Qusar şəhərində ulu öndərin abidəsini ziyarət
Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna gəlmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Qusar rayonunda da hərtərəfli inkişafa təkan vermişdir. İstər rayon mərkəzi, istər kənd və qəsəbələr müasir görkəm alır. Ölkəmizin iqtisadi gücü artdıqca yenidənqurma və abadlıq işləri də sürətlənir. Yenidənqurma tədbirləri zamanı beynəlxalq təcrübə ilə milli üslubun üzvi şəkildə uzlaşdırılması diqqətdə saxlanılır. Füsunkar təbiətin qoynunda yerləşən Qusar rayonundakı müasir tikililər, sosial obyektlər, istirahət ocaqları və yaşıllıqlar birlikdə bənzərsiz mənzərə yaradır. Bütün bunlar ölkəmizdə həyata keçirilən kompleks yenidənqurma tədbirlərinin səviyyəsini dolğun əks etdirir.
Dövlət başçısı əvvəlcə Qusar şəhərinin mərkəzindəki Heydər bağında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi Heydər bağında geniş yenidənqurma və abadlıq işləri aparılmışdır. Burada müasir işıqlandırma sistemi və yeni oturacaqlar quraşdırılmışdır. Bağdakı yaşıllıq zolağı xeyli genişləndirilmişdir. Bu istirahət məkanında əhalinin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 13 avqust.- S. 1.