi, zaman həm "reket jurnalistika"sı ilə mübarizənin uğurla başa çatmasını, həm də Avropanın bütün ölkələrində Diffamasiya ilə bağlı qanunun qəbulunda tərəddüdlərə son qoyulmasını tələb edir. Bizim borcumuz isə həmin zaman məsafəsində daha səmərəli çalışmaqdır.
Mətbuatın həllini gözləyən vacib problemlərindən biri reklam bazarı ilə bağlıdır. Müstəqil mətbuatın yaranması onun dövlət nəzarətindən azad edilməsi ilə şərtlənir. Dövlət nəzarətindən və "dövlət sifarişi"ndən uzaqlaşan mətbuat isə təbii ki, onun maliyyəsindən də məhrum olur. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində yeni meydana gələn müstəqil mətbuatın durumu nisbətən yaxşı idi. Əvvəla, qəzetlərin sayı az idi. Sonrası insanlar sovet dövründə qəzet oxumağa alışdıqlarından satış normal gedirdi. Üstəlik, "sovet qonaqpərvərliyi" qəzetlərin gizli maliyyəsinə də təsirsiz ötüşmürdü. Amma AXC-Müsavat cütlüyünün iqtidarı dövründə ölkəni bürüyən ümummilli böhran, inflyasiyanın baş alıb getməsi, xaos və anarxiyanın tüğyanı müstəqil mətbuata da güclü zərbə oldu. Siyasi partiyaların qoltuğuna qısılan qəzetlər yaşadı, bir qisim isə reketçilik yoluna düşdü. Hazırda normal qəzet buraxmaqla mətbuat bazarında duruş gətirmək çox çətindir, bəlkə heç mümkün də deyil! Məhsullarını satmaqdan ötrü bəzən qəzetlər süni sensasiyaya uyur, oxucunun diqqətini cəlb edəcək "faktlar" uydurur, olanı şişirtməyə çalışırlar. Bütün bu məqamlar isə yenə də tərsinə işləyir, oxucunun qəzetə inam və etibarı azalır. Üstəlik, yazıların keyfiyyəti də aşağı düşür, ucuz ifadə və jurnalist "fəndləri" qəzet səhifələrində artıb çoxalır. Dolayısı götürəndə reklam məsələsi təkcə qəzetlərin maliyyə problemi deyil, həm də sənətkarlıqla bağlı məqamdır. Mətbuat Şurasının sədri Əflatun Amaşov bu məsələdə dövlət başçısından birbaşa kömək istədi: "...Ölkə mediasının müstəqilliyinin əsas meyarı olan reklam bazarı hələ də yazılı mətbuatın üzünə qapalı kimi görünməkdədir. Bu gün illik reklam büdcəsi, təxminən 35-40 milyon manat olan Azərbaycanda yazılı medianın reklam gəlirləri 2 milyon manata çatmır. Əlbəttə, Siz Prezident olaraq reklamvericilərə birbaşa göstəriş verə bilməzsiniz. Amma dövlətimizin iqtisadi strukturları, nazirlikləri, komitələri, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları öz reklam və elanlarını müəyyən qədər mətbuatda yerləşdirə bilərlər. Bu sahədə də Sizin köməyinizə ehtiyacımız var".
Cənab İlham Əliyev jurnalistlərə yardımçı olacağını söyləməklə yanaşı, problemə yaxından bələdliyini də göstərdi: "Əfsuslar olsun ki, Azərbaycanda reklam bazarı hələ ki, o qədər də böyük deyil. Ancaq söylədiyiniz rəqəmlər əlbəttə, göstərir ki, burada bölgü ədalətsiz aparılır. Əgər 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu, dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcəkdir.
Ancaq bununla bərabər, o da həqiqətdir ki, yazılı media elektron media ilə rəqabət apara bilmir. Yəni, bu həqiqətdir, bu, hər ölkədə belədir. Hətta inkişaf etmiş, böyük ənənələrə malik olan ölkələrdə və media tarixi böyük olan ölkələrdə də kütləvi informasiya vasitələrinin xüsusiyyətləri bunlardan ibarətdir. Siz də bunu yaxşı bilirsiniz. Ancaq bununla bərabər, mən bu məsələ ilə məşğul olacağam".
Dövlət başçısının 10 iyun 2010-cu ildə imzaladığı "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamda jurnalistika qarşısında qoyulan vəzifələr sırasında peşəkarlıq önə çəkilmişdir: "Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".
Mətbuatda peşəkarlığın və mətbuatın peşəkarlıq səviyyəsinin aşağı düşməsinin obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv səbəblər sırasında müstəqil mətbuatın cəmiyyətdə özünə möhkəm yer tutması, habelə qəzet açmağın son dərəcə asanlığıdır. İstənilən şəxs KİV haqqında qanunumuzun yaratdığı imkandan istifadə edərək Ədliyyə Nazirliyinə bir ərizə verib bir həftə gözlədikdən sonra işə başlaya bilər. Bakı Dövlət Universiteti mövcud olduğu uzun illər ərzində 3500 məzununa jurnalist diplomu vermişdir. Onlardan dünyasını və iş sahəsini dəyişənlər də olub. İndiyədək isə 4 mindən çox qəzet, informasiya agentliyi və jurnalist təşkilatı qeydiyyatdan keçib. İxtisaslı mütəxəssislərin çatmadığı göz qabağındadır. Odur ki, qeyri-sahələrdən qəzetlərə axın var. Onlar isə ixtisas biliklərinə malik deyillər və "işləyə-işləyə öyrənmək" niyyətindədirlər. İnternet saytlarında hazır informasiya və materialların mövcudluğu, başqa sözlə, başqasının yazdıqlarından asan və rahatlıqla "istifadə" imzasına hörmət etməyənlərin utanıb-çəkinmədən "bəhrələnmələrinə" imkan verir, "təzə jurnalist"ləri tənbəlləşdirir. Odur ki, mətbuata gələnlərin əksəriyyəti öyrənmək istəmir, yaxud bacarmır. Ən nəhayət, mətbuat bazarında alıcıların heç də hamısı peşəkar və səviyyəli yazı, yaxud qəzet axtarmır, krossvord və kriminal xəbərlərlə tələbatlarını ödəyirlər.
Subyektiv səbəblərin özlərinin bəziləri obyektiv amillərdən doğur. Araşdırmalar göstərir ki, universitetlərin jurnalistika fakültələrində oxuyanların böyük əksəriyyəti təsadüfən, lazımi balı çatmadığından oraya düşüb, tədrisin səviyyəsi aşağıdır, diplom alıb ali təhsil ocağından ayrılanların bir qismi müasir tələblərə cavab verən bilgilərə və peşə vərdişlərinə yiyələnməyib. Redaksiyaya işə düzələnlərin çoxu canına əziyyət verib öyrənmək niyyətində deyil. "Reket"liklə məşğul olan qəzetləri, jurnalistləri isə peşəkarlıq və yaradıcılıq məsələləri düşündürmür. Bu, heç onlara gərək də deyil!
Əflatun Amaşov öz çıxışında bu məsələyə yığcam formada toxundu: "Ölkədə jurnalist kadrların hazırlanması ilə bağlı problemlər mövcuddur. İstərdik ki, ali məktəblərə qəbul zamanı qabiliyyət imtahanları bərpa olunsun. Jurnalist təhsilini peşəni sevənlər alsınlar".
Cənab İlham Əliyev jurnalistikada peşəkarlıq problemlərinə daha geniş mənada yanaşdığını və önəm verdiyini dedi. Peşəkarlığın bütün sahələrdə yüksək olmasının vacibliyini söyləyən dövlət başçısı onun yüksəldilməsi ilə əlaqədar bir sıra mənəvi amillərə diqqətin artacağına və digər məsələlərin də uğurlu həllini tapacağına bəslədiyi ümidi gizlətmədi. Bununla bağlı möhtərəm Prezidentimizin söylədiyi fikirlərin dəyərliliyini nəzərə alaraq bir daha diqqətə çəkirik: "Jurnalist kadrların hazırlanması ilə bağlı qaldırdığınız məsələ çox vacibdir. Mən bunu xüsusilə vurğulamaq istəyirəm və hesab edirəm ki, müxtəlif proqramlar əsasında biz bu məsələ ilə daha da ciddi məşğul olmalıyıq. Bu gün bilirsiniz ki, Azərbaycan gənclərinin xaricdə oxuması ilə bağlı dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində hər il haradasa 10 milyon manata qədər vəsait ayrılır. Bu vəsait hesabına biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxuduruq. Yəqin ki, o ixtisaslar siyahısına jurnalistika peşəsini də əlavə etməliyik. Çünki doğrudan da, buna böyük ehtiyac vardır.
Təkcə mediada deyil, ümumiyyətlə, hər sahədə peşəkarlığın artırılması bizim üçün ən prioritet məsələyə çevrilməlidir. Bu gün bütün sahələrdə - iqtisadiyyatda, ictimai sahədə, sənaye istehsalında, xidmət sektorunda bizdə peşəkar kadrlar çatışmır. Azərbaycanın uğurlu və sürətli inkişafı tələb edir ki, bu sahələrdə peşəkarlar işləsinlər. Ona görə peşəkarlıqla bağlı olan məsələlər ümumi xarakter daşıyır. İndi biz bu məsələ ilə çox ciddi məşğuluq. O cümlədən, jurnalistikada peşəkar kadrların işləməsi vacibdir. Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada, bax, qeyd etdiyiniz bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır".
Jurnalistika çətin peşədir, daim axtarmağı, öyrənməyi, öz üzərində işləməyi tələb edən sahədir. Jurnalist əməyinin çətinliyinə ən düzgün və obyektiv qiyməti ulu öndər Heydər Əliyev verib: "Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir". Adətən, xüsusi istedad, çox çalışmağı tələb edən əmək çox ödənilən sayılır. Əks halda, kim az əməkhaqqı müqabilində iş vaxtı və iş kabineti bilmədən gecə-gündüz çalışar?
Sovet dönəmində jurnalist əməyi müxtəlif formada - həm yüksək əməkhaqqı və qonorar, həm dövlətdən daha tez mənzil almaq imkanı, həm də cəmiyyətdəki üstün mövqeyi ilə mükafatlandırılardı. İndi nə sovet hakimiyyəti var, nə də onun güzəştləri! Müstəqil mətbuat daim dövlətdən asılı qalmağı da qəbul etmir! Amma jurnalist yaşamalı, ailəsini dolandırmalıdır! Belə olmazsa, kimsə bu sahədə qalmaz. Təəssüf ki, ağıllı və istedadlı adamların mətbuata gəlişində ciddi şəkildə azalmalar var. Nəsillərarası əlaqələr qırılsa, jurnalistikanın ümumi səviyyəsi aşağı düşsə, onu yenidən, əvvəlki ənənələr əsasında qaldırmaq müşkül olacaq. Hazırda belə bir ağrılı proses müşahidə olunmaqdadır. Bəs nə etməli? Jurnalistin imkansız, evsiz təbəqəyə çevrilməsinin qarşısını necə almalı? Prezidentə reklam bazarı ilə bağlı müraciətə cənab İlham Əliyev isti reaksiya vermişdi. Onun sərəncamı ilə yaradılan KİV-nin inkişafına Dövlət Dəstəyi Fondu müəyyən işlər görür. Jurnalistin mənzil problemi isə... Mətbuat Şurasının sədri Əflatun Amaşov ehtiyatla dövlət başçısına müraciət etdi: "Jurnalistlərin sosial durumlarının yaxşılaşdırılmasına da ehtiyac vardır. Bu sırada xüsusilə mənzil qayğıları daha aktualdır. Dəfələrlə jurnalistlər üçün güzəştli şərtlərlə mənzil tikintisi məsələsini gündəmə gətirsək də, hələlik nəticə əldə etməmişik. Ümid edirik ki, Sizin sayənizdə bu məsələyə hansısa dövlət proqramı çərçivəsində baxmaq mümkün olacaqdır".
Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuata və jurnalistlərə qayğısı ardıcıl və davamlı hal alıb. Həm də bu qayğı konkret formada təcəssümünü tapır. Faktlara nəzər salaq: Azərbaycan Prezidentinin sərəncamları ilə 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasının hərəsinə 10 min manat həcmində birdəfəlik yardım göstərilmişdir. Bütövlükdə 2005-2008-ci illərdə 300 nəfərə yaxın KİV əməkdaşı orden və medallarla təltif edilmiş, fəxri adlar almış, Prezident təqaüdünə layiq görülmüşdür. Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə yeni təltiflər də gözlənilirdi. Belə də oldu. Cənab İlham Əliyevin 21 iyul 2010-cu il tarixli sərəncamı ilə 38 nəfərə "Tərəqqi" medalı verildi, yenə 38 nəfər "Əməkdar jurnalist", 15 nəfər "Əməkdar mədəniyyət işçisi", bir nəfər isə "Əməkdar mühəndis" fəxri adına layiq görüldü. Üstəlik, 40 gündəlik qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinin hərəsinə isə 10 min manat yardım göstərildi. Bütün bunlar gözlənilən idi.
Mənzil məsələsinin həlli ilə bağlı Prezidentə müraciətin cavabı qısa oldu: "Jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərlə əlaqədar siz təklifləri verin. Mən çalışacağam, operativ şəkildə bunu həll edim ki, Azərbaycan dövləti bu sahədə öz dəstəyini göstərsin".
Biz hamımız Prezident İlham Əliyevin sözünün
sahibi olduğunu
gözəl bilirik. Dövlət
başçısı prezident seçkiləri
öncəsi, andiçmə mərasimində, habelə
ölkə vətəndaşları ilə keçirilən
görüşlərdə, müxtəlif nitq
və çıxışları zamanı üzərinə
götürdüyü öhdəlikləri,
xalqa verdiyi vədi daim şərəflə yerinə yetirib! Cənab İlham
Əliyevin bu məsələ ilə
bağlı verdiyi sözə əməl
edəcəyinə zərrə qədər də şübhəmiz
yox idi! Amma vədin bu qədər
tezliklə, necə deyərlər, "Ginnesin
rekordlar kitabı"na düşə biləcək
operativliklə və səxavətli həllini heç
kəs gözləmirdi! Heyrətediləcək sürət və
səxavət həm xoş idi, həm də hamının ürəyindən!
Belə Prezidenti kim
sevməz! Belə qayğıdan kim
razı qalmaz! Günorta
çəkinə-çəkinə edilən xahiş
bir neçə saatdan
sonra dövlət
başçısının sərəncamı formasında
həllini tapdı! "Gülüstan"
sarayında milli mətbuatın 135 illik yubiley təntənəsini
qeyd etməyə toplaşan
ölkə jurnalistlərinin sərəncam oxunarkən
keçirdikləri sevinc hissini
təsəvvür etmək çətindir. Nə qədər
insanın ümidi çiçək
açdı! Şübhəsiz, bu
çiçəyin barından çoxlarının bəhrələnəcəyi
gün də uzaqda deyil!
(Ardı var)
Bəxtiyar Sadıqov
Azərbaycan.- 2010.-12
avqust.- S. 2.